Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tehran görüşü –“Başlamadan başa çatmış ziyafət”

Ərəstun Oruclu: “Bu formatda müzakirələrin heç bir perspektivi yoxdur, xüsusilə, Azərbaycan və Ermənistan üçün”

Yenixeber.org: Oktyabrın 23-də Tehranda “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində birinci görüşü keçirilib. “Altılıq platforması” da adlandırılan “3+3” formatında görüşdə Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər nazirləri iştirak ediblər. Toplantıda nazirlər çıxış edib, bəyanatlar səsləndiriblər. Gürcüstanın XİN başçısı Tehran görüşündə iştirak etməyib.

Azərbaycanın XİN başçısı Ceyhun Bayramov çıxışında qeyd olunan formatın regional problemlərə region ölkələri tərəfindən həll yollarını nəzərdən keçirmək məqsədilə yaradıldığını qeyd edib. Nazir platformanın mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlamaq, regionda təhlükəsizliyi və sabitliyi gücləndirmək, iqtisadi artım və tərəqqi naminə istifadə edilməmiş potensialı üzə çıxarmaq üçün əhəmiyyətli potensiala malik olduğunu bildirib.

Bayramov bəyan edib ki, region ölkələrinin qarşılıqlı fəaliyyət və əməkdaşlığının təməl daşı kimi suverenliyə, ərazi bütövlüyünə və bir-birilərinin sərhədlərinin toxunulmazlığına hörmət, daxili işlərə qarışmamaq vacibdir. Nazir çıxışında Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin, Rusiya, Azərbaycan və İranın iştirakı ilə Şimal-Cənub dəhlizinin və Azərbaycan-İran-Türkiyə üçtərəfli formatının yalnız bir dövlətin xeyrinə deyil, hər kəsin ortaq mənfəəti olduğunu əyani şəkildə nümayiş etdirdiyini, bu layihələrin və formatların müsbət təsirinin region ölkələri ilə məhdudlaşmadığını və daha geniş coğrafiyada tərəfdaşlarımızı əhatə etdiyini diqqətə çatdırıb.

XİN-in Mətbuat Xidməti İdarəsinin Tehran görüşü ilə bağlı məlumatında həmçinin qeyd edilir: “Nazir Ceyhun Bayramov regional bağlantıların təşviqinin yalnız tranzit və nəqliyyat sahələrində deyil, enerji təhlükəsizliyi və energetika kimi sahələrdə istifadə olunmamış geniş potensialdan faydalanmaq üçün də vacib olduğunu diqqətə çatdırıb. Region ölkələri arasında bağlantıların iqtisadi faydaları ilə yanaşı, müsbət qarşılıqlı asılılığa təkan vermək və beləliklə, sülh və sabitliyə töhfə vermək baxımından da eyni dərəcədə əhəmiyyətli olduğunu qeyd edib. Nazir çıxışında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında İran İslam Respublikasının ərazisindən keçməklə nəqliyyat əlaqələrinin yaradılması istiqamətində son inkişafların xüsusi əhəmiyyət kəsb etdiyini, infrastruktur layihələrinin tezliklə yekunlaşdırılması və bu marşrutun istismara verilməsinin regionumuzda bu iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığa xidmət edəcəyini, həmçinin Avrasiyada nəqliyyat və tranzit potensialının artırılması üçün yeni bağlantı arteriyasını yaradacağını vurğulayıb. C.Bayramov çıxışında Azərbaycan ərazilərinin işğalına son qoyulması və suverenliyimizin tam bərpasının Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün yeni perspektiv açdığını diqqətə çatdırıb. Azərbaycanla Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında normallaşmasının təkcə bu ölkələrin xeyrinə olmayacağını, həm də əməkdaşlıq və tərəqqi üçün istifadə edilməmiş potensialdan faydalanmağa imkan yaradacağını bildirib”.

“Nazir çıxışında Azərbaycanın Ermənistanla bir-birinin legitim maraqlarına qarşılıqlı hörmət əsasında ədalətli və bərabərhüquqlu sülh təklifini bir daha diqqətə çatdırıb və sülh müqaviləsi çərçivəsində məsələlərin tezliklə yekunlaşması məqsədilə Ermənistan tərəfindən qarşılıqlı addımlar və konstruktiv yanaşma gözlədiyimizi, tam regional normallaşma üçün bu unikal şansın bir daha əldən verilməyəcəyinə ümidvar olduğumuzu diqqətə çatdırıb”, - deyə XİN-in məlumatında vurğulanıb.

Tehranda keçirilən görüş, nəticələr və “3+3” formatının perspektivi barədə suallarımızı cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun sözlərinə görə, “3+3” formatında Tehran görüşü indi məhz ona görə keçirilir ki, dünyada geosiyasi mübarizə, qlobal maraqlar uğrunda savaş həlledici mərhələyə qədəm qoyub:

Ərastun Oruclu yazır...

- Əlbəttə, bizim region qlobal maraqlar baxımından önəmlidir. Həm region kommunikasiya, logistika imkanları, geosiyasi önəmi baxımından vacib regiondur, həm də Yaxın Şərqə çıxışın olması baxımından əhəmiyyətlidir. Cənubi Qafqaz Böyük Şərqin tərkib hissəsidir və bu baxımdan ciddi əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz ölkələrindən başqa digər üç dövlət – Rusiya, Türkiyə və İran Yaxın Şərq məsələsində birbaşa maraqları olan ölkələrdir. Təbii ki, hazırda Yaxın Şərqdə baş verən hazırkı proseslər fonunda bu üç ölkənin belə bir müzakirəyə ehtiyacları var. Bu ehtiyac “3+3” formatında görüşün keçirilməsini şərtləndirmiş oldu.

- Həm də “Altılıq platforması” adlandırılan “3+3” formatı İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyənin təklifi, təşəbbüsü ilə meydana çıxdı. Bu baxımdan, bizim üçün sözügedən formatın uğur qazanması hansı üstünlük vəd edir?

- Təşəbbüsün Azərbaycanla Türkiyə tərəfindən irəli sürülməsi, yaxud başqa hansısa dövlət tərəfindən ortaya atılması o dərəcədə önəmli deyil. Məsələ burasındadır ki, belə müzakirələr tərəflərin hər biri üçün əhəmiyyətlidir. Bu gün Rusiya üçün ən önəmli məsələ Yaxın Şərqə çıxış imkanının yaranmasıdır. İran üçün də bu, müəyyən mənada əhəmiyyət kəsb edir. Çünki Rusiya ilə İran artıq Qərbin “Şər oxu” adlandırdığı birlikdə təmsil olunur. Qərbin ritorikası ilə desək, “Şər oxu” üçün Yaxın Şərq çox vacibdir. Nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə indi baş verən eskalasiyanın təşəbbüskarı da şübhəsiz ki, bu formatdır. Digər tərəfdən, İran Rusiya üçün Ukraynaya qarşı müharibədə tərəfdaş kimi lazımdır. Bu iki ölkə arasında nəqliyyat-kommunikasiyanın açılması son dərəcə önəmlidir.

Türkiyə üçün isə önəmli olan odur ki, bölgənin imkanlarından istifadə edərək Xəzərə və Mərkəzi Asiyaya çıxış imkanı qazansın. Gürcüstan ümumiyyətlə, bu layihələrə qatılmaq istəmir. Tiflisin mövqeyi açıq-aydın görünməkdədir. Ermənistan və Azərbaycanın isə maraqları tələb edir ki, bölgədə sülh olsun, amma bu sülhün təminatçısı Moskva ilə Tehran olmasın. Çünki Rusiya və İranın maraqları həm Azərbaycanın, həm də Ermənistanın onlar üçün plasdarma çevrilməsi deməkdir. Yəni ki, Moskva və Tehran sülh təminatçısı olarsa, bu, onlar üçün Azərbaycan və Ermənistanın ərazi olaraq istifadəsi anlamı daşıyır. Bu isə digər qütbdən, Qərbdən, yaxud “Kollektiv Qərb” qütbündən uzaqlaşmaqla yanaşı, həm də bu qütbün hədəfinə gəlməkdir. Bakı və İrəvan isə bunu istəmir.

- O zaman “3+3” formatı perspektivdə uğur vəd etmir...

- Dediyim kimi, Gürcüstan kənardadır, bu formatda maraqlı deyil. Yerdə qalan beş ölkənin beşinin də maraqları nəinki fərqlidir, mən deyərdim ki, hətta bir sıra hallarda diametral şəkildə zidiyyətlidir. Moskva ilə Tehran istəmir ki, Ankara region vasitəsilə Xəzərə və Orta Asiyaya çıxış əldə etsin, Türkiyə istəmir ki, Rusiya Yaxın Şərqə çıxış imkanı qazansın. Tehran istəyir ki, Rusiyanın Yaxın Şərqə çıxışı yalnız onun ərazisindən olsun. Çünki bu, İrana daim Rusiyaya təsir vasitəsi kimi istifadəyə imkan yaradır. Göründüyü kimi, bu maraqlarda zidiyyətləri aradan qaldırmaq demək olar ki, qeyri-mümkündür.

- Bəs o zaman Azərbaycan bu formatda niyə maraqlı olduğunu nümayiş etdirir?

- Yenə deyirəm, Azərbaycan maraqlıdır ki, bölgədə sülh olsun, Ermənistanla beynəlxalq hüquq çərçivəsində sülh sazişi imzalansın. Ermənistan da bunda maraqlı görünür. Bununla yanaşı, Azərbaycan Türkiyə ilə müttəfiq və tərəfdaşdır, Rusiya ilə də tərəfdaşlıq görüntüsü yaradır. Təbii ki, Rusiyanın maraqları Azərbaycanın maraqlarına tam ziddir, bunu hər kəs anlayır. Ermənistan Qərblə, ilk növbədə Fransa və ABŞ-la münasibətləri yüksəltməyə çalışır. İndi hər kəs öz oyununu oynayır və bu formatda maraqlı olduğunu göstərir. Eyni zamanda, dediyim kimi, belə bir formatda görüşün indiki qlobal geosiyasi şəraitdə keçirilməsi ehtiyacı var idi. Bu ehtiyac Tehranda müzakirələrin aparılmasını vacib etdi.

- Adı “3+3” formatı olsa da, Gürcüstanın Tehran görüşünə qatılmaması da bu formatın perspektivini sual altına qoyur...

- Təbii ki, bu formatın perspektivi sual altında da qalacaq. Gürcüstan bu prosesə qatılmamağa çalışır. Nəzərə almaq lazımdır ki, Rusiya Gürcüstanın ərazilərini ilhaq edib, üstəlik, indi Abxaziyada hərbi dəniz bazası qurmağa çalışır. Rusiya indi də çalışır ki, Gürcüstan və Azərbaycan üzərindən Şimal-Cənub Dəhlizi layihəsinin bir hissəsini həyata keçirsin. Söhbət ilk növbədə dəmir yolundan gedir. Bu isə Gürcüstanın Rusiya tərəfindən ilhaq edilmiş ərazilərini Moskvaya güzəştə getməsi anlamı daşıyır. Ona görə də Tiflisin bu formata bundan sonra da istim yanaşacağı gözlənilmir.

- Amma Lavrov Gürcüstanın bu formatda iştirakı ilə bağlı maraqlı bəyanatlar verdi...

- Lavrovun Gürcüstan haqqında xüsusi şəkildə danışması, Tiflisin də bu formata cəlb edilməsinin vacibliyini qeyd etməsinin də heç bir perspektivi yoxdur. Cənubi Qafqaz və onu əhatə edən ölkələr arasında o qədər mürəkkəb münasibətlər var ki, o qədər dərin ziddiyyətlər var ki, “Altılıq platforması”nda hansısa nəticənin əldə olunması mümkünsüzdür.  

- Növbəti görüşlərin mütəmadi olaraq Moskvada, Ankarada, Bakıda və İrəvanda keçirilməsi razılığının əldə olunması da bu formatın gələcəyinə ümid yaratmır?

- Ümumiyyətlə, bu formatın perspektivi növbəti görüşlərin harada keçirilməsindən asılı deyil. Görüşlərin müxtəlif paytaxtlarda baş tutması formal olaraq mümkündür. Yəni ki, görüşlər keçirilə bilər, yaxşı açıqlamalar verilə bilər, bəyanatlar səsləndirilə bilər və s. Məsələn, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehranda dedi ki, Azərbaycan üçün önəmli olan Şərqi Zəngəzurun inkişafı, Naxçıvanla kommunikasiyanın açılmasıdır. Lakin Rusiya maraqlıdır ki, Türkiyə, Azərbaycan və Ermənistan Zəngəzur dəhlizinin açılmasında iştirak etsinlər. Azərbaycan faktiki bundan imtina edir. Çox maraqlıdır ki, İran da bunu istəmir. Və Azərbaycan İran üzərindən Naxçıvana Araz çayı boyunca yol çəkməyə qərar verib. İran da buna razıdır. Yəni demək istəyirəm ki, maraqlar toqquşur.

Göründüyü kimi, Rusiya, İran və Türkiyə arasında bir anlaşma yoxdur. Belə olan halda, “3+3” formatında görüşlərin bundan sonra harada keçirilməsinin əhəmiyyəti yoxdur. Ola bilsin ki, bundan sonra belə görüşlər heç keçirilməsin. Bütün bunlardan asılı olmayaraq, Tehranda keçirilən görüşü “başlamadan başa çatmış ziyafət” adlandırardım. Bu formatda müzakirələrin heç bir perspektivi yoxdur. Xüsusilə, Azərbaycan və Ermənistan üçün heç bir perspektiv vəd etmir. Çünki İran və Rusiya maraqları çərçivəsində Cənubi Qafqazla bağlı hansısa anlaşma əldə olunarsa, bu, Bakı ilə İrəvanın ziyanınadır. Bununla Azərbaycanla Ermənistan təkcə Rusiya-İran layihəsinin təsiri altına düşməsi deyil, həm də dünyadan təcrid olunması, əks qütbün, Qərbin hədəfinə gəlməsi deməkdir. Buna nə Bakı, nə də İrəvan razıdır.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam