Ermənistana qaz sataq? –İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Sülh müqaviləsi imzalanarsa, regionda tam yeni mənzərə ortaya çıxa bilər
Yenixeber.org: Ermənistan tədarükün diversifikasiyası çərçivəsində Azərbaycandan qaz ala bilər. Erməni mətbuatının verdiyi məlumata görə, bunu hakim “Vətəndaş müqaviləsi” partiyasının fraksiyasından olan deputat, iqtisadi məsələlər üzrə daimi komissiyanın sədr müavini Babken Tunyan parlamentdə keçirdiyi brifinqdə deyib.
“Belə bir vəziyyət yaranarsa, biz Azərbaycanla ticarət əlaqələri qura biləcəyik. Hər hansı resursa ehtiyacımız varsa, daha ucuz, keyfiyyətli resursu kimin təmin etdiyini düşünməliyik. Əgər bu resurs Azərbaycan tərəfindən təmin edilərsə, o zaman bu məsələ müzakirə oluna bilər. Bununla yanaşı, təbii ki, şaxələndirmə prinsipini və alternativ mənbələri qorumaq lazımdır”, - deyə o bildirib.
Tunyan xatırladıb ki, Ermənistan qazı əsasən Rusiyadan, eləcə də İrandan alır və üçüncü mənbədən qazın alınması yalnız ölkənin enerji müstəqilliyinin və təhlükəsizliyinin səviyyəsini artıracaq. Qeyd edək ki, daha əvvəl II Ümumerməni Sammiti zamanı Baş nazir Nikol Paşinyan da Ermənistanın Azərbaycandan qaz idxal edə biləcəyini istisna etməyib.
Bu, çox maraqlı bir ehtimaldır. Maraqlıdır, Azərbaycan müvafiq şəraiti nəzərə alaraq, bu cür tədarük imkanlarından öz məqsədləri üçün istifadə edə bilərmi? Ermənistanın Azərbaycandan bu müəyyən enerji asılılığı nə verə bilər? Bu, qonşular arasında münasibətlərin yaxşılaşmasına kömək edə və hansısa yolla Cənubi Qafqazda sülh şəraitində birgə yaşayışı daha da yaxınlaşdıra bilərmi?
Suallarımızı regionun tanınmış ekspertləri cavablandırıblar.
Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov:
“Ermənistan lideri Paşinyanın ölkəsinin Azərbaycandan qaz idxalçısına çevrilə biləcəyi ilə bağlı son bəyanatından sonra bu mövzu hər iki ölkənin mətbuatında fəal müzakirə olunur. Dərhal qeyd etmək lazımdır ki, İrəvanla Bakı arasında bütün məsələlər sülh sazişi imzalanandan sonra həll olunarsa, vəziyyətin belə inkişafında təəccüblü heç nə olmayacaq.
Xatırladım ki, hələ sovet dövründə Azərbaycandan Ermənistana qaz kəməri çəkilmişdi və bir neçə il əvvəl belə bir vəziyyət yaranmışdı ki, Azərbaycan Dövlət Neft Şirkəti müəyyən müddət ərzində bu kəmərlə Ermənistana on milyonlarla kubmetr qaz verirdi. Bu, Rusiyanın “Qazprom” şirkəti Ermənistana Gürcüstan ərazisindən keçən qaz kəmərini təmir üçün dayandırmağa məcbur olanda baş verib. Sonra “Qazprom” Bakıya müraciət etdi və bir neçə həftə ərzində ölkəmiz Ermənistana qazını sovet kəməri ilə çatdırdı. Sonradan “Qazprom” bu məbləği Azərbaycana qaytarıb.
Və biz əminliklə güman edə bilərik ki, Ermənistan-Azərbaycan münasibətləri tam nizamlandıqdan sonra Naxçıvan Muxtar Respublikası da SSRİ dövründə olduğu kimi Ermənistan ərazisindən keçməklə qaz alacaq. İndiyədək Naxçıvan Azərbaycanla İran arasında svop əməliyyatları vasitəsilə qazla təmin olunur.
Yəni, əlverişli şəraitdə Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvana tranzit qaz nəqli üçün pul ala biləcək, üstəlik, özü də bu qazın alıcısına çevriləcək və beləliklə, bu cür diversifikasiya yolu ilə təchizat, öz enerji davamlılığını təmin edəcək”.
Ermənistan Politoloqlar Assosiasiyasının prezidenti, siyasi elmlər doktoru Amayak Ovhannisyan:
“Qonşuların qarşılıqlı asılılığı onlar arasında mehriban qonşuluq və hətta dostluq münasibətlərinin qurulmasına töhfə verə bilər. Bu, aksiomatik həqiqətdir. Ona görə də təbii ki, biz sülh müqaviləsini nə qədər tez imzalasaq və ölkələrimiz arasında diplomatik əlaqələr qursaq, tamhüquqlu iqtisadi əməkdaşlıq, o cümlədən Azərbaycan qazının Ermənistana nəqli üçün bir o qədər tez lazımi şərait yaranacaq.
Mənə, 30 illik təcrübəyə malik politoloq və dövlət siyasi xadiminə inanın ki, qonşuların bir-birindən asılılığı həmişə qonşularını bir-birinə qarşı qoymaq, inamsızlıq və düşmənçilik yratmaq, sonra bu alovda əllərini isitmək üçün regiondankənar qüvvələrdən asılı olmaqdan daha yaxşıdır. Əvvəllər dost olan, bir yerdə süfrə arxasında əyləşən, ailəvi, milli bayramları birlikdə qeyd edən xalqlarımız arasında 30 illik düşmənçilik salmaqda kimin günahkar olduğunu hələ birlikdə müəyyənləşdirməliyik”.
Cənubi Qafqaz üzrə rusiyalı ekspert Konstantin Tasits:
“Rusiya əvvəlcədən sülh yolu ilə nizamlanmanın əsası kimi Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpasını müdafiə edirdi. İqtisadiyyatların qarşılıqlı asılılığı münaqişə tərəfləri arasında etimadı bərpa etməyə kömək edir və mühüm sabitləşdirici amildir.
Bildiyimə görə, Azərbaycandan Ermənistana qaz nəqli üçün texniki imkanlar və infrastruktur mövcuddur. Tərəflər məqbul qiymət və digər şərtlərlə razılaşa bilsələr, bu, olduqca mümkündür”.
Rusiyalı politoloq Mixail Neyjmakov:
“Həm Nikol Paşinyanın gələcəkdə Azərbaycan qazının alınması perspektivləri ilə bağlı açıqlaması, həm də hakim partiyadan olan deputat Babken Tunyanın hələlik eyni mövzunu dəstəkləməsi İrəvanın Moskvaya bir daha xatırlatmaq istəyinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Rusiyadan uzaqlaşmaq üçün potensial imkanları nümayiş etdirirlər - bu halda enerji sektorunda.
Və buna baxmayaraq, siyasi danışıqlar çərçivəsində qeyri-müəyyən gələcəkdə deyil, yaxın gələcəkdə həyata keçirilə biləcək təşəbbüslər ilk növbədə ciddi qəbul edilir. Buna görə də, hələlik bu, 2024-cü ilin oktyabr ayının sonunda BRICS sammiti çərçivəsində Nikol Paşinyan ilə Vladimir Putin arasında baş tuta biləcək danışıqların substantiv gündəliyinin bir hissəsi deyil, daha çox informasiya fonudur.
Lakin gələcəkdə Bakı ilə İrəvan arasında, heç olmasa, sabit “soyuq sülh” bərqərar olarsa, bu cür çatdırılmalar tamamilə mümkündür. Bununla belə, Bakının bu cür tədarüklərə hansı həcmdə maraq göstərəcəyi sual olaraq qalır. Məsələn, Ermənistan Gömrük Xidmətinin məlumatına görə, 2023-cü ildə Ermənistan 2 725 280,3 kubmetr qaz alıb ki, onun 86,6%-i Rusiyadandır. Həmin il Azərbaycan 23,8 milyard kubmetr qaz ixrac edib.
Lakin nəzərə almaq lazımdır ki, Avropa qaz bazarı Bakı üçün daha çox maraq kəsb edir. Məsələn, ölkə Prezidenti İlham Əliyevin 2024-cü ilin iyulunda Aİ ilə 2022-ci ildə qurulmuş enerji sektorunda Azərbaycan qazının 2027-ci ilə qədər Avropaya nəqlinin həcminin iki dəfə artırılmasını nəzərdə tutan strateji tərəfdaşlığını bir daha xatırlatmaq olar.
Aydındır ki, indi, hətta gələcəkdə heç kim Bakını Ermənistan üçün yeganə və ya əsas qaz təchizatçısı hesab etmir. Əgər erməni tərəfinin Moskva ilə münasibətləri xeyli pisləşsə və İran nədənsə Ermənistanın ehtiyacları üçün tədarükünü genişləndirməsəydi, bu cür qaz tədarükü İrəvana təzyiq alətinə çevrilərdi.
Amma ümumilikdə bu vəziyyətə daha uzun perspektivdə baxmaq olar. Eyni sabit sülh Bakı ilə İrəvan arasında bərqərar olarsa (hətta “soyuq” olsa belə, hər an genişmiqyaslı silahlı eskalasiyaya çevrilmək təhlükəsi yaratmasa), Ermənistanın daxili siyasi mənzərəsi də dəyişməyə başlayacaq. Təbii ki, orada yenə də Bakıya qarşı mümkün qədər sərt olan qüvvələr olacaq. Amma Azərbaycanla əməkdaşlığın genişləndirilməsini daha açıq bəyan edəcək qüvvələr də yarana bilər.
İndi həmin Nikol Paşinyan və ya onun partiyasının nümayəndələri belə planları açıqlayanda daxili auditoriyanın nəzərəçarpacaq hissəsinin bu cür təşəbbüslərə kəskin reaksiyasını nəzərə almalıdırlar. Yəni, daha maraqlı məsələ gələcəkdə Azərbaycanın İrəvana xarici təzyiq alətləri ilə bağlı deyil, Bakıya sadiq bir lobbinin Ermənistan daxilində nə dərəcədə təsirli olacağıdır. Ola bilsin ki, bura maraqları Bakı ilə iqtisadi əlaqələrlə bağlı olan biznes nümayəndələri də daxil olsun. Amma bir daha təkrar etmək yerinə düşər ki, bu, daha uzaq gələcəyin məsələsidir”.(Ayna)