Mərkəz rəhbəri: “Sanki Rusiya Qərbə mesaj göndərir ki, “Rusiya Azərbaycanla sıx münasibətlər qurub, siz bunu poza bilməzsiniz””
Yenixeber.org: Oktyabrın 2-3-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıda rəsmi səfərdə olub. Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumata görə, Narışkin səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, həmçinin Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə danışıqlar aparıb.
“Azərbaycan Prezidenti ilə görüşdə beynəlxalq vəziyyətin aktual məsələlərinə, Rusiya Xarici Kəşfiyyat Xidmətinin kəşfiyyat fəaliyyətinin müxtəlif sahələrində Azərbaycan xüsusi xidmət orqanları ilə cari qarşılıqlı fəaliyyətinə toxunulub, yaxın gələcək üçün ikitərəfli əməkdaşlığın prioritetlərinə toxunulub”, məlumatda qeyd olunub.
Bildirilib ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin nümayəndə heyəti ilə Azərbaycanın Xarici Kəşfiyyat və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinin danışıqlarında xüsusi xidmət orqanları vasitəsilə “Rusiya-Azərbaycan əməkdaşlığının dinamik inkişaf etdiyi, konstruktiv, qarşılıqlı faydalı, Rusiya və Azərbaycan milli maraqlarının müdafiəsi məsələlərinin həllində konkret nəticələr əldə etməyə yönəlib”.
“Görüşdə beynəlxalq terrorizm və dini ekstremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Rusiya və Azərbaycan xüsusi xidmət orqanları beynəlxalq terror strukturlarının düşmənçilik planlarının vaxtında aşkarlanmasına görə məsuliyyəti artırıb. Qeyd edildiyi kimi Rusiya Xarici Kəşfiyyat Xidmətinin və Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti ilə qarşılıqlı fəaliyyətində Qərb xüsusi xidmət orqanlarının dövlətlərimizdə daxili siyasi sabitliyi pozmağa yönəlmiş düşmənçilik istəklərinin müəyyən edilməsi səylərinə xüsusi yer ayrılır”, Rusiya Xarici Kəşfiyyat Xidmətindən vurğulanıb.
Məlumatda həmçinin qeyd olunub ki, görüş zamanı Narışkinin Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevlə görüşündə vurğulanıb ki, indiki şəraitdə kəşfiyyatın əsas vəzifələrindən biri anti-Rusiya və anti-Azərbaycan xarakterli təxribatçı hərəkətlərin vaxtında aşkar edilməsi və qarşısının alınmasıdır.
“Rusiyada və Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq məqsədilə xarici kəşfiyyat xidmətlərinin qeyri-sistemli müxalifət və beynəlxalq terror təşkilatlarından istifadəsinə qarşı birgə səylərin artırılmasının zəruriliyi qeyd edilib. Danışıqlarda əldə olunan razılaşmalar Rusiya Xarici Kəşfiyyat Xidmətinin ölkələrimizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Xarici Kəşfiyyat Xidməti və Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə fəaliyyətinin inkişafına, dərinləşməsinə və səmərəliliyinin artırılmasına töhfə verəcək”, məlumatda deyilir.
Sözügedən səfərlə bağlı bizə danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan tərəfinin səfərlə bağlı rəsmi açıqlama verməməsi, Rusiya tərəfinin isə geniş məlumat yayması bir qədər təəccüblüdür:
- Adətən xarici səfərlər olanda bu, rəsmi şəkildə açıqlanır. Amma Azərbaycan tərəfi Narışkinin səfəri barədə məlumat yaymayıb. Görünən odur ki, Azərbaycan bu səfərin ictimaiyyətə açıqlanmasında maraqlı olmayıb. O zaman sual olunur: Rusiya Xarici Kəşfiyyat İdarəsi niyə məlumat yayıb? Rusiya bununla yəqin ki, mesaj verir. Məsələ burasındadır ki, ötən ay Böyük Britaniyanın kəşfiyyat xidməti olan Mİ6-nın rəhbəri olan Riçard Mur Bakıda səfərdə olmuşdu. Ondan əvvəl də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli nümayəndəsi Bakıya gəlmişdi. Düzdür, ABŞ zabitinin səfəri ilə bağlı səfirliyin sosial şəbəkə hesabında paylaşılan fotodan məlumat almışdır. Amma Murun səfəri barədə rəsmi məlumatlar verilmişdi. Mİ6 rəhbərinin ADA Universitetində keçirilən konfransda iştirak etdiyi bildirildi. Əlbəttə, aydındır ki, Mİ6 rəhbəri təkcə konfransda iştirak üçün gəlməmişdi, başqa məsələlərin müzakirəsinə də ehtiyac olub. Nəzərə almaq lazımdır ki, Bakıda COP29 kimi böyük bir tədbir keçiriləcək. Ola bilsin ki, bu tədbirdə təhlükəsizliklə bağlı fikir mübadilələrinə ehtiyac var. Məndə belə bir təəssürat yarandı ki, Rusiya tərəfi istəyir bütün dünya bilsin ki, Narışkin Bakıda olub, geniş müzakirələr keçirib.
- Rusiyanın belə geniş məlumat yaymaqda məqsədi nədir?
- Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumatda görünən odur ki, Azərbaycanla çox ciddi əməkdaşlıq formatı olduğunu beynəlxalq aləmə, xüsusilə də Qərbə çatdırsın. Narışkinin səfəri ilə bağlı məlumatda belə bir məsələ də var ki, guya hansısa Qərb ölkələrindən biri Azərbaycandakı Rusiya diplomatlarından birinə qarşı əməliyyat hazırlayırmış, Azərbaycan və Rusiya kəşfiyyat strukturları bunun qarşısını alıblar. Bu nə dərəcədə doğru məlumatdır, deyə bilmərəm. Çünki bu məlumatı Azərbaycan tərəfi nə təsdiq, nə də təkzib edir. Azərbaycan tərəfi rəsmi məlumat yaymırsa, biz niyə Rusiyanın yaydığı məlumata inanmalıyıq. Əgər səfər olubsa, amma Azərbaycan tərəfi rəsmi informasiya yaymayıbsa, demək ki, Bakı bu barədə məlumatın yayılmasında maraqlı deyil. Lakin Rusiya tərəfi sanki nəbz yoxlayır. Narışkinin səfəri ilə bağlı geniş məlumatın verilməsi ilə yanaşı, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun da açıqlaması diqqət çəkir. Belə ki, Bortnikov MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 55-ci iclasında çıxışı zamanı deyib ki, Avropa İttifaqının müstəqil mülki müşahidə missiyası konkret NATO ölkəsinin maraqları naminə Rusiya və tərəfdaşlarına qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir. Söhbət burada Cənubi Qafqazdan gedir. FTX direktoru deyir ki, Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla Azərbaycan-Ermənistan nizamlanması prosesinə başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır. Əlavə edir ki, NATO-nun dünyanın müxtəlif regionlarında əvvəlki vasitəçilik təcrübəsini nəzərə alaraq, blokun Cənubi Qafqazda möhkəmlənməsi, təbii ki, regionda sabitliyə kömək etməyəcək. Diqqət etmək lazımdır ki, Bortnikovun bu bəyanatı ilə Narışkinin Bakıya səfəri eyni günlərə təsadüf edir. Sanki Rusiya Qərbə mesaj göndərir ki, “Rusiya Azərbaycanla sıx münasibətlər qurub, siz bunu poza bilməzsiniz”.
- Bortnikovun dediklərində həqiqət payı yoxdurmu?
- İstisna etmirəm ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Ermənistan tərəfi ilə danışıqlar gedir, Rusiya kəşfiyyatı da bu barədə hansısa məlumatlar əldə edib. Prosesə də mane olmaq məqsədi ilə bu cür xəbərləri yayırlar. Məlumdur ki, Azərbaycan hansısa beynəlxalq qüvvənin bölgədə yerləşdirilməsinin əleyhinədir.
Ümumiyyətlə, Cənubi Qafqazda çox qəribə proseslər başlayıb. 30 il əvvəl Gürcüstan və Azərbaycan Qərbin təhülkəsizlik strukturları ilə ciddi əməkdaşlıq edirdi, Ermənistan isə sırf Rusiyaya bağlı idi. İndi sanki rollar dəyişib: Gürcüstan və Azərbaycan Qərblə münasibətlərdə müəyyən gərginlik yaşayır, suallar var, Ermənistan isə əksinə, Rusiyanın caynağından çıxaraq Qərbin təhlükəsizlik strukturlarına yaxınlaşmağa çalışır. Artıq bu istiqamətdə addımlar da var. Ermənistanla ABŞ ordusunun birgə təlimlərini, Avropa İttifaqı missiyasının Ermənistanda yerləşdirilməsini göstərmək olar. Demək olar ki, Cənubi Qafqaz uğrunda böyük güclərin rəqabəti gedir. Kəşfiyyatların da açıqlamaları, bəyanatları, addımları bu savaşın tərkib hissəsidir. Sanki Cənubi Qafqaz uğrunda savaş kəşfiyyatların fəaliyyəti ilə daha da dərinləşir.(AYNA)