Politoloq: “Türkiyə Fransanı Cənubi Qafqazda neytrallaşdırmaq istiqamətində həlledici rol oynayır”
Yenixeber.org: Fransanın Azərbaycana qarşı atdığı addımlar Bakı ilə Paris arasında münasibətləri yenidən gərgin nöqtəyə gətirib çıxarıb. Qarabağ məsələsində Fransa rəsmiləri tərəfindən Azərbaycana qarşı verilən bəyanatlar, Laçın yolu ətrafında yaradılan süni ajiotaj, Qarabağda “humanitar böhran” və “bölgənin blokadası” iddiaları gərginliyi kəskin fazaya keçirib.
Eyni zamanda, Paris merinin Ermənistana səfəri, Qarabağa humanitar yük adı altında bir neçə TIR-ı laçın sərhəd-keçid məntəqəsində saxlaması və orada ölkəmiz əleyhinə bəyanatlar səsləndirməsi Fransanın regionda vəziyyəti daha da gərginləşdirmək maraqlarından xəbər verir.
Bu gün Azərbaycan bu addımlarına görə Fransaya nota verib. Bu ölkənin səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və etiraz notası diplomata təqdim edilib.
Hazırda davam edən gərgin situasiya ilə bağlı suallarımızı cavablandıran politoloq Nazim Cəfərsoy deyib ki, Fransanın hazırkı xarici siyasətində işğalçılarla əməkdaşlıq etmək üstünlük təşkil edir:
- Biz bunun Ermənistan kimi işğalçı dövlətlə əməkdaşlıqda əyani şahidi oluruq. Fransanın regiondakı aktivliyinin müxtəlif motivləri var. Birincisi, Fransanın xarici siyasətdə bu gün yaşadığı problemlərdir. İndi qlobal münasibətlər sistemi – həm qlobal, həm də regional baxımdan yenidən dizayn edilir. Qlobal siyasi arxitektura Cənubi Qafqazdan da yan keçmir. Qlobal transformasiyada Fransa ciddi məğlubiyyətlərlə üzləşir. Maraqlı məqam odur ki, Paris həm də öz müttəfiqləri tərəfindən məğlub edilir. Bu gün qlobal sistemin mərkəzi Asiyaya transfer olur. Burada Fransa özünü qorumaq, təsir gücü kimi qalmaq niyyəti güdür.
Nəzərə almaq lazımdır ki, “Berxit”dən sonra Fransa və Almaniya Rusiya ilə əməkdaşlıqda daha “müstəqil” qlobal oyunçuya çevrilmək üçün addımlar atırdı. Ukrayna böhranı ilə Fransa və Almaniyanın Avropada qurmağa çalışdığı beynəlxalq güc bazası çat verdi. Faktiki olaraq Ukrayna müharibəsi ilə Avropa regionunda ABŞ patronajlığı bir daha möhkəmləndi. “Ərəb baharı” ilə də Fransa qlobal güc olmaq istiqamətindəki addımlarında uğursuzluğa düçar oldu. İndi isə Fransa Afrikada ard-arda məğlubiyyətlərə uğrayır.
Bütün bunlar, qlobal iddiası hər zaman aktual olan, iddiası gücünün irəlisində olan Fransanı qəzəbləndirir. Bu məğlubiyyətlər Fransa dövlətinin ciddi prestij itirməsi ilə nəticələnir. Bu mənzərədə Fransa özü üçün region axtarır ki, orada güclənsin. Bununla həm daxili auditoriyasına məğlubiyyətlərini unutdursun, həm də qlobal güc kimi qaldığını nümayiş etdirsin. İndi bu region hazırda görünür ki, Paris üçün Cənubi Qafqazdır. Yəni Fransanın bu cür addımlarında bir çox məqsədləri var.
- Bu məqsədlər içərisində Qarabağ ermənilərinə həqiqətən də kömək etmək istəyi varmı, yoxsa Paris ermənilərdən alət kimi istifadə edir?
- Unutmaq olmaz ki, Fransa hər zaman ermənipərəstliyi ilə seçilib və hər zaman da ermənilərdən alət kimi istifadə edib. Bu, birmənalıdır və Fransanın ermənipərəstliyindən saatlarla danışmaq olar. Nəzərə almaq lazımdır ki, Fransada erməni lobbisi xeyli təsirə malikdir. Ermənilər məsələsində Fransa hakimiyyətləri daxili siyasətə, seçkiyə hesablanmış addımlar da atır. Mən qeyd etdim, Parisin qlobal maraqları var, Cənubi Qafqaza daxil olmaq istəyi mövcuddur. Amma burada daxili məsələlər də var.
Baxın, indi Qarabağ ermənilərinə humanitar yardım adı altında yük gətirən Paris meri Anna Hidalqo önümüzdəki dönəmdə Fransa Prezidenti olmaq iddiasındadır. Bundan əvvəl Hidalqo sosialistlərin namizədi olub, yetərli səs qazana bilməyib. İndi bu fransız xanım gələcəkdə Fransa vətəndaşı olan ermənilərin səslərini almaq perspektivinə çalışır. Yəni Hidalqonun ermənilərdən umacağı olduğu üçün belə canfəşanlıq nümayiş etdirir.
Yeri gəlmişkən, Anna Hidalqo 2017-ci ildə Ermənistanın “Şərəf” ordeni ilə təltif edilib. Bu orden xarici vətəndaşlara o şərtlə verilir ki, təltif olunan şəxs Ermənistan üçün xüsusi xidmət həyata keçirmiş olsun. Hidalqonun niyə belə canfəşanlıq göstərməsi də buradan qaynaqlanır. Eyni zamanda, Marselin bələdiyyə başçısı onsuz da ermənidir. Strasburqun bələdiyyə başçısı da ermənidir. Yəni anti-Azərbaycan kampaniyalarının kökündə həm də bu səbəblər var.
Fransa Prezidenti Emmanuel Makronun da bu gün daxildə siyasi vəziyyəti o qədər də ürəkaçan deyil. Bir neçə ay qabaq onun hökuməti parlamentdə güclə etimad aldı. Demək istədiyim odur ki, hazırda Ermənistan-Azərbaycan sərhədində baş verənlər həm də Fransada gələcək seçkilərə hesablanan addımlardır.
- Belə başa düşdüm ki, Fransa bölgəyə daxil olmaq istəyir. Bu giriş Azərbaycan əleyhinədir. Bəs sizcə, regionun digər oyunçuları – Türkiyə və Rusiyanın buna reaksiyası necə olacaq?
- Fransa əslində, bu prosesi həyata keçirərək, sanki bir az da Rusiya və ABŞ-la “bazarlıq” etməyə çalışır. Paris özünü Cənubi Qafqazdakı krizisi çözməkdə önəmli rol oynaya bilən dövlət kimi göstərmək istəyir. Dünən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın aktivliyi barədə sualı cavablandırdı. Bildirdi ki, Fransa belə vasitəçilik səylərində hər iki tərəfin, yəni Ermənistanla yanaşı, Azərbaycanın da mövqeyini nəzərə almalıdır. Rusiya burada Fransa üçün bir neçə “qırmızı xətt” çəkdi. Birincisi, Moskva Parisə tövsiyə etdi ki, təkcə Azərbaycanın maraqlarından çıxış etməməlidir. İkincisi, Zaxarova bildirdi ki, mövcud olan müzakirə formatlarını təkrarlamayan, hazırkı danışıqlar formatı ilə ziddiyyət təşkil etməyən vasitəçilik olmalıdır. Moskva bununla Parisə xəbərdarlıq etdi ki, münasibətlərin normallaşdırılmasında səylər göstərmək istəyirsə, Rusiya xətti nəzərə alınmalıdır.
Türkiyənin mövqeyinə gəldikdə isə demək olar ki, Türkiyə buna qarşıdır. Onsuz da rəsmi Ankaranın Parisə münasibəti məlumdur. Türkiyə regionun aparıcı gücü olaraq, Azərbaycanın qardaş ölkəsi, müttəfiqi olaraq Azərbaycanın mövqeyindən çıxış edir. Son günlərin qarşılıqlı səfərləri, Cənubi Qafqazla bağlı Ankaradan verilən mesajlar deməyə əsas verir ki, Türkiyə Fransanı neytrallaşdırmaq istiqamətində həlledici rol oynayır.
- Bu gün Qarabağdakı separatçılar Azərbaycanın humanitar yükünü qəbul etməkdən imtina edirlər. Fransa isə siyasəti ilə gərginliyi daha da artırır. Separatçılar humanitar yükdən nə vaxtadək imtina edəcəklər və bu proseslərin sonu hara gedir?
- Bu məsələlərin həllində üç istiqamət var: Birincisi, işin humanitar hissəsi, yəni yumşaq güc tətbiqi iqtisadi məsələlər;
İkincisi, siyasi və hüquqi tədbirlərdir. Orada Azərbaycan əleyhdarları, prosesə təsirini göstərənlərə, qondarma rejimin “vəzifəliləri”nə yönəlik Azərbaycanın hüquq-mühafizə orqanlarının lazımi addımları atmasıdır. Bu istiqamətdə müsbət sayıla biləcək xırda addımlar var. Məsələn, Meşəli cinayətinin təşkilatçısı Vaqif Beqlaryanın yaxalanıb Bakıya gətirilməsi faktı mövcuddur. Azərbaycan bayrağını təhqir edən futbolçuların həbs edilməsi var. Düzdür, bunlar ilkin addımlardır, amma prosesi daha geniş miqyasda həyata keçirmək lazımdır. Güman edirəm ki, bu, baş verəcək;
Üçüncü istiqamət isə antiterror əməliyyatlarıdır. Burada söhbət sayı 10-12 min, bəzi rəqəmlərə görə, daha çox olan qanunsuz erməni silahlı birləşmələrini ərazilərimizdən təmizləməkdən gedir. Məlumdur ki, bunlar sözdən anlamırlar və anlamayacaqlar. Onları tərksilah etmək məcburiyyətimiz var. 30 il Ermənistandan işğal etdiyi ərazilərdən çıxmasını sözlə tələb etdik, amma işə yaramadı. Axırda 44 günlük müharibə ilə izah etdik ki, ərazilərdən çıxmaq lazımdır. Eləcə də indi Qarabağda qalmış silahlı ünsürlərə izah edilməlidir ki, çıxmaq lazımdır.
Dediyim proseslərin baş verməsinə ehtiyac var. Qarabağdakı silahlı tör-töküntünün tərksilah edilməsi mütləqdir. Çünki onlar orada qaldığı müddətdə nə reinteqrasiya baş tutacaq, nə də Azərbaycanın suverenliyi Xankəndidə bərpa olunacaq. Qaldı ki, antiterror əməliyyatlarına beynəlxalq reaksiyalara, Fransa kimi erməni yanlısı olan ölkələr bəyanatlar verəcəklər. Amma bu, keçərli deyil. Beynəlxalq hüquqa əsasən ora Azərbaycanın ərazisidir, Azərbaycan da öz ərazisində terrorçuları zərərsizləşdirir. Bu, Azərbaycanın daxili məsələsidir və Azərbaycan Ordusu öz daxilindəki terrorçuları zərərsizləşdirmək hüququna malikdir.(AYNA)