Ermənistanla sərhədi açmaq üçün qardaş ölkəyə təzyiq edildiyi iddiaları var; ekspert: “Mənfur güclər heç zaman bu arzularına çata bilməzlər”
Yenixeber.org: Qərbin aparıcı dövləti ABŞ dövlət katibi Entoni Blinkenin timsalında nə qədər Azərbaycanı sakitləşdirməyə çalışsa da, Bakının haqlı narahatlığı dəyişməz qalır. İfrat və açıq ermənipərəst siyasət yürüdən Fransa daxil, Qərb ölkəmizə, regional böyük sülhə və sabitliyə münasibətdə səmimi deyil.
Bunun növbəti təzahürü kimi Azərbaycanla sülh müqaviləsi imzalanmadan Türkiyəni Ermənistanla sərhədləri açmağa məcbur etməklə bağlı son vaxtlar artan iddiaları göstərmək olar. Yəni belə çıxır, 2009-2010-cu ildəki “Sürix prosesi”nə bənzər bir proses işə salınır.
“Aydındır ki, aprelin 5-də Ermənistana elan edilən yardımın bütün həcmi açıqlanandan sonra Qərb Ermənistana daha geniş fiziki çıxışı təmin etməyə çalışacaq. Bunu isə ancaq Ermənistanla Türkiyə arasında sərhədin açılması ilə etmək mümkündür. Əminliklə qeyd etmək olar ki, bu cür təkliflər artıq rəsmi Ankaraya edilir, aprelin 5-dən sonra isə Türkiyəyə təzyiqlər daha da artacaq”.
Məlumata görə, bu barədə politoloq Fərhad Məmmədov özünün TG kanalında yazıb.
Ekspert yada salıb ki, Qərb bu hiyləni bir dəfə 2009-cu ildə Sürix protokollarına tam dəstək verməklə həyata keçirib: “Lakin Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Ərdoğanın prinsipial mövqeyi həmin prosesə son qoydu. Amma Qərb paralel olaraq baş verməli olan iki prosesi yenə bir-birindən ayırmağa çalışacaq. Türkiyədən ötrü isə Azərbaycanın fikrini nəzərə almaq daha vacibdir, nəinki Qərbin təzyiqi altında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan Ermənistan-Türkiyə sərhədinin açılmasına razılıq vermək”.
Onun sözlərinə görə, regionda Qərbin təzyiqləri artır, bu isə belə davranışlara reaksiya verəcək regional qüvvələri hərəkətə gətirir: “Brüssel qəsdi” (5 aprel görüşü - red.) Cənubi Qafqazda sülhün və sabitliyin bərpası üçün bütün səyləri şübhə altına ala bilər. Lakin vəziyyətdən çıxış yolu var: Azərbaycanın ədalətli tələblərini və maraqlarının nəzərə alınması. Qərbin bunun üçün hər cür imkanı mövcuddur. Görək bu imkanları o reallaşdıracaqmı? Azərbaycan və Türkiyənin prinsipial ortaq mövqeyi Qərbin regiondakı təşəbbüslərinin dağıdıcı axardan konstruktiv məcraya yönəltməyə yalnız kömək edə bilər", - politoloq əlavə edib.
Türkiyə belə təzyiqlərə qarşı nə dərəcədə həssasdır və dözümlüdür?
Xatırladaq ki, rəsmi Ankara dəfələrlə bəyan edib ki, İrəvan Bakı ilə münasibətlərı normallaşdırmadan Türkiyə ilə normallaşmaya ümid etməməlidir. Azərbaycanın hərbi qələbəsini hələ də həzm etməyən Qərb doğrudanmı iki qardaş ölkənin müttəfiqliyini hədəf alıb?
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib ki, Avropa İttifaqı və ABŞ-ın Türkiyəyə Ermənistanla əlaqələri qurması üçün təsir etməyə çalışdığı müşahidə olunur. Bu cür təzyiqlər, hər halda, bağlı qapılar arxasında danışıqlarda və diplomatik müstəvidə daha çox edilir. Türkiyə NATO-nun üzvüdür və bu ittifaqda təmsil olunan dövlətlər qardaş ölkəyə təsir göstərmək istəyirlər: “Dövlətlərin maraqları var və öz maraqlarını həyata keçirmək üçün addımlar atırlar. Bu gün Ermənistanla sərhədlərin açılması və əlaqələrin qurulması Türkiyənin maraqlarına cavab vermir. Sərhədlərin bağlanmasının səbəbləri var. Bu səbəblərdən biri Ermənistanın ən yaxın müttəfiqi olan Azərbaycanın ərazilərini işğal etməsi və ərazi iddiaları olub. Eyni zamanda Ermənistan həm də Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür. Dünyada elə bir dövlət varmı ki, bir dövlət digər dövlətə ərazi iddiasını konstitusiyasına daxil etsin, buna baxmayaraq, həmin dövlətlər arasında sərhədlər açıq olsun, normal əlaqələr qurulsun, münasibətlər çox yüksək səviyyədə olsun? Təbii ki, belə bir şey mümkün deyil. Lakin Ermənistan Türkiyəyə qarşı bunu edir və onun havadarları da Türkiyədən tələb edirlər ki, Ermənistanın ərazi iddialarını görməməzlikdən gəl və sərhədləri aç, Ermənistana nəfəslik ver, Ermənistanla əlaqələr qur. Türkiyədən bunu istəyən dövlətlərdən hər hansı birinə qonşuluğundakı dövlət ərazi iddiası irəli sürsə, məgər Türkiyə kimi reaksiya verməz? Əlbəttə, hətta Türkiyədən də sərt reaksiya verər. Türkiyəyə qarşı Ermənistanın soyqırımı iddiaları var. Yəni Türkiyənin Ermənistanla sərhədlərinin bağlanmasında, diplomatik münasibətlərin olmamasında təkcə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi amili dayanmır. Qeyd olunan amillər də səbəblərdəndir. İndi belə görünür ki, Avropa və ABŞ Azərbaycanın ərazilərinin işğaldan azad edildiyini arqument kimi göstərirlər və sərhədlərin bağlı saxlanması üçün səbəbin guya aradan qalxdığını deyərək sərhədlərin açılmasını, əlaqələrin qurulmasını Türkiyədən istəyirlər. Ancaq dediyimiz kimi, səbəblərin digərləri hələ də mövcuddur - Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyib, soyqırımı iddiaları davam etdirilir, həmçinin Azərbaycanla sülh sazişi imzalanmayıb, Ermənistan hələ də Azərbaycanın 8 kəndini işğalda saxlayır və hələ də sərhədləri demarkasiya etməkdən yayınır və Azərbaycana qarşı ərazi iddialarını davam etdirir. Ona görə də Türkiyəyə Ermənistanla sərhədləri açması üçün tələblər irəli sürənlər daha yaxşı olar ki, öncə Ermənistandan bu səbəblərin aradan qaldırılmasını tələb etsinlər. Əgər bunu etsələr və Ermənistan bu tələbləri yerinə yetirsə və nəticədə həmin səbəblər aradan qalxsa, təbii ki, Türkiyə ilə Azərbaycan Ermənistanla əlaqələr quracaq, Türkiyə Ermənistanla sərhədlərini açacaq”.
Ekspert qeyd etdi ki, Türkiyə dövləti kifayət qədər güclü dövlətdir və onun lideri cənab Ərdoğan prinsipial qətiyyətli liderdir, təzyiqlər və tələblər qarşısında dayanmağı bacarır. Bu, dəfələrlə sübut olunub: “Türkiyənin şərtləri bəllidir və o şərtlər yerinə yetirilmədikcə qardaş ölkə həm öz maraqlarına, həm də Azərbaycanın maraqlarına zidd addım atmaz. Türkiyədən "Sürix protokolları"na bənzər hansısa sənədin imzalanması tələb edilirsə, onu tələb edənlər “Sürix protokolları”nın taleyinə nəzər yetirsinlər. Türkiyə elə bir dövlət deyil ki, onu cılız Ermənistana görə təzyiq göstərib öz maraqları əleyhinə addımlar atmağa vadar edə bilsinlər. Türkiyə özünün və müttəfiqi Azərbaycanın maraqları təmin olunmadan Ermənistanla bağlı tələbləri yerinə yetirməz. Azərbaycan və Türkiyə cəmiyyəti də buna əmindir. Əksini gözləmirik. Türkiyə və Azərbaycanın güclənməsini istəməyən dövlətlər çox istəyərlər və bunun üçün çaba göstərərlər ki, iki qardaş ölkənin arasında ermənilərə görə soyuqluq yarada bilsinlər. Ancaq əminik ki, həmin mənfur güclər heç zaman bu arzularına çata bilməzlər. Azərbaycanla Türkiyə gün-gündən bir-birinə daha da yaxınlaşır. Bunu hər kəs bilməlidir və boşuna çaba göstərməməlidir".(musavat)
Etibar SEYİDAĞA