Azərbaycanın notası, Putinin Bakıya qəfil zəngi...
Kremlə münasibətlərdə maraqlı gəlişmə; Azərbaycanın Ermənistanla bağlı Moskvaya verdiyi etiraz notası ilə dəyişən ritorikanın və Türkiyəyə reverans fonunda şimaldan gələn zəngin pərdəarxası
Xeberinfo.com: Fevralın 25-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng vurub. Kremlin rəsmi saytının məlumatına görə, iki ölkənin liderləri telefon danışığı zamanı Rusiya və ABŞ arasında Suriyada döyüş əməliyyatlarının dayandırılmasına dair birgə bəyanatın yerinə yetirilməsinin mühümlüyünü qeyd ediblər.
Açıqlamada daha sonra bildirilir ki, prezidentlər Putin və Əliyev iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın bir sıra aktual məsələlərini, o cümlədən beynəlxalq gündəmi müzakirə ediblər. “Liderlər Suriya nizamlanmasına dair məsələlər haqda fikir mübadiləsi də aparıblar, ABŞ və Rusiya tərəfindən Suriyada atəşin dayandırılmasına dair qəbul edilmiş birgə bəyanatın yerinə yetirilməsinin mühümlüyünü qeyd ediblər” - məlumatda qeyd edilir.
Kremldən Bakıya ali səviyyədə edilən zəng həqiqətən də bu gün gecə saat 00:00-dan Suriyada qüvvəyə minəcək atəşkəslə bağlı ola bilərdi, necə ki, rəsmi açıqlamada məhz belə deyilir. Çünki hər necə olmasa, Azərbaycan da bölgə yaxınlığında yer alan əhəmiyyətli müsəlman dövlət kimi Suriya böhranına biganə deyil və hətta son vaxtlar böhrana cəlb olunmuş kimi görünür.
Təsadüfi deyil ki, Azərbaycan İslam hərbi koalisiyasına qoşulmaq üçün Səudiyyə Ərəbistanından dəvət alıb. Xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə ötən həftə Bakıda keçirdiyi görüşdə koalisiyaya üzvlüyü istisna etməmiş, bununla da rəsmi Bakı adından Türkiyəyə qiymətli reverans eləmişdi. İslam koalisiyası isə məlumdur ki, bilavasitə İran və Rusiya əleyhinə yaradılıb və Moskva da bundan narahatdır. İstisna deyil ki, telefon danışığı zamanı Kremlin bu narahatlığı da diqqətdə saxlanılıb.
Ancaq ən maraqlısı odur ki, Putinuin zəngi Bakının Rusiyaya verdiyi etiraz notasından bir gün sonraya təsadüf edir. Notada Ermənistana 200 milyon dollar güzəştli kredit həcmində müasir silah-sursat satılmasına etiraz bildirilirdi. Bəzi analitiklərə görə əslində Moskva işğalçı ölkəyə 200 milyon dollar adı ilə 1 milyard dollarlıq silah verməyə hazırlaşır. Bütün bunların fonunda, üstəlik, YAP icra katibi, baş nazirin müavini Əli Əhmədov Rusiyanı sərt şəkildə ikili standart yanaşmada suçlamışdı.
Rusiya XİN-dən notaya cavab əvəzinə isə prezident Putindən Bakıya telefon zəngi gəldi. Ehtimal eləmək olar ki, zəngi labüd edən həm də son günlər Bakının Moskvaya münasibətdə qəfildən sərtləşən ritorikası, paralel surətdə onun Türkiyəyə artan reveranslarıdır. Türkiyə isə Suriya böhranının həllində açar ölkələrdən biri olaraq qalır.
Yeri gəlmişkən, belə görünür, Kreml və Vaşinqton Ankaranın başı üzərindən Suriyada atəşkəsə (sülhə) nail olmaq istəyir.
Bu isə Türkiyəni haqlı olaraq qane eləmir. Elə dünən - Pitin Əliyevə telefon aşdığı gün baş nazir Əhməd Davudoğlu məsələ ilə bağlı yetərincə sərt bəyanat verərək, Suriyadakı atəşkəsin Türkiyəyə aidiyyətinin olmadığını bildirib.
Sitat: “Atəşkəs Suriyada savaşan tərəflər üçün keçərlidir. Türkiyə istənilən tərəfdən təhdid edilərsə, dövlətimizin təhlükəsizliyi pozularsa, bu atəşkəs bizim qarşımızı ala bilməz. YPG və PYD (terrorçu PKK-nın ABŞ və Rusiyanın dəstəklədiyi qolları-red) ünsürlərinə açıq-aşkar bildirirəm ki, ”atəşkəsdir" deyib Türkiyəyə qarşı fəaliyyətlərini davam etdirməsinlər. Əməllərinə diqqət etsinlər".
Bu xüsusda Rusiya lideri azərbaycanlı həmkarından atəşkəsə dəstək üçün Türkiyəyə təsir eləmək xahişində də buluna bilərdi. Ən nəhayət, telefon zəngi İlham Əliyevin təzəcə başa çatan və yetərincə uğurlu sayılan İran səfərindən iki gün sonraya təsadüf eləməsi ilə maraq doğurur.
Bəllidir ki, həmin səfər çərçivəsində iki ölkə arasında iqtisadi-ticari, energetik-nəqliyyat, mədəni-humanitar sahələr üzrə 11 sənəd imzalanıb. Onların arasında Xəzər dənizinin neft-qaz ehtiyatlarının birgə istismarı və Şimal-Cənub nəqliyyat dəhlizinin işə salınması ilə bağlı imzalanan protokollar xüsusilə önəmli hesab edilir.
Bu sənədlərin əksərinin Rusiyaya bilavasitə dəxli var: həm müsbət planda (məsələn, Şimal-Cənub nəqliyyat dəhlizi), həm də neqativ anlamda - hüquqi statusu hələlik dəqiqləşməyən Xəzərdə mineral ehtiyatların müştərək istismarına dair Azərbaycan-İran razılaşması kimi...
Musavat.com