ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın öz vəzifəsinin icrasına başlamasına sayılı saatlar qaldı. 20 yanvar andiçməsindən dərhal sonra dünya təzədən 4 illik Tramp dönəminə girmiş olacaq.
Yenixeber.org: Təbii ki, Azərbaycanın bu dövrlə bağlı öz pozitiv gözləntiləri var. Bakı haqlı olaraq, Trampa müəyyən ümidlər, hətta şanslar bağlayır. Hər necə olmasa, 44 günlük Vətən müharibəsi onun birinci prezidentliyinə təsadüf edib.
Əsas gözləntimiz şübhəsiz, Ermənistanla nəhayət, bizim şərtlərimiz əsasında sülh müqaviləsinin imzalanması və bölgəmizdən müharibə riskinin həmişəlik sovuşmasına Vaşinqtonun dəstəyi sarıdandır. Çünki öz ərazi bütövlüyü və suverenliyini təmin edən dövlət kimi, Azərbaycan daha hər hansı hərbi qarşıdurmada maraqlı deyil.
Demokratlardan fərqli olaraq, respublikaçı prezident-milyarder Trampın Amerikanın erməni lobbisi ilə bağlılığı və asılılığının olmaması bu yöndə inamı artırır. Zatən bu səbəbdən ən böyük erməni lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsi (ANCA) son prezident seçkisi zamanı D.Trampı dəstəkləyən çağırış etməmişdi...
Ağ Evin yeni sahibinin Cənubi Qafqazla bağlı ilk ciddi addımı, yaxud qərarı nə ola bilər?
“Azərbaycan Cənubi Qafqazda sabitliyin əsas təminatçısıdır. Fikrimcə, Tramp administrasiyasında məhz belə bir anlayış hakim olacaq”.
Yəhudi əsilli ekspert, fəlsəfə doktoru, Harvard Universitetinin teologiya üzrə magistratura məzunu, politoloq Dmitri Radışevski bu qənaətdədir (Caliber.az).
“Vaxtilə mən ABŞ Konqresinin Beynəlxalq Terrorizmə qarşı Mübarizə üzrə ekspert bölməsi ilə əməkdaşlıq etmişəm. Biz hər zaman deyirdik və hesabatlar hazırlayırdıq ki, Azərbaycan Amerikanın Cənubi Qafqazdakı əsas müttəfiqi olmalıdır. Baxın, belə mürəkkəb regional şəraitdə terrorla ən effektiv mübarizə aparan kimdir? Əlbəttə ki, Azərbaycan”, - analitik bildirib.
Ermənistanın bölgədə davam edən pozucu roluna toxunan ekspert ardınca deyib: “Bəs regionda İranın əsas müttəfiqi kimdir? Ermənistan. Təəssüf ki, bizim tövsiyələrimiz heç də həmişə Ağ Ev tərəfindən qəbul olunmurdu. Xüsusən də demokratlar dönəmində. Çünki əfsus ki, ABŞ-ın Demokrat Partiyası ölkənin erməni lobbisinə çox dərindən bağlıdır. Lobbi demokratların ən böyük donorlarından biridir. İndi isə demokratlar şükürlər olsun gedir. Tramp administrasiyası dövründə ABŞ-ın Bakıya yanaşması xeyli dəyişəcək. Pozituv planda təbii ki”.
Bu yerdə yada salaq ki, Qarabağ məsələsi həll edilmədən və rəsmi Bakının razılığı olmadan Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan bədnam “Sürix protokolları” da (2009) məhz demokratların (Barak Obama) hakimiyyəti zamanı imzalanmışdı...
İsrailli politoloqun gözləntisi həmçinin budur ki, Tramp və onun komandası Azərbaycanı Türkiyə və İsrail arasında vasitəçilik etməkdə dəstəkləyəcək: “Azərbaycan bölgədə etibarlı dayaq, qala, sabitlik və inkişaf deməkdir. Bakı özünün iki dostunu – Türkiyə və İsraili barışdırmağa qadir ölkədir”.
İrəvanla sülh anlaşmasının imzalanmasına gəlincə, politoloq əmindir ki, Tramp Ermənistanın Türkiyə və Azərbaycanla möhkəm sülh bağlamasını istəyir. “ABŞ-ın yeni lideri eyni zamanda, Ermənistanın İrana deyil, Türkiyə və Azərbaycana yönəlməsini istəyir. Və əlbəttə, Trampın komandası istəyir ki, ermənilər öz ideologiyalarında revanşizmdən tamamən imtina etsinlər”, - ekspert əlavə edib...
Xatırladaq ki, iki həftə öncə ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “beyin mərkəz”lərindən biri - “Stratfor”-un 2025-ci il üçün açıqladığı təhlildə də Tramp hökumətinin Güney Qafqazda Ermənistana deyil, Azərbaycana üstünlük verəcəyi vurğulanır.
Bu və digər səbəblərdən qarşıdakı 4 illik dönəm Amerika ilə əlaqələrdə Bakıya bəzi siyasi-diplomatik ziqzaqlar vəd etsə də, bütövlükdə Azərbaycan üçün şansların qat-qat çox olacağı dövr kimi görünür. Qalır onlardan milli maraqlarımız naminə vaxtında və səmərəli istifadə etmək. Azərbaycan dövlətinin sükanı arxasında müdrik və uzaqgörən rəhbərin durduğunu nəzərə alsaq, əminik ki, belə də olacaq. Siyasət isə bəzən mümkün olmayanı da reallaşdırmaq məharətidir...(musavat)