Mərkəz rəhbəri: “Yay aylarınadək Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa, sanksiya kimi məsələlər gündəmdən çıxacaq”
Yenixeber.org: Avropa Parlamentinin (AP) fevralın 28-də qəbul etdiyi “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” başlıqlı illik hesabatda Azərbaycan sərt tənqid edilib. Hesabatda Azərbaycanda insan hüquqlarının vəziyyəti, o cümlədən müstəqil jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı “son zamanlar daha da kəskinləşən repressiyalar”dan ciddi narahatlıq ifadə edilib.
Bu hesabatda da Azərbaycanın Qarabağdakı əməliyyatları pislənib və Avropa İttifaqı (Aİ) Şurası Azərbaycan hökumətinə qarşı sanksiyalar tətbiq etməyə çağırılıb.
Avropa Parlamenti ötən bir il ərzində Azərbaycanla bağlı üç qətnamə və bir hesabat qəbul edib. Bununla yanaşı, avropalı deputatlar Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsinə dair çoxsaylı bəyanat və çıxışlar ediblər.
Azərbaycan AP-nin hesabatını və qətnamələrini qəbul etmir və bunu qərəzli sayır. Rəsmi Bakı hesabatı pisləyən və rədd etdiyi barədə bəyanat yayıb. Azərbaycan Milli Məclisi də sözügedən hesabatı qərəzli sayaraq pisləyib.
Yerli analitiklər hesab edirlər ki, AP-nin anti-Azərbaycan mövqeyi hesabatda əksini tapıb ki, bu, özlüyündə heç nəyi ifadə etmir. Ekspertlərin qənaətincə, AP-nin çağırışı ilə Aİ-nin Azərbaycana qarşı sanksiya tətbiq edəcəyi gözlənilən deyil.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədova görə Azərbaycana qarşı sanksiyalar o qədər də real deyil:
- Çünki AP Aİ institutları içərisində ən məsuliyyətsiz qurumdur. Çünki AP-nin Aİ-nin real siyasətinin müəyyənləşdirilməsində yeri və rolu yoxdur. AP-dəkilər maksimum məmurları, komissarları tənqid edə bilərlər, onlara təzyiq göstərə bilərlər. Aİ-nin qərar qəbul etmə mexanizmi konsensus üzərində qurulub və qərarları hökumətlər qəbul etməlidir. Aİ-nin üzv ölkələri içərisində Azərbaycanla əməkdaşlıq edən, Azərbaycanla strateji əməkdaşlığı olan 14 ölkə var. Bu ölkələr də Azərbaycana qarşı təşəbbüslərin qarşısını alıblar. Sanksiya təşəbbüsü bir neçə dəfə Fransa tərəfindən irəli sürülüb, lakin bu, hökumətlər səviyyəsində neytrallaşdırılıb. İndi AP öz səviyyəsində bu işi davam etdirir. Nəzərə almaq lazımdır ki, yayda AP-nə yeni seçkilər keçiriləcək, yeni tərkib formalaşacaq, yeni komissarlar təyin olunacaq. Ondan sonra baxaq ki, bu çağırışlar icraedici komissiya tərəfindən qəbul ediləcək, yoxsa edilməyəcək. Məsələn, Borell kimi anti-Azərbaycan mövqeli şəxs Aİ rəhbərliyinə gəlsə, əlbəttə, ölkəmiz üçün problemlər olacaq. Lakin yenə də qərar vermə mexanizmi Aİ ölkələrinin rəhbərləri tərəfindən qəbul edilir. Belə deyək ki, səs olacaq, amma real addım olmayacaq.
- Yayda keçiriləcək seçkilərdən sonra Azərbaycanla bağlı siyasətdə daha da sərtləşmə ola bilərmi?
- Əlbəttə, ola bilər. Çünki bu tənqidi fikirlərin əsası Ermənistanla bağlıdır. Eyni zamanda, Azərbaycanda insan hüquqları məsələsi ilə bağlı da tənqidlər mövcuddur. Bu dövr ərzində, yəni ki, yay aylarınadək Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa, sanksiya kimi məsələlər gündəmdən çıxacaq. Tənqid olsa da, bu, yersiz tənqid olacaq.
- Avropa Parlamentində Azərbaycana qarşı tənqidlər bundan əvvəl də səslənib. Amma sanksiya çağırışı səviyyəsinə çatmamışdı. İndi nə baş verdi ki, artıq Aİ sərt tədbirlərə çağırılır, sanksiya tətbiqi istənilir?
- AP tərəfindən sərt şağırışlar ötən ilin sentyabrında Azərbaycanın keçirdiyi antiterror tədbirləri ilə əlaqədardır. Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi Avropadakı dairələri qıcıqlandırdı və bunu onlar həzm edə bilmirlər. Xüsusilə, Fransanın canfəşanlığı ortadadır. Parisin AP-nə təzyiqləri böyükdür. Nəticədə bu məsuliyyətsiz qurum tərəfindən anti-Azərbaycan çağırışları dərinləşir, sanksiya tələbləri güclənir. Amma dediyim kimi, Aİ-dəki hökumətlər qərar verməlidirlər ki, bu, gözlənilmir. Çünki 14 ölkənin Azərbaycanla strateji əməkdaşlığı var və bu ölkələr münasibətlərin pozulmasında maraqlı deyillər.
- Avropanın bu siyasətinə qarşı rəsmi Bakının addımları nə olacaq?
- Azərbaycan artıq ikili standartlar siyasətinə alışıb və bir immunitet yaranıb. Əlbəttə, qərəzli siyasətə qarşı Azərbaycan əks siyasətini həyata keçirib, buna da davam edəcək. Əks arqumentlər ortaya qoyulur, qoyulacaq. Diplomatiyamız bu istiqamətdə işləyir. Başqa nə etməliyik ki... Hər şey göz qabağındadır, nə qədər qərəzli yanaşmanın olduğunu hər kəs görür.(AYNA)