İki dost ölkənin rəhbərləri mühüm mesajlar verdilər
Mayın 30-da İsrail Prezidenti İsxak Hersoq və onu müşayiət edən nümayəndə heyəti Bakıya iki günlük səfərə gəlib. Səfərin ilk günü Azərbaycan Prezidenti İlham Əliyevin İsxak Hersoqla geniş tərkibdə görüşü olub.
Yenixeber.org: İlham Əliyev görüşdə bildirib ki, artıq iki ölkə arasında ticarət, enerji, təhlükəsizlik kimi istiqamətlərində böyük işlər görülüb, lakin İsrail-Azərbaycan əlaqələrinin daha böyük potensialı var. Dövlət başçısı qeyd edib ki, iki ölkə birlikdə bir çox işlər görəcək: “Əminəm ki, səfər ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verəcək. Elə indicə cənab Prezidentlə ikitərəfli gündəliyimiz və regional məsələlərlə bağlı çox yaxşı müzakirə apardıq. Əminəm ki, nümayəndə heyətlərinin iştirakı ilə görüşdə, bu gün və sabah davam edəcək səfəriniz çərçivəsində təmaslarda geniş diapazonlu məsələlər müzakirə olunacaq. Biz səfərdən sonra müsbət dinamikanı görəcəyik. Çünki mən tamamilə əminəm, böyük potensial mövcuddur, baxmayaraq ki, biz ayrı-ayrı istiqamətlər, ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük. Lakin hələ çoxlu işlər görülməlidir. Əlbəttə ki, biz Sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik”.
İsrail Prezidenti isə deyib ki, hər iki xalq arasında böyük dostluq əlaqələri var: “Burada olmaqdan şərəf və məmnunluq hissi duyuram. Biz buraya açıq ürəklə, millətlərimiz arasında böyük dostluqla gəlirik. Ən əsası odur ki, siz mərhum atanızı yetişdirən millətsiniz, sonra isə Siz onun yolunu davam etdirərək elə bir heyrətamiz ölkə yaratmısınız ki, bura bir çox məsələlərin mərkəzinə çevrilib. İsraillə Azərbaycan arasında tərəfdaşlıq Sizin qeyd etdiyiniz və bizim müzakirə etdiyimiz bir çox sahələrin də təməl nöqtəsidir. Düşünürəm ki, bu, bir çox səviyyələrdə xalqlarımıza mesaj göndərir. İlk növbədə, hesab edirəm ki, bu, elə bir mesaj göndərir ki, yəhudilər və müsəlmanlar birlikdə sülhə doğru addımlasalar, birgə açıq dialoq aparsalar, birlikdə dünyanın xeyrinə çalışsalar birlikdə möhtəşəm işlər görə bilərlər. İkincisi, bu, strateji münasibətdir, çünki biz sülh, rifah və inkişaf istiqamətlərində bütün regiona öz təsirimizi göstəririk. Buna görə çox sağ olun. Əlbəttə ki, cənab Prezident, mən qarşılıq göstərərək Sizi İsraildə qəbul etməyi səbirsizliklə gözləyirəm”.
İsxaq Hersoq Azərbaycan və İsrailin strateji əlaqələrinin sülh, firavanlıq və inkişaf istiqamətində bütün regiona təsir etdiyini vurğulayıb.
Prezidentlər mətbuata bəyanatla çıxış ediblər. İlham Əliyev bildirib ki, bu il İsraildə Azərbaycan səfirliyinin açılması əlbəttə ki, əlaqələri yüksək səviyyəyə qaldıracaq, eyni zamanda, daha yaxın qarşılıqlı fəaliyyət üçün daha çox fürsətlər yaradacaq. Dövlət başçısı qeyd edib ki, Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur və bu, diqqətçəkən miqdardır.
“Amma mən düşünürəm ki, qarşıdakı illərdə ticarət dövriyyəmizi şaxələndirməli olacağıq. Ümidvaram ki, planlaşdırdığımız və həyata keçirdiyimiz birgə layihələrimiz nəticəsində bizim daha balanslı ticarət dövriyyəmiz olacaq və bu, sadəcə, enerji faktorundan asılı olmayacaq, baxmayaraq ki, Azərbaycan İsrail üçün illərdir ki, etibarlı xam neft tədarükçüsü olmağa davam edir və bu enerji sahəsində yaxın əməkdaşlığı nümayiş etdirir”, - Prezident İlham Əliyev vurğulayıb.
İlham Əliyev deyib ki, Azərbaycan və İsrail arasında kibertəhlükəsizlik sahəsində aktiv kommunikasiya başlayıb. “Nisbətən yeni əməkdaşlıq etməyə başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Biz çox şadıq ki, indi kibertəhlükəsizlik sahəsində aktiv kommunikasiya başlayıb. Sirr deyil ki, bu gün kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin vacib faktıdır. İsrail şirkətlərinin bu sahədəki böyük təcrübəsi bizim üçün faydalı olacaq. Bu gün müzakirələr zamanı biz həmçinin enerji sahəsində əməkdaşlığı necə genişləndirəcəyimiz məsələsini müzakirə etdik. Çünki biz investisiya layihələri, interkonnektorların yaradılması ilə əlaqəli layihələr, üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri ilə bağlı böyük imkanlar görürük. Biz həmçinin suvarma və kənd təsərrüfatı sahəsində planlarımızı və artıq həyata keçirilənləri müzakirə etdik. Biz İsrailin bu sahədəki böyük nailiyyətləri barəsində bilirik”, - Prezident İlham Əliyev qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, hədəflərə nail olunması və təhdidlərdən qorunulması baxımından gənc nəslin bu istiqamətdə təlimi və təhsili fundamental faktordur.
İsxaq Hersoq isə bildirib ki, xalqlarımız arasında 30 ildən artıqdır güclü əlaqələr mövcuddur: “İnanıram ki, nümayəndə heyəti ilə birgə hazırkı səfərim münasibətlərin daha da inkişaf etməsi üçün təkan nöqtəsi olacaq. Dostum, Azərbaycan Prezidenti İlham Əliyevə, İsrailin əsl dostuna öz iqamətgahında səmimi qarşılamaya görə təşəkkür edirəm. İsrail Azərbaycana mühüm strateji tərəfdaş və regional sabitliyin mənbəyi kimi baxır. Xalqlarımız arasındakı münasibətlər sülh və əməkdaşlıq yolunu seçən digər ölkələr üçün örnəkdir və müsəlmanlar və yəhudilər arasında dostluq münasibətlərinin nümunəsidir”.
İsrail Prezidenti Azərbaycan səfəri zamanı yəhudi icmasının üzvləri ilə əlaqə saxlamaq və müzakirələr aparacaq.
Səfər zamanı İsxak Hersoqu müşayiət edən səhiyyə və daxili işlər naziri Moşe Arbel fövqəladə hallara hazırlıq, həkim hazırlığı və rəqəmsal sağlamlıq sahəsində əməkdaşlığın artırılması yollarını araşdıracaq. Yada salaq ki, İ.Hersoq 2021-ci ilin mayında Knessetdəki səsvermə nəticəsində İsrailin 11-ci prezidenti seçilib. İ.Hersoq ilk dəfədir ki, Bakıya səfər edib, ondan bir müddət əvvəl bu ölkənin xarici işlər naziri Bakıda yüksək səviyyəli görüşlər keçirmişdi.
1991-ci ildə Azərbaycan müstəqilliyini elan edəndə İsrail onu tanıyan dövlətlərin önündə olub (1991-ci il dekabrın 25-də). İsrailin o vaxt da baş naziri olan Benyamin Netanyahunun Asiya turnesindən sonra 1997-ci ildə Azərbaycana səfəri yüksək səviyyəli ilk görüş olması baxımından mühüm əhəmiyyət kəsb edib. Netanyahunun bu səfərindən sonra 2009-cu ildə o vaxtkı baş nazir Şimon Peresin Bakıya səfəri baş tutub. 2016-cı ildə baş nazir kimi Netanyahu yenidən Bakıda olub.
Bu ilin martında Azərbaycanın İsraildə səfirliyi açıldıqdan sonra əməkdaşlığın yeni mərhələsinin əsası qoyulub. Azərbaycanla İsrail arasında yüksək səviyyəli münasibətlərin bir tərəfdən geosiyasi, digər tərəfdən isə iqtisadi əhəmiyyəti var.
Dağlıq Qarabağ məsələsində İsrail Ermənistanla münasibətlərdə balansı qoruyub saxlamaqla, ümumilikdə Azərbaycana dəstək verib. Təsadüfi deyil ki, 44 günlük müharibədən sonrakı şənliklərdə Azərbaycan və Türkiyə bayraqlarının yanında İsrail bayrağı da dalğalanıb. İkili əlaqələrin inkişafına təsir edən əsas faktorlardan biri də yəhudilərin Azərbaycanda öz vətənlərindən də təhlükəsiz və mehriban yaşamasıdır.
İsrail dövlətinin rəhbərliyinin Azərbaycana səfəri həmişə İranda ciddi narazılıq yaradıb. Məsələn, İsrail Prezidenti Şimon Peresin 2009-cu ilin iyununda Bakıya səfəri öncəsi İran Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi İran Azərbaycan münasibətlərində problem yaranacağını bildirmişdi. Xüsusilə son zamanlar Azərbaycan-İsrail münasibətlərinin strateji tərəfdaşlıq kontekstinə keçməsi başda İran olmaqla, bir çox ölkələri narahat edir. Rəsmi Tehran mümkündür ki, bu səfərdən də narahatdır. Amma bu gün İranda yaxşı başa düşürlər ki, İsrail-Azərbaycan münasibətləri qarşısı alınmaz bir səviyyəyə çatıb. Düzdür, bu günə qədər İran tərəfi münasibətlərin inkişaf etməməsi üçün çox çalışıb, hətta bəzən buna nail da olub. Lakin bu gün vəziyyət tamamilə fərqlidir. Azərbaycan İsraildə səfirlik açdıqdan sonra İranın bu istiqamətdə atacağı istənilən addım əbəsdir. Səfərin əhəmiyyəti nələrdir? İranın mümkün reaksiyası necə ola bilər?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov bildirdi ki, Azərbaycan-İsrail münasibətləri artıq iki dövlətin böyük bir dostluğuna çevrilib: “Biz İsrailə və İsrail də bizə yalnız müttəfiq kimi baxmırıq. İki dövlət bir-birinin simasında dayanıqlı və etibarlı bir dostu görürlər. Bu dostluğun ən gözəl anları 44 günlük İkinci Qarabağ savaşında, İsrail rəhbərliyinin "biz dostlarımızla düşmənçilik edən bir dövlətə silah satmarıq" deməsi ilə yaşandı və bu sözlər çətin gündə sınaqdan çıxan əsl dostluğun bir möhürünə çevrildi.
İran bu dostluqdan həmişə əndişəli olub. Bir mollanın ağlı ilə, dünyanı idarə edəcək qüdrətdə olan yəhudi ağlını Azərbaycan dövlətinin bir tərəziyə qoyması mümkün deyil. İranın fars hakimiyyəti iki yüz ildir ki, on milyonlarla Azərbaycan türkünün haqqını ayaqları altına atıb, tapdalamaqla məşğuldur. Soydaşlarımıza qarşı etdikləri bu haqsızlıqların müqabilində bu rejimin sivil dünyanın bir parçasına çevrilmiş Azərbaycandan gerçək dostluq, qardaşlıq istəməyə haqqı varmı? Yoxdur! Azərbaycan belə bir dövlətin dostu ola bilməz. Ən yaxşı halda, bu rejimlə qonşuluq xatirinə müəyyən sahələrdə əməkdaşlıq mümkündür ki, biz də bunu edirik. Tehrandakı səfirliyimizdə dövlət səviyyəsində terror aktı törədib, sonradan terroristi azadlığa buraxaraq, ondan dövlət telekanalları vasitəsilə müsahibə alıb, bütün dünyaya nümayiş etdirən bir molla rejiminə hansı münasibəti bəsləməliyik ki? Otuz ilə yaxın torpaqlarımızı işğal altında saxlaması səbəbindən Azərbaycan və Türkiyə tərəfindən izolə edilmiş Ermənistana, Zəngəzur dəhlizi vasitəsilə nəfəslik verib, onu yaşadan İran molla rejimi deyildimi? Bu gün gizli yollarla Qarabağda ermənilərə hərbi yardım edən, Azərbaycanın haqq işinə qarşı min bir oyun çıxaran da bu rejimdir. Ona görə də Azərbaycanla İsrailin dostluq münasibətlərinin dərinləşməsinə, İsrail Prezidentinin Bakıya səfərinə İranın narazılıq etməyə nə hüququ var, nə də haqqı var. İran rejimi şübhəsiz ki, narazı qalacaq və narazılığını ola bilər hansısa yeni təxribatlarla, Azərbaycana qarşı yeni hücum kampaniyası ilə ortaya qoyacaq. Həmçinin Ermənistana ənənəvi dəstəyini artıra bilər. Lakin bütün bunlar Azərbaycanı İsraillə dostluq münasibətlərindən daşındıra bilməz. Azərbaycan-İsrail dostluğu səmimidir, etibarlıdır, dayanqlıdır. İsrail Prezidentinin Azərbaycana səfəri heç şübhəsiz iki ölkə arasında əməkdaşlığı və dostluğu daha da möhkəmləndirəcək".(musavat.com)
Etibar SEYİDAĞA