Netanyahu narahatdır: Misir niyə silahlanır? -ŞƏRH
İsrailin Baş naziri Benyamin Netanyahu Misirin hərbi potensialının artmasından narahatlığını ifadə edib.

Yenixeber.org: O, İsrail parlamentinin müdafiə komissiyasının qapalı iclasında Misirlə diplomatik münasibətlərin və ortaq maraqların mövcud olduğunu qeyd etsə də, Misirin artan hərbi gücünün diqqətlə izlənilməsinin vacib olduğunu vurğulayıb.
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Sədrəddin Soltan bildirib ki, Misirin hərbi gücünü artırması təhlükəsizlik məqsədi daşıyır:

"Misirin öz hərbi potensialını artırması təhlükəsizliyin gücləndirilməsi deməkdir. Bölgədəki vəziyyət, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin pozulması kimi amillər rəsmi Qahirəni bu addımı atmağa vadar edir. Misir bu hərbi qüdrəti ilə perspektivdə başqa ölkələrin ərazisini işğal edəcəyini və ya bu istiqamətdə iddiasının olduğunu bəyan etmir. Düzdür, əvvəllər Misirlə İsrail arasında Ərəb–İsrail müharibəsi adlanan silahlı qarşıdurmalar baş verib. Ancaq son onilliklərdə Misir İsrailin təhlükəsizliyinə təhdid yarada biləcək ciddi addımlar atmayıb. Əksinə, o, antiterror fəaliyyəti çərçivəsində İsrailə qarşı fəaliyyət göstərən müxtəlif silahlı qruplaşmaların zərərsizləşdirilməsi və sıradan çıxarılması məsələlərində ABŞ ilə birgə əməkdaşlıq edib".
Sədrəddin Soltan, qeyd edib ki, bu baxımdan Netanyahunun Misirin hərbi potensialını artırmasından narahat olması məntiqli görünmür. Əksinə, bu halda ehtiyat etməli olan tərəf Misir ola bilər. Çünki Amerika bu yaxınlarda İsrailə 6 milyard dollar dəyərində hərbi yardım paketi təqdim edib. ABŞ-nin İsraili silahlandırdığı halda Misirin silahlanmasından narahatlığı məntiqsizdir.

"Daha dəqiq desək, ABŞ Dövlət Departamenti bu günlərdə İsrailə zirehli avtomobillər və helikopterlərin satışı ilə bağlı 6, 7 milyard dollarlıq razılaşmanı təsdiqləyib. Bu isə o deməkdir ki, İsrail ABŞ-dən bu məbləğdə hərbi texnika və helikopter alacaq. Belə olan halda, Misirlə bağlı yeni və müasir silahların alınmasından narahatlıq ifadə olunursa, eyni yanaşma İsrailə münasibətdə də ortaya qoyulmalıdır. Yəni Netanyahunun bu məsələyə dair bəyanatı və açıqlamaları ciddi əsaslara söykənmir və obyektiv şəkildə qəbul edilməməlidir, - ekspert əlavə edib.










AZ
RU