Yenixeber.org: 44 günlük Vətən müharibəsi barədə çox fikirlər deyilib, müxtəlif bəzəkli sözlər yazılıb. Lakin üzərindən iki il keçməsinə rəğmən hələ də müharibənin bəzi gizli məqamlarının üstü açılmayıb. Hələ də ağıllarda xeyli suallar qalıb. 44 günlük müharibənin elmi-nəzəri təhlili məqsədilə türkiyəli hərbi ekspert, hazırda Türkiyənin Bahçaşehir universitetinin müəllimi, eyni zamanda Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Abdullah Ağardan müsahibə aldıq.

– Abdullah bəy, Vətən müharibəsinin başlanmasına qədər də Ermənistan silahlı qüvvələri təxribatlar törədir, atəşkəsi pozurdular. Tez-tez eşidirdik ki, lazım gələndə düşməni torpaqlarımızdan qovacağıq. Elə genişmiqyaslı müharibədən bir ay əvvəl – 2020-ci ilin iyulunda Tovuz istiqamətində ağır və qanlı toqquşmalar olmuşdu. Antiterror-sülhə məcburetmə əməliyyatının məhz 27 sentyabr tarixində başlanmasının, sizcə,  konkret səbəbi nədir? Niyə 27 iyul və ya avqust yox, məhz sentyabr ayı seçildi, dağlıq ərazidə yay fəslində döyüşə başlamaq payızda başlamaqdan daha məntiqli və əlverişli görünmürmü?

Qeyd edək ki, müharibənin başlanması tarixi ilə bağlı iki populyar mülahizə geniş yayılıb: a) Polad Həşimovun şəhadəti müharibənin başlanmasına təkan verdi; b) Generalın şəhadəti planlaşdırılmış əməliyyatın gecikməsinə səbəb oldu. Sizcə, bunlardan hansısa doğrudurmu? 

– Bu sualın diplomatik və hərbi cavabları var. Hərbi cəhətdən onu deyə bilərik ki, bəli, yayda və yazda dağlıq relyefdə döyüş aparmaq digər mövsümlərə nisbətən daha əlverişlidir. Lakin bir məsələ də var ki, Tovuzda cənab general-mayor Polad Həşimovun şəhadəti ilə nəticələnmiş təxribata dərhal, yerindəcə cavab verilmişdi. Daha genişmiqyaslı bir cavab üçün, yəni müharibə refleksi üçün ordu rəhbərliyi ilə müşavirələr keçirilməli, hazırlıq səviyyəsi yoxlanılmalıdır. Həmçinin əməliyyat planı müzakirə edilməli, mümkünsə kəşfiyyatçılardan və ya PUA-lardan düşmənin hərbi istehkamları və canlı qüvvəsi, texnikası və coğrafi yerləşməsi müəyyən edilməlidir. Təkcə bunlar haradasa bir ay vaxt tələb edən işlərdir. Qaldı diplomatik aspektə, o mənim sahəm deyil, lakin onu deyə bilərəm ki, ən azından region dövlətlərinin müharibəyə müdaxiləsi diplomatik baxımdan məhdudlaşdırılmalı idi. Ali Baş Komandan İlham Əliyev hərbi və diplomatik missiyalarını uğurla icra etdi.

Polad paşanın şəhadətinə gəldikdə, mən bu məsələnin “casus-belli”, yəni müharibə səbəbi olduğunu hesab edirəm. Ermənistanın Tovuz əməliyyatına baxsaq, görərik ki, onun əsas hədəfi Azərbaycanın qərb rayonlarına sızıb, Kürə axan çaylara hökm etməyə çalışmaqdır. Nəticədə Ermənistan həm Kür çayına minimal da olsa nəzarət imkanı qazanacaq, həm də Azərbaycanda bu hərbi uğursuzluq Baş Komandan Əliyevin hakimiyyətinə zərbə olacaqdı. Bu, o dövrün dünya nizamına uyğun, tamamilə geosiyasi bir həmlə idi. Ermənistanın nə ağlı, nə də gücü bu həmləni düşünüb, icra etməyə yetməzdi. Burada plan Azərbaycanın içərisinə sızmaq və hakimiyyəti laxlatmağa nail olmaq idi. Lakin dövlət başçısı həm bu prosesi, həm də sonrasında başlanan müharibəni çox peşəkar şəkildə idarə etdi. 

– O vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıqovun Vətən müharibəsində hərbi əməliyyatlara az müddət də olsa, rəhbərlik etmək səlahiyyəti olub. Bəs onun bilavasitə müharibə dövründə, döyüşün qızğın çağında vəzifədən kənarlaşdırılmasına səbəb nə idi? Hərb tarixində belə hallara çox rast gəlməzsən. Burada əsas məqsəd nə olub?

– Məncə, bu suala Azərbaycanda daha yaxşı cavab verərlər. Lakin işin siyasi tərəfinə girmədən onu deyə bilərəm ki, müharibənin ilk həftəsində orduya gələn tapşırıqların icrasına kənar müdaxilələr bir çox hərbi uğursuzluqlara səbəb oldu. Çox güman, Sadıqovu da buna görə müharibənin ilk mərhələsində vəzifədən uzaqlaşdırdılar. Bir də döyüşən ordunun generallarının ictimai nüfuzu döyüş ruhunun yüksəlməsi üçün çox vacib məsələdir. Ona görə bu qərar da strateji və doğru qərar kimi nəzərdən keçirilməlidir.

– Müharibənin ilk günləri üzücü və narahatlıqlarla dolu idi. Bəzi ekspertlər artıq blits-kriqin alınmadığını və bununla Azərbaycanın qələbə şansını itirdiyini deyirdilər. Birinci böyük uğur xəbərini – Cəbrayıl rayon mərkəzinin alınmasını biz döyüşlərin 8-ci günü aldıq. Başlanğıc niyə belə ağır oldu? Bu müharibədə Azərbaycanın tətbiq etdiyi taktikanı necə izah edir və qiymətləndirirsiniz? 

Bir də, ordumuzun düşmənə şimal və cənub istiqamətindən eyni vaxtda hücuma keçməsini qədim türk dövlətlərinin müntəzəm istifadə etdiyi “aypara taktikası” ilə eyniləşdirən ekspertlər az olmayıb. Bunu necə şərh edərdiniz? 

– Tamamilə doğrudur. Müharibənin ilk 3 günündə Azərbaycan ordusunun itkiləri digər günlərə nisbətən qat-qat çox oldu. Hətta bəzi əməliyyatlar uğursuzluqla nəticələndi. Ordu ən idealist, vətənpərvər və peşəkar hərbi qulluqçularını bu günlərdə itirmişdi. Bu itkilər ordunu ruhdan salsa idi, Allah qorusun, döyüşdə məğlubiyyətə gətirib çıxara bilərdi. Lakin Azərbaycan əsgərinin əzmi və Xüsusi Təyinatlı Qüvvələrin həyata keçirdiyi sızma əməliyyatları döyüşün taleyini dəyişdi.

Qeyd edim ki, itkilərin çox olmasının əsas səbəbi erməni istehkamlarının güclü olması idi. Müharibənin ilk günlərində aydın oldu ki, Ermənistan tərəfi 30 il bu müharibəyə hazırlaşıb. Təsəvvür edin, mən Füzulidə gördüyüm erməni istehkamlarını dünyanın heç bir yerində görməmişəm. Bir xətt deyil, böyük bir sahədir. Kilometrlərlə ərazidə bir istehkam sistemidir. Bunu bir həmləylə adlamaq, məşhur “Ohanyan xətti”ni itkisiz yarmaq mümkün deyildi.

İlk ciddi uğurun müharibənin 8-ci günündə gəlməsinin səbəbləri ermənilərin güclü müqaviməti və Azərbaycan ordusunun döyüş taktikası ilə əlaqədar idi. Belə ki, bu müqaviməti qırmaq, düşməni çaşdırmaq üçün ordu şimal və cənub cəbhələrində paralel döyüş aparırdı. Məsələn, bir gündə Hərbi Hava Qüvvələri tərəfindən həm Ağdərə, həm də Cəbrayıl bombalanırdı. Diqqət yetirsəniz, oktyabrın 7-də Suqovuşan, 8-də Cəbrayıl işğaldan azad edilirdi. Nəticədə ermənilər qüvvələrini vahid bir istiqamətə yönəldə bilmir, özünümüdafiədə problemlərlə üzləşirdi. Bir həftə ərzində həm Ağdərə-Kəlbəcər, həm də Füzuli-Cəbrayıl-Hadrut yolunun açılması isə Azərbaycan ordusunun əsas strateji məqsədi idi. Və buna da nail olundu. 

Müharibədə bir çox taktikalardan istifadə edilir. Azərbaycan ordusu əsasən çoxlu manevrlər, aldatmalar edirdi. Sağ göstərib, sol vururdu. Düşməni çaşdırırdı. Eyni zamanda, müharibənin gedişatında azad edilən ərazilərə baxanda, bəli, əməliyyatın ayparaya bənzər bir stildə gerçəkləşdirildiyini deyə bilərik. Lakin “Aypara taktikası” müasir hərbi əməliyyatlar üçün nəzərdə tutulmayıb. Bundan Malazgirtdə geniş istifadə edilib. Düzənlik ərazilər üçün yararlı taktikadır. Lakin Qarabağ müharibəsi təkcə düzənlik ərazilərdə getmirdi. Ona görə də bununla bağlı hərb elmi baxımından konkret nəsə demək çətindir.

– Azərbaycan ordusu rəhbərlik tərəfindən qarşıya qoyulan döyüş planını uğurla yerinə yetirdi. Bəs, sizcə, düşmən necə döyüşürdü? Onun ordumuza qarşı ən ciddi müqaviməti hansı ərazilərdə baş tutdu? Ordumuz üçün azad edilməsi ən çətin ərazi hansı olub?

– Doğrusu, mən Azərbaycanda belə bir ümumiləşdirilmiş fikrə rast gəlirəm ki, ermənilər qorxaqdır, onlar adi bir hücumda mövqelərini qoyub qaçıblar, müqavimət göstərməyiblər və s. Bunların heç biri doğru deyil. Xüsusilə 44 günlük müharibədə erməni ordusunun iddia edildiyi qədər zəif olmadığı üzə çıxdı. Ermənilərin istifadə etdiyi silahların funksionallığı qeyd edilməlidir, habelə onların istehkamları çox güclü idi. Məsələn, Azərbaycanın verdiyi şəhidlərin 90%- i erməni artilleriyasının dəqiq atəşləri nəticəsində şəhadətə yüksəlib. Xüsusilə onlar minaatan, tank, haubitsa və digər silahlardan çox dəqiq istifadə edirdi. Ermənilər çox professional şəkildə müdafiə olunurdu. Azərbaycan uzun illər bu hücuma hazırlaşdığı kimi, Ermənistan da müdafiəyə hazırlaşmış, “Ohanyan xətti”ni qurmuş, möhkəm istehkamlar tikmişdi. Azərbaycan ordusu hücuma keçən anda bu istehkamlardan kilometrlərlə uzaqdan minaatan, haubitsa və digər artilleriya vasitələrindən endirilmiş zərbələrlə ermənilər hücumu dəf etməyə, özlərini qorumağa çalışır, isti döyüşə meyl etmir, lakin mövqelərində möhkəm dururdular. O baxımdan, müharibə başlayanda, xüsusilə Suqovuşan və Füzuli-Cəbrayıl yolunun açılması uğrunda gedən döyüşlər çox ağır oldu. 

Ən çətin istiqamət isə deyərdim, Füzuli idi. Yenə Azərbaycanda belə bir fikrə rast gəlirik ki, ordunun cənubdan hücumu erməniləri çaşdırıb. Xeyr, belə deyil. “Ohanyan xətti” heç də erməniləri arxayın salmayıb. Onlar bir faktın fərqindəydilər ki, bu xətt boyu yüksəkliklərin öz əllərində olması onlara vizual və hərbi üstünlük versə də cənubdakı düzənlik ərazilər Azərbaycan ordusuna üstünlük qazandırır. Azərbaycan Baş Qərargahı, çox güman, əməliyyat planını müzakirə edərkən bu düzənlik ərazinin ordunun mexanikləşdirilmiş bölmələrinin intensiv hərəkəti üçün uyğun olduğunu düşünüb. Ona görə əməliyyat zamanı bu istiqamətə daha çox qüvvə toplayıb. 

Müharibə başlanan andan etibarən Azərbaycan ordusunun bu istiqamətdə ilk hədəfi Qaraxanbəyli kəndi idi. İlk hücum zamanı bu istiqamətdəki erməni postları ələ keçirildi. Müəyyən qədər irəliləyən Azərbaycan bölmələri cinahlardan hücum təhlükəsi ilə qarşılaşsa da, ermənilər ilk gün bunu həyata keçirə bilmədilər. Ermənistan ordusu ilk müdafiə mövqelərini itirsə də, Qaraxanbəyli üzərində vizual və atəş nəzarətini qoruyub saxlaya bilmişdi. Buna görə də günorta saatlarında kəndin 4 km şimalındakı Azərbaycan bölmələrinin hücumu bizim üçün gözlənildiyindən ağır nəticələndi. Nəticədə II ordu korpusu komandanlığı düşmənin diqqətini Qaraxanbəylidən çəkmək üçün Köndələnçayın cənub sahilində yerləşən Aşağı Seyidəhmədli kəndinə hücum başladı. Azərbaycan bölmələrinin Füzuli istiqamətində digər hücum istiqaməti isə Horadiz kəndi oldu. Müharibənin ilk günü Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz kəndi, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad edildiyi elan edildi. Lakin ermənilərin əks-hücumları başladı. Azərbaycan ordusu yenidən itkilər verdi. Bu kəndlər istiqamətində döyüşlər daha üç gün davam etdi. Nəticədə, çox çətin də olsa, Cəbrayıl-Hadrut yolu açıldı. 

Yəni, Füzulini azad etmək çox ağır bir əməliyyat idi. Bundan savayı, Suqovuşan əməliyyatı da olduqca çətin idi. Talış kəndi Azərbaycan ordusunun nəzarətinə keçəndən sonra Madagiz istiqamətində döyüşlər başladı. Lakin burada sıx meşəliklərdə ağacların üzərində düşmən kameraları quraşdırılmışdı. Yəni geri çəkilən ermənilər Azərbaycan ordusunun hər addımını, təminat yollarını, üstün və zəif tərəflərini müəyyənləşdirə bilirdi. Hakim yüksəkliklərin onların nəzarətində olması da işi çətinləşdirən məqamlardan idi. Erməni artilleriyası iş başında idi. Xeyli sayda Azərbaycan BMP-si, tankı bu əməliyyatda vuruldu. Lakin Hərbi Hava Qüvvələri və Birinci Ordu korpusu arasında olan koordinasiya, havadan və qurudan endirilən zərbələr, uğurlu taktiki gedişlə düşmən ordusunun mühasirəyə alınması Suqovuşana gedən yolu açdı. Tonaşen, Qırmızıbazar döyüşləri isə bundan daha ağır oldu.

– Ordu daxilində XTQ başda olmaqla, elit hərbi birləşmələrin keçirdikləri əməliyyatlar müharibənin taleyini həll etməkdə böyük rol oynadı. Onların mövcudluğu və hazırlıq səviyyəsi barədə nəinki düşməndə, heç bizim öz cəmiyyətimizdə də o vaxtadək geniş məlumat yox idi. Belə elit birləşmələrin hazırlanmasına nə zaman, kimin təşəbbüsü ilə başlanılmışdı? 

Bu elit hərbi birləşmələrin 30 ildən çox ayağımızın dəymədiyi torpaqları doğma məhəllələri kimi tanımaları və bununla da Kirs, Daşaltı, Ömər aşırımı, digər çətin zirvələri rahatlıqla aşması necə mümkün oldu? Bunun üçün bələdçilərdən istifadə edildiyi barədə söylənilənlər doğrudurmu, yoxsa başqa sirlər var?

 

– Azərbaycan ordusu daxilində hər zaman elit hərbi birləşmələr mövcud olub. Mən onları birinci Qarabağ müharibəsində əyani görmüşəm. Xüsusilə, o vaxtlar Əfqanıstan təcrübəsi keçmiş milis işçiləri (OMON) və ordu zabitləri torpaqların müdafiəsində böyük qəhrəmanlıq nümayiş etdirmişdilər. Bildiyimə görə, 1992-ci ildən burada xüsusi təyinatlı batalyonlar mövcud olub. Hətta Şuşa fatehi Hikmət Mirzəyevin özü o zamanlar bu batalyonlardan birinin komandiri olub. Lakin 1999-ci ildə XTB-lər ayrıca bir qurum kimi XTQ adı altında birləşdirilib. Onların təlim proqramı isə Türkiyədə, komando kurslarında keçilib. Yanlış bilmirəmsə, XTQ bir qurum kimi müdafiə naziri Səfər Əbiyevin dövründə formalaşdırılıb. Bunu da əlavə edək ki, II Qarabağ döyüşlərində sadəcə Müdafiə Nazirliyinin tərkibindəki XTQ yox, Daxili Qoşunların “Kobra” dəstəsi, Hərbi Dəniz Qüvvələrinin “Dəniz Pişikləri”, Xarici Kəşfiyyatın “Yarasa” dəstəsi və digərləri iştirak edib. Bu dəstələrin formalaşdırılması və hazırlanması isə dövlətin özünmüdafiə refleksidir. 

Digər sualınızla bağlı isə bildiyimin çox azını deyə biləcəm. Sadəcə, onu bilin ki, bu, çox yaxşı hazırlanmış bir əməliyyat idi. 30-35 yaşında hərbçi o dağları əlinin içi kimi tanıyırsa, deməli, nə zamansa ya orada olub, ya da oranı gecə-gündüz izləyib.

Bundan savayı, könüllü döyüşçülərin içərisində birinci Qarabağ müharibəsinin iştirakçılarının olması da təsadüfi deyil. Dövlət bu şəxslərdən, əlbəttə, bələdçi kimi istifadə edib. Xüsusilə Zəngilan və Cəbrayılda dövlət sərhədi ətrafında aparılan əməliyyatların uğurlu olmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olan və bu coğrafiyanı əlinin içi kimi tanıyan şəxslərin müstəsna xidmətləri olub.

– Strateji və coğrafi baxımdan yüzilliklərlə alınmaz qala sayılan Şuşa son 30 il ərzində həm işğal edildi, həm də işğaldan azad olundu. Şəhərin işğal və azad edilməsi əməliyyatları arasında, sırf hərb elmi baxımından, hansı ortaq və fərqli cəhətlərı görürsünüz?

– 1992-ci ildə ermənilərin başlatdığı Şuşanın işğalını hədəfləyən əməliyyat taktiki-strateji hücum yox, sadəcə, fürsətdən istifadə idi. Belə ki, Azərbaycandaki siyasi hərc-mərclikdən ermənilər istifadə etmiş, çox kiçik bir qrupla müdafiə olunan şəhərə girməyi bacarmışdılar. Azərbaycan ordusunun Şuşaya girişi isə XTQ-nin Daşaltı sıldırımından şəhər həbsxanasına gedən uğurlu və bir o qədər də riskli taktiki həmləsi nəticəsində baş tutub. Ona görə də bu iki əməliyyat arasında şəhərin tutulmasından başqa heç bir ortaq cəhət mövcud deyil, əsas fərqli cəhətsə Azərbaycan ordusunun hərb tarixində bənzəri görülməmiş bir iz qoymasıdır.

 

– 1994-cü il atəşkəsindən Vətən müharibəsinə qədər Quru qoşunlarımız müxtəlif illərdə və miqyaslarda düşmənə qarşı lokal hərbi əməliyyatlarda iştirak edib. Lakin bu illər ərzində Hərbi Hava Qüvvələrimiz, aprel döyüşləri də daxil olmaqla, belə əməliyyatların heç birində belə iri miqyaslı döyüş tapşırığı yerinə yetirməyib. Vətən müharibəsində isə Su-25 və Miq-29-larımız, hərbi helikopterlərimiz və öndə Bayraktar-lar olmaqla, PUA-larımız çox fəal iştirak ediblər və bəzi iddialara görə, düşmənin məğlubiyyətində bu amil həlledici əhəmiyyət kəsb edib. Ümumilikdə, hərbi aviasiyamızın 44 günlük müharibədə fəaliyyətini necə  qiymətləndirərdiniz?

– Bayraktar TB-2-lərin Qarabağa qədər Liviya və Suriyada uğurları göz önündə idi. Azərbaycan hökumətinin ən uğurlu addımlarından biri müharibədən əvvəl bu PUA-ları hərbi arsenalına qazandırması oldu. Əlbəttə, bu PUA-lar Azərbaycan ordusunun daha az itki verməklə düşmən üzərində hava nəzarətini gücləndirməsinə imkan verdi və döyüşün taleyi üçün həlledici rol oynadı.

Lakin vətən müharibəsindən sonra dünya ictimaiyyəti, xüsusilə Qərb NATO üçün böyük bir müəmma olan rus mənşəli Hava hücumundan müdafiə sistemlərinin Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən necə sıradan çıxarılmasını müzakirə etməyə başladı. Bunun yalnız Bayraktarlar vasitəsilə reallaşdığını düşünürsünüzsə, yanılırsınız. Bunun üçün xüsusi olaraq “AN-2 aldatma manevri” taktikasından və yeni uçuş tavanı formulundan istifadə edilib. İçi boş AN-2-lər düşmən istiqamətə göndərilir, mücrünün ağzı açılır və üstü torpaqla örtülmüş Ermənistan HHM-ləri mövqelərini tərk edib, bunları vurmağa başlayırdı. Bu zaman havada səssiz uçan PUA-lar Erməni HHM-lərinin yerini müəyyən edirdi. Bombardmançı Su-25-lərsə dərhal lazer bombalarla səmaya qalxır, ağzı açılmış mücrünün düz içərisinə raketlərlə zərbələr endirirdi. Bu “Açıq Mücrü” əməliyyatı idi. 

Sizə bir maraqlı faktı açım. Cəbrayılın qərbində basdırılmış halda Ermənistana məxsus 100-ə yaxın tank, haubitsa, minaatan, TOR  və s. silahlar vardı. AN-2 manevrləri nəticəsində bu məlumat əldə edilmişdi. Ardınca isə günlərlə hava qüvvələri Bayraktarlarla birlikdə bu ərazini bombaladı və Ermənistanın külli miqdarda hərbi ehtiyatı məhv edildi. Cəbrayılın azad edilməsində bu əməliyyatın xüsusi rolu vardı.

Bundan savayı, 7 km-lik uçuş tavanı olan Su-25-lər 44 günlük müharibədə 9-10 km hündürlükdən uçaraq, Ermənistanın HHM-lərindən yayına və uğurlu əməliyyatlar icra edə bildilər. Sizə deyim ki, bu, Su-25 təyyarələri tarixində bir ilk idi.

MİQ-29-lar isə ölkənin hava məkanına daxil olmağa cəhd edən erməni təyyarələrinə qənim kəsilmişdi. Eyni təyyarələrdən istifadə edən iki MDB üzvünün hava savaşını izlədiyimiz zaman niyə üstün tərəfin Azərbaycan olduğunu düşünürdük. Sonra anladıq ki, aradakı əsas fərq təyyarəni idarə edən pilotlardadır. Azərbaycanlı pilotlar ermənilərə nisbətən daha peşəkar, soyuqqanlı və döyüş əzmi ilə uçurdular. Bunu həm MİQ-29, həm SU-25, həm də helikopter pilotlarına aid etmək olar. Azərbaycan helikopterləri döyüşün getdiyi ərazinin coğrafi şəraitindən asılı olaraq, olduqca aşağıdan uçub, düşmənlə üz-üzə duran quru qoşunlarına havadan dəstək verirdilər. Xüsusilə Ağdərə istiqamətində onlar misilsiz qəhrəmanlıq göstərdilər.

Beləliklə, bütünlükdə Azərbaycanın Hərbi Hava Qüvvələri bu müharibədə Qarabağın azad edilməsində böyük bir missiyanı icra etdi.

– Xarici mətbuat, xüsusilə Fransa, Rusiya və ərəb KİV-ləri erməni mediasının səsinə səs verərək, bir amili də qabardırdılar: müharibədə Azərbaycanın guya Suriyadan gətirilmiş muzdlulardan, habelə Türkiyəyə məxsus F-16-lardan istifadə etməsi. Düzdür, Azərbaycanın təkidlə tələb etməsinə baxmayaraq, heç kim ortaya bir dənə sübut qoya bilmədi. Amma Azərbaycana qarşı təbliğat vasitəsi olaraq xarici mətbuatda bu tezisdən hələ də istifadə olunmaqdadır. Siz onları necə dəyərləndirərdiniz. O “muzdlular və F-16-lar” necə oldu?

-Muzdlu əsgərlərmi? Azərbaycan ordusu 3 minə yaxın şəhid verib. Bu, təqribən 44 gün ərzində günə 50 şəhid vermək deməkdir. Bunların içində bir dənə olsun nəşi düşmən tərəfdə qalan xarici olmadımı ki, ermənilər əlində bayraq edib dünyaya səs salsın? 

F-16-lara gəldikdə isə müharibədən 1 ay əvvəl Türkiyəyə məxsus bu qırıcılar Azərbaycana gətirib. Lakin onların müharibədə iştirak etsəydi, bunu ən azından lentə almaq mümkün olardı. 44 günlük müharibədə “War Gonzo” başda olmaqla bir çox ermənipərəst bloger və jurnalistlər Azərbaycanın aviazərbələri ilə bağlı görüntüləri yayırdılar. F-16-ların qatıldığı tək bir hərbi əməliyyat olsaydı, yəqin ki, onların əlində bununla bağlı bir fakt qalardı.

Üstəlik, F-16-lar ermənilərə yox, üçüncü qüvvələrə qarşı Azərbaycana gətirilmişdi. Prezident İlham Əliyev 2020-ci ilin 26 oktyabr tarixli çıxışında bu məsələyə toxunmuşdu. O demişdi ki, həmin F-16-lar təlimlər zamanı Azərbaycana gətirilib və müharibə başladığı üçün qalıblar. Kənardan müdaxilə olarsa, bunu edənlər həmin F-16-ları qarşılarında görəcəklər.

 

– Bir özəl sual: taktiki və coğrafi baxımdan, hansı ərazinin azad Qarabağın bütünlüklə nəzarətimizə qaytarılması üçün açar rolu oynadığını, yaxud oynayacağını düşünürsünüz?

– Mən şəxsən, 29-30 sentyabrda Aşağı Seyidəhmədli-Qaraxanbəyli istiqamətində başlanan hücum və bu hücumla paraleldə Ağdərə-Talış istiqamətindəki postların nəzarətə götürülməsi ilə başlanan əməliyyatı ən strateji hərbi əməliyyatlar arasında görürəm. Müharibə başlanandan 3 gün sonra Azərbaycan ordusunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadizə daxil olması çox vacib idi. Ermənilər əsas hücumun Füzulidən gələcəyini güman etdi. Lakin Azərbaycan XTQ-si gözlənilmədən Cəbrayılın Nüzgar kəndini azad etdi, ardınca Böyük Mərcanlıya daxil oldu. 

Böyük Mərcanlının azad edilməsi ilə Füzuli istiqamətindən hücum dayanır və plan dəyişir. Hərbi bölmələrin qarşısında yeni hədəf kimi Füzulini almaq yox, Cəbrayıl-Hadrut istiqamətindən yolu açmaqla bütün cənub-şərq cəbhəsini mühasirəyə almaq tapşırığı qoyulur. Bu tapşırığın uğurla icra edilməsi nəticəsində əvvəl Füzuli, sonra Hadrut mühasirəyə düşür. Zəngilan və Qubadlıya, habelə Şuşa və Laçına gedən yol açılır. Mən ona görə də Cəbrayılın Böyük Mərcanlı kəndinin azad edilməsini müharibənin qırılma nöqtələrindən biri hesab edirəm.

Bütünlükdə Qarabağ üçünsə hazırda ən strateji ərazinin Əsgəran olduğunu düşünürəm. Ağdama, Xocalıya və Xankəndinə çox yaxın olduğuna görə Əsgəran Qarabağın qalan hissəsinə nəzarəti təmin etmək baxımından əlverişlidir.

– Zəfərdən 2 il sonra Azərbaycan ordusunun qarşısında Qarabağda daha hansı hərbi vəzifələr durur? Ordumuz perspektivdə erməni terroruna qarşı effektiv mübarizə imkanlarına malikdirmi? Bu imkanları artırmaq naminə ordu daxilində kontr-gerilla (əks-partizan) qüvvələrinin hazırlanmasına ehtiyac varmı?

– Müharibədə hərbçi qardaşlarımız bəzi xəritələri ələ keçirib. Bu xəritələrdə ermənilərin strateji hücum planları var. Bu planlar Azərbaycanı üçə bölməyə hədəflənib. Bunların birində bir hərbi birləşmənin Araz kənarından Xəzərə doğru necə irəliləməsi göstərilir. Bir başqasında Azərbaycanın qərb rayonlarını işğal etmək üçün metodlar izah olunur. Əgər belə bir düşmənlə həmsərhədsizsə və Qarabağ məsələsini həll etməyə çox yaxınsızsa, hər zaman ehtiyatlı olmalısınız. Bizdə belə bir deyim var: Su yatar, düşmən yatmaz. Həmçinin ermənilərin tarixində Daşnaksütyun, Arabo, Asala kimi təşkilatlar məhz terrorçu dəstələr kimi tanınıb. Lakin bununla belə, mən rəsmi Bakının planlarının olmadığını düşünmürəm. Hər halda, belə təhlükələrə qarşı komando birlikləri yaradılıb. Türkiyənin uzun illər terrorla mübarizədə əldə etdiyi zəfərlərdə məhz komandoların xüsusi rolu olub. Həmçinin onu da qeyd edim ki, artıq ermənilər normal yaşamaq istəyirsə, bu cür əməllərdən əl çəkməlidir. Çünki son iki ildə minlərlə gənclərini öz hikkələrinə qurban veriblər. Artıq bəsdir. Hər kəs bildi, bir daha bilsin ki, Qarabağ Azərbaycandır…(pressklub)

Nicat İsmayılov