Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TAM ZAMANIDIR! -Həm bütün Qarabağı işğaldan azad etməyin, həm də...

Ermənilərə elə bir dərs verilməlidir ki, bir daha işğal niyyətinə düşə bilməsinlər!

Yenixeber.org: Dağlıq Qarabağdakı erməni əhalisinə hər hansı əlahiddə status verilməsi də gündəmdən çıxmalıdır!

Artıq on ücüncü gündür ki, Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun Qarabağda başlatdığı hərbi əməliyyatlar davam edir. Qəhrəman Ordumuz sözün həqiqi mənasında düşmənə qan uddurur.

Qısa müdətdə bir rayon mərkəzi olmaqla, xeyli sayda yaşayış məntəqəsini, strateji yüksəkliyi işğaldan azad edən Azərbaycan Ordusu, düşmənin çoxlu sayda hərbi texnikasını, vasitələrini, istehkamlarını və canlı qüvvəsini məhv edib. Eyni zamanda, dəyəri milyonlarla dollarla ölçülən tankları, zirehli avtomobilləri, raket başlıqlarını qənimət kimi ələ keçirib.

Aldığı ağır və sarsıdıcı zərbələr Ermənistan ordusunda böyük ruh düşkünlüyü, qorxu və psixoz vəziyyəti yaradıb. Erməni əsgərlər kütləvi şəkildə fərarilik edir, döyüş mövqelərini qoyaraq qaçırlar. İş o yerə çatıb ki, Ermənistan ordusunun rəhbərliyi döyüş zamanı əsgərlərin qaçmasının qarşısını almaq üçün onları it kimi postlara zəncirləyir, hətta geriyə çəkilənləri güllələyir. Ancaq təbii ki, bu da çarə olmur. Qaça bilməyən erməni əsgərlər Azərbaycan Ordusuna təslim olur, ölməmək üçün əsir düşürlər.

 

 

Ermənistan ordusunun müqavimət gücü qırıldığından, rəsmi İrəvan indi yalnız Suriyadan, Livandan və başqa ölkələrdən daşıyıb gətirdiyi muzdlu terrorçu dəstələrə ümid bəsləyir. Ancaq əsasən silahsız mülki əhalini öldürməklə məşğul olan bu cür nizamsız terrorçu dəstələrin nizami və yaxşı silahlanmış, yüksək döyüş qabiliyyəti olan Azərbaycan Ordusuna ciddi müqavimət göstərməsindən söhbət belə gedə bilməz.

DTX tərəfindən əldə edilərək yayılan muzdlular arasındakı telefon danışığından da görünür ki, onlar da bölgəyə gəlmələrinə peşman olublar, qaçmağa imkan axtarırlar.

Bütün bu və digər faktlar, Azərbaycan Ordusunun ən qısa vaxtda bütün torpaqlarımızı işğaldan azad edə biləcəyini göstərir. Bunu nəinki beynəlxalq hərbi ekspertlər, hətta emənilərin özləri də etiraf edir. Birinci Qarabağ müharibəsində də iştirak etmiş erməni komandirlər Azərbaycan Ordusunun artıq tam fərqli vuruşduğunu, yeni taktika və strategiyadan istifadə etdiyini, düşmənin uzun müddət müqavimət göstərməsinin mümkün olmadığını bildirirlər.

Həmsədrlər atəşkəs istəyirsə, Azərbaycanın şərtlərinə əməl edilməlidir!

Buna görə də, Paşinyan başda olmaqla, Ermənistan rəhbərliyi və onların havadarları hər vəclə müharibəni dayandırmağa, atəşkəsin bərpa olunmasına çalışırlar. Təsadüfi deyil ki, 30 ilə yaxındır Azərbaycanın “başının altına yastıq” qoyub, mənasız danışıqlar aparmaqla məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən fəallaşıb, atəşkəsə çağırır, utanmadan problemin “baza prinsipləri” əsasında həllinin vacibliyindən danışırlar. Hansı ki, bu prinsiplərin içərisində Dağlıq Qarabağın yekun statusunun hüquqi öhdəlik yaradan öz iradəsini ifadəetmə (səsvermə, referendum) yolu ilə müəyyənləşdirilməsi müddəası da var. Azərbaycanın bunu qəbul etməsi, öz tarixi ərazisinin taleyini həll etməyi ermənilərin ixtiyarına buraxması yolverilməz olduğundan, artıq nə bu prinsiplərin, nə də danışıqların əhəmiyyəti qalmayıb.

Atəşkəsə yalnız Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa son müraciətində vurğuladığ şərtlər əsasında razılaşmaq olar.

 

 

Sitat: “Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə.

Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib.

Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib.

Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil.

Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik”.

Prezidentin vurğuladığı bu şərtlərin hər biri bütün Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirdiyindən, atəşkəs istəyən Ermənistan tərəfi də, elə ATƏT-in Minsk Qrupu da yeni baza prinsipləri kimi bunları qəbul etməlidir. Edəcəklər də!

Çünki həm tarixi şərait, həm Azərbaycan dövlətinin iqtisadi və siyasi gücü, həm xalqın iradəsi, həm də Ordumuzun əzmi və döyüş qabiliyyəti imkan verir ki, yalnız işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı rayonları deyil, Xankəndinə qədər bütün ərazilər erməni silahlılarından təmizlənsin. Və Dağlıq Qarabağın da, orada yaşayacaq (əgər qalıb yaşamağa razılaşarlarsa) ermənilərin də gələcək statusunu Azərbaycan dövləti müstəqil şəkildə özü müəyyən etsin!

Dağlıq Qarabağı işğaldan azad etmək üçün ən əlverişli zaman seçilib!

Birincisi, tarixi şəraitə diqqət edək. Beynəlxalq vəziyyəti, ölkədaxili və xarici siyasəti izləyənlər Azərbaycan üçün çox ağır bir şəraitdə əldə olunan atəşkəsdən keçən müddətdə Dağlıq Qarabağı işğaldan azad etmək üçün ən əlverişli zamanın seçildiyini söyləmək olar.

 

 

Belə ki, əvvəla, regionda iqtisadi, geosiyasi maraqları olan və bu səbəbdən uzun müddətdir status-kvonun saxlanılmasına nail olan böyük dövlətlərin hamısı müxtəlif səbəblərdən nə Dağlıq Qarabağ probleminə əvvəlki diqqəti göstərirlər, nə də burda müharibəni dayandırmaq üçün ciddi səylər ortaya qoymaq həvəsindədirlər.

Hələ Obamanın dövründə regiondan “əlini-ayağını” çəkən ABŞ-ın isə, başı prezident seçkilərinə qarışıb.

Avropa ölkələrinin başı əsasən pandemiya ilə mübarizəyə və onun yaratdığı ağır istisadi problemləri aradan qaldırmağa qarışıb. Buna görə də, Türk düşməni kimi tanınan Fransanın prezidenti Makronun vaxtaşırı verdiyi saxta məlumatlara əsaslanan sarsaq bəyanatlarına diqqət belə verən yoxdur. Nə Böyük Britaniya, nə Almaniya, nə də Avropanın bir başqa ölkəsi Makronun və Paşinyanın iddialarını ciddiyə almırlar...

Putinin tərəfsiz, Ərdoğanın düşməni sarsıdan mövqeyi...

Rusiya siyasi elitası erməniləri müdafə edən açıqlamalar versə də, Paşinyanın hakimiyyətə gəldikdən sonra yürütdüyü siyasət rəsmi Moskvanın da neytrallığını qorumasına səbəb olub. Putin Paşinyanın dəfələrlə şəxsən ona qarşı etdiyi hörmətsizlikləri, Ermənistanda Rusiyaya yaxınlığı ilə tanınan siyasilərin hamısını həbsə atmasını ona bağışlamaq niyyətində deyil. Rusiya Prezidenti müharibəyə müdaxilə etmək niyyətində olmadığını nünayiş etdirib. Belə görünür ki, Moskva Qarabağın işğalına son verilməsinə razılaşmaqla, Ermənistana mövcudluğunu kimə borclu olduğunu başa salmaq və İrəvanı öz orbitindən uzaqlaşmaq cəhdlərinə birdəfəlik son qoymaq niyyətindədir.

 

 

Təbii ki, Rusiya faktorunun neytrallaşdırılmasında Prezident Əliyevin həyata keçirdiyi siyasətin də böyük rolunu görməzdən gəlmək mümkün deyil. Azərbaycanın Rusiya ilə əməkdaşlığı strateji portnyorluq səviyyəsinə yüksəltməsi Moskvanı İrəvanı müdafiə etməkdən çəkindirən digər önəmli amildir. Yəni, Ermənistanın işğalçılıq siyasətində arxayın olduğu siyasi aktorların heç biri bu gün ona əvvəlki dəstəyini vermək istəyində və yaxud imkanında deyil. Əvəzində, artıq kürəsəl gücə çevrilməyə doğru sürətlə irəliləyən Türkiyə, qəti şəkildə Azərbaycanın yanında yer aldığını və haqlı davasında Bakıya HƏR CÜR dəstək verməyə hazır olduğunu bəyan edib. Prezident Ərdoğan da savaşın tək bir şərtlə bitəcəyini açıqlayıb: Ermənistan ordusu azərbaycan torpaqlarından çıxacaq! Bu isə Azərbaycan Ordusunun ruh yüksəkliyini daha da artıran, düşməni isə sarsıdan amildir.

Prezident İlham Əliyevin dediyi kimi, Türkiyənin Azərbaycanın yanında yer alması Ermənistanı müdafiə edən və ya belə bir niyyətə düşə biləcək bir çox başqa aktorlara da xəbərdarlıq oldu. Qeyd olunanlar beynəlxalq və regional vəziyyəti nəzərə alaraq, erməni təxribartlarına cavab vermək üçün orduya hərəkətə keçmək əmrinin məhz indi verilməsinin nə qədər doğru qərar olduğun göstərir.

Milli birliyin mövcudluğu - qələbə üçün daha bir önəmli faktor!

İkincisi, ölkədəki siyasi sabitlik və milli birliyin mövcud olması müharibəni qələbə ilə başa çatdırmağa imkan verir. 

Siyasi sabitlik müharibə aparan bir dövət üçün ən önəmli amillərdən biridir. Ölkə daxilində, o cümlədən iqtidarın içərisində müxtəlif xarici güclərə bağlılığı olan, seçilmiş siyasi kursla barışmaq istəməyən bütün qüvvələr demək olar ki, tam neytrallaşdırılıb. Ölkədəki siyasi partiyalar, ictimai təşkilatlar birmənalı olaraq Azərbaycan dövlətinin və Prezidentinin yanında yer alıb. Heç vaxt olmadığı qədər ölkədə MİLLİ BİRLİK yaranıb. Bu, həm də xalqın sifarişidir.  

 

 

Hazırda kiminsə hakimiyyət əleyhinə hansısa fikir söyləməsi, iqtidara siyasi rəqib kimi çıxış etməsi ona qarşı ictimai nifrətin yaranmasına gətirib çıxarar. Belə milli birliyin yaranması, bütün siyasi-ictimai qüvvələrin dövlətin yanında olması isə müharibəni qələbə ilə bitirmək üçün çox önəmli faktordur. 

Unutmayaq ki, Birinci Qarabağ Müharibəsində Azərbaycanın məğlubiyyətinin əsas səbəblərindən biri və bəlkə də birincisi, məhz daxildə siyasi birliyin olmaması, hakimiyyət davası idi.

Ona görə də, ölkədə siyasi sabitliyin və milli birliyin təmin olunması Qarabağın işğaldan azad olunmasını şərtləndirən ən önəmli faktorlardan biri kimi qəbul edilməlidir.

Azərbaycanın iqtisadi gücü, Ermənistanı diz üstə çökdürənə qədər müharibəni davam etdirməyə imkan verir!

Üçüncüsü, müharibənin qələbə ilə başa çatdırılması, əlbəttə, döyüşən tərəflərin iqtisadi gücündən də çox asılıdır. Azərbaycanın isə iqtisadi baxımdan düşmənlə müqayisə edilməyəcək dərəcə güclü potensialının olduğu heç kimə sirr deyil. Rəqəmlərlə müqayisə aparmağa ehtiyac duymasaq da, qeyd edək ki, dövlətin iqtisadi dayanıqlığı müharibə uzanacağı halda həllədici amilə çevrilə bilər.

Əlbəttə, hər birimiz torpaqlarımızın ən qısa müddətdə işğaldan azad olunmasını arzulayırıq. Ancaq reallıq da var. Ermənilərin təxminən 3-4 ilə işğal etdiyi, 30 ilə yaxın müdətdə möhkəmləndiyi əraziləri tam geri qaytarmağın müəyyən vaxt tələb edəcəyinə şübhə yoxdur. Ona görə müharibənin aylarla davam etmə ehtimalı da var.

Müharibə aparmaq, itkilərin yerini doldurmaq isə dövlətdən iqtisadi güc tələb edir. Ordunu ən yeni silahlarla təmin etməyə, təchizatını daim yüksək səviyyədə saxlamağa böyük vəsait tələb olunur.

 


 

Xarici donorların hesabına yaşayan, adi silahları belə almağa gücü catmayan Ermənistanın belə şansı yoxdur. Ermənistan iqtisadiyyatı Azərbaycan Ordusunun sarsıdıcı zərbələri ilə məhv edilən hərbi arsenalını bərpa etmək gücündə deyil. Hələ müharibənin başlamasından iki həftə keçməyib, Ermənistanda və ordusunda ərzaq, texnika və əsgər çatışmazlığı yaranıb. 

Azərbaycanın iqtisadi potensialı, ölkənin valyuta ehtiyatları isə Ermənistanı diz üstə çökdürənə qədər müharibəni davam etdirməyə imkan verir. 

Qarşıdan qışın gəlməsi də Ermənistan ordusu və separatçı rejim üçün ciddi problemlər vəd edir. Azərbaycan Ordusunun Dağlıq Qarabağı Ermənistanla birləşdirən yollara nəzarət imkanları artdıqca, düşmənin təminatı minimuma enəcək. Dağlıq Qarabağda kommunikasiya, istilik, elektrik xətlərinin də sıradan çıxdığını nəzərə alsaq, Ermənistan ordusunun müəyyən hissəsinin də elə qışın ilk aylarında (əgər müharbə davam edərsə - müəl.) aclıq və soyuqdan məhv olacağına şübhə yoxdur.

Azərbaycanın isə belə problemləri yoxdur. Son illər aparılan islahatlar ölkə iqtisadiyyatının neft amilindən asılılığını azaldaraq, dayanıqlığını artırıb ki, bu da müharibənin qələbə ilə başa çatdırılması üçün vacib amildir.

Ölkənin iqtisadi və siyasi gücü həm də ermənilərin ən güclü silahının - beynəlxalq ictimai rəyi Azərbaycanın əleyhinə yönəltmək imkanlarının qarşısını alıb. Bu gün Azərbaycan informasiya savaşında da Ermənistanı üstələyir. Ən müxtəlif platformalarda Ermənistanın yalanları anında ifşa olunur, beynəlxalq ictimaiyyəti saxta göz yaşları ilə aldatmasına imkan verilmir. 

Təsadüfi deyil ki, bütün tanınmış media quruluşlarında Azərbaycanın haqlı oduğu, müharibənin məhz Azərbaycan torpaqlarında getdiyinə dair məqalələr yer alır. Bu da Ermənistanın Azərbaycan əleyhinə beynəlxalq cəbhə formalaşdırmasına, ölkəmizə qarşı sanksiyalar tətbiq edilməsinə imkan vermir. 

Azərbaycan xalqı həm də erməni terrorizmindən qısasını almaq istəyir!

Dördüncüsü, xalqın iradəsi, erməni terrorizmindən qisas və intiqam almaq arzusu müharibəni tam qələbəyədək davam etdirməyə imkan verir. Və hətta deyərdik ki, zəruri edir. Bu gün Azərbaycan xalqı bir nəfər kimi MÜHARİBƏ deyir. Bunun səbəbi yalnız Vətənin bütövlüyünü təmin etmək arzusu deyil. Həm də Birinci Qarabağ Müharibəsi zamanı erməni kimi cılız bir millətin Azərbaycan xalqının ləyaqətinə sataşması, körpələrini, qız-gəlinini, yaşlı insanlarını alçaqcasına ŞƏHİD etməsidir.

Anlamaq lazımdır: Ermənilər tarixi şəraitdən, o dövr Azərbaycandakı hərc-mərclikdən və havadarlarının dəstəyindən istifadə edərək, yalnız torpaqlarımızı işğal etməyiblər. Onlar, öz murdar xislətlərinə uyğun olaraq, Azərbaycan xalqının və dövlətinin qüruruna toxunublar!

Xalq bunu qısasını almaq istəyir və bu imkan verilməlidir!

 

 

Əlbəttə, bizim milli xarakterimiz imkan verməz ki, dinc əhaliyə qarşı hər hansı qəddarlıq edək. Ancaq Azərbaycan xalqına qarşı qətliamlarda iştirak edən, əlində silah bu gün Ordumuza qarşı vuruşan hər bir düşmən nəfərini məhv etmək - bizim haqqımızdır!

Ermənilərə elə bir dərs verilməlidir ki, bir daha işğal niyyətinə düşməsinlər! Prezidentin sözləri ilə desək, hətta qorxudan Azərbaycana tərəf çevrilib baxa bilməsinlər!

Azərbaycan xalqı da məhz buna görə - milli qüruruna toxunanları məhv etmək, öz gücü ilə, QANI hesabına torpaqlarını pisliklərdən təmizləyə biləcəyini bütün dünyaya sübut etmək üçün, hazırda heç bir şərtdə atəşkəsin bərpa olunmasına razı deyil. Vətəndaşların əksəriyyətinin mövqeyi belədir ki, ancaq Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonun müharibə ilə geri qaytarılmasından sonra atəşkəs haqda danışmaq olar. Bu da yalnız o halda ki, düşmən, Prezidentin yuxarıda qeyd etdiyimiz şərtlərilə razılaşsın!...

 

 

Əks halda xalq müharibənin Xankəndi, Şuşa azad olunana qədər davam etdirilməsini istəyir. Bunun üçün hər kəs şəhid olmağa, hər bir ailə şəhid verməyə hazırdır!

Bu gün övladları şəhid olan atalar, analar acısını qəlbinə gömüb, vüqarlı şəkildə “Vətən sağ olsun!” deyirsə, müharibənin Azərbaycanın QƏLƏBƏ ilə bitəcəyi təmin olunub deməkdir.

Azərbaycan Ordusunun əzici gücü və əsgərlərimizin döyüş ruhu...

Nəhayət, Azərbaycan Ordusunun gücü nəinki Dağlıq Qarabağı ən qısa müddətdə işğaldan azad etməyə, Ermənistan sillahlı qüvvələrini İrəvana qədər qovmağa imkan verir. Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Ehtiyatda olanları, döyüşə hazır olan digər hərbiləşdirilmiş dəstələri nəzərə almasaq, bizim nizami orduda 100 min döyüşçümüz var.

Ancaq qələbəmizi yalnız Azərbaycan Ordusunun texniki təchizat, yeni silahlarla təmin olunma baxımından, eləcə də şəxsi heyətin sayına görə əzici üstünlüyə malik olması şərtləndirmir. Həm də Azərbaycan Ordusunun yüksək peşəkarlığı, müasir silahlardan istifadə etmək qabiliyyəti və ən əsası, əsgər və zabitlərimizin yüksək döyüş ruhu düşmən üzərində qəti qələbəni təmin etməyə imkan verir.

 

 

İstinasız olaraq bütün hərbi ekspertlər Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun qarşısında uzun müddət davam gətirməsinin mümkün olmadığını, ən pis halda 2-3 aya tam təslim olacaqlarını bildirirlər.

Qeyd etdiyimiz əsas və sadalamadığımız bir sıra digər yan faktorlar Azərbaycan Ordusunun Qarabağı tam şəkildə erməni silahlı qüvvələrindən təmizləmək gücündə olduğunu göstərir.

Elə ötən günlər ərzində əldə olunan uğurlar, Ermənistan silahlı qüvvələrinə vurulan sarsıdıcı zərbələr də bunu sübut edir. Yazının əvvəlində qeyd etdiyimiz kimi, bütün Ermənistan ordusu və ictimaiyyəti panika içindədir! Erməni silahlı qüvvələrinin kütləvi şəkildə təslim olacağı gün elə də uzaqda deyil.

Atəşkəsin tək şərti: 7 rayon qeyd-şərtsiz işğaldan azad edilməlidir!

Məhz buna görə də, Ermənistan rəhbərliyi, iri dövlətlərdə güclü mövqelərə malik erməni diasporası müharibəni dayandırmaq, müəyyən güzəştlərlə atəşkəsə nail olmaq istəyirlər. Ancaq bu halda belə Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu qəbul etdiklərini söyləmirlər. Bu isə atəşkəs çağırışlarının və cəhdlərinin sadəcə vaxt qazanmağa, Azərbycan Ordusunun döyüş ruhunu qırmağa hesablandığını düşünməyə əsas verir,

Ona görə də, Prezident İlham Əliyevin sözləri ilə desək, hazırkı şəraitdə atəşkəs haqda söhbət belə gedə bilməz!

 

 

Əlbəttə, Azərbaycan sülh danışıqlarından imtina etməməlidir. Ancaq bu danışıqlarda Prezidentin xalqa müraciətində qeyd etdiyi kimi, atəşkəs üçün tək şərt qoyulmalıdır: Ermənistan 7 rayonu qeyd-şərtsiz işğaldan azad etməlidir. Düşməni buna məcbur etmək üçün danışıqlarla paralel olaraq hərbi əməliyyatların davam etdirilməsi vacibdir..

Yəni, bundan sonra erməni silahlı dəstələrinin 7 rayonu boşaltmasının Azərbaycana güzəşt kimi qəbul etdirilməsinə imkan verilməməlidir.

Zatən Azərbaycan Ordusu bir neçə rayonun böyük hissəsini artıq erməni silahlılarından təmizləyib, qalan əraziləri də azad etmək qüdrətindədir!

Ona görə də, danışıqların predmeti yalnız rəsmi Bakının Dağlıq Qarabağın erməni əhalisinə hansı statusu verməsi, onların təhlükəsizliyini necə təmin etməsi ola bilər.

Dağlıq Qarabağdakı erməni əhalisinə hər hansı əlahiddə status verilməməlidir!

Təbii ki, ölkənin siyasi rəhbərliyi qərarı mövcud vəziyyəti, beynəlxalq ictimai rəyi və başqa amilləri nəzərə alaraq verəcək.

Ancaq fikrimizcə, Azərbaycan Ordusu rayonlarımızı işğaldan ŞƏHİDLƏRİMİZİN QANI hesabına azad etdiyi nəzərə alınaraq, artıq Dağlıq Qarabağdakı erməni əhalisinə hər hansı əlahiddə status verilməsi gündəmdən çıxarılmalıdır!

Xatırladaq ki, 1991-ci il noyabrın 26-da Azərbaycan parlamenti tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub və onun ərazisi qonşu Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb. Parlamentin bu qərarı Azərbaycanın yalnız Dağlıq Qarabağ ərazisindəki rayonlarda qalıb yaşamaq istəyən erməni əhalisinin təhlükəsizliyinə qarant verə biləcəyinin vurğulanmasının daha doğru olacağını düşünürük. Hansı ki, bunu da Azərbaycanın təhlükəsizlik qüvvələri təmin etmək gücündədir.

 

 

Qeyd edək ki, bu gün Dağlıq Qarabağdakı yerli erməni əhalisinin sayı 120 mindən artıq deyil. Hansı ki, Azərbaycanın bir sıra rayonlarının əhalisi bundan çoxdur. Eyni zamanda Azərbaycanda bundan sayca çox başqa etnik qruplar da yaşayır. Və onların heç birinin nə təhlükəsizlik, nə də öz mədəniyyətini, dilini qorumasında problem yaşanmır. Dağlıq Qarabağdakı yerli erməni əhalisinin təhlükəsizliyini Azərbaycan dövləti tam təmin etmək gücündədir.

Bu baxımdan, Dağlıq Qarabağdakı ermənilərə də hansısa fərqli yanaşma olmamalıdır. Beynəlxalq ictimaiyyətə də izah olunmalıdır ki, Azərbaycan unitar dövlətdir və bundan sonra tərkibində hansısa separatçı yuvanın mövcudluğuna imkan verə bilməz.

Bu gün Azərbaycan Ordusunun qəhrəmanlığı, Azərbaycan zabit və əsgərlərinin qanı bahasına alınan torpaqlarda bir daha ermənilərin kirli niyyətlərə düşməməsi, beynalxalq güclərin bölgədə qanlı planlar cıza bilməməsi üçün bu, vacib faktordur!

Yəni, şanlı Azərbaycan Ordusunun qələbələri, Şəhidlərimizin qanı hesabına ölkənin yalnız bu gününü deyil, gələcəyini də bütün pisliklərdən, çirkin niyyətlərdən təmizləməyin tam zamanıdır!

Allah Şəhidlərimizə rəhmət, Ordumuzu müzəffər eləsin! 

QƏLƏBƏ BİZİMDİR!

 

İsmayıl İsmayılbəyli

“azpolitika”nun baş redaktor müavini


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam