“HƏMASın qaçmağa və ya gizlənməyə yeri olmayacaq. Biz buna imkan verməyəcəyik”
Yenixeber.org: İsrail və HƏMAS müharibə vəziyyətindədir və hər iki tərəfdən ölənlərin sayı minlərlə ölçülür. Yaxın Şərq böyük bir fəlakətə doğru sürüklənir.
Fələstində ikinci ən böyük güc Fələstin Azadlıq Təşkilatıdır. Bu təşkilata 2004-cü ildən, yəni Yasir Ərəfat 75 yaşında dünyasını dəyişəndən sonra Mahmud Abbas rəhbərlik edir. O, hələ də öz yerindədir.
Burada bir önəmli məqam var. HƏMAS İsraili dövlət kimi tanımır. Fələstin Azadlıq Təşkilatı (FAT) isə 1993-cü ildə İsraili dövlət kimi tanıyıb. Hazırda HƏMAS Fələstində FAT-dan daha güclüdür. Ancaq FAT ilə İsrail arasında da münasibətlər yaxşı deyil.
Belə ki, keçən ay öz partiyası qarşısındakı televiziya çıxışında Mahmud Abbas Holokostla bağlı antisemitizm xarakterli şərhlərinə görə bütün dünyada geniş şəkildə qınandı. Mahmud Abbas həmin çıxışında belə demişdi: “Onlar deyirlər ki, Hitler yəhudiləri yəhudi olduqlarına görə öldürüb və Avropa yəhudilərə yəhudi olduqları üçün nifrət edirdi, xeyr. Yəhudilərə qarşı dinlərinə görə deyil, sosial rollarına görə mübarizə aparıldığı açıq şəkildə izah edilib”.
Mahmud Abbas daha sonra “sosial rol” dedikdə “sələmçilik, pul və s.” şeyləri nəzərdə tutduğunu açıqlamışdı.
Bu çıxışa cavab olaraq öncə fələstinli intellektual kəsim kəskin bəyanatla çıxış etdi. Daha sonra yəhudilərin nüfuzlu elm xadimləri də həmin bəyanata dəstək verdi.
Maraqlıdır ki, Azərbaycan mediasında daha çox HƏMAS haqqında yazırlar. Ancaq HƏMASla birlikdə Fələstin İslami Cihad Hərəkatı da əldə silah İsrailə qarşı döyüşür. İslami Cihad HƏMAS-dan kiçikdir, ancaq onlar da Fələstində müəyyən nüfuza sahibdir. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, İngiltərə, Yaponiya, Kanada, Avstraliya və İsrail İslam Cihadını terrorçu təşkilat hesab edirlər. Bu hücumda İzz əd-din əl-Qasım Briqadası da iştirak edir. Bunlar kimdir? HƏMAS-ın hərbiləşmiş qanadıdır. Onlara Məhəmməd Deyf rəhbərlik edir. 1991-ci ildə yaradılmış bu təşkilat indiyə kimi dəfələrlə İsrailə qarşı terror hücumları təşkil edib. Əl-Qasım Briqadası Fələstində ən yüksək səviyyəli hərbi hazırlığa malik qüvvə kimi tanınır...
Bəs HƏMAS və tərəfdarları İsrail dövlətindən konkret olaraq nə istəyirlər? Əl-Qəssam Briqadalarının baş komandiri Məhəmməd Deyfin bəyanatından sonra HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə, daha sonra İslami Cihaddan Ziad əl-Nəhlənin bəyanatları səsləndi. Əsas tələb bunlardır: Bütün məhbusların azad edilməsi; Qüdsdə Fələstinin müqəddəs yerlərinin toxunulmazlığı təmin edilsin, Qəzzənın mühasirəsinə son qoyulsun və.s. Aydındır ki, radikal dinçi və millətçi kimi tanınan İsrailin hazırkı Baş naziri Benyamin Netanyahu bu kimi tələbləri qətiyyən qəbul edə bilməz. Fələstin müqavimətinin önündə yer alan HƏMAS radikal sağçı mövqedə olan İsrail hökuməti ilə üz-üzə qalıb. Tək Benyamin Netanyahu deyil, hökuməti təşkil edən digər radikallar da HƏMAS-ın məhvinə qədər müharibənin davam etməsi tələbi ilə çıxış edir. Ona görə Benyamin Netanyahu hökuməti müxtəlif tərəflərdən gələn atəşkəs çağırışlarına məhəl qoymur. Benyamin Netanyahu birmənalı şəkildə deyir: “Bu müharibəni biz başlamadıq, ancaq bu müharibəni də, HƏMASı da biz bitirəcəyik”.
Hərbi ekspertlər hesab edir ki, HƏMAS və onlara dəstək verən Livanın Hizbullah şiə qruplaşması İsrailin quru qoşunlarından daha yaxşı döyüşür. Hizbullah bu 2000 və 2006-cı illərdə sübut edib. Ancaq İsrail ordusu havada dominant gücə sahibdir. Bu isə yəhudilərə ağlasığmaz üstünlük verir. Düşünün ki, hazırda İsrail Fələstin ərazisini Misir sərhədinə qədər total şəkildə bombalayır. Təbii ki, HƏMAS və onun ətrafında olan silahlı qruplaşmalar İsrailin bu üstünlüyünü aradan qaldırmaq üçün nəsə etmək gücündə deyillər. Ona görə də İsrailin hərbi rəhbərliyi xəbərdarlıq edib ki, HƏMAS terrorçularının “qaçmağa və ya gizlənməyə yeri olmayacaq. Biz buna imkan verməyəcəyik”. İsrail Müdafiə Nazirliyinin sözçüsü Daniel Hagari deyib ki, biz terrorçuları hər yerdə təqib edəcəyik. Bu arada isə Misir Fələstinlə sərhədini bağlayıb. Yəni fələstinlilərin fəlakətdən uzaqlaşmaq şansı da yoxdur...
Xarici xəbər agentlikləri bildirir ki, Fələstin və Livan ərazisindən yüz minlərlə insan baş götürüb qaçır. Maraqlıdır ki, İsraili tərk etməyə çalışan yəhudilər də çoxdur. Ancaq İsrailin hava limanlarına eniş və uçuşlar tamamilə dayandırılıb. Sıradan insanlar müharibənin gətirdiyi bəlalardan uzaqlaşmağa can atırlar. Xüsusən uşaqları xilas etməyə çalışırlar...
Sirr deyil ki, Qərbdəki solçu düşərgə birmənalı şəkildə Fələstini müdafiə edir. Onların düşüncəsinə görə, İsrail 75 ildir ki, Fələstin torpaqlarını işğal altında saxlayır. Və Qərbin CNN, BBC, FOX kimi nəhəng xəbər mərkəzləri Fələstin-İsrail qarşıdurmasını ikincinin xeyrinə təbliğ edirlər. Məsələn, eyni media sənaye kompleksi İsrail ordusu tərəfindən gecə yarısı yataq otağından yarıçılpaq götürülən fələstinli kişilər, qadınlar və uşaqlar üçün heç vaxt girov ifadəsini işlətməyib. CNN, FOX və MSNBC-dəki ekspertlər heç vaxt heç bir ittiham irəli sürülmədən qeyri-müəyyən müddətə saxlanılan 1200 fələstinlini girov adlandırmayıblar. Solçuların baxışına görə, mahiyyətdə həmin fələstinlilər İsrail tərəfindən girov kimi saxlanılır. Başqa bir məqam: Solçular deyir ki, Qərb mediası Rusiyanın Ukraynada törətdiyi dağıntıları ən kəskin ifadələrlə ictimai rəyə sırıyır. Ancaq İsrailin Fələstinə qarşı aşırı gücdən istifadəsi haqqında isə bir kəlmə də demir...
Ərəblərin ən nüfuzlu media orqanı olan “aljazeera” xəbər verir ki, hal-hazırda Qəzza zolağındakı xəstəxanalarda yaralı əlindən tərpənmək mümkün deyil. Ölənlər arasında 6 nəfər fələstinli jurnalist də var. Qəzza zolağında təhlükədən kənar hesab oluna biləcək yer qalmayıb.
İraqda Ayətullah Seyid Məhəmməd Baqir əl-Həkim tərəfindən qurulmuş Bədr Briqadası İrana bağlıdır. Təşkilatın lideri Hadi əl-Əmiri bəyan edib ki, əgər ABŞ İsrailə açıq şəkildə hərbi yardım etsə, biz də Amerikaya bağlı obyektləri legitim hədəf kimi sıradan çıxaracağıq.
“Save the Children” (Uşaqları xilas edək) təşkilatının Avropa üzrə direktoru və Avropa İttifaqındakı nümayəndəsi Willy Bergogne deyir ki, onun təşkilatı bir neçə Aİ üzv dövlətinin Fələstinə humanitar yardımını dayandırmaqla bağlı qərarına görə "narahat olub".
O, “aljazeera” xəbər telekanalına deyib: “Biz digər Aİ üzv dövlətləri və Avropa Komissiyasının da fələstinli ailələrə dəstəyini dayandırmaq üçün oxşar hərəkətləri nəzərdən keçirməsindən son dərəcə narahatıq”.
Bu arada isə BMT komissiyası Qəzza və İsraildə müharibə cinayətlərinin törədilməsi ilə bağlı “aydın dəlil”lərin ortaya çıxdığını bildirib.
Münaqişənin monitorinqini aparan BMT komissiyasına görə, hər iki tərəfin törətdiyi hərbi cinayətlərə, o cümlədən mülki şəxslərin hədəfə alınması barədə faktlar var.
Komissiya tələb edib ki, beynəlxalq humanitar hüququ pozan və ya mülki şəxsləri hədəfə alanların hamısı məsuliyyətə cəlb edilsin.
“Qəzzadan gələn silahlı qrupların yüzlərlə silahsız mülki vətəndaşı gülləbaran etməsi ilə bağlı xəbərlər dünyaya dəhşət saçır və dözülməzdir. Mülki girovlardan və mülki şəxslərdən canlı qalxan kimi istifadə müharibə cinayətləridir”, - bəyanatda deyilir.
Komissiya həmçinin bildirib ki, “İsrailin Qəzza zolağını su, qida, elektrik və yanacağın kəsilməsi ilə tam mühasirəyə alması, şübhəsiz ki, mülki insanların həyatı bahasına başa gələcək və fələstinlilərin kütləvi şəkildə cəzalandırılması kimi dəyərləndiriləcək”...
Yaxın Şərqi xaosa sürükləyən və qəddarlığı ilə seçilən müharibə davam edir...
Elbəyi Həsənli, Sürix