Yenixeber.org: “Ermənistan çoxvektorlu məğlubiyyət, Azərbaycan və Türkiyə isə çoxvektorlu uğur nümayiş etdirdi. Bu, ən yaxşı halda 2018-ci ildə hakimiyyətə gələnlərin, onlara güvənən insanlara vədlər verib sonra vədlərini pozanların ifrat səriştəsizliyinin nəticəsi idi. Ən pis halda isə bu, adamlar Ermənistanı məğlub, “artsax”ı məhv etmək, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və Ermənistanı faktiki olaraq Türkiyə və Azərbaycanın nəzarəti altına keçirmək istəyən üçüncü dövlətlərin maraqlarını təmsil edirdilər. Hər iki halda xalqımızın başına gətirilən faciəyə görə hakimiyyətə gələn qrup məsuliyyət daşımalıdır”.
Məlumata görə, belə bir iddianı Stanford Universitetindən erməni politoloq Artur Xaçikyan yerli mediaya müsahibəsində irəli sürüb.
Xaçikyan şübhəsiz ki, bur məsələdə blef edir. Bu da odur ki, Ermənistanın məğlubiyyəti təkcə Nikol Paşinyanın və komandasının üstündə deyil, kapitulyasiyaya görə məsuliyyətin daha böyük hissəsi əslində onun sələflərinin, xüsusən də Xocalı canilərinin – Robert Köçəryanın, Serj Sərkisyanın, Seyran Ohanyanın hakimiyyəti üzərinə düşür. Hansılar ki, illərlə yalançı hərbi qələbənin eyforiyasından məst olaraq, danışıqların ədalətli sonuclanmasına imkan vermədilər, rəsmi Bakının olduqca əlverişli təkliflərini (ən yüksək muxtariyyət, neft-qaz kəmərlərinin Ermənistandan keçməsi də daxil) qulaqardı elədilər, hətta lağlağı predmetinə çevirdilər, “biz Qarabağı boruya dəyişmirik” dedilər. Nikolu indi “günah keçisi” elan etməyə nə var ki...
Qələbənin şərikləri həmişə çox, məğlubiyyət isə yetim olur. Təəssüf ki, 2016-cı ilin aprel döyüşləri də Köçəryan-Sərkisyan xunta rejiminə dərs olmadı. Halbuki bu, artıq Azərbaycanın səbrinin tükəndiyi barədə onlara ən ciddi xəbərdarlıq, ən güclü bir siqnal idi. Yəni 2018-də Ermənistanda hakimiyyət dəyişməsəydi belə, 44 günlük müharibə artıq qaçılmaza çevrilmişdi. Qısası, nəticə eyni olacaqdı.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş komandan Ağdam məscidi önündə çıxışı zamanı (noyabr 2024) nahaq yerə söyləməmişdi ki, biz müharibədə ən əvvəl Köçəryanla Sərkisyanmln belini qırmışıq, onları diz çökdürmüşük: “Biz Köçəryan-Sərkisyan ordusunu məhv etmişik. Biz Köçəryana, Sərkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Köçəryan, Sərkisyan, siz diz çökdünüz bizim qabağımızda. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da soxa bilmədilər”.
Yaxud Prezidentin aşağıdakı sitatı: “Biz göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Biz göstərdik ki, heç vaxt bu işğalla barışmayacağıq. Açsınlar baxsınlar mənim çıxışlarıma, mən son 17 il ərzində bəlkə də min dəfə demişəm, biz bu işğalla barışmayacağıq. Hesab edirdilər ki, bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaqlar”.
Aydın oldumu? Mininci xəbərdarlıqdan sonra mütləq Vətən savaşı gələcəkdi...
Xaçikyan həmçinin bildirib: “Ermənistanın nə Avropa, nə də ABŞ üçün heç bir strateji əhəmiyyəti yoxdur. Bunun əvəzində onlar Türkiyə, İsrail və Azərbaycanla münasibət qururlar. Ermənilər isə yüz il əvvəl olduğu kimi, yenə quru vədlər alırlar”.
Onun sözlərinə görə, kiçik ölkələr böyük dövlətlərin oyununda “piyada”ya çevrilməməli, onların vədlərinə inanmamalıdır, çünki: “Gec-tez bu güclər geri çəkiləcək və düşmənlərinizlə sövdələşəcəklər və siz özünüzü aldadılmış və qurban qismində görəcəksiniz. Ermənilər bunu əsrlər boyu bilir”.
Elə isə başına gələn bunca fəlakətdən dərs götürməyə erməni xalqına nə mane olur? Böyük güclərin əlində daha nə qədər “maşa”, “peşka” olmaq olar? Axı velosipedi kəşf etməyə nə lüzum? Qonşularla dinc-yanaşı, rifah içində yaşamağın təməl şərtləri çoxdan bəlli.
Bunun üçün Ermənistan adlı saxta dövlət öz aborigen qonşularının ərazisinə, malına-mülkünə göz dikməkdən əl çəkməlidir. Sülhdən, barışıqdan dəm vurub qoltuğunda daş gizlədən kəmfürsət olmamalıdır. Çünki qonşuluq hər şeydən öncə münasibətlərdə səmimiyyəti diktə edir.
Hələ hər şey itirilməyib. Hələ ki, fürsət pəncərəsi açıq saxlanılır. Ancaq Bakının barışıq əli sonsuzadək havada qalmayacaq. İlham Əliyevin mesajlarını heç olmasa, bu dəfə düz oxuyun. Hakimiyyət, müxalifət, cəmiyyət olaraq...(musavat)