Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“HAMI TÜRKİYƏ-AZƏRBAYCAN TANDEMİ İLƏ HESABLAŞMAĞA BAŞLAYIB" - “Rusiya sülhməramlıları məsələsi isə...”

Ramiz Yunus: “Ermənistanın məğlubiyyət şokundan və 30 illik “miatsum” siyasətinin iflasından sonra düşdüyü uçurumdan qurtulması üçün də bir az vaxt lazımdır”

Yenixeber.org: ABŞ-da yaşayan tanınmış azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus günün aktual mövzuları ilə bağlı suallarımızı cavablandırıb. O, Rusiya-Ukrayna müharibəsinin hazırki gedişi, Qərbin bu istiqamətdə yürütdüyü siyasətdə baş verən dəyişikliklər, Yaxın Şərqdə davam edən müharibə, Türkiyənin proseslərdə rolu, habelə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının perspektivləri barədə fikirlərini açıqlayıb. Müsahibəni təqdim edirik:

-Ramiz bəy, müsahibə üçün təşəkkür edirik. İlk sualım Rusiya-Ukrayna müharibəsinin hazırki gedişatı ilə bağlıdır. Qərbdə nə düşünürlər: atəşkəsə nail olmağı, yoxsa, müharibəyə davam etməyi? ABŞ Konqresi Ukraynaya hərbi yardım ayrımağı uzadır, bu istiqamətdə yeniliklər olacaqmı?

- Bildiyiniz kimi, ABŞ-da 2024-cü il prezident seçkiləri ilə bağlı seçki kampaniyası başlayıb və buna görə də Rusiyanın Ukraynaya təcavüzü və Yaxın Şərq böhranı kimi mühüm mövzular demokratlar və respublikaçılar arasında spekulyasiya mövzusuna çevrilib. Ona görə də bu iki partiyanın nümayəndələrinin müəyyən bəyanatlarını qiymətləndirərkən mütləq bu amili nəzərə almaq lazımdır.Çünki burada çoxlu ritorika var, amma reallıqda vəziyyət onların mediasının təqdim etdiyi kimi deyil. Buna əsaslanaraq düşünürəm ki, son nəticədə ABŞ Konqresində Ukraynaya ikitərəfli dəstək davam edəcək.

Yaxın Şərqdə HƏMAS və İsrail arasında baş verən qarşıdurma davam edir. Necə düşünürsüz, toqquşmalar regionda böyük müharibəyə çevrilə bilərmi? Bu müharibədə geosiyasi amillərin təsiri nədən ibarətdir?

-Yaxın Şərqdə baş verənlərin səbəbi BMT Təhlükəsizlik Şurasının qərarında nəzərdə tutulan iki dövlətin - İsrail və Fələstinin yaradılması kimi uzun müddətdir həll edilməmiş problemdir. Təəssüf ki, ABŞ və Sovet İttifaqı arasında “Soyuq müharibə” dövründə olduğu kimi bu gün də bu münaqişə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən planetin müxtəlif yerlərində öz maraqlarını həyata keçirmək üçün istifadə olunur. Rusiya ilə “kollektiv Qərb” arasında qarşıdurma davam etdikcə bu problem maraqlı tərəflərin zaman-zaman alışdırdığı barıt çəlləyi olaraq qalacaq.

- Türkiyə İsrail hökumətinə ciddi təzyiq göstərir. Bu yaxınlarda ABŞ Dövlət katibi Entoni Blinken Ankarada səfərdə olsa da Prezident Ərdoğan tərəfindən qəbul edilmədi. Xarici İşlər naziri Hakan Fidan isə ona ciddi mesajlar verdi. Türkiyə bu böhranın həlli ilə bağlı öz siyasətini reallaşdıra biləcəkmi?

- ABŞ-nin “Soyuq müharibə”dəki qələbəsindən və Sovet İttifaqının dağılmasından sonra Türkiyə ilə İsrail arasındakı münasibətlər müntəzəm olaraq sınaqdan keçirilməyə başladı. Bu, tamamilə başa düşüləndir. Çünki əvvəllər ABŞ-nin strateji müttəfiqləri kimi Türkiyə və İsrail regionda əsas rol oynayırdılar. Son onilliklər ərzində ABŞ-nin bu bölgədəki strategiyası bir neçə dəfə dəyişdi və nəticədə onlar arasında fikir ayrılıqlarına səbəb oldu. Bu, 2010-cu ildə İsrail və Türkiyə arasında Qəzza zolağına gedən “Azadlıq Donanması” adlı yardım karvanı ilə bağlı münaqişə zamanı çox aydın şəkildə ortaya çıxdı. Səfirlər geri çağırıldı və ölkələr arasında münasibətlər bir müddət pisləşdi. Sonra yenidən əlaqələri bərpa etməyə başladılar. Bu da həm Türkiyə, həm də İsrailin bölgədə bir-birinin əhəmiyyətini başa düşdüklərini və buna görə də bir-biriləri ilə heç vaxt körpüləri yandırmadıqlarını göstərir. Türkiyə bu regionda nüfuzunu artırır və buna görə də Ankaranın səsi müsəlman dünyasında daha çox eşidilir. Çox şey ABŞ-nin özünü necə aparmasından, gərginliyi azaltmaq üçün İsrail hökumətinə nə dərəcədə təsir edəcəyindən asılıdır. Düşünürəm ki, indiki gərginlik zamanla keçəcək və Türkiyə ilə İsrail arasında münasibətlər bərpa olunacaq. Əlbəttə, çox şey ərəblərlə israillilər arasında münaqişənin nə qədər tez lokallaşacağından asılıdır.

-Yaxın Şərqdəki hadisələr Cənubi Qafqazı arxa plana atdı, indi demək olar ki, Fransadan başqa “erməni məsələsini” gündəmə gətirən yoxdur. Rəsmi Paris Ermənistanın müdafiə imkanlarını artırmaq qərarı verib, onu silahlandırır. Bu cəhdlər münaqişəni yenidən gündəmə qaytara bilərmi?

- Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qəti şəkildə bərpa edildikdən sonra Cənubi Qafqazda vəziyyət xeyli dəyişib və regionda gərginliyin dərəcəsi kəskin şəkildə aşağı düşüb. Rusiya ilə Ukrayna arasında və Yaxın Şərqdə müharibələrin davam etməsi də bu duruma xüsusi ilə təsir göstərir. Beləliklə, hər şey olduqca məntiqlidir. Mən şəxsən Azərbaycanla Ermənistan arasında hər hansı müharibə gözləmirəm. Sadəcə olaraq, Ermənistanın məğlubiyyət şokundan və 30 illik “miatsum” siyasətinin iflasından sonra düşdüyü uçurumdan qurtulması üçün də bir az vaxt lazımdır.

Azərbaycan və Ermənistan arasında sülh danışıqları təxirə düşdü. Bakı Qranada və Brüsselə getməkdən imtina etdi, İrəvan Tblisidə görüş təklifini qəbul etmədi. Rusiya isə danışıqlarda vasitəçi olmaq niyyətini bəyan edib. Hazırki durumu necə qiymətləndirirsiniz, ortaq məxrəcə gəlmək mükmkün olacaqmı?

-Hesab edirəm ki, bu gün həm Azərbaycanın, həm də Ermənistanın sülh müqaviləsi imzalamaq üçün əla şansları var. Fransaya gəlincə, o, ABŞ kimi, sadəcə olaraq, uzun illər ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi öz simasını xilas etmək istəyir. Bütün maraqlı ölkələr üçün siyasi fasilənin vaxtı çatıb, çünki hadisələr bir çoxları üçün sürətli və gözlənilməz oldu. Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları tezliklə bərpa olunacaq.

-Qərb dairələrində belə təbliğat aparılır ki, Rusiya - Azərbaycan tandemi Qərbi regiona buraxmamaq niyyətindədir. Ona görə də sülh danışıqlarında Brüsselin və Vaşinqtonun vasitəçiliyi sıfırlanacaq. Belə bir tandem varmı, Azərbaycanın hazırki mövqeyini necə izah edərsiniz?

- Qərbdə həmişə olduğu kimi, arzularla yaşayırlar və regionumuzda yeni status-kvonu qəbul etmək istəmirlər. Əlbəttə, əsas rolu bilavasitə coğrafi baxımdan orada yerləşən dövlətlər oynayacaqlar. Əgər onların Rusiya və İranla bağlı mövqeyi kifayət qədər tənqidi və anlaşılandırsa, o zaman NATO-nun regiondakı nümayəndəsi olan Türkiyəyə qarşı iddialar tamamilə doğru deyil. Gec-tez həm ABŞ, həm də Brüssel “kollektiv Qərb”in bölgədəki maraqlarının yalnız Türkiyə tərəfindən həyata keçirilə biləcəyi reallığı ilə razılaşmaq məcburiyyətində qalacaqlar. Sadəcə olaraq başqa variantlar yoxdur. Tandemə gəlincə, bizim regionda hələlik yalnız bir hərbi-strateji tandem var və bu, Azərbaycan-Türkiyə tandemidir. Qalanların hamısı – Moskva, Brüssel, Vaşinqton sakitcə bu tandemlə hesablaşmağa başlayıblar.

- Qarabağ münaqişəsi bitib, amma Rusiya sülhməramlıları Azərbaycan ərazilərində qalmaqda davam edirlər. Bu məsələ hansı zaman kəsiyində və necə həllini tapa bilər?

-Hesab edirəm ki, yaxın gələcəkdə bu məsələ Azərbaycan Konstitusiyasının tələb etdiyi kimi öz həllini tapacaq. Bir az səbr etmək lazımdır.(Azpolitika.info)

E.Rüstəmli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam