Analitik: “Qərb dairələri “qeyd-şərtsiz” tələbi ilə demək istəyir ki, Bakı ermənilərə vətəndaşlıq vermək hüququndan istifadə etməməlidir, yaxud seçimi onların özlərinə buraxmalıdır”
Yenixeber.org: Sentyabrın 19-u Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror əməliyyatlarından sonra Qarabağı öz xoşu ilə tərk edən erməni sakinlərinin yenidən bölgəyə qayıdışı gündəmə gətirilir. Əsasən Ermənistanın havadarları olan qüvvələr tərəfindən ermənilərin “qeyd-şərtsiz” qayıdışı qabardılır ki, əksər analitiklər bunu bəzi Qərb dairələrinin Azərbaycana təzyiq niyyəti kimi dəyəndirirlər.
Azərbaycan əvvəldən reinteqrasiya şərtlərini irəli sürüb və vətəndaşlığı qəbul edən, Azərbaycan qanunları ilə yaşamaq istəyən, terrorda və hərbi cinayətlərdə iştirakı, təşkilatçılığı, əli olmayan ermənilərin qalıb yaşaya biləcəyini açıqlayıb. Eyni zamanda, antiterror tədbirlərindən sonra bölgəni tərk edən ermənilərə qarşı hansısa zorakılıq və ya başqa bir əməl törədilməyib. Bu baxımdan, “etnik təmizləmə” kimi absurd iddiaların da əsası yoxdur. O zaman sual olunur, heç rəsmi İrəvanın ifadə etmədiyi “qed-şərtsiz qayıdış” çağırışı Qərbin bəzi dairələri üçün niyə aktuiallaşdırılır?!
Analitik Asif Nərimanlı bizimlə müsahibəsində deyib ki, bu məsələ Qərb dairələri üçün Bakıya qarşı təzyiq alətlərindən biridir və əsas diqqətçəkən məqam onların “qeyd-şərtsiz” tələbidir:
- Azərbaycan antiterror tədbirlərindən sonra Qarabağdakı erməni əhalisinə vətəndaşlığı qəbul edərək, təhlükəsiz şəraitdə yaşamaq imkanı yaratmışdı. Lakin ermənilər kütləvi şəkildə çıxdılar və sonrakı proses göstərdi ki, onların bu formada ərazini tərk etməsinin arxasında siyasi məqsədlər var. Birincisi, bölgədə qalanlar Azərbaycan vətəndaşlığını qəbul etməli olacaqdılar. Bu, Ermənistanın, eləcə də bölgədə maraqlı tərəflərin əlindəki siyasi kartdan məhrum olması deməkdir. İkincisi, Ermənistanın özü Azərbaycana qarşı “etnik təmizləmə” iddiasını irəli sürmək üçün bunda maraqlı idi, xüsusilə, danışıqlarda daim bundan istifadə edəcəklər. Eyni zamanda, Qərbi Azərbaycandan deportasiya edilən azərbaycanlıların geri qayıtmasına qarşı beynəlxalq ictimai rəyə sırıdıqları “Qarabağdan deportasiya edilən ermənilər”i irəli sürəcəklər.
Üçüncüsü, hazırda ermənilərin “qeyd-şərtsiz qayıtması”nı istəyən dairələr onların kütləvi çıxışında maraqlı idi, məhz buna nail olduqdan sonra indi siyasi rıçaq olaraq istifadə edirlər.
Burada “qeyd-şərtsiz qayıtmaq” dedikdə əslində erməni separatizminin Qarabağa qaytarılması niyyəti aydın görünür. Çünki qayıdacaq ermənilər Laçın postunda vətəndaşlıq verilərək qəbul ediləcəklər. Qərb dairələri isə “qeyd-şərtsiz” tələbi ilə demək istəyir ki, Bakı ermənilərə vətəndaşlıq vermək hüququndan istifadə etməməlidir, yaxud seçimi onların özlərinə buraxmalıdır. Yəni vətəndaşlığı qəbul etmək istəməyən ermənilər heç bir problem olmadan qayıdıb Qarabağda yaşamalıdırlar.
Əslində bu mümkün deyil, həm hüquqi, həm siyasi baxımdan. Bunun mümkün olmadığını “qeyd-şərtsiz” tələbini irəli sürənlər də anlayır. Oyun da məhz buradadır. Azərbaycan ermənilərin inteqrasiya şərtləri çərçivəsində qayıda biləcəyini deyir. Bu şərtlərlə ermənilər qayıdarsa, hələ də əllərində saxladıqları “erməni separatizmi” kartından imtina etmiş olacaqlar. “Qeyd-şərtsiz” tələbi ilə ermənilərin qayıtmasını mümkünsüz edərək Azərbaycana qarşı təzyiq alətini davamlı əllərində saxlayırlar.
Bu təzyiqin əsas məqsədi də Cənubi Qafqazda güc balansını xeyirlərinə dəyişməkdir. Bölgədəki siyasi mübarizənin nəticəsi sülh danışıqlarınını keçiriləcəyi masada müəyyən ediləcək. Bakıya təzyiq etməklə də Azərbaycanın Qərb masasına gəlişini təmin etməyə çalışırlar. Azərbaycan həmişə bütün platformalarda danışıqlara hazır olub, amma hazırda Ermənistanın gündəliyinin qoyulduğu Qərb masası məqbul deyil.
- Azərbaycana edilən bu təzyiq elementlərinin nəticələri olacaqmı?
- Təzyiq dalğasının hətta böyümək riski olsa belə, uzunmüddətli nəticələrinin olacağı ehtimalı az görünür. Bu təzyiqlərin daha çox siyasi çağırışlar, yaxud praktiki nəticəsi olmayan qərar və qətnamələrdən ibarət olduğu ortadadır. Belə mövqenin davam etməsi Azərbaycan üçün mənfi nəticədən daha çox, Qərb ölkələrinin Cənubi Qafqazdakı mövqelərinə mənfi təsir edə bilər. Azərbaycan Avropanın enerji təhlükəsizliyində müəyyən rol oynayır və imzalanan müqavilələr uzunmüddətlidir. Siyasi müstəvidə nə qədər bəyanatlar səslənsə də, bu əməkdaşlığın pozulmasını Qərb də istəmir.
- Ümumiyyətlə, Bakının şərtləri kontekstində Qarabağın erməni sakinlərinin qayıdışı nə dərəcədə realdır?
- Mövcud şərtlərdə ermənilərin qayıdışı çətin görünür. Birincisi, bunu Ermənistan hakimiyyəti istəmir, çünki qayıdacaq ermənilər vətəndaşlıq alacaq və bu halda rəsmi İrəvan həm onlardan siyasi kart kimi istifadə etmək imkanından məhrum olacaq, həm də “erməni qaçqınları” adı altında Avropadan aldığı maliyyə dəstəsini itirmək istəmir. Eyni zamanda, “erməni qaçqın”lardan uzunmüddətli perspektivdə azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsinə qarşı istifadə edəcəklər. İkincisi, baş verən proseslərdən sonra erməni əhalisinin özü qayıtmaq istəmir. 44 günlük müharibədən sonra ruslara inanaraq müəyyən bir qismi qayıtmışdı, son proseslərdə bu inam itib, digər tərəfdən, ruslar bölgədə uzunmüddətli qalmayacaqlar.
Bütün bunlarla yanaşı, gedənlərin hamısının qayıtmaq imkanı praktiki olaraq mümkün deyil. Çünki işğal dövründə Qarabağda qanunsuz məskunlaşdırma aparılmışdı, Ermənistanın müxtəlif yerlərindən, eləcə də xarici ölkələrdən – Suriyadan, Livandan və s. etnik ermənilər ərazilərimizə köçürülmüşdü. Fikrimcə, Azərbaycan ermənilərin qayıtması məsələsində bundan istifadə edəcək: Azərbaycan SSRİ dövründə Qarabağda yaşamış, burada qeydiyyatı olan ermənilərin, yaxud onların vasirlərinin qayıda biləcəyini irəli sürəcək. Bu həm daxili, həm beynəlxalq hüquqa uyğundur.
- Azərbaycan tərəfinin Brüssel görüşündən məhz Qərbin bu mövqeyi səbəbindən imtina etməsi qənaəti nə dərəcədə doğrudur?
- Əslində Qranada görüşünə baxdıqda Brüssel görüşündən də eyni mövqeyə görə imtina edildiyini deyə bilərik. Avropa İttifaqı 44 günlük müharibədən sonra Qərbdə balansı qoruyan tərəf kimi çıxış edirdi, lakin Fransanın Aİ-yə sədrlik dövrünün başlanmasından sonra bu mövqenin dəyişdiyini görürük. Artıq Brüssel formatının da Fransanın müdafiə etdiyi gündəliyə xidmət etdiyini deyə bilərik. Qranada Mişelin də iştirak etdiyi görüşdə qəbul edilənlər bunu təsdiqlədi. İstisna deyil ki, Brüsseldə müzakirələri Qranada bəyanatının mətni üzərində quracaqdılar. Bunu bilən rəsmi Bakı Brüssel görüşündən imtina etdi.
Bu mövqe Ermənistanın maraqları üzərindədir. Birincisi, ermənilərin “qeyd-şərtsiz” qayıdışı məsələsini irəli sürürlər. İkincisi, kommunikasiyanın açılması və sərhədin delimitasiyasında İrəvanın istəkləri ön plandadır. Bu halda Azərbaycanın prosesdən imtina etməsi başa düşüləndir. Digər tərəfdən, antiterror tədbirlərindən və Qarbağda suverenliyimiz tam bərpa ediləndən sonra regiondakı problemlərin region ölkələri çərçivəsində həlli prinsipi ön plana çıxıb və Azərbaycan bunu dəstəkləyir. Bu baxımdan da, regiondan kənar platformalarda hansısa müzakirələrin keçirilməsi mənasızdır. Çünki nəticənin olmayacağı öncədən bəllidir.
- Ermənilərin reinteqrasiya prosesi ilə bağlı Azərbaycanın təqdim etdiyi şərtlər hansı tarixədək gündəmdə ola bilər?
- Bu şərtlər dəyişməyəcək. Azərbaycan ərazisində yaşamaq istəyən etnik erməni buna yalnız vətəndaşlığı qəbul edərək, yerli qanunlara tabe olduğu halda nail ola bilərlər. Ermənilərin bu şərtlər altında geri qayıda biləcəyi məsələsi isə uzun müddət gündəmdə saxlanılacaq, çünki “erməni əhalisi” üzərindən beynəlxalq müstəvidə Bakıya qarşı təzyiq edilir. Konkret zamanı müəyyən etmək mümkün olmasa da, bunun ən azı Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanamasına qədər qüvvədə olacağını deyə bilərik.(AYNA)