Politoloq: “Moskvanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəsmiləri arasında görüşlər keçirilə bilər”
Yenixeber.org: Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan bildirib ki, İrəvan xarici işlər nazirlərinin görüşünün Rusiyada keçirilməsi təklifini nəzərdən keçirir, lakin hələlik konkret razılaşma yoxdur. O, açıqlamasında bunu belə əsaslandırıb: “Çünki iş qrafiki ilə bağlı çətinliklər yaranır. Burada heç bir problem yoxdur, sadəcə olaraq, texniki razılaşma var. Ermənistan tərəfi heç bir təklifdən imtina etmir. İş davam edir”.
Əslində isə bəhanədən söhbət gedir. Çünki son aylar İrəvan Rusiya platformasında Bakı ilə danışıqlardan yayınır. Bunu da guya Rusiyanın artıq bitərəf mövqe tutmaması, hətta Azərbaycanın mövqeyini dəstəkləməsi ilə izah edir. O səbəbə Qərb (ABŞ, Avropa İttifaqı) platformalarına üstünlük verir.
Bakı isə noyabrın 20-də XİN rəhbərlərinin ABŞ-da nəzərdə tutulan görüşündən imtina edib. Odur ki, intriqalı bir sual yaranıb: İrəvan da Moskva görüşündən imtina edəcəkmi? Edərsə, bu, Rusiyanın hansı reaksiyasına səbəb olacaq?
Bu da faktıdır ki, Paşinyan hökumətinin anti-Rusiya ritorikasına rəğmən, Ermənistan de-fakto Moskvanın təsir dairəsində qalmağa davam edir. Ölkə hələ də KTMT-nin, Avrasiya İqtisadi Birliyinin, Gömrük İttifaqının üzvüdür, ərazisində rus hərbi bazaları var, Ermənistanın Türkiyə və İranla sərhədlərini hələ də rus hərbçilər qoruyur.
Odur ki, bir sual aktuallığını saxlayır: Ermənistan rəhbərliyinin riyakar siyasəti daha nə qədər çəkəcək, Moskvanın səbri tükənmədimi? Moskvada üçlü formatda görüşün reallaşması mümkünmü?
Anar Əliyev
Politoloq Anar Əliyev bildirdi ki, Cənubi Qafqazda sülh münasibətlərinin tənzimlənməsi bu gün Azərbaycanın xarici siyasətinin başlıca prioritetini təşkil edir: “Çox təəssüf ki, qarşı tərəf-Ermənistan bütün imkanlardan, xüsusilə də havadarlarının verdiyi dəstəkdən istifadə edərək münasibətlərin tənzimlənməsinə destruktiv elementlər qatmaqla münasibətlərdə gərginliyi artırmaqla özü üçün yeni reallıqlar, yeni şərtlər formalaşdırmağa çalışır. Amma burada təbii ki, başlıca faktor Ermənistan üzərindən proseslərə müdaxilə etmək, öz oyununu formalaşdırmağa çalışan tərəflərdir və onların davranışlarıdır. Biz bu prosesdə xüsusilə son dövrlər Qərbin, Fransanın, ABŞ-ın, Avropa institutlarının aktiv davranışlarını, aktiv reaksiyalarını müşahidə etməkdəyik. Çox təəssüf ki, bu müdaxilələr heç də hər zaman beynəlxalq hüququn prinsiplərinə əsaslanmır. Tam əksinə, bir çox hallarda bu prinsiplərlə ziddiyyət təşkil etməklə bölgə xalqlarının, bölgə dövlətlərinin maraqlarına uyğun deyil. Biz müxtəlif formatlar çərçivəsində Moskva, Brüssel, Vaşinqton formatları çərçivəsində müəyyən razılaşmaların əldə edilməsinin, amma təəssüf ki, ötən müddət ərzində bu razılaşmaların bir çoxunun yerinə yetirilməsi istiqamətində Ermənistan tərəfindən addımların atılmadığını müşahidə etmişik. Xüsusilə də Brüssel və Vaşinqton formatları çərçivəsində vasitəçilik missiyasını həyata keçirən tərəflər də Ermənistana bu müddət ərzində nəinki öhdəlikləri yerinə yetirməklə bağlı hər hansı bir təzyiq və ya çağırış edib, bir sıra hallarda Ermənistana manevr imkanlarını genişləndirməyə xidmət eləyən dəstəklər nümayiş olunub. Məhz bunun nəticəsi idi ki, Azərbaycan son dövrlər ABŞ-ın ortaya qoyduğu yanlış davranışa cavab olaraq Vaşinqton formatı çərçivəsində xarici işlər nazirləri arasında keçiriləcək görüşdən imtina etdi. Son dövrlər ABŞ-ın dövlət katibinin köməkçisinin də söz yığını olan bəyanatları ilə bu mövqeyin daha da gücləndiyini, Amerikanın bir sıra hallarda Ermənistanı alət etməklə Cənubi Qafqazdakı proseslərə özünün müdaxilə imkanlarını genişləndirməyə, bu meydanı böyütməyə çalışdığı müşahidə etdik. Buna paralel şəkildə biz həm də noyabr ayının 23-də Minskdə keçiriləcək KTMT Təhlükəsizlik Şurasının iclasına Ermənistan baş nazirinin qatılmayacağı barədə bəyanatın verilməsini müşahidə etdik. Hesab edirəm ki, bu, birbaşa Fransanın, Avropa institutlarının, ABŞ-ın təhriki ilə Ermənistan hakimiyyətinin Rusiyanın nəzarəti altında Cənubi Qafqazdakı proseslərdən yayınmaq cəhdidir. Belə bir vəziyyətdə biz Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünün keçirilməsi təklifini eşidirik. Bu, bir daha Rusiya tərəfindən Cənubi Qafqazdakı proseslərdə özünün iştirakı ilə tənzimlənən razılaşmaların əldə olunmasına növbəti cəhddir”.
Politoloq qeyd etdi ki, Ermənistanın buna reaksiyası heç də ümidverici görünmür. Çünki Ermənistan hakimiyyəti anlayır ki, indiki şəraitdə Qərbdəki ağalarının maraqlarına zidd davranış nümayiş etdirməsi Qərbdən ala biləcəyi dəstəyi zəiflətmiş olar: "Ona görə də mümkündür ki, bu görüşdən Ermənistan imtina etsin. Bunu nəzərə alan Rusiya tərəfi hələ ki görüşün tarixi ilə bağlı dəqiq bir açıqlama səsləndirməyib, görüşə hazırlığın məsuliyyətini tərəflərin üzərinə qoyub. Hesab edirəm ki, bu, Ermənistanla Rusiya arasında münasibətlərin Qərbin xeyrinə müəyyən qədər dəyişilməsi istiqamətində davam edəcəyini söyləməyə imkan verir. Amma bütövlükdə Ermənistanın indiki şərtlər daxilində xüsusilə də bir çox istiqamətlərdə Rusiyadan birbaşa və ya dolayısı ilə asılı olduğu indiki şərtlər daxilində tam şəkildə anti-Rusiya mövqeyi ifadə etməsinə və ya Rusiyadan birmənalı şəkildə qopmasına gətirib çıxara bilməyəcək. Ona görə də növbəti mərhələlərdə biz Rusiyanın müəyyən gedişləri, aqressiv davranışları fonunda Ermənistanın müəyyən loyal davranışlarını, xüsusilə də Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəsmiləri arasında görüşlərin keçirilməsini müşahidə edə bilərik”.
A.Əliyev vurğuladı ki, yekun daha çox iki böyük supergüclər arasında gərgin mübarizənin nəticələrindən asılı olaraq dəyişə bilər: “Çünki Cənubi Qafqazda prosesləri, xüsusən də Ermənistanın davranışlarını, verəcəyi qərarı daha çox bir-biri ilə mübarizədə olan iki qüvvə arasında mübarizənin nəticəsi müəyyən edir. Bu mənada hesab edirəm ki, Rusiya və Qərb arasında mübarizənin ilkin nəticələrinin müşahidə olunmağa başlaması Ermənistanın da mövqe seçimində daha real addımlar atmasına gətirib çıxara bilər”.(musavat.com)
Etibar SEYİDAĞA