Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PUTİN KURSK RÜSVAYÇILIĞINI GÖRMƏZDƏN GƏLİR –Kursk əməliyyatı Rusiyanın strateji planını poza biləcəkmi?

Ukrayna ordusunun Kursk vilayətində Rusiya ərazisinə daxil olması müharibənin xarakterinə ciddi təsir göstərib. Lakin bu uğurun ardı gəlməzsə, Ukraynanın strateji üstünlük qazanması çətinləşəcək. Hələlik isə Ukrayna psixoloji təşəbbüsü ələ ala bilib.

Yenixeber.org: Mənəvi baxımdan yanaşsaq, əminliklə söyləyə bilərik ki, ukraynalılarda ruh yüksəkliyi müəyyən dərəcədə yenidən baş qaldırıb. Uzun müddətli bombardmanlardan və ordunun mövqelərindən yavaş-yavaş geri çəkilməsindən sonra Ukrayna əhalisi öz Silahlı Qüvvələrinin düşmən ərazisindəki irəliləyişini sevinclə qarşılayır. Hərb tarixi göstərir ki, əsgərlərin, eləcə də əhalinin özünə inamı və mübarizə əzmi qələbə üçün önəmli faktordur. Ukrayna xalqı isə gözlənilənlərin əksinə olaraq, böyük dəyanət, birlik və şücaət nümayiş etdirir. Qərbin yerinə yetirmədiyi vədlərin fonunda məhdud imkanlar sayəsində indiyədək döyüşmək və hələ üstəlik Rusiya ərazisinə daxil olub irəliləmək təqdirəlayiq haldır. Amma təəssüf ki, ABŞ və Avropa mənasız, heç bir əhəmiyyət daşımayan hansısa köhnəlmiş və aktuallığını çoxdan itirmiş geostrateji maraqlar naminə Ukraynanı zaman-zaman işğalçı qarşısında tək qoyur.

İndi beynəlxalq analitiklər Ukraynanın Kursk vilayətinə hücumunu şərh edərkən bunun səbəbini danışıqlar prosesində Kiyevin öz mövqeyini yaxşılaşdırmaq istəyilə əlaqələndirirlər. Hərbi-döyüş teatrındakı vəziyyətə müvafiq olaraq analizlər aparılır, əslində bu, belə də olmalıdır. Lakin müharibədə hər şey təkcə Ukrayna ordusundan asılı deyil. Rusiyanın niyyəti məlumdur. Rusiya Ukraynanın şərqini işğal etmək və özünə birləşdirmək, hətta Ukraynanın müstəqil dövlət kimi mövcudluğuna son qoymaq istəyir, bunun üçün onlar heç nəyi əsirgəməyəcəklər. “Heç nəyi əsirgəməyəcəklər” dedikdə, burada material təchizat, maliyyə resursu ilə yanaşı canlı qüvvə də nəzərdə tutulur. Gələn informasiyalara görə, Rusiya artıq 600 min nəfər itki verib(Buraya ölənlər və ağır yaralanıb əlil olanlar da daxildir). Yeri gəlmişkən, müharibədəki mövcud vəziyyəti, daha doğrusu, Rusiyanın imkanlarını ətraflı bilmək üçün statistikaya müraciət etməliyik. Hazırda Rusiyada faktiki iki ordu var. 

Birincisi, Ukraynada döyüşən muzdlulardan ibarət hərbi birləşmələrdir. Onların sayı ehtiyat qüvvələri ilə birlikdə təxminən 750 min nəfərə yaxındır. Bu, olduqca böyük qüvvədir. Hər ay buraya 25 min yeni müqaviləçi cəlb edirlər. Hesab edilir ki, bir ay ərzində Rusiya Ukraynada 20-25 min əsgər itirir. Deməli, Rusiya komandanlığı sadəcə, itkilərin yerini doldurmaqla məşğuldur. Kobud hesablamalara görə, ruslar Ukraynada ildə minimum 250 min adam itirir.

Rusiya üçün bu, azdırmı? Əgər hesab etsək ki, Rusiya bu templə əlavə iki-üç il ərzində istədiyinə nail olmaq fikrindədir, o zaman ən azından əlavə 500-600 min itkini göz önünə gətirməlidir. Avropa ölkələri üçün bu, dəhşətli statistikadır. Amma Rusiya üçün qəbul edilən adi haldır.

       Bəs Rusiyanın bundan artıq muzdlu döyüşçü cəlb edə bilməsi mümkündürmü? 

Hərbi anlalitiklərin qənaətinə görə, müqavilə ilə bundan bir qədər artıq adam yığmaq olar, lakin bir neçə aydan sonra muzdlu toplanması prosesi özünün maksimum həddinə çatacaq, sonra isə tədricən azalacaq. Səbəb təkcə pul ilə bağlı deyil, hərbi birliklərin formalaşdırılması üçün onların texnika və müvafiq ləvazimatlarla təchiz edilməsi də lazımdır. Arxa cəbhəsi və ehtiyat qüvvəsi olmayan ordu mütləq problemlərlə üzləşəcək. Rusiya hərbi komandanlığının qarşısında dayanan vəzifə və tapşırıqlar Kremlin onların üzərinə yüklədiyi strateji planın yerinə yetirilməsindən ibarətdir. Baxmut və Avdeyevkanın ələ keçirilməsindən sonra orduya tapşırıq verilib ki, nəyin bahasına olursa-olsun, ”sürünə-sürünə” irəliləməlisiniz. Vladimir Putin artıq Ukraynaya qalib gəlməyin yolunu uzunmüddətli müharibədə, daha doğrusu, düşmənini taqətdən salmaqda görür. Bütün yuxarıda sadalananları problemsiz həll etmək üçün Rusiyanın indiki həcmdə valyuta qazanması lazımdır ki, bu da Qərbin sayəsində mümkün olacaq. Almaniyanın Ukraynaya qarşı “Şimal axını” qaz kəmərini partlatması ittihamı və gələn il göndəriləcək hərbi yardımın yarıya qədər azaldılacağını bəyan etməsi bir daha göstərir ki, onlar Ukraynanın nə qələbəsini, nə də məğlubiyyətini istəyirlər. Sadəcə, istəyirlər ki, müharibə uzansın. Digər Qərb ölkələri də təxminən bu mövqedə dayanıblar. Müharibənin uzanmasının hansı səbəbdən istənilməsi ayrı mövzudur, lakin biz hələlik məlum və həqiqətə yaxın olan ehtimaldan danışırıq.

2022-ci ildən bu günə kimi olanları xronoloji ardıcıllıqla izlədikdə başqa qənaətə gəlmək mümkün deyil. Qərbin demokratiya uğrunda mübarizəsi kimi pafoslu sözlər görünən faktlara kölgə sala bilməz. Beləliklə, Rusiya hakimiyyəti bu minvalla arzuladığına nail olmaq niyyətindədir, lakin Ukrayna ordusunun Kursk vilayətinə hücumu Moskvanın düzxətli planlarını pozub. Kreml rəhbərliyinin təlaş dolu davranışları göstərir ki, onlar qəflətən yeni reallıqla qarşılaşıblar. İndi gərək Rusiya öz strategiyasını dəyişməyə və ya ona müəyyən düzəlişlər etməyə başlaya. Döyüşən ordunun sayı və imkanları kifayət etmədiyindən haqqında danışdığımız ikinci ordunun meydana gətirilməsi aktuallaşır.

Rusiyanın ikinci ordusu çağırışçılardan və ölkənin müxtəlif yerlərindəki hərbi birləşmələrdə saxlanılan az saylı xüsusi təyinatlı qruplardan ibarətdir. Əlavə olaraq ora-bura vurnuxan “Axmat” batalyonu var. Çağırışçıların sayı az deyil, lakin onların döyüş qabiliyyəti aşağı səviyyədədir. Ona görə də Rusiya komandanlığı bir neçə min döyüşçüsünü Ukrayna ərazisindən Kursk istiqamətinə atmağa məcbur olub. Ekspertlərin fikrinə görə, bu, yetərli deyil və əlavə 25-30 min döyüşçüyə ehtiyac var. Çünki Ukrayna Silahlı Qüvvələri zəbt etdiyi ərazidə möhkəmləndikdən sonra yeni hücum əməliyyatına başlaya bilər.

Ukraynadakı güclərinin böyük hissəsini mövqelərindən aralamaq istəməyən Rusiya hakimiyyəti Kursk vilayətinin zəbt edilmiş ərazilərinin geriyə qaytarılması barədə heç bir konkret fikir söyləmir. Çünki Rusiya ordusunun bunun üçün kifayət qədər gücü yoxdur və yaxın zamanlarda belə bir imkana malik olacağı inandırıcı görünmür. Ancaq buna baxmayaraq, Rusiya Ukrayna ordusunun Kursk vilayətində qarşısını almaq üçün müəyyən hərbi güc toplaya bilib.

Ukrayna ordusu Seym çayı üzərindəki körpüləri məhv etdikdən sonra rusların 3000 əsgərinin mühasirəyə düşmə təhlükəsi yaranıb. Ancaq Rusiya komandanlığı əsas fikrini Kursk vilayətinin qalan hissəsinin möhkəmləndirilməsinə yönəldib. Yeri gəlsə, geri çəkilib öz ərazilərində müdafiə xətləri tikməyə başlayarlar.

Kursk vilayətində uğurlu əmilyyat həyata keçirən Ukrayna ordusunun ən böyük problemi rusların Pokrovsk şəhərinə doğru yaxınlaşmasıdır. Əgər Rusiya ordusu bu şəhəri tutarsa, yaxşı operativ mövqe qazanmış olacaq. Amma ukraynalılar Pokrovsku qorumaq üçün yəqin ki, lazım gələn bütün tədbirləri görüblər.

Ukrayna hökuməti və hərbi komandanlığının Rusiya ordusunun maksimal güc səviyyəsini düzgün müəyyənləşdirməsi çox vacibdir. Bu, mühüm nüansdır. 

                              Bəs Ukrayna əsasən nəyə diqqət göstərməlidir?

Birincisi, Rusiyanın eyni anda nə qədər əsgəri qüvvə saxlaya bilmək imkanıdır. Əgər Vladimir Putinə tezliklə əlavə bir milyon əsgər verilsə, o, bundan çox məmnun olar. Lakin bu, mümkünsüzdür və əsgər sayını artırmaq üçün ən qeyri-populyar metodlara əl atsalar da bunun faydası olmayacaq. Rusiya yəqin ki, çağırışçıları nəzərə almasaq, yaxın üç ayda ən yaxşı halda 50 min əlavə qüvvə yığa bilər.

İkincisi, Rusiya öz maksimum hərbi gücünə çatandan sonra dayanacaq və çalışacaq ki, çağırışçıları döyüşə qoşsun. Çünki başqa çarə yalnız səfərbərlikdir. Səfərbərliyin isə ilk baxışda görünməyən ciddi problemləri var. Putin obyektiv səbəbə görə buna getməkdən çəkinir. Deməli, Kreml Kurskun itirilmiş ərazilərini görməzliyə vuracaq və vilayətin qalan ərazilərini qorumağa başlayacaq.

Üçüncüsü, Ukrayna ordusu Rusiyanın strateji planını pozmalıdır və buna görə də Kurskda mövqe döyüşlərinə girişməklə lüzumsuz yerə itki verməməlidir. Əgər Kursk şəhərinin alınması kimi plan qarşıya məqsəd kimi qoyulmayıbsa, onda bir müddətdən sonra bu uğurların dönüş yaratma effekti sönə bilər. Ukrayna dron hücumlarını intensivləşdirə bilsə, əldə edilən uğurlar böyük olacaq. Məsələn, Rostov vilayətinin Proletarsk şəhərindəki neft bazası üç gündür yanır, amma ruslar 500 nəfər yanğınsöndürən və 130 texnika cəlb etsələr də, yanğını söndürə bilmirlər. Rusiyanın ən zəif yerlərindın biri cəbhəyə yaxın rayonlardakı mühüm infrastrukturlara vurulan zərbələrin öhdəsindən gələ bilməməsidir və Ukrayna bu amildən lazımınca istifadə etsə, real nəticələr əldə edə bilər.(Azpolitika)

Vaqif Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam