Milli Şura ölkədə günü-gündən artan intiharlarla bağlı dinləmələr keçirdi
"xeberinfo.com": Milli Şura ölkədə geniş vüsət almış intiharlarla bağlı AXCP-nin qərargahında ictimai dinləmə keçirdi. Dinləmədə intiharların səbəbləri və artması, islamda intihar, intihar xəbərlərini qadağan etmək çağırışları, insan haqlarının pozulması hallarının intihara səbəb olması, intihara qarşı profilaktikada dünya ölkələrinin təcrübəsi, jurnalistlərin intihar xəbərlərinə reaksiyası və.s istiqamətlər müzakirələr olundu.
“Azərbaycan statistikası anlayışı yoxdur. Çünki məlumatlar gizlədilir”
Milli Şuranın sədri Cəmil Həsənli bildirdi ki, Milli Şura olaraq cəmiyyətimizi narahat edən çox ciddi bir məsələ haqqında dinləmələr keçirirlər: “Dinləmənin əsas mövzusu Azərbaycan cəmiyyətində günü artan intiharlar prosesinin təhlükəli həddə çatmasından ibarətdir. İntiharların ölkədə yeni bir dalğası başlayıb. Son ay yarımda insanların ədalətsizliyə, haqsızlığa, çıxılmaz vəziyyətə etiraz əlaməti olaraq özünə od vurub yandırması olub. Bu intiharların ən ağır formasıdır. Mənəvi, hətta dini baxımdan belə insan bu dünyasıyla yanaşı o dünyasını almış olur. Bu cəmiyyətimizin ağrılı bir prosesin başlanmasıdır. Ay yarım ərzində 26 nəfər adamın özünü yandırmasına cəhd eləməsi və bunun altısının ölümlə nəticələnməsi cəmiyyət üçün çox qorxulu, üzücü bir prosesdir”.
Tanınmış jurnalist Şahvələd Çobanoğlu dedi ki, insanlar təkcə ölkəni deyil, həyatı özləri könüllü şəkildə tərk edirlər: “Dünənəcən ölkənin ən ağır – sosial, siyasi problemlərindən, insan haqlarının pozulmasından danışarkən bir şeyi tez-tez qabardırdıq ki, insanlar özlərinin sahib olduğu vətəni tərk edib gedirlər. Bu gün artıq o məqama gəlmişik ki, insanlar təkcə ölkəni deyil, həyatı özləri könüllü şəkildə tərk edirlər. Bu bizim gündəlik həyatımızda özünü qabarıq göstərməyə başlayıb.
Əvvəllər hakimiyyət təmsilçiləri deyirdilər ki, “Avropada da mitinqi polislər dağıdır”, “orada da yoxsullar var”, “korrupsiya harada yoxdur?” şərhini eynilə intiharla bağlı söyləyirlər. Deyirlər ki, intihar hər yerdə var”.
Psixoloq Azad İsazadə Sovet vaxtı da Azərbaycanda intiharların bu qədər çox olmadığını söylədi: “Şərq ölkələrində intiharların sayı az olub. Son iki ildə hiss etdim ki, Azərbaycanda jurnalistlər intiharlarla bağlı tez-tez yazmağa başladılar. Müsahibələr də verirdim. O vaxtı deyirdim ki, Azərbaycanda bu problemlər yavaş-yavaş artır. Ancaq təhlükəli vəziyyət deyil. Ötən ilin sonunda birdən-birə partlayış oldu. Elə gün olmur ki, iki-üç müsahibə verməyək, elə gün olmur ki, intihar xəbəri gəlməsin. Yanvarın 26-da ölümlə nəticələnən 26 intihar hadisəsi baş verib. Günə bir nəfər. Azərbaycan statistikası anlayışı yoxdur. Çünki məlumatlar gizlədilir”.
“Çox təəssüf ki, ölkədə insanın intihar etməsi üçün yaxşı bir mühit formalaşıb”
Milli Şuranın üzvü Aytəkin İmranovanın sözlərinə görə, Təcili Tibbi Yarıma mediaya məlumat verməyə bəzi qadağalar qoyulub: “Ay yarımdan çoxdur ki, bir Qarabağ əlili hər dəfə elan edir ki, özümü yandıracam. Hətta bir neçə gün öncə bəzi şərtlər irəli sürüb ki, onlar yerinə yetirilsin ki, özümü yandırmayım.
Statistika aparılmır. Hətta Təcili Tibbi Yarıma mediaya məlumat verməyə bəzi qadağalar qoyulub. Ancaq Təcili Tibbi Yardım Bakı üzrə statistika açıqladı ki, 922 intihar və intihara cəhd hadisəsinə çağırış olub”.
Köşə yazarı Elnur Astanbəyli Azərbaycanda heç nəyin məntiqi baş vermədiyini deyir: “Elə bir ölkədə yaşayırıq ki, burada baş verən heç nəyi hansısa siyasi, sosial, dini, elmi, psixoloji məntiqi izah etmək çox çətindir. Azərbaycanda heç nə məntiqi baş vermir. Ona görə də intiharların arxasında psixoloji səbəblər axtarmaq, bunu elmi, dini bir şəkildə izah etmək bir o qədər məntiqli görünmür. Məslə təkcə intiharlarla bağlı deyil. Son üç ilin statistikası Azərbaycanda ürək-damar, şəkər xəstəliklərinin kəskin artdığını göstərir”.
Tanınmış hüquqşünas Namizəd Səfərovun fikrincə cəmiyyətimizdə bir bəla kimi kök salmış intiharların sayını artır: “Son bir ildə isə bu təhlükəli bir məqama gəlib çatıb. Bu tibbi nöqtəyi nəzərdən, psixoloji amillərdən olan amillərdə var. Ancaq hamımız bir fikirdəyik ki, bu cəmiyyətdə insanın düşdüyü durumdan çıxa bilməməkdə son hərəkət kimi bu addımı atırlar. Bu səbəblər içərisində ilk növbədə sosial və ictimai səbəbləri önə çəkirəm. Çox təəssüf ki, ölkədə insanın intihar etməsi üçün yaxşı bir mühit formalaşıb. Yəni, vətəndaşların problemləri gecə-gündüz insanları rahat buraxmırdı”.
Media eksperti Ülviyyə Əsədzadə bildirdi ki, dünyada müxtəlif vaxtlarda, müxtəlif dövlərdə intihar burulğanları həmişə olub: “1984-cü ildə Avstriyanın paytaxtı Vyanada insanlar özlərini metro qatarlarının altına atırdılar. Bu Vyanada sosial-iqtisadi vəziyyətlə bağlı sayıla bilməz. 1987-ci ildə mütəxəssislər bu halın qarşısını almaqdan ötrü 3 il boyunca araşdırma apardılar və gəlib dayandılar həm də medianın üzərində. Amerikanın intiharların önəmlənməsi üzrə fondunun 22 təşkilatı 50-dən çox elmi araşdırma apardılar. Qənaətə gəldilər ki, imkansızlama intiharların əsas səbəbi medianın bunu necə işıqlandırmasıdır. Vəziyyət, jurnalistlərin üzərinə düşən məsuliyyət adi gözlə görünəndən daha çoxdur. Səbəblər bir tərəfə, bu halı sürətləndirən amil medianın bu məsələni necə işıqlandırmasıdır. ABŞ-ın jurnalistlərin peşəkarlığının artırlmasıyla bağlı nüfuzlu Pointer institutu var. Onların intiharlarla bağlı silsilə məqalələri var. Birmənalı şəkildə, intihar halı romantikləşdirilməməlidir”.
“İnsan düşünəndə ki, onun çıxış yolu yoxdur, bu intihara aparan yoldu”
“Əlbəttə, bu tip xəbərləri mediada görməliyik. Zaur Həsənovun ölümü bir insan olaraq düşünürəm ki, iki azyaşlı uşağının qarşısında nə qədər sosial problemi çox olsa da, insan gərək özünü o formada yandırmasın. Bunun başqa aspektləri var. Qarabağ savaşından çıxan bir adam özünü o formada həlak etməməli idi. İntihar əgər təbliğ olunursa – Zaur Həsənovun intiharından sonra onun ailəsinə 100 min manatın verilməsi bir təbliğ idi. Ondan sonrakı tendensiyanın artımı məhz bununla bağlı oldu. Çünki bu hadisəni hər kəs gördü və görəndən sonrakı ailəsinə əl uzadıldı, problemi həll olunmağa başladı, dərhal digər ardıcıl özünü yandırmaq intiharları baş verdi”, - deyə hüquqşünas Ələsgər Məmmədli deyir.
DEVAMM sədri İlqar İbrahimoğlu deyir ki, bütün ilahi inanclar intiharı ən böyük günahlardan biri sayır: “Quranda bununla bağlı ayələr var. İslam mətnlərində bununla bağlı ən ağrılı ifadələr də keçir. Televiziyalarda senzuranın mövcudluğu, bu məsələdən danışlmaması bu sahədə, hətta maarifçilik olsun, qarşısı alınsın. Təəssüflər olsun ki, buna da imkan yoxdur”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli qeyd etdi ki, intiharların arxasında müxtəlif səbəblər axtarmaq olar: “Birincisi əlacsızlıq, çıxış yollarının tükənməsidir. İnsan hiss edir ki, o artıq əlacsızdır. İnsan düşünəndə ki, onun çıxış yolu yoxdur, bu intihara aparan yoldur. Azərbaycanda intiharların böyük əksəriyyətinin arxasında bu səbəb dayanır. İkincisi, diqqətsizlik, lazımsızlıq sindromudur. İnsan özünə daim diqqət edən varlıqdır. Xüsusən yaşlı adamların ölümünü səbəbləndirən faktor bu lazımsızlıq sindromudur. İnsan hiss edəndə ki, o ətrafa lazım deyil, kimsə onunla maraqlanmır, onun dediklərinə intəhasız yanaşırlar bu ikinci amildir”.
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəyli intihar edənlərin böyük əksəriyyətinin işsiz olduğunu vurğuladı: “Vətəndaş məhkəmələrə müraciət edir, özünü yandıracağını bəyan edir, aylarla mübarizəsi davam edir, redaksiyaların, ayrı-ayrı dövlət qurumların qapısını döyür, yalnız sonda əlac çatmayanda intihara əl atır. Bərdə də vətəndaş Sosial Müdafiə Fondunun qarşısında insan sosial müvaniətinin ala bilməməyə etiraz əlaməti olaraq özünü yandırır. Biz bu intiharlardan danışırıq. Ruhi zəmində intihar ola bilər. Kimsə sevgilisindən ayrılır intihar edir. Bu dünyanın hər yerində olur. Özünü öldürən insanların statistikasını aparaq. Bu insanların yüzdə doxsanı işsizdirlər, evsizdirlər, sosial müavinətə müraciət ediblər yox cavabını alıblar və məhkəmələr onları sündürüblər. Haqsızlıqla, məmur özbaşınalığıyla üzləşiblər. Sonda intihar edirlər”.
AXCP rəyasət heyətinin üzvü Nemət Əliyev intiharların başlıca səbəbi
ədalətsizlik, sosial haqsızlıq, sosial imkansızlıq olduğunu bildirdi: “İnsanlar intihar edir deyirlər ki, biz bunun səbəbini bilmirik. İntihar edənlər konkret şəkildə problemini ifadə edir, səbəbini ortaya qoyur. Başlıca səbəb ədalətsizlik, sosial haqsızlıq, sosial imkansızlıqdır”.
“Niyə bu hökumətin parlamenti, prezidenti bir dəfə də olsun bu məsələni müzakirə etmir?”
AXCP sədri Əli Kərimli dinləmənin keçirilməsində məqsəd ümumiyyətlə intihar fenomenini müzakirə etmək deyil: “Bir neçə məsələnin altını cızmaq istəyirəm. Bizim məqsədimiz ümumiyyətlə intihar fenomenini müzakirə etmək deyil. Biz Azərbaycandakı intiharları müzakirə edirik. Azərbaycandakı intihar təbii ki, qlobal fenomenin tərkib hissəsidir. Bugünki masanı zəruri eləmiş intihar dalğası sənədli-sübutlu, motivləri ortada olan intihar dalğasıdır. Ona görə də bunu abstraktlaşdırmaq lazım deyil. Müəyyən mənada hökumət mediası uğur qazanıb ki, hətta bizim bu günki məclisimizdə də daha çox qlobal məsələ kimi müzakirə olundusa, deməli bir qədər bizi yönəldə biliblər. Biz özümüz bunu hiss etmədən təsir olub ki, biz buna ümumi qlobal problemin tərkib hissəsi kimi baxaq. Azərbaycanda baş verən hadisələr çox aydın şəkildə göstərir ki, intihar edənlərin ən azı 80 faizi intihar edəcəkləri barədə danışırlar. Ya iki ay öncədən deyir ki, mən intihar edəcəm. Qəzetlər bu intiharın hazırlığından yazır. Nəyin nəticəsində baş verir bu 80 faiz intiharlar? Böyük hissə orduya aiddir. Ordudakı intiharlar ya başqa bir cinayəti ört-basdır etmək üçün edilib, ya da özünüöldürmə həddinə çatdırma cinayət hadisəsi baş verir. Ya öldürüb intihar kimi rəsmiləşdirirlər, ya da özünəöldürmə həddinə çatdırırlar. Psixi xəstənin nə işi var ordumuzda? Psixi xəstələr Azərbaycanı müdafiə edir? Görün nə qədər orduda belə hallar baş verir. Başqa məsələlərdə isə - işsizlik, evsizlik, ədalətin çatışmamazlığı, haqqın və ünvan çatışmamazlığı. Bilmir hara müraciət etsin. İlham Əliyevin səfərinin ərəfəsində gəlib özünü binanın üstündən atır ki, başqa mənə heç bir çarə qalmadı. Min məktub yazmışdı. Min məktub yazarlar, min şikayət edərlər? Hər bir insanın həyatı qiymətlidir. Ancaq bu 80 faiz sosial zəminli intiharların qarşısını almaqdan ötrü bizim hökumətdən tələbimiz olmalıdır. Nə baş verir? Niyə bu hökumətin parlamenti, prezidenti bir dəfə də olsun bu məsələni müzakirə etmir? Bu bir ildə özünü öldürən bu 400 nəfər sizin ölkənin vətəndaşı deyil? Sizin borcunuz deyil onların hər birinin hüquqlarını müdafiə etmək? Bu nə biganəlikdir? Bu ölkədə bu qədər sosial biganəliklər var ikən dövlət başçısının özü, ətrafındakı oliqrxlar nə qədər bədxərc, nə qədər israfçı həyat tərzi yaşayırlar. İnsanlara sanki acıqda verirlər. Azərbaycan cəmiyyətinin böyük bir hissəsi ən elementar tələbatını ödəyə bilmədiyi halda, bunlar bu dərəcədə israfçı həyat sürürlər”.
Əli Kərimli müxalifətin, indiki hakimiyyətə alternativ kimi özünü təsəvvür edən qüvvələrin məsuliyyətindən də danışdı: “Biz cəmiyyətə doğrudan da o ümidi verə bilmirik ki, kollektiv, birgə mübarizə ilə bu problemləri həll etmək olar. Axı insanlarda çatışmayan budur ki, görünür bizim indiyə qədərki fəaliyyətimiz hələlik onlara o inamı vermir. İnsanlar bilsələr ki, burada yaxşı bir təşkilatlanma var, mən gedib ora kömək etsəm bu məsələlər öz həllini tapar, problem aradan qalxar, mənim o çağırışıma, fəryadıma münasibət bildirərlər, onda gələrlər. Bizim cəmiyyətə, intihar barəsində düşünən insanlara müraciətimizi çatdırmaq lazımdır. Ötən il 400 nəfərdən artıq insan intihar edibsə, şübhəsiz minlərlə bu barədə düşünən insan var. İndi bu vətəndaşlara üz tutmaq lazımdır ki, sizin bu fəryadınız onsuzda ünvanına yetmir. Həmin o vətəndaşlara təkrar-təkrar üz tutub demək lazımdır ki, sizin təkbaşına etdiyiniz qiyamlarınız, sizdən sonra başqalarına ibrət olacaq deyə düşünməyiniz, onsuzda sizi eşidən yoxdur, Azərbaycan hakimiyyəti onsuzda sizə statistika kimi baxır. Ona görə də bu çıxış yolu deyil, bunu anlamaq lazımdır. Sosial ədalətsizliklə bağlı intiharlardan çıxış yolu mübarizəyə qoşulmaqdan keçir. Bu o qədər əzablı deyil. Bu o qədər riskli deyil, ancaq kifayət qədər ümidverici deyil. Çarə kollektiv şəkildə təşkilatlanmış mübarizə aparmaqdadır”.