Yenixeber.org: Bu sözləri bizimlə söhbətdə deputatlığa namizədliyini irəli sürmüş Cümşüd Nuriyev deyib.

Həmsöhbətimiz bu il sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı fikirlərini bölüşüb:

“Mənə maneçilik yaratmayıblar və inanıram ki, seçkilər demokratik keçiriləcək. Çünki o dairədən həm müxalifətin, həm də iqtidarın namizədləri var. Mən də bitərəf namizədliyimi vermişəm. Rəqiblərim Yeni Azərbaycan Partiyasından (YAP) Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Hüseynovla Ədalət, Haqq və Demokratiya Partiyasının (ƏHD) sədr müavini Elçin Mirzəbəylidir”.

C. Nuriyev adları YAP-ın siyahısında olmayan deputatlarla bağlı “vurulmuş” ifadəsini qəbul etmədiyini söyləyib:

“Ümumiyyətlə, ölkəmizdə belə bir psixoloji var: harada yazılıb ki, eyni adam həmişə deputat olmalıdır, yaxud kimsə partiya siyahısına düşmürsə, o “vurulmuş” sayılır? Axıra qədər nə vəzifə, nə də deputatlıq kiminsə olmalıdır. Ona görə də bu məsələ mənə qəribə gəlir. Parlament də, vəzifədəkilər də yenilənməlidir. Buna faciə kimi baxmağın özü bir xəstəlikdir”.

Seçilməyən şəxslərin Ramiz Mehdiyevin adamı olması iddialarına isə o, belə cavab verib:

“Siyahıda olmayan adamların Ramiz Mehdiyevin adamları olması məsələsi inandırıcı görünmür. Hazırda yenilənmə gedir, lakin Ramiz Mehdiyev faktorunu şişirtmək düzgün deyil. Bəli, o işləyib, ölkəyə mənfi, yaxud müsbət xidmətləri olub. Lakin qalanların içərisində də adı Ramiz Mehdiyevlə hallan adamlar yenə də var. Belə çıxır ki, qalanlar da onun adamıdır? Qısa bir araşdırma bəs edir ki, 125 dairədən namizədliyini verən şəxslərin içərisində 10 faiz şəxsin adı onun adı ilə hallanmasını tapasan. Onun adamlarından “vurulan” kimdir, bilmirəm, çünki belə bir məlumatım yoxdur. Lakin bu yanaşma düzgün deyil ki, “filankəsin, yaxud bəhmənkəsin adamı “vuruldu”.

Onun sözlərinə görə, siyahıda adı olan deputatlar içərisində “lal deputatlar” da olub və onlar susmaqla məşğul olublar:

“Deputat dövlətin maraqlarını güdməlidir. YAP-ın maraqlarını güdməyən deputatın namizədliyini niyə onlar təzədən verir ki? Parlamentdə bu deputatların hansı danışıb?! Adı siyahıda olmayan deputatları elə təqdim edirlər ki, guya iqtidar onların ətəyində namaz qılmalı imiş, amma heyf ki, onların namazı gecikir”.

C. Nuriyev illərdir parlamentdə ağzına su alıb, oturan deputatlarla bağlı da iradını səsləndirib:

“Maraqlıdır ki, bu adamlar 10-15 il parlamentdə nə etdi?! Balıq kimi susdular və hər vəziyyətdən sürüşüb çıxdı. Bunlar nə deputatlardır?! Balıq deputatlar olmasa, yaxşıdır. Hələ də onların içərisində qalanlar var. Bu gün parlamentə “akula” deputatlar lazımdır ki, dövlətin maraqlarını müdafiə etsin. Şəxsən, məni parlamentdə buraxsalar, özümü “akula” deputat hesab edirəm.

Ölkə 3 ayağın üstündə dayanır və qanunverici orqan hər şeyə rəhbərlik edir. Parlamentdə analiz qabiliyyəti olan adamlar olmalıdır. Elə insanlar var ki, oraya layiq deyil, amma gedib oraya namizədliyini verir, keçməyəndə də deyir ki, seçki düzgün keçirilməyib. Bu gün bunu istəyənlər ölkədə “beşinci kolon”un nümayəndləridir ki, onlar da Roma Papasından daha çox katolik olmaq niyyətindədirlər”.(yenicağ.az)

Rafi Müslümov