Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Qara şənbə”, baş tutmayan qiyamət, prezidentin gizli mesajı -Dünyanın dağılmağa ən yaxın olduğu gün: bizi nə xilas etdi?

news content

Yenixeber.org: Oktyabrın 24-də yerli vaxtla saat 10:00-da (Qrinviçlə 14:00) karantin qüvvəyə mindi. ABŞ HDD-nın 180 gəmisi Kubanı dövrəyə aldı. Gəmilər Kubaya gedən ticarət gəmilərinə işıq siqnalları, bayraqlar, səsgücləndirici ilə müraciət edərək ya geri qayıtmasını, ya da dayanmasını istəyəcəkdilər. Dayanan və Kubaya səfərini davam etmək istəyən gəmi yoxlamaya məruz qalacaqdı. Dayanmayan gəmiyə atəş açılacaqdı. Atəş yalnız prezidentin şəxsi göstərişindən sonra açıla bilərdi. 

Sualtı qayıqlar blokada xəttini keçməyə çalışardılarsa, onları su səthinə çıxarmaq lazım idi. Bunun üçün suya təhlükəsiz məsafədə dərinlik siqnal bombaları atılacaqdı. Vaşinqton bununla bağlı Moskvanı xəbərdar etdi ki, onlar da sualtı qayıqlara xəbər versinlər və siqnal bombaları hücum kimi dəyərləndirilməsin.

Adaya tərəf üzən gəmilər arasında “Aleksandrovsk” gəmisi də vardı ki, anbarlarında amerikalıları xüsusi maraqlandıran yük - nüvə başlıqları vardı. Amma “Aleksandrovsk” artıq blokada çənbərinin daxilində idi, yəni Kubaya 500 mildən yaxın idi və problemsiz limana çatdı. Çənbərdən çöldə olan gəmilər isə dönməyə başladılar. Bu xəbər növbəti toplantısını keçirən ExCOMM üzvlərini xeyli rahatlatdı. 

Oktyabrın 24-də Xruşşov Kennediyə növbəti məktub yazdı. ABŞ-nin addımlarını özbaşınalıq, banditizm, “cırlaşmış imperializmin ağılsızlığı”, piratlıq kimi qiymətləndirən Xruşşov sovet dənizçilərinin beynəlxalq sularda ümumi qəbul olunmuş qaydalara uyğun davranacaqlarını bildirirdi. Bu bəyanata baxmayaraq, dediyim kimi, sovet gəmiləri geri qayıtmağa başladılar.

Həmin gün ABŞ-nin Strateji aviasiya qüvvələri (SAC) DEFCON-2 həyəcan vəziyyətinə gətirildilər ki, bu, indiyə qədər yeganə haldır (daha yüksək səviyyə nüvə müharibəsinin başlamasıdır). DEFCON-2 səviyyəsi o demək idi ki, göyərtəsində nüvə silahı olan 65 ədəd “B-52 Stratofortress” təyyarəsi günün istənilən vaxtında havada olmalı və istənilən an sovet ərazisindəki hədəflərə atəş açmağa hazır olmalı idi. Yüzlərlə B-52 və B-47 təyyarələrindən, onlarla qitələrarası ballistik “Atlas”, “Titan”, “Minuteman” raketlərindən və başqa vasitələrdən ibarət digər SAC qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildilər. 

*** 

Böhranın 10-cu günü, oktyabrın 25-də Kennedi Xruşşova növbəti məktubunu yazdı. “Mən sentyabrın əvvəllərində aydın şəkildə bildirdim ki, Birləşmiş Ştatlar [Kubaya] istənilən hücum silahının göndərilməsinə ən ciddi problem kimi yanaşacaqlar. Bundan sonra bizim hökumət Kubaya hücum silahının göndərilməməsi haqda sizin hökumətdən və onun nümayəndələrindən istər publik, istərsə də konfidensial yolla dəfələrlə təminat aldı. Siz TASS-ın sentyabrda yaydığı bəyanata baxsanız, bu təminatın nə qədər dəqiq verildiyini görərsiniz”. Ümumiyyətlə, bu günlərdə ABŞ-ın apardığı təbliğatda əsas vurğu Moskvanın yalan danışması və əməliyyatı gizli keçirməsi idi. 

Həmin gün ABŞ-nin tələbi ilə BMT Təhlükəsizlik Şurasının toplantısı baş tutdu. Rotasiyaya uyğun olaraq, iclasa SSRİ-nin BMT-dəki nümayəndəsi Valerian Zorin sədrlik edirdi. ABŞ nümayəndəsi Stivenson çıxış edərək, yenə də diqqəti Moskvanın məxfilik və yalanına yönəltdi. 

O, ABŞ-nin Avropada orta mənzilli raketlər yerləşdirməsindən də bəhs etdi və bildirdi ki, üç müttəfiq ölkədəki (Böyük Britaniya, İtaliya və Türkiyədə) raketlər SSRİ-nin Qərbi Avropa ölkələrini məhv etməyə qadir orta mənzilli raketlərinə qarşı yerləşdirilib. 

Stivenson çıxışında TŞ üzvlərini qorxutmağı da unutmadı və dedi ki, Kubadakı “nüvə başlığı ilə təchiz olunmuş və Nyu Yorku nişan alan raketlərdən biri buraxılmasından beş dəqiqə sonra bu binanın damına düşə bilər”.

TŞ-nın üzvü olmayan, iclasa xüsusi dəvətlə qatılan Kuba nümayəndəsi Qarsia İnçausteqi ölkəsində raketlərin olmasını qəti inkar etdi: “Kubanın ixtiyarında olan silahlar yalnız müdafiə xarakterlidir”. Qeyd edim ki, ABŞ raketlərin şəkillərini hələ ictimailəşdirməmişdi. 

Valerian Zorin də uzun çıxışında qarşı tərəfi yalançı çıxarmağa çalışdı. Televiziya müraciətində Kennedinin raketlərin şəklini oktyabrın 16-da gördüyünü deməsini və iki gün sonra Qromıko ilə görüşdüyünü xatırladan sovet nümayəndəsi sual verdi: “Niyə Birləşmiş Ştatların prezidenti Sovet İttifaqının xarici işlər naziri ilə görüşdə “inkarolunmaz faktlar” barədə bir kəlmə də demədi? Niyə? Çünki bu faktlar yoxdur”

Yenidən söz alan Stivenson əvvəlcə Qromıko ilə görüşlə bağlı suala cavab verdi: “Çünki biz sübut toplayırdıq; həm də, bəlkə Sovet İttifaqı nümayəndəsinin yalançılıqda nə qədər irəli getməsini bütün dünyanın görüb nəticə çıxarması üçün”.

Əllərində aydın və inkarolunmaz faktlar olduğunu söyləyən Stivenson özü sual verdi: “Səfir Zorin, siz Sovet İttifaqının Kubada orta və ortadan yuxarı mənzilli raketlər yerləşdirdiyini və yerləşdirməkdə davam etdiyini, start meydançaları tikdiyini inkar edirsinizmi? Hə, ya yox? Sizin tərcüməni gözləmək ehtiyacınız yoxdur. Hə, ya yox?”.

Zorin: “Mən Amerika məhkəməsində deyiləm və prokuror tonu ilə verilən suala cavab verməyəcəyəm. Mən Sovet İttifaqının nümayəndəsi kimi çıxış edəndə cavab alacaqsınız”.

Stivenson: “İndi siz dünya ictimai rəyinin məhkəməsi qarşısındasınız və “hə”, ya da “yox” ilə cavab verə bilərsiniz. Siz [hücum] silahın olduğunu inkar edirdiniz, mən də sizi düz anladığımı bilmək istəyirəm”

Zorin: “Çıxışınıza davam edin, cənab Stivenson. Vaxtı gələndə cavab alacaqsınız”.

Stivenson zalda stend düzəltmək üçün vaxt istədi və bir neçə dəqiqə sonra sübutları TŞ üzvlərinə təqdim etdi. Sübutlar Kubanın bir neçə eyni ərazisində müxtəlif vaxtlarda çəkilmiş şəkillərdən ibarət idi. Avqustun sonlarında çəkilən şəkillərdə ərazilərdə heç nə yox idi. İkinci şəkillərdə hərbi hazırlıqlar gözə çarpırdı. Üçüncü şəkillərdə isə start qurğuları, raketlər (bəziləri döyüşə hazır vəziyyətdə), İl-28 təyyarələri və başqa obyektlər vardı. 

Bu sübutların müqabilində Zorin TASS agentliyinin 11 sentyabr tarixli məlumatından sitat gətirdi: “Sovet İttifaqı nüvə başlıqları üçün o qədər güclü raket daşıyıcılarına malikdir ki, onları yerləşdirmək üçün Sovet İttifaqından kənarda yer axtarmağa ehtiyac yoxdur” və əlavə etdi: “Bu da mənim sizi maraqlandıran suala cavabım”

Stivenson yenidən söz aldı: “Mən razıyam: SSRİ-nin buna ehtiyacı yoxdur. Amma məsələ o deyil ki, SSRİ-yə Kubada raket lazımdır, ya yox. Məsələ budur: Kubada sovet raketləri var, ya yox. Və bu sual açıq qaldı. Hərçənd, mən bilirdim ki, cavab verilməyəcək”

Daha sonra ABŞ nümayəndəsi sübutları hələ də inkar edən Zorinə Kubaya BMT müşahidəçilər qrupu göndərməyi təklif etdi və çıxışını belə yekunaşdırdı: “Bizim vəzifəmiz debatlarda qələbə hesabına xal toplamaq deyil; bizim vəzifəmiz, cənab Zorin, sülhü qorumaqdır. Əgər siz bunun üçün səy göstərməyə hazırsınızsa, biz də hazırıq”.

 

*** 

Xruşşovun hədəsinə baxmayaraq, sovet gəmilərinin karantin çənbərini yarmağa cəhd etməmələri gərginliyi bir qədər azaltdı. Amma bu, problemin həlli deyildi. Kubada start qurğularının tikintisi və raketlərin döyüş hazırlığı vəziyyətinə gətirilməsi davam edirdi. Diplomatik danışıqlardan bir nəticə hasil olub-olmayacağı sual altında idi.  

ExCOMM-un 26 oktyabr tarixli iclasında prezident Kennedi toplaşanlara sual verdi: karantin raketlərin çıxarılması ilə nəticələnməsə və danışıqlar uğursuz olsa, nə etməli? Təhlükəsizlik üzrə müşavir Bandi cavab verdi ki, 24-48 saat ərzində danışıqlar nəticə verməsə, bizim seçimimiz ya blokadanın sərtləşdirilməsi, ya da raketləri aviazərbələrlə məhv etmək olacaq. Bu fikrə etiraz edən olmadı. 

Həmin gün Fidel Kastro Xruşşova məktub yazdı. O, iddia edirdi ki, onda olan məlumata görə, ABŞ-ın 24-72 saat ərzində Kubaya hücum çəkəcəyi qaçılmazdır. Onun fikrincə, hücum ya aviazərbələr, ya da yerüstü müdaxilə şəklində olacaq: “İkincisi baş verərsə... Sovet İttifaqı imperialistlərin ona birinci nüvə zərbəsi endirə biləcəkləri şəraitin yaranmasına imkan verməməlidir”. Bu, ABŞ-yə birinci zərbə endirmək təklifi idi, amma Xruşşovun nüvə müharibəsinə başlamaq fikri yox idi. 

*** 

Vaşinqton vaxtı ilə saat 18:00-da Xruşşovdan Kennediyə növbəti məktub gəldi. Uzun məktubun bir xeyli hissəsi “hücum silahı nədir, müdafiə silahı nədir?” ritorikasında idi, hərçənd, yenə raketlərin adı çəkilmirdi.

“Sovet hökuməti və sovet xalqı adından Sizi əmin edirəm ki, Kubada hücum silahlarının olması barədə gəldiyiniz nəticələrin heç bir əsası yoxdur. Sizin mənə yazdığınızdan aydın olur ki, bizim bu haqda təsəvvürlərimiz fərqlidir, daha doğrusu, biz bu və ya digər hərbi vasitələri fərqli qiymətləndiririk. Axı həqiqətən də eyni silah növlərinin müxtəlif təfsiri ola bilər”.

Məktub xeyli emosional idi. “Gəlin, indi mübahisə etməyək”, “Biz sizinlə dinc təməl üzərində yarışmaq istəyirik”, “Gəlin, sağlam düşüncə nümayiş etdirək”, “Gəlin, münasibətləri normallaşdıraq” kimi dəvətlər səslənən məktubda belə bir təklif irəli sürülürdü: “Siz deyirsiniz ki, Birləşmiş Ştatlar öz ordusu ilə Kubaya hücum etməyəcək və Kubaya hücum etmək niyyətində ola biləcək hər hansı qüvvəni dəstəkləməyəcək. O zaman bizim hərbi mütəxəssislərin Kubada olmaq zərurəti də aradan qalxar”

Sanki böhran yumşalmağa gedirdi, amma ertəsi gün, 27 oktyabr tarixə dünyanın nüvə müharibəsinə ən yaxın olduğu gün - “qara şənbə” kimi düşdü. 

***

Səhər Moskva radiosu Xruşşovun Kennediyə yeni müraciətini səsləndirdi. Sovet liderinə partiyanın və hökumətin digər rəhbərləri təzyiq etmişdi, ya nədənsə, tərzi bir gün əvvəlki məktubundakı qədər sülhsevər olmayan müraciətdə böhranın aradan qaldırılması üçün yeni şərt irəli sürülürdü: Türkiyədən Amerika raketlərinin çıxarılması.

“Sizi Kuba narahat edir. Deyirsiniz, ona görə narahat edir ki, ABŞ sahillərindən 90 dəniz mili məsafəsində yerləşir. Amma Türkiyə bizimlə həmsərhəddir; bizim sərhədçilər bir-birilərini görürlər. Hesab edirsiniz ki, öz ölkəniz üçün təhlükəsizlik və hücum silahı adlandırdığınız silahların çıxarılmasını tələb etmək hüququnuz var, amma eyni hüququ bizə tanımırsınız?..

Buna görə də belə bir təklif irəli sürürəm: biz sizin hücum silahı saydığınız vasitələri Kubadan çıxarmağa razıyıq. Bunu etməyə və Birləşmiş Millətlər Təşkilatına bu vədi verməyə hazırıq. Sizin nümayəndələr də bəyan etsinlər ki, öz növbəsində ABŞ, sovet dövlətinin narahatlığını və qayğısını anlayaraq öz analoji vasitələrini Türkiyədən çıxaracaq”.

İlk baxışda ədalətli təsir bağışlayan bu təklif böhranın uzanması demək idi. Çünki raketlərin Türkiyədə yerləşdirilməsi haqqında qərar NATO sammitində qəbul olunmuşdu. Üstəlik, Türkiyə artıq bildirmişdi ki, raketlərin çıxarılmasının əleyhinədir. ExCOMM iclasında müdafiə naziri Maknamara bildirdi ki, raketlər Türkiyəyə məxsusdur, amerikalılar yalnız nüvə başlıqlarına nəzarət edirlər. Üstəlik, ABŞ-nin BMT-dəki nümayəndəsi Stivensonun dediyi kimi, raketlər Avropa ölkələrində həmin ölkələri təhdid edən sovet raketlərinə qarşı yerləşdirilmişdisə, indi belə çıxırdı ki, ABŞ öz təhlükəsizliyi naminə Türkiyənin təhlükə altında qalmasına razıdır.

Əslində Türkiyə və İtaliyadakı “Yupiter” raketləri artıq köhnəlmişdi. Sualtı qayıqlarda yerləşdirilən yeni “Polaris” raketləri onlardan daha effektli idi, üstəlik, bazalardan fərqli olaraq, qayıqların konkret vaxtda konkret yerini bilmək asan deyildi. Amma indi Türkiyədəki raketlərin çıxarılmasını müzakirə etməyi Vaşinqtonda siyasi cəhətdən doğru saymırdılar. Bundan əlavə sual yaranırdı ki, Moskva gərginliyin vaxtını uzatmaqla nəyə nail olmaq istəyir?

ExCOMM-un saat 16.00-da başlayan ikinci iclasının sonuna yaxın general Teylor ikinci bəd xəbəri verdi: Kuba üzərində kəşfiyyat uçuşu aparan U-2 təyyarəsi “S-75 Dvina” raketi ilə vurulub və pilot Rudolf Anderson həlak olub. Xruşşovun səhərki müraciətindən sonra bu hadisənin baş verməsi Vaşinqtonda rusların konflikti həll etməkdə deyil, gərginləşdirməkdə maraqlı olması təəssüratını yaratdı.

Xruşşov öz xatirələrində təyyarəni Kastronun əmri ilə sovet raketçilərinin vurduğunu, bundan sonra Kubadakı qoşunun komandanı Pliyevə yalnız Moskvadan gələn əmrlə atəş açmağı tapşırdıqlarını deyir. Amma çox güman ki, Kastronun xəbəri yox idi və atəş Pliyevin müavini, adadakı raket vasitələrinin rəhbəri Leonid Qarbuzun əmri ilə açılmışdı. 

ExCOMM-un əvvəlki iclaslarında qərara alınmışdı ki, kəşfiyyat təyyarələrinə atəş açan obyektlərə aviazərbələr endiriləcək. İndi generallar belə bir zərbə üçün icazə istədilər, amma mülkilər yenə də təmkinə üstünlük verdilər. Xruşşovun da 27 oktyabr müraciətini görməzdən gələrək, 26 oktyabr məktubuna cavab vermək qərara alındı. Cavab məktubunda Con Kennedi Kubadan sovet raketlərinin çıxarılması müqabilində karantinin dərhal ləğv ediləcəyi və adanın təcavüzə məruz qalmayacağına təminat veriləcəyi bildirilirdi. 

Amma U-2-nin vurulması həmin gün son insident olmadı. Karantin xəttinə yaxınlaşan sovet “Qroznı” tankeri amerikalıların xəbərdarlıq siqnallarına əhəmiyyət verməyib hərəkətini davam etdirəndə, hərbi-dəniz qüvvələrinin komandanı Uilan Anderson gəmiyə atəş açmaq əmrini vermək istədi, ancaq müdafiə naziri Maknamara buna mane oldu. Onların mübahisəsi hətta bir-birilərinə qışqırmaq həddinə çatdı. ABŞ-ın “Lawrence” gəmisinin “Qroznı”nın burnunun önünə açdığı xəbərdarlıq atəşindən sonra tanker geri döndü və insident aradan qalxdı. 

Başqa bir hadisənin nə qədər təhlükəli olmasını Amerikada çox sonralar bildilər. Böhran başlayanda SSRİ Şimal donanmasının 69-cu sualtı qayıqlar briqadasının dörd sualtı qayığı (B-4, B-36, B-59, B-130) regiona göndərilmişdi. Oktyabrın 27-də B-59 qayığını təsbit edən amerikalılar onun su üzünə çıxması üçün suya siqnal bombaları atdılar. Gəminin kapitanı Valentin Savitski bunu hücum kimi dəyərləndirdi və “bəlkə müharibə başlayıb” deyərək düşmən gəmilərini vurmaq üçün nüvə başlıqlı torpedaları döyüş hazırlığı vəziyyətinə gətirməyi əmr edir. Yalnız gəmidə olan vəzifəcə daha böyük zabit, briqadanın qərargah rəisi Vasili Arxipov müdaxilə edərək əmri ləğv etdi.

Beləcə, vəziyyət olduqca təhlükəli şəkil almışdı. Bir hərbi vahidin, hətta bir nəfərin ehtiyatsız, əsəbi hərəkəti qlobal nüvə müharibəsinin başlamasına səbəb ola bilərdi. Üstəlik, generalların prezident Kennediyə təzyiqi artırdı. Onlar bazar ertəsi Kubaya hava zərbələri endirmək, bir neçə gün sonra da qurudan müdaxilə etmək istəyirdilər. Artıq prezident də hərbi əməliyyata qaçılmaz aqibət kimi baxırdı. Məhz buna görə 27 oktyabr bəşəriyyətin nüvə müharibəsinə ən yaxın olduğu gün sayılır. 

*** 

Həmin gün prezident qardaşı Robert Kennediyə konfidensial tapşırıq verdi: sovet səfiri Dobrıninlə görüşmək və vəziyyətin bütün ciddiliyini anlatmaq. Bob sovet səfirini gecə Ədliyyə nazirliyinə dəvət etdi (ABŞ-də baş prokuror eyni zamanda Ədliyyə nazirliyinin rəhbəri sayılır).

U-2 təyyarəsinin vurulmasından sonra qardaşına təzyiqlərin artmasından danışan, ABŞ hökumətinin Kubadakı raket bazalarının ləğvində israrlı olduğunu vurğulayan Robert Kennedi bildirdi ki, çıxış yolunun tapılmasında ləngimək olmaz, vəziyyət hər an nəzarətdən çıxa, islahı mümkünsüz hadisələr baş verə bilər.

Dobrıninin görüş haqda Moskvaya göndərdiyi məlumata görə, Robert deyib: “Bu üzdən prezident hesab edir ki, N. Xruşşovun 26 oktyabr tarixli məktubu və prezidentin bu gün göndərdiyi cavab bütün Kuba konfliktinin nizamlanması üçün əsas ola bilər”. 

Səfirin “Bəs Türkiyə necə olsun?” sualına Bob Kennedi bildirir ki, prezident Türkiyə məsələsini publik müzakirə edə bilməz, bu haqda təkbaşına qərar bütün NATO strukturuna zərər vurar: “Amma prezident bu mövzu ilə bağlı da Xruşşovla razılaşmağa hazırdır. Həmin bazaların Türkiyədən çıxarılması üçün bizə 4-5 ay lazımdır. Bu - NATO çərçivəsində mövcud prosedurlar nəzərə alınsa - ABŞ hökumətinə lazım olan minimal vaxtdır”.

Kennedi səfirin diqqətinə çatdırır ki, Türkiyə haqqında dedikləri son dərəcə konfidensialdır, bu məsələdən Vaşinqtonda özü və qardaşından başqa 2-3 nəfər xəbərdardır. Baş prokuror vəziyyətin son dərəcə təhlükəli olduğunu təkrar edərək vaxtın çox olmadığını bildirir, prezidentin Xruşşovdan günü sabah cavab verməsini xahiş etdiyini deyir: “Sabah cavab vermək xahişi ultimatum deyil, məhz xahişdir. Prezident ümid edir ki, sovet hökumətinin başçısı onu düzgün anlayacaq”

Xruşşov Kennedini düzgün anladı və cavabı ləngitmədi. Üstəlik, bunu ən optimal yolla etdi. Oktyabrın 28-də Vaşinqtonda hələ səhər ikən Moskva radiosu sovet liderinin cavabını oxudu. Nə ABŞ, nə də yarımkürənin başqa ölkələri tərəfindən Kubaya hücum edilməyəcəyi barədə Kennedinin sözünə etimad göstərdiyini bildirən Xruşşov 13 gündür arzulanan və böhrana son qoyacaq cümləni işlətdi: “Biz öz zabitlərimizə göstərilən obyektlərin tikintisinin dayandırılması, onların demontaj edilməsi və Sovet İttifaqına qaytarılması üçün müvafiq tədbirlər görməyi tapşırmışıq”

*** 

Böhran bitdi, hərçənd, bundan sonrakı proseslər heç də rəvan getmədi. Fidel Kastro raketlərin çıxarılmasına qarşı idi. Onu razı salmaq üçün sovet rəhbərliyi Fidellə yaxşı münasibətlərə malik Anastas Mikoyanı göndərdi. 1962-1968-ci illərdə SSRİ-nin Havanada səfiri olan Aleksandr Alekseyev xatirələrində yazır:

“2 noyabr 1962-ci il. A. İ. Mikoyanın hava limanında qarşılanmasından və Kuba hökumət evində yerləşdirilməsindən sonra Fidellə qeyri-rəsmi qısa görüş oldu. Heç bir siyasi mövzulara toxunulmadı, söhbət, demək olar, şəxsi xarakter daşıyırdı. Amma emosional kubalılara xas olan dostluq hissi də yox idi. Hiss olunurdu ki, Fidel Mikoyana hörmət edərək ehtiyatsız ifadələrdən çəkinir. Belə qəbul Mikoyanı xeyli karıxdırdı.

Birinci işgüzar görüş ertəsi gün Fidelin mənzilində baş tutdu. Biz oraya səhər 9-da gəldik. Bizimlə yalnız tərcüməçi vardı. Fidel tək idi. Yenicə stol arxasına oturmuşduq ki, səfirliyimizdən zəng gəldi. Telefona yaxınlaşdım və bizim şifrləyici dedi ki, indicə Xruşşovdan teleqram daxil olub, Mikoyanın arvadının öldüyünü xəbər verir. Əhvalım tam korlanmış halda Xruşşovdan teleqram gəldiyini dedim, amma, əlbəttə, məzmununu söyləmədim. Mikoyan məndən xahiş etdi ki, səfirliyə gedim: avtomobillə beş dəqiqəlik yol idi. 

Bilirdim ki, Fidel onlarla məsləhətləşmədən raketləri çıxarmaq qərarına görə Anastas İvanoviçə sərt fikirlər söyləyəcək. Buna görə də Fidelin katibəsindən xahiş etdim ki, onu bir yazı ilə baş vermiş hadisə haqda xəbərdar etsin, o da bunu dərhal etdi. Beləcə, mənim olmadığım müddətdə Fidel problemin mahiyyəti üzrə söhbətə başlamadı və qonaqla maksimum korrekt davrandı.

Qayıdıb teleqramı Anastas İvanoviçə verdim. Orada başsağlığından sonra deyilirdi ki, Moskvaya qayıdıb-qayıtmamaq barədə qərarı Mikoyan özü qəbul edə bilər. 

Çaşqınlıq çökdü. Danışıqlar başlamadı və biz iqamətgahımıza qayıtdıq, Mikoyan öz otağına girib tək qaldı. Təxminən bir saat sonra çıxdı və qərarını açıqladı: onu müşayiət edən oğlu Serqo gəldikləri xüsusi təyyarə ilə Moskvaya qayıdır. Kuba ilə sarsılan dostluğumuzu bərpa etmək çox önəmli olduğundan, danışıqları davam etdirməyi öz borcu sayır, bir də ki, Moskvaya qayıtması dərdinə dərman olmayacaq...

Mikoyanın bu hərəkəti ona kubalıların böyük rəğbətini qazandırdı və danışıqların gedişinə emosional təsir edərək münasibətlərimizin istiləşməsinə səbəb oldu. Elə həmin gün Anastas İvanoviç bütün Kuba rəhbərliyinin imzaladığı başsağlığı aldı. Respublika rəhbərlərinin arvadları ona baş çəkdilər. Axşam Fidel Kastro və yoldaşları Mikoyanın olduğu iqamətgaha gəldilər, kədərinə şərik olduqlarını şəxsən bildirdilər. 

Bir gün sonra bərpa olunan Mikoyan-Kastro danışıqları, belə demək mümkünsə, şəfqətli rejimdə keçdi, xüsusən də ilk günlər. Bununla belə, bu danışıqlar fasilələrlə üç həftə davam etdi və zaman-zaman çox ağır oldu".

Kastro raketlərin çıxarılmasına razılıq versə də, demontajı inspeksiya etmək üçün adaya BMT müşahidəçilərinin gəlməsinin əleyhinə çıxdı. İnspeksiya açıq dənizdə ABŞ hərbçiləri tərəfindən aparıldı. Raketlərin çıxarılmasından sonra, noyabrın 20-də ABŞ Kubanın blokadasını aradan qaldırdı. Türkiyədəki raketlər isə 1963-cü ilin aprelində çıxarıldı. 

***

Qərbdə Kuba raket böhranı, Şərqdə isə Karib böhranı deyilən hadisələrin gözlənilməz effekti oldu. Tərəflər sanki uçurumun kənarına yaxınlaşdılar, onun bütün vahiməli dərinliyini gördülər və əndişə içində geri sıçradılar. Böhrandan sonra ABŞ-SSRİ münasibətlərində istiləşmə müşahidə olundu. 

Prosesin ilk qaranquşu iki hadisə idi. Birincisi, yarana biləcək yeni böhran vəziyyətində məktubların şifrlənməsinə və deşifrlənməsinə, tərcüməsinə vaxt itirməmək üçün Moskva və Vaşinqton arasında teletaypdan ibarət “qaynar xətt” yaradıldı. İkincisi isə 1963-cü il avqustun 5-də Moskvada ABŞ, Böyük Britaniya və SSRİ arasında “Atmosferdə, kosmosda və su altında nüvə silahı sınaqlarının qadağan olunması haqqında” müqavilə imzalandı.

Kuba böhranından bir neçə il sonra həm ABŞ-nin, həm SSRİ-nin qarşı tərəfi tam məhv edəcək sayda uzaqmənzilli qitələrarası ballistik raketi vardı və MAD (Mutually Assured Destruction – qarşılıqlı təminatlı məhv) deyilən paritet vəziyyəti yarandı. Daha raketləri haradasa yerləşdirməyə ehtiyac qalmadı.

Beynəlxalq münasibətlərdəki bir çox fikir ayrılıqlarına, xüsusən Yaxın Şərqdə baş verən gərgin hadisələrə baxmayaraq, ABŞ-SSRİ münasibətləri 17 il ərzində mülayim oldu və yalnız 1979-cu ilin sonlarında SSRİ-nin Əfqanıstana təcavüzündən sonra yenidən pisləşdi.(pressklub)

Yadigar Sadiqlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam