Moskvanın dəyişməyən siması: Rusiyada şovinizm və islamofobiya aparıcı siyasi-ideoloji xəttə çevrilib - ŞƏRH
Rusiya çox qəribə bir dövlətdir. Nə dostluğu dost, nə tərəfdaşlığı tərəfdaş kimidir. İstənilən an dəyişib düşmənçilik edə bilər. Onun bütün strukturları, hətta mediası belə bu istiqamətdə fəaliyyət göstərməyə hazırdır. Bunun əsasında onun müstəmləkəçi, zəifi əzmək, güclüdən qorxmaq mahiyyəti durur.
Yenixeber.org: Sovetlər dağılandan sonra Rusiya Azərbaycanda işğalçı, müstəmləkəçi davranışını Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı altında gizlənməklə həyata keçirməyə başladı. Moskvada elan etdilər ki, bu problem sovetlərdən qalmadır, onun nizamlanmasına çalışırlar. Ancaq ATƏT Minsk qrupunda rusiyalı həmsədr özünü Qarabağın yiyəsi kimi apararaq, ondan rəsmi Bakıya təzyiq aləti olaraq yararlanmağa çalışıb. Elə İrəvanın özünə qarşı da Rusiya bu münaqişədən yararlanıb. Moskva, Ermənistanda “buranı tərk etsəm Azərbaycan sizi məhv edər” təbliğatını aparmaqla onların idarəçiliyində iştirak edib.
Lakin Azərbaycanın öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi bölgədə reallıqları kökündən dəyişib ki, bu da Kremldə narahatlıq doğurmaya bilməz.
İş o yerə çatıb ki, Moskvaya “qibləsi” kimi baxan Ermənistan dövləti və erməni cəmiyyəti də Rusiyadan uzaqlaşmaq istəyir. Kapitulyasiya aktına imza atmış və müharibəyə qədər Moskvanın sevimlisi olan İrəvan belə Qarabağ məsələsinin tam bağlanmasını Rusiyadan xilas olmaq üçün fürsət kimi dəyərləndirir. Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Rusiyaya etibar etmək olmaz, o, çətin zamanda erməniləri tək qoyub. Ermənistanlı əmək miqrantları isə Rusiyadan deportasiya olunduqlarını bildirir, burada miqrantlara münasibətin pis istiqamətdə dəyişdiyini deyirlər. Onların sözlərinə görə, əvvəlki illərdə sənədlərlə bağlı problem yarananda, Rusiya bu məsələyə daha loyal yanaşırmış. Məsələn, cərimə, yaxud məsələnin həll edilməsi zərurəti barədə xəbərdarlıq edərmişlər.


Bugünlərdə RF hüquq mühafizə orqanlarının Yekaterinburqda azərbaycanlı ailələrə basqın etməsi, iki nəfəri qətlə yetirməsi, digər ailə üzvlərini isə həbs və işgəncələrə məruz qoyması Rusiyanın irqçi mahiyyətinin təzahürüdür.
Bu, təkcə Moskvanın düşdüyü hərbi-siyasi və iqtisadi böhranla əlaqədar deyil. Rusiya vəziyyət o dərəcədə kriminallaşıb ki, artıq 1990-cı illərin başıqırxıq “skinhed” dəstələrini xüsusi təyinatlı polis dəstəsi və başqa hüquq-mühafizə orqanları əvəzləyib. Yəni ksenofobiya və irqçilik bu dövlətin siyasətinə çevrilib.
Rusiyada məscidlərə hücumlar da adiləşib. Elə iyulun 1-də Ryazanda Əl-Sahab məscidində yanğın törədilməsi buna nümunə ola bilər. Bu, Rusiya siyasi ideoloqlarının apardığı islamofob təbliğatın nəticəsidir. Hadisəni 16 yaşlı şəxs törədib. Bu gənc insan hələ dinləri dərk etmir. Onu bu cinayət yoluna təbliğat sürükləyir.


Rusiya mediaresurslarının apardığı anti-Azərbaycan, anti-Qafqaz, anti-İslam təbliğatı Rusiya cəmiyyətinin parçalanması ilə nəticələnə bilər, çünki müsəlmanların heç də hamısı Azərbaycan və Mərkəzi Asiya ölkələrindən olan mühacirlər deyil. Tatarıstan, Başqırdıstan, Dağıstan və başqa bölgələrin müsəlman əhalisi belə cinayətlərə haqq səsini çıxarıb, cinayəti törədənlərin cəzlanmasını tələb edir.
Beləliklə, bu gün dünya siyasətində təklənən Rusiyada şovinizm və islamofobiya aparıcı siyasi-ideoloji xəttə çevrilib. Elə müsəlman miqrantların “vətəndaşlıq” şirnikləndirməsi ilə orduya cəlb olunması da diskriminasiyanın bir formasıdır. Rusiya Ukrayna müharibəsində insan resursu çatışmazlığı səbəbindən miqrantlara, xüsusilə Qafqaz və Mərkəzi Asiya əsilli şəxslərə qarşı şantaj, zorakılıq tətbiq edərək onları orduya cəlb etməyə çalışır. İmtina edənlərə qarşı işgəncə, saxta cinayət ittihamları və ailə üzvlərinə təhdidlər kimi metodlar istifadə olunur. İstisna deyil ki, Yekaterinburq cinayəti bu siyasətin daha bir təzahürüdür.(Report)