Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Hamı müharibəyə hazırlaşır...” -Bakı və Ankaraya qarşı hərbi ittifaq?

   Siyasi ekspertlər dünya müharibəsinin ehtimalının get-gedə ciddiləşdiyini bəyan etdilər

Yenixeber.org: “Bütün ölkələr 5-6 il sonra baş vermə ehtimalı olan böyük müharibəyə hazırlaşır. İkinci Dünya müharibəsində olduğu kimi, müharibədən sonra yenidən bölüşdürülmə prosesi gündəmə gələcək. Qalibin Şərq və ya Qərb olması isə hələ bəlli deyil. Daha fərqli şeylər də yaşana bilər. Ancaq baş verəcək hadisələrin Soyuq müharibəyə bənzəməyəcəyi açıqdır”.

Bu yetərincə sensasion proqnozu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik (korgeneral) İsmayıl Haqqı Pekin Axar.az-a müsahibəsində söyləyib.

“Azərbaycan Türkiyənin də siyasi dəstəyi ilə Cənubi Qafqazda bizim üçün əsas məsələ olan Qarabağ problemini həll edib. Bölgədə sülhün və sabitliyin bərqərar edilməsi Türkiyə və hazırkı məqamda Rusiya üçün çox vacibdir. Lakin Qərb bunu istəmir. Çünki bölgə çox böyük enerji resursuna malikdir və Çindən başlayan "Bir kəmər, bir yol" layihəsi buradan keçir. Hətta razı olacağı təqdirdə İran da prosesə qoşula bilər. Təsvir etdiyimiz mənzərə Türkiyə və Azərbaycanın strateji əməkdaşlığının nəticəsi, daha böyük uğurların əldə edilə biləcəyinin göstəricisidir. Ona görə də proseslər yalnız bizimlə məhdudlaşmır və Qərblə yanaşı, İran, Yunanıstan, Hindistan, İsrail, Cənubi Kipr və bir çox başqa dövlətlər regiondakı prosesləri izləyir".

Kəşfiyyatçı-general deyir ki, Fransa, Yunanıstan, Hindistan, Cənubi Kipr Ermənistanla müdafiə sahəsində müqavilələr imzalamaqla Türkiyəni şimal-şərqdən mühasirəyə almağa çalışır, “Türk xətti”nin birləşməsini istəmirlər: “Paşinyanın Fransaya səfəri, arxasınca Fransa müdafiə nazirinin İrəvana gəlməsi, Ermənistanın müdafiə naziri Suren Papikyanın həm Kiprə, həm də Yunanıstana səfərləri, orada "Sülh qovşağı" (“Dünyanın kəsişməsi”) layihəsini təqdim etməsi, Yunanıstan müdafiə naziri Nikos Dendiasın və Kiprin xarici işlər naziri Konstantinos Kombosun Ermənistan səfəri, Hindistanın strateji əhəmiyyət daşıyan ixraca xidmət etmək üçün hava dəhlizi açmaq planı, silahların və ağır hərbi texnikanın göndərilməsi, AŞ PA-nın Azərbaycan əleyhinə addımları, Paşinyanın Azərbaycanın işğal altındakı 8 kəndi və sülh danışıqları ilə bağlı manipulyativ açıqlamaları hamısı bir-birinə bağlı proseslərdir". 

Hərbi analitikin qənaətincə, bunları bir yerdə görməli və oxumalıyıq: “Tərəflər özünə görə balans qurmağa çalışır. Fransa və Yunanıstan Ermənistanı dəstəkləyərək Türkiyə və Azərbaycana qarşı cəbhə açır. Cəbhə Ermənistandan Şərqi Aralıq və Kiprədək uzanır. İsrail Azərbaycanla münasibətlərinə görə məsələyə ehtiyatlı yanaşır. İran da həmin cəbhədədir və Ermənistana bir sıra yardımlar göstərir. Çünki daxili demoqrafik vəziyyətə görə Azərbaycanı təhdid hesab edir. Belə fəaliyyətlər davam edəcək və rəsmi Bakı da buna görə əlindəki vasitələrdən faydalanaraq yeni münasibətlər sistemi qurur”. 

İsmayıl Haqqı Pekin hesab edir ki, Azərbaycan və Türkiyənin birgə fəaliyyəti ölkələrimizi həm önəmli enerji tədarükçüsünə, həm də haba çevirir: “Eyni zamanda məsələnin logistika tərəfi var. Yəni bizim də qarşı tərəfə müxtəlif təzyiq mexanizmlərimiz var. Bundan qorxurlar. Ermənistanın əlinə verilən "Sülh qovşağı" (“Dünyanın kəsişməsi”) layihəsi isə bizi bu imkandan məhrum etməkdir. Fransa, Yunanıstan, Kipr Respublikası sözügedən layihə ilə özünə geniş fəaliyyət sahəsi açmaq və açara sahib olmaq niyyətindədir. Ancaq Türkiyə və Azərbaycanın milli təhlükəsizlik maraqlarına zidd olan layihələrin həyata keçməsi qeyri-mümkündür. Hazırda lazım olan addımlar atılır, Ankara və Bakı həm Mərkəzi Asiyadakı qardaş ölkələrimiz, həm də Yaxın Şərq ölkələri ilə əlaqələri gücləndirməklə kirli planları pozur. Bu isə yaxın gələcəkdə Ankara və Bakının özünün burada siyasi qütbə çevriləcəyini göstərir".

Bəs Bakı və Ankaraya qarşı məkrli oyunlar nə dərəcədə qalıcı və güclü ola bilər, real hərbi ittifaq mümkünmü? Gerçəkdənmi 5-6 il sonra böyük müharibə başlayacaq?

Maraqlıdır ki, baş verənlərin fonunda  keçən həftə Yunanıstan xarici işlər nazirinin müavini Bakıya qəfil səfər edib. Xatırladaq ki, Yunanıstan Azərbaycan qazının alıcıları sırasındadır. 

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, “soyuq müharibə” dövründə dünyada faktiki iki qütb var idi - SSRİ və ABŞ. Onlar dünyanı öz aralarında bölmüşdülər. Bir sıra dövlətlər SSRİ-ni dəstəkləyirdi, bir qrup dövlət ABŞ-ın yanında idi: "SSRİ 1991-ci ildə dağılandan sonra “soyuq müharibə” başa çatdı və birqütblü dünya formalaşdı, Amerikanın hegemonluğu başladı. Amma bu da uzun çəkmədi. Yəni artıq ABŞ bütün məsələlərin həllinə çatdıra bilmir, bütün məsələləri öz təsiri altında saxlaya bilmir. Amerikanın özündə də diskussiyalar gedir ki, digər məsələlərə ümumiyyətlə qarışmaq lazımdır, yoxsa lazım deyil. Məsələn, prezidentliyə namizəd Donald Tramp ancaq ABŞ-a aid olan məsələlərlə məşğul olmağın və bu məsələlərin həllinin tərəfdarıdır, Ukrayna müharibəsində ABŞ-ın Kiyevə dəstək verməsini istəmir. Yəni əslində ABŞ-ın özündə bu məsələlərə birmənalı münasibət yoxdur. 

Dünyada qarışıqlıq yaranıb. Rusiya və Çin də özlərinin siyasətini yürüdür. Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yaxın Şərqdə baş verənlər faktiki birqütblü dünyanın sonunu da göstərir. Bu o demək deyil ki, çoxqütblü dünya formalaşır. Düzdür, Rusiya və Çin buna çox çalışırlar. Amma onların özlərinin də dünyada baş verən bütün prosesləri nəzarətdə saxlamaq imkanlarında deyillər. Müxtəlif siyasi bloklar, hərbi bloklar yaradılması ideyaları gündəmə gətirilir, bu ideyaların reallaşması üçün müəyyən cəhdlər edilir. Hindistan, Fransa və Yunanıstan da bu istiqamətdə addımlar atmaq istəyir. Bütün bunlar ona gətirib çıxara bilər ki, həqiqətən də hərbi toqquşma ehtimalları artar. Azərbaycanın bu cür təhlükəsizlik məsələlərinin həllində Türkiyə ilə ittifaqının gücləndirilməsi əsas strateji xəttini təşkil etməlidir. Bu, əslində Ermənistan mövzusuna görə deyil. Biz Ermənistanla yüz dəfə də müharibə etsək qələbə çalarıq. Əsas olan başqa müxtəlif istiqamətlərdən gələn təhlükələri sığortalamaqdır. Ona görə də Şuşa Bəyannaməsi, Azərbaycan-Türkiyə ittifaqının güclənməsi, Prezident İlham Əliyevin andiçmə mərasimində vurğuladığı kimi, Türk dünyasının inteqrasiyası həm ona görə vacibdir ki, bu cür təhlükələrdən birgə qoruna bilək". 

Abutalıb Səmədov: “Partiya sədrlərinin hamısı 90-cı illərdə siyasətə  gələnlərdir”

Abutalıb Səmədov 

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov bildirdi ki, ABŞ və Fransa Türkiyənin güclənməsindən, nüfuzunun artmasından çox narahatdır. Bunu gizlətmirlər. Bənzərsiz faktdır ki, NATO-da ABŞ və Fransanın müttəfiqi olan Yunanıstanla Türkiyə arasında baş verən müəyyən çəkişmələrə öz müttəfiqləri fərqli münasibət göstərir: “Yəni əgər Amerika və Fransa bu iki dövlətin müttəfiqidirsə, onda nədən ehtiyac hiss edirlər ki, Yunanıstanla ayrıca hərbi müqavilə imzalasınlar. Həm ABŞ, həm də Fransa hərbi müqavilə imzalayıb açıq şəkildə bəyan eləyiblər ki, Türkiyə-Yunanıstan qarşıdurmasında Yunanıstanın yanındadır. Fransanın Azərbaycana qarşı tutduğu düşmən mövqe Ermənistanla bağlıdır və Ermənistanın yanında yer almaq istəyinin ifadəsidir. Eyni şeyi Hindistan barədə də demək olar ki, Pakistanın Azərbaycana yaxınlığı Hindistanı Ermənistana yaxınlaşmağa məcbur edib. Üçüncü dünya müharibəsi ehtimalı varmı? Təbiidir ki, biz Ukrayna müharibəsinin olacağını da yəqin 2000-ci illərin əvvəllərində söyləyə bilməzdik. Ancaq oldu. Bundan sonra da Rusiyanın işğalçılıq hərəkətlərinin davam edəcəyi istisna olunmur. Hədəfdə olan dövlətlərdən öndə gələni Ermənistandır. Bu səbəbdən müharibənin genişlənəcəyi və digər dövlətlərin də bu prosesə daxil olacağı ehtimalı qalır. Ancaq çox az. Ukrayna hesab edirəm ki, hamı üçün dərs oldu. Həm Rusiya öz imkanlarını gördü, həm də Qərb öz imkanlarının nə səviyyədə olduğunu anladı. Məlum oldu ki, ABŞ olmadan Qərbin elə bir ciddi hərbi potensialı yoxdur. Çox təəssüf o da aydın oldu ki, zorbaların işğalçılıq niyyətlərinin qarşısını almaq üçün heç bir mexanizm yoxdur. Əvvəllər adətən biz belə təhlükə olanda deyirdik ki, dünya buna imkan verməz. Lakin Ukrayna hadisələri göstərdi ki, dünya zorba nüvə dövlətləri qarşısında acizdir. Həm Amerika, həm Rusiya istədiklərini etmək imkanına malikdir”.

A.Səmədov qeyd etdi ki, dünyanın yenidən bölünməsi təklifi ilə müharibə ərəfəsində Vladimir Putin çıxış eləyib. Putin “Yalta 2"-ni imzalamaq təklifini irəli sürüb: "Bununla da Putin təklif etdi ki, Qərb Rusiyanın təsir zonasına müdaxilə eləməsin və bunu öz imzası ilə təsdiqləsin. Söhbət 2021-ci ilin sonlarında Rusiya prezidentinin NATO-ya və ABŞ-a göndərdiyi müraciətdən gedir. Mən ümid edirəm ki, Ukrayna hadisələrindən həm Qərb, həm Rusiya zəruri dərsi çıxaracaqlar. Ən azı bir müddət, yaxın 50 ildə bəşəriyyət sakit yaşamaq imkanı əldə eləyəcək".(musavat)  

Etibar SEYİDAĞA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam