“HƏR ŞEY PARTLAYACAQ VƏ PUTİN TAXTDAN DÜŞÜRÜLƏCƏK...” –“Rusiya ilə məsələni birdəfəlik bitirmək lazımdır”
Son zamanlar ABŞ-ın Rusiya siyasətində köklü dönüş baş verir. ABŞ hakim elitası Rusiyanın dağılması qorxusundan irəli gələn siyasi görüşlərindən əl çəkərək “Putin rejimini dəyişmək lazımdır” bəyanatları səsləndirir. Belə hesab olunur ki, Rusiyanın indiki rejiminin hakimiyyət başında qalması azad dünya ölkələri üçün ağır nəticələrə gətirib çıxara bilər.
Yenixeber.org: ABŞ-da yaşayan tanınmış rusiyalı publisist və siyasi təhlilçi Andrey Piontkovski Ukraynanın “Obozrevatel.com” saytına verdiyi müsahibədə Amerikanın, Fransanın və Çinin Rusiya ilə bağlı siyasi planlarına toxunub.
Həmin müsahibəni təqdim edirik:
- Fransa Prezidenti Emmanuel Makron Si Cinpinlə görüşdükdən sonra Çinin Avropadakı birinci lobbiçisinə çevrildi. Nə baş verdi ki?
- İndi Makrona satqın kimi baxırlar. Həm də ki, Amerika Fransanı üç dəfə - Birinci və İkinci dünya müharibələrində və “Soyuq müharibə”də xilas edib. Makron deyib ki, Tayvanla əlaqədar ABŞ və Çin arasında gedən münaqişədə onlar kiminsə tərəfini tutmayacaqlar.
Son ayların böyük hadisəsi Çinin şər imperiyası yaratmaq cəhdidir, amerikalılar bunu “zülmət legionu” adlandırırlar. Si Cinpinin Moskvaya səfəri göstərdi ki, Putin vassaldır, Çinin lideri Qızıl Orda praktikasından irəli gələn üslubda Rusiyanın boynundan 2030-cu ildək onu idarə edəcəyi ilə bağlı “yarlık” asdı. Si Cinpinin sözlərini yada salaq: ”Gələn il bu ölkədə seçkilər olacaq və mən əminəm ki, xeyirxah rus xalqı mənim qarşımda əyləşən adamı seçəcək”. Si Cinpin Şərqi Sibirin və Uzaq Şərqin iqtisadi resurslarının Çinin ixtiyarına verilməsi ilə əlaqədar Moskvada 14 iqtisadi müqavilə bağladı. Bütün bu ərazilər Çinlə birlikdə yaradılan iqtisadi inkişaf zonası çərçivəsində artıq de-fakto Çinə verilmişdi, amma indi de-yure təsdiq edildi. Si Cinpinin Moskvaya gəlməsindən bir həftə öncə Çinin təbii resurslar naziri Çinin və onun qonşularının xəritəsini dərc etdirmişdi və orada Rusiyanın Vladivastokdan tutmuş Baykala qədər olan yaşayış məntəqələrinin adları Pekin Müqaviləsinədək (1860-cı ildə Rusiya ilə Çin imperiyası arasında sərhədlərin müəyyənləşdirilməsilə bağlı müqavilə) öncəki kimi adlandırılıb. Həm də bu anın seçilməsi psixoloji cəhətdən çox dəqiq hesablanıb. Belə ki, elə məhz həmin ərəfədə Putin beynəlxalq cinayətkar elan edilmişdi, ona görə də Si Cinpinin Moskvaya səfəri onun üçün çox mühim idi. Belə bir vəziyyətdə Moskvada heç kim xəritədəki adlarla bağlı səsini çıxara bilməzdi. Si Cinpinin ardınca Çin hərbi naziri Moskvaya üç günlük səfər edib, yəni mahiyyət etibarı ilə inventarizasiya ilə məşğul olub və Rusiya hərbi sənaye kompleksinin çürümüş texnikalarının içindən özləri üçün maraqlı bir şeylər axtarıb.
- Biz, deyəsən, Makron mövzusundan uzaq düşdük...
- Əlbəttə, Makronun ələ alınması əməliyyatı həyata keçirilib. Hamı çox gözəl bilir ki, Si Cinpin artıq bütün kartları açıb və Tayvanın hərbi yolla birləşdirilməsi planını elan edib. Elə o, özünün üçüncü hakimiyyət müddətini başlayanda Çin Kommunist Partiyasının rəhbərliyini əmin edib ki, Tayvanı vətənə qaytaracaq. Nəticədə o, öz vədlərinin girovuna çevrilib. Si Cinpin anlayır ki, Amerika yaxın həftələrdə Çinin iqtisadi blokadasına yenidən başlayacaq. Bu, ilk öncə texnoloji sahəyə aid olacaq.
Belə ki, Çinin dünyada təəssürat oyadan böyük uğuru Qərbin müasir texnologiya transferi sayəsində baş verib. Onlara bu texnologiyanı Qərb şirkətləri, xüsusən də ABŞ şirkətləri veriblər. Amerikanın Çinə tətbiq edəcəyi sanksiya bu ölkə iqtisadiyyatı üçün ölümcül ola bilər. Amma Makron Çinə əliboş getməmişdi, özü ilə birlikdə Fransanın iri şirkətlərini də aparmışdı. O, Çini texnoloji arxa cəbhə ilə təmin edir. Əlbəttə, bu, Amerika texnologiyasından zəifdir, lakin hər halda Çinin təminatı üçün çox ciddi bir irəliləyişdir. Digər tərəfdən, Makron özündən əmin şəkildə bütün Avropa Birliyinin dəstəyini alacağına da söz verib, amma onun bu fikri bir sıra Avropa ölkələrində kəskin reaksiyaya səbəb olub. Pribaltika ölkələri, Polşa və eləcə də Almaniya Makronun bu cür davranışlarını kəskin qınayıblar.
Belə bir geosiyai vəziyyətdə Amerika yaxşı başa düşür ki, müharibədə uduzan Putinin arxasından daha ciddi rəqib ABŞ-a müharibə elan edib və elə ona görə Rusiya birdəfəlik susdurulmalıdır və həm də tez bir zamanda susdurulmalıdır.
Birincisi, biz Rusiyanın nüvə potensialını yaddan çıxarmayaq, onun yerdə qalan hərbi texnologiyası tam şəkildə Çinin ixtiyarına verilə bilər. İkincisi, Amerika təkbaşına Tayvanı qoruya bilməz, ona müttəfiqlər lazımdır.
Əsas təhlükə Çindir, ona görə də nisbətən daha az təhlükə olan Rusiya ilə məsələni birdəfəlik bitirmək lazımdır ki, onun resurları Çinin ixtiyarına keçməsin. Amerika Uzaq Şərqdəki potensial müttəfiqlərimizə öz dəyərlərini və prinsiplərini qorumaqda qətiyyətli olacağını göstərməlidir.
- Fransa Prezidentinin destruktiv mövqe tutmasına səbəb nədir?
- İndi Makron açıq şəkildə özünün qlobal rəqabətə girəcəyinin anonsunu verib və burada heç bir illüziya ola bilməz. Bu, İkinci Dünya Müharibəsindən sonra Fransanın yürütdüyü siyasi ənənədir. Si Cinpin necə Makronu ələ alıbsa, 1944-cü ildə də İosif Stalin De Qolu o cür ələ almışdı. Düzdür, bunun üçün Stalinin ciddi əsasları vardı, çünki o, Ruzvelt və Çörçillin etirazlarına baxmayaraq, Fransanı qalib təyin etmişdi.
İkinci Dünya Müharibəsində bir fransız vətənpərvərinin yerinə on nəfər kollaborant vardı. De Qol Stalinin xidmətlərini çox yüksək dəyərləndirərək, Kreml qarşısında yaltaqlığı ənənəvi siyasətinə dönüşdürmüşdü. Fransa özünü Qərblə Moskva arasında hansısa vasitəçi mövqeyində görürdü. Bu, həmçinin Fransa elitasının şöhrətpərəstliyinin də təzahürüdür.
Soyuq müharibə ərzində Fransa həmişə Amerikanı “dişləyib” və Moskva ilə oynayıb. Bu riyakarlığın ən yüksək zirvə nöqtəsi Fransanın 1960-cı illərin ortasında NATO-dan çıxması və alyansın mənzil qərargahının köçürülməsi olmuşdu. Ofis Brüsselə köçmüşdü, ondan əvvəl NATO qərargahı Parisdə yerləşirdi. Makronun davranşlarından görünür ki, fransızlar həmişə öz geosiyasətlərindəki natamamlıq komplekslərini göstərməlidirlər. Onlar hər geosiyasi çəlləkdə bir tıxac olmaq istəyirlər.
Makronun son anadək Putinə zəng etməsi və onunla görüşməsi göstərdi ki, Fransa prezidentlərinin ənənəsi davam etdirilir. Lakin Putin hərbi cinayətkar elan ediləndən sonra, yəni hər şey aydın olanda ki, onun siyasi ulduzu sönür, onda Makron sadəcə, Kremlin yerini Pekinlə dəyişdi. O, bundan sonra De Qol kimi oyunlara baş vuracaq.
- Bu məsələdə Almaniya Makronu dəstəkləmədi. Almaniya Xarici İşlər naziri Berbok öz bəyanatında Fransa Prezidentinin mövqeyini tənqid edib...
- Almaniya keçən ilin avqustunda kəskin böhran keçirib. Zarafatla demək olar ki, bu böhran Almaniya Prezidenti Ştaynmayer rusların hücumu zamanı bir neçə saat Ukrayna sığınacağında qalandan sonra baş verib. Ukraynadan qayıtdıqdan sonra o, tarixi nitq söylədi. Ştaynmayer çox emosional və səmimi peşimanlıqla dolu nitqində demişdi: ”Mən, ”Putin yaxşıdır” siyasətinə görə cavabehlik daşıyıram. Mən düşünürdüm ki, bu, bizi müharibədən qurtaracaq və hansısa Rusiya-Qərb əməkdaşlığına gətirib çıxaracaq. Lakin məhz bu siyasət müharibəyə səbəb oldu və ona görə də, belə siyasətdən imtina etmək lazımdır. Rusiya ilə Almaniya rəqibdirlər, Rusiya Ukraynada apardığı müharibə ilə Avropa təhlükəsizliyinin bütün prinsiplərini kəsib doğradı”.
Almanlar hitlerizm məhv olandan sonra böyük mənəvi məktəbə sahibdirlər və ona görə də Makronun Fransanın hansısa “xüsusi böyük rolu” naminə azad dünyaya qarşı satqınlıq edərək totalitar dövlətlərə bu cür isti münasibət göstərməsi almanları qəzəbləndirib.
- Bugünkü müharibənin mühim problemi ondadır ki, Qərb tərəfdaşları, ilk növbədə ABŞ Ukraynanın 1991-ci il sərhədlərinə çıxmasından sonra Rusiya və Putinlə nə edəcəyini bilmir. Bəs sonra nə olacaq? Rusiyanın dağılmasından,daxili müharibədən tutmuş, nüvə silahı ilə bağlı bir çox qorxular var. Hələ indiyə kimi bunlara lazımi cavab tapılmayıb?...
- Bütün bu qorxuları praktiki olaraq hamı yaşayıb, eyni zamanda Bayden administrasiyası rəhbərliyi də. “Soyuq müharibə”nin qalibi ata Corc Buşu yadınıza salın. O, əksəriyyəti kommunistlərdən ibarət olan Ukrayna Ali Radasını Ukraynanın müstəqilliyini elan etməməsi ilə bağlı dilə tuturdu. İndi də qeyri-müəyyənlik qarşısında həmin qorxular var.
Bəli, Ukrayna qalib gəlir və 1991-ci il sərhədlərinə çıxır, amma o biri tərəfdə klassik rus qarışıqlığı və nəhəng bir ölkədə vətəndaş müharibəsi vahiməsi var. Çin təhlükəsinin miqyasını nəzərə alan Qərb fikirləşib ki, gəlin, Putini hakimiyyətdə saxlayaq, yoxsa, Rusiyadakı qarışıqlıq təhlükəsi ilə üzləşə bilərik.
İndi onlar başa düşür ki, Putinin hakimiyyətdə qalması, Rusiyanın bütün resursunun Çinin tabeliyinə keçməsi deməkdir. Bu, istənilən rus qarışıqlığından daha pisdir. Elə ona görə də şüurlarda həlledici dönüş bizim gözümüzün önündə baş verir.
Trampın keçmiş müşaviri Con Bolton öz məqaləsində yazıb ki, biz Ukraynanın qələbəsindən sonra Rusiya-Çin oxunu kəsməliyik.
Amerikalılar hələ son nəticəylə bağlı yekun qərara gəlməyiblər, amma Ukraynanın qələbə qazanacağı gözləntiləri bizi ruhlandırmalıdır. Onlar “rejim dəyişilməsi” frazasını ifadə etməyi sevmirlər, amma rejimin dəyişilməsinin vacibliyini düşünürlər. Çünki Rusiya Çinin vassalıdır. Əlbəttə, bütün bunlarla yanaşı, hamı anlayır ki, rejim çökəndən sonra Rusiyanın parçalanması təhlükəsi artacaq.
- Rusiyanın dağılması səbəbi onun müharibədə məğlubiyyətə uğramasıyla bağlıdırmı?
- Bəli, bu müharibədə məğlubiyyətə uğramaq rejimin çökməsi deməkdir. İndi, gəlin, bu hücumun uğuru və uğursuzluğu tərəfinə qayıdaq. Krım körpüsünün məhv edilməsi uğurdur. Çünki Krım körpüsünün məhv edilməsi bütün Krım hərbi qruplaşmasını mühasirəyə salır, ordu ordan qaçmaq məcburiyyətindədir və bu, böyük hərbi nəticədir, üstəlik, siyasi və psixoloji uğurdur. Putin rejimi buna dayana bilməz.
İstənilən rejimin gedişi parçalanma təhlükəsi yaradır, amma belə vəziyyətdə Çin böyük rol oynayacaq. Çin hələ ki, Putinin 2030-cu ilə kimi hakimiyyətdə qalacağına ümid edir, lakin Putinin qəfildən getməsi təqdirində Pekin qətiyyətli qərarlar qəbul edəcək. Rusiyada Çinin böyük təhlükə olduğunu başa düşən hansısa millətçi gücün peyda olmasını istisna etmirəm.
- Əgər Qərb tərəfdaşlarımız səmimi şəkildə bizim Krımın Rusiyanın qalan hissəsi ilə əlaqəsinin kəsilməsini istəyirsə, onda niyə indiyədək bizə uzaq radiuslu raketlər verilmir?
- Ona görə ki, onlar başqa paradiqma ilə işləyiblər. İndiyədək Ceyk Sallivanın müqavimət qrupu kifayət qədər güclü idi, onların hansısa arqumentləri vardı, bu arqumentlər Respublikaçılar partiyası tərəfindən dəstəklənirdi. Hazırda vəziyyət kəskin dəyişib.
- Əgər biz Krım körpüsünün dağılmasını hesablama nöqtəsi kimi götürürüksə, o zaman bundan sonra Rusiyada, Moskvada nə baş verəcək?
- Bir-birilərinə nifrət edən “Vaqner” qrupu ilə Baş Qərargah və hakim elita arasında ciddi gərginlik daha da şiddətlənəcək. Ümumi iqtisadi əhval-ruhiyyə ona gətirib çıxaracaq ki, hər şey partlayacaq və Putin hakimiyyətdən düşürüləcək.(azpolitika)