"Oliqarxlar Yanukoviçi məğlub edəcək"
"xeberinfo.com": Ukrayna dünya güclərinin əsas mübarizə meydanına çevrilib. Bəzi politoloqlar isə Ukraynada yaranmış qığılcımın tezliklə digər MDB ölkələrinə adlayacağı ilə bağlı proqnozlar verirlər. Axar.az hadisələrin necə cərəyan edəcəyi, Ukraynanın gələcəyi ilə bağlı ukraynalı ekspert Aleksey Blyuminova suallar ünvanlayıb:
Ukrayna parçalanmayacaq
- Aleksey, politoloqların fikrincə, Ukrayna iki yerə parçalana bilər. Bəs bir ukraynalı politoloq kimi siz necə düşünürsünüz?
- Təbii ki, ölkədə heç bir parçalanma baş verməyəcək. Hazırda bunun üçün heç bir səbəb yoxdur. Ölkənin cənub-şərq hissəsini paytaxtda baş verən siyasi hadisələrə qoşmaq istiqamətində problemlər yaranıb. Lakin ölkənin qərbində bundan fərqli olaraq aktivlik daha yüksəkdir. Faktlara görə, ölkənin cənub-şərqi Maydandakı siyasətçilərin ölkənin gələcəyi ilə bağlı cızdıqları rəsmdə özlərinə yer edə bilmədi. Bax, onların səhvi də buradadır. Başa düşüləndir ki, praqmatik siyasətçilər onları yad kimi qəbul edən elektorat uğrunda mübarizə aparmayacaqlar.
Bu gün Odessa, Dnepropetrovsk və Xarkovda Maydanın tərəfdarlarının sayı təxminən 25-35%-dir. Mənə elə gəlir ki, şərqə genişlənmək adı ilə səsləndirilən bütün gurultulu çıxışlara baxmayaraq, müxalifətin əsas məqsədi başqadır. Onlar Maydanı genişlətmək yox, əksinə özlərinin mövcud olan seçicilərinin sayını qoruyub saxlamağa çalışırlar. Bunun üçün əsas fakt müxalifətin bu gün ölkənin şərqinə Maydanda verdikləri vədlərlə yollanmasıdır. Müxalifət bunları Xarkov, Odessa, Luqanskda yaşayan əhali üçün uyğunlaşdırmalıdır. Məhz sosial bazanın genişlənməsi verilən vədlərlə olacaq.
Cənub-şərq siyasi cəhətdən çox passivdir. Orada insanların hökumətə dəstək verən aksiyalar keçirməsi sadəcə, üzdə olan bir şeydir. Bunların hamısı məhz Kiyevdə hakimiyyət dəyişəndən sonra bitəcək. Yəni regionların rəislərinin dayaqları yox olacaq. Hazırkı hakimiyyət hətta Rusiya tərəfdarı olan yeni təşkilatların yaranmasına da imkan yaratmır. Amma bunlara hökumət tərəfindən dəstəyin verildiyi deyilmişdi. Yanukoviç heç bir yeni ocağın yaranmasını istəmir.
Oliqarxlar Yanukoviçi məğlub edəcək
- Maydan hökumətə qalib gələ bilərmi?
- Situasiya bu dəqiqə pat vəziyyətində görünür. Amma bu özünü aldatmaqdan başqa bir şey deyil. Əslində zaman Yanukoviçin əleyhinə işləyir. Burada məsələ hökumətin əhalini qorxutduğu mifik döyüş dəstələri ilə bağlı deyil. Bizdə Maydanda bununla bağlı hətta maraqlı bir zarafat da işlənir: “Maydanın ən çox döyüşə hazır hissəsi maliyyədir”. O hissəni böhran, onlarla kredit, büdcənin defoltu adlandırırlar. Hazırkı məqamda Maydanda xalq yox, məhz onlar hökumətin mövqeyinə hücum edirlər.
Məsələ orasındadır ki, artıq Rusiya Putinlə Yanukoviçin 17 dekabr tarixində razılığa gəldikləri 15 milyardlıq krediti yarım aydır ki, dayandırıb. Artıq rus məmurlarının özləri də bir tərəfdən Kremlin Ukrayna hakimiyyətinə sponsorluq etmək niyyətində olmadıqlarını müxtəlif formada büruzə verməyə başlayırlar. Bu kredit isə Yanukoviç üçün çox vacib idi.
Beynəlxalq Valyuta Fondundan da ona xeyir yoxdur. Həmçinin hökumət fondun sərt təkliflərini qəbul edib qazın qiymətini qaldırmaq da istəmir. Bu şərtlərdə isə Ukraynanın kredit reytinqi, qiymətli kağızlarının dəyəri aşağı düşür. Bax bütün bunlar defolt təhlükəsini artırır. ABŞ səfiri Cefri Payt isə hökumətin siyasi oyunlar oynamağa vaxtı qalmadığını bəyan edir. O, yarım ay müddətində siyasi böhran həll olunmasa, Ukraynanı ağır böhran gözlədiyini bildirir. Daha sonra bu böhranın müxalifət və hakimiyyəti yandıracağını deyir.
Görünür, yaya qədər Maydanda edilən zarafatlar həqiqətə çevriləcək. O vaxta qədər isə ya oliqarxlar Yanukoviçi parlamentdə məğlub edəcəklər, ya da hakimiyyət Maydanı silah gücünə təmizləyəcək. Amma ikinci halda ölkədəki vəziyyət Bosniyadakı hadisələrə çevriləcək.
Yanukoviç zamanını itirib. Bundan sonra situasiyanın sülh yolu ilə düzəlməsinə də nail olmayacaq. Maydan öz-özünə dağılmayacaq. Hər gün Maydanda bomba həyəcanları yayılır. Ölkənin təhlükəsizlik orqanları hazır vəziyyətə gətirilib. Görünür, bununla xalqı silah gücü ilə dağıtmaq variantına adaptasiya etməyə çalışırlar. Amma mənim fikrimcə, bunların hamısı dəlilikdir və bu hakimiyyətin məhv olması ilə bitəcək.
Kliçko qısamüddətli prezident olacaq
- Sizcə, Yanukoviçdən sonra müxalifət liderlərindən kim prezident seçilə bilər?
- Müxalifət liderlərindən heç kim “Maydan kastinqi”ndən keçməyib. Aydındır ki, onları böhranın tam mərkəzinə siyasi meydandakı yarana biləcək yeni fiqurların təmizlənməsi üçün göndəriblər.
Üç müxalifət lideri içərisində hələlik yalnız Vitali Kliçko bir az öz reytinqini qoruyub saxlamağı bacarıb və prinsipcə, onun prezident olmaq şansları hələ də qalır. Ona əsas yatırımı rəsmi Berlin edir və Moskva da bunun əleyhinə heç bir zaman çıxış etməyəcək. Amma Kliçko prezident olsa belə, ona inam resursları çox azdır. Onun öz elektoratı ilə “bal ayı” çox tez olacaq və qısa müddətdən sonra prezident sarayından da atacaqlar. Ona görə də Kliçkonun prezident seçilməsi onun karyerası üçün finiş olacaq.
Digər müxalifət liderlərindən isə reytinqdə yaxşı inam dinamikasına malik milyarder Pyotr Poroşenkodur. Uzun müddət ona keçid hökumətinin baş naziri gözündə baxıblar. O, Rusiyada çox yaxşı piar edilir. Amma indi aydındır ki, artıq yatırımlar artıb və mən yaxın müddətdə Kliçkonun böhranın təsirindən reytinqini itirəcəyinə təəccüblənmərəm. Nəticədə yeganə namizəd Pyotr Poroşenko qalacaq. Ona görə də bu dəqiqə Kliçko həyəcanlanıb və tez bir zamanda seçkilərin keçirilməsini istəyir.
Rusların investisiyası Ukraynada hələ çox qalacaq
- Sizdə hakimiyyətdə duranlar deyirlər ki, Avropa İttifaqı bizim üçün sərfəli deyil. Bəlkə onlar həqiqətən də doğru söyləyirlər?
- Avropa İttifaqı filantropik təşkilat deyil. Onların Ukrayna ilə münasibətdə öz maraqları var. Bu, hər şeydən öncə ölkə bazarlarının Avropa mallarına açıq olması, sonra isə Rusiyanın potsovet məkanında hegemonluğunun zəifləməsi deməkdir. Burada Ukraynanın maraqlarını təmin etməklə yanaşı Avropanı da yaddan çıxarmaq lazım deyil.
Sözsüz ki, Avropa İttifaqı ilə azad iqtisadi zona Ukrayna üçün ciddi risklər gətirir. Bu müxtəlif sahələrdə işsiz sayının artması deməkdir. Həmçinin fikirləşmək lazım deyil ki, günü sabah buradan rus biznesi gedəcək. O özünü burada heç də pis hiss etmir. Ruslar əlverişli olan, uzun müddət qalmağı planlaşdırdıqları yerlərdə investisiyaları və varlıqlarını saxlamaqla bərabər genişləndirirlər.
Yəhudilər Maydanı müdafiə edir
- Hazırda Maydanda ən aktiv qüvvənin şovinist millətçilər olduğu deyilir. Bu miqrantlarla bağlı problemlərə gətirib çıxara bilərmi?
- Neonasistlər Maydanda var və bunların hamısı görünür. Kiyevin mərkəzində yerləşən divarlar üzərində siz kelt xaçları və “14/88” rəsimlərini görə bilərsiniz. Onlar hazırda Maydanın əsas ideya mərkəzini əhatə etmirlər. Bunlar müəyyən zamana qədər Maydanın yumruğudur. Onları Maydanın beyni adlandırmaq doğru olmazdı. Maydanın səsi isə son aylarda onu tonlarla yazılmış məqalələrlə dəstəkləyən liberallardır. Onların Maydanla maraqları üst-üstə düşməsə, heç bir şey yazmazdılar. Maydanda olan və onu dəstəkləyənlər arasında çoxlu yəhudi də var. “Berkut”la toqquşmalar zamanı məşhur qurban olan Samvel Niqoyan milliyətcə ermənidir. Bundan əlavə Krım tatarları, gürcülər və digərləri.
Ona görə də millətlərarası münasibətlərin pozulması ilə bağlı iddialar doğru deyil. Əlbəttə daxili ksenofobiya var. Amma fakt odur ki, üç ay ərzində Maydanda rasizm, ksenofobiya və antisemitizm yönündə konflikt qeydə alınmayıb. Deyəcəyim bəlkə də gülməli olacaq, amma Maydanda ukraynalı millətçilərlə yanaşı rus ultramillətçiləri də var. Hətta rus millətçilərindən “Rus legionu” adlı özünümüdafiə dəstələri yaratmaq fikri də var idi.
Rusiya Avropa İttifaqı ilə razılığa gəlir
- Amma şayiə də gəzir ki, Ukraynadan sonra növbə Qafqazdadır. Bunun proqnozonu necə verə bilərsiniz?
- Rusiyaya Ukrayna və öz sərhədlərinə yaxın digər yerlərdə hansısa xaosun olması sərfəli deyil. Bütün bunların hamısı çox asanlıqla Rusiyanın özünə keçə bilər. Buna görə də Rusiya özü üçün sərfəli olan Ukraynanı ABŞ və Avropa İttifaqı arasında təsir dairələrinə bölməyə çalışacaq. Amma belə bir informasiya da var ki, Rusiya Avropa İttifaqı sammitində bunların hamısını tərəflərlə müzakirə edib. Yəni Rusiya Ukraynanın qaz bazarına nəzarət edir, Avropa İttifaqı Timoşenko dövründə imzalanmış kontraktlara yenidən baxılması ilə bağlı tələblərini geri götürür. Bunun əvəzində isə Rusiya Ukraynaya Avropa İttifaqına inteqrasiya etməyə razılıq verir.
Qafqaza qalanda isə bu, ayrıca mövzudur və Ukrayna hadisələri ilə heç bir əlaqəsi yoxdur. Məncə, burada oyuna cəlb olunmuş oyunçular arasında qarşılıqlı əlaqələr tamam fərqlidir. Həmçinin sabah Maydan qələbə qazansa belə, bu regionun geopolitik konfriqurasiyasının dəyişməsinə səbəb deyil. Məsələn, hətta Bakı və Kiyev Xəzər neftinin Qara dəniz üzərindən Odessaya çəkilməsi ilə bağlı razılığa gəlsələr belə, bu Rusiyaya qarşı loyal münasibət göstərən Marqvelaşvili hakimiyyətinin niyyətləri ilə üst-üstə düşməyəcək. O isə Rusiya-Gürcüstan münasibətlərini Ukraynaya görə pozmayacaq.
Vaşinqton-Berlin-Moskva üçbucağı...
- Qərb nə vaxtsa Ukraynanı Rusiyaya sata bilərmi?
- Qərb ölkədəki situasiyanı düzəltməyə zəmanət verən və özündən əvvəlki hökumətin söz verib yerinə yetirmədiyi öhdəlikləri həyata keçirə biləcək ukraynalı siyasətçiləri hakimiyyətə gətirməyə çalışacaq. Xüsusi olaraq “Şell”, “Şevron” və digər qərb şirkətlərinin Qara dənizin şelf zonasında neft axtarışı ilə məşğul olmağa icazə verməklə yanaşı digər bazarları da üzlərinə açacaq. Aydındır ki, Qərb Yanukoviçə daha yatırım etmir. Amma bir şey də aydındır ki, Ukraynanın növbəti prezidenti “Vaşinqton-Berlin-Moskva” üçlüyünün qərarı əsasında bəlli olacaq.