Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fransanın “avrosentrik siyasəti” və vasitəçilik missiyası -ŞƏRH

Fransanın “avrosentrik siyasəti” və vasitəçilik missiyası - ŞƏRH

Fevralın 7-də Fransa prezidenti Emmanuel Makron Rusiyaya rəsmi səfər edib. Səfərin bir sıra həyati vacib siyasi məqsədlər əsasında formalaşaraq həyata keçdiyini söyləmək olar. Ümumiyyətlə, son zamanlar Fransanın Avropa məkanında və eləcə də bölgədə siyasi aktivliyini və canfəşanlığını görməmək mümkün deyil. Fransanın xarici siyasətindəki bu aktivlik nələrə hesablanmışdır? Məqsəd nədən ibarətdir?

Yenixeber.org: Əslində Avropada uzun müddətdir ki, Almaniya və Fransa arasında hegomonluq uğrunda mübarizə gedir. Ümumilikdə, bunu frankofoniya uğrunda mübarizə kimi də qiymətləndirmək olar. Almaniyada Merkelin hakimiyyətdən getməsindən sonra isə Fransa bu cəbhədə daha da fəallaşıb. Almaniyada hakimiyyətə yeni gələn Olaf Şolts isə Merkel qədər ambisiyalı və harizmatik lider xüsusiyyətlərinə malik deyildir. Buna görə də bu məsələdə yaxın zamanlarda Almaniyanın Fransaya uduzacağını ehtimal etmək olar. Bununla yanaşı, Fransa prezidentinin son dövrlər bir sıra ölkələrə xüsusilə də “Körfəz turu” çərçivəsində Qətər, BƏƏ, Səudiyyə Ərəbistan, İraq (2 səfər), Livan (2 səfər), İsrail və Fələstinə olan səfərləri xüsusi diqqət çəkir. Bu səfərlərin də əsas məqsədlərindən biri yuxarıda qeyd etdiyimiz səbəblə birbaşa bağlı olması ilə yanaşı, Fransanın regional aktor kimi çıxış etməsində hədəfli olduğunu göstərir. Bu da Fransanın “Avropanın lideri” simasında təcəlli edərək ABŞ və NATO birliyindən kənar özünəməxsus bir müstəqilliyi qorumaqdan ibarətdir.

Elə dünənki Rusiya səfərinin bir məqsədi də bundan ibarət idi ki, yaranmış çətin vəziyyətdə Fransa öz vasitəçiliyini təqdim edərək, ABŞ-NATO qarşıdurmasında Rusiyanın yanında olmaq və yaranmış vəziyyətdən çıxış yolunu tapmaqda öz vasitəçiliyik missiyasını yerinə yetirməkdir. Görünən odur ki, Fransa yaranmış boşluqdan öz xeyrinə istifadə etmək fikrindədir. Çünki bölgədə yaranmış vəziyyətlə bağlı olaraq Ukraynaya ABŞ, Britaniya, Türkiyə və bir sıra Avropa dövlətlərinin rəhbər və diplomatik xidmət rəhbərlərinin səfərləri müşahidə olunur. Bu səfərlər Ukraynaya dəstək xarakterli olmaqla yanaşı, həm də Rusiyaya tərəflərin müəyyən edilməsi haqqında mesaj kimi də dəyərləndirilə bilər. Bu məzmunda Rusiyanın “regional düşmən və ya aqressor” kimi formalaşması fonunda Fransa prezidentinin səfəri olduqca maraq doğurur. Lakin nəzərdən qaçırmaq olmaz ki, Fransa həm də NATO üzvüdür. Belə olan halda vasitəçilik missiyasının icra edilməsi məntiqli görünür. Əsas hədəf qarşıdurmanın real müharibə mərhələsinə keçməməsi və bunun qarşısnın alınmasıdır.

Görüş sonrası səsləndirilən bəyanatların məzmunu da bunu deməyə əsas verir. Belə ki, Makron Rusiyanın iştirakı olmadan hər hansı bir məsələnin həll olmaması fikrini səsləndirməsi buna açıq işarədir. Rusiya Prezidenti də öz növbəsində müharibənin olacağı vəziyyətdə qalibin olmayacağını bildirdi. Fransa bu məqsədlə Rusiya üçün xüsusi təkliflərlə gəldiyini bəyan etdi. Əslində Fransa Avropada yaranmış bu vəziyyət fonunda regional güc mərkəzləri olan Britaniya, Rusiya, Çin və Türkiyə ilə də rəqabətə girmiş olur. Fevralın 3-də Türkiyə Prezidentinin Ukraynaya rəsmi səfəri oldu. Səfər bir sıra ekspertlərin fikrincə olduqca səmərəli olmuşdur. Bu səfərin ardınca isə Rusiya Prezidentinin Türkiyə səfəri gözlənilir. Məhz bu məqamı dünənki görüş sonrası Rusiya Prezidenti dilə gətirərək bildirmişdir ki, Fransa və Türkiyə ilə eləcə də ehtimal olunan Ukrayna rəsmiləri ilə görüşdən sonra yekun qərar verilə bilər.

Fransanın regional aktorluq cəhdləri hələ 2019-cu ildə Rusiya ilə birlikdə Suriya, Liviya, Əlcəzair, İraq və digər ərazilərdə yeni idarəetmə və düzəmin qurulması istiqamətində atmaq istədiyi addımlar zamanı sezilmişdi. O zaman regionun aparıcı qüvvəsi olan Türkiyə buna mane oldu. Türkiyənin diplomatik sahədə həyata keçirdiyi manevrlər sayəsində Fransa yuxarıda qeyd olunan ölkələrdə baş verən hərbi-siyasi kompaniyada kənarda qaldı. Bu Fransa üçün qəbuledilməz bir zərbə oldu. Çünki, qeyd oluna ölkələrin bir qismi tarixən Fransanın müstəmləkəsi olmuş və ya müstəmləkə siyasətinin təsir dairəsinə daxil olmuşdur. Bunlardan əlavə, Fransanın Hind və Sakit okean hövzəsində dominantlıq iddiası ABŞ və Britaniya tərəfindən dəf edildi. Avstraliya ilə nəzərdə tutulan sualtı gəmilərin hazırlanması kimi iri layihə məhz bu dominantlıq uğrunda Fransanın apardığı siyasətin qurbanı oldu.

Fransanı Rusiya ilə yaxın edən bir sıra ortq siyasi məqamlar vardır. 30 ilə yaxın bir müddət ərzində bu iki ölkə ATƏT-in Minsk qrupu çərçivəsində sıx əməkdaşlıq etmişdir. II Qarabağ müharibəsinin bitməsi isə Fransanın bu məsələdə söz sahibi olmaq arzusunu qursaqda qoydu. Ara-sıra Rusiya prezidenti ilə “Qarabağ münaqişə”si haqqında danışıqlar aparmaq, Azərbaycana qarşı siyasi təbliğat aparmaq, Ermənistana tərəfkeşlik etmək kimi cılız diplomatik gedişlər Fransanı istənilən məqsədə çatdıra bilmədi. Nəticədə, Fransa yenidən bölgədə Türkiyə və Rusiya tandeminə qarşı mübarizədə uduzdu.

Rusiya üçün isə Fransa ilk öncə NATO dövlətidir. Lazım olan mesajları Fransa vasitəsilə müvafiq ünvanlara ötürülə bilər. Fransanın Avrosentrik siyasətində Rusiyanın dəstəyinin göstərilməsi də Fransa üçün olduqca vacibdir. Baş verən hadisələr səbəbilə Avropanın enerji təchizatında yaranan çətinliklər də Fransanı bu məsələdə ehtiyatlı olmağa vadar edir. Yəni Rusiya Avropanın ən iri qaz təchizatçısı olduğu faktını nəzərə alsaq, Qərblə ziddiyyətlərin real döyüşlərlə əvəz olunacağı təqdirdə enerji təchizatı üzrə qiymətlərin qalması və ya dayandırılmasını ehtimal etmək olar. Avropanın isə ümumilikdə enerji mənbələrinə ehtiyacı olduqca çoxdur.

Keçən ilin sonlarında Brüssel görüşləri zamanı Fransanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşlərin keçirilməsi və bir müddət bundan qabaq Brüssel sülh platformasının davamı kimi, Fransanın da iştirak etdiyi dördtərəfli görüşün baş tutması onu deməyə əsas verir ki, Fransa öz xarici siyasətində müyyən dərəcədə korrektələr etməyə məcbur olub. Görüşə dair bəyanatda Qarabağ haqqında fikirlərin yer almaması, Fransanın görüşdə ATƏT-in həmsədri qismində iştirak etməməsi, bölgəyə UNECO missiyasının və Azərbaycana ilkin variantdan nəzərəçarpacaq dərəcədə fərqli olaraq maliyyə paketinin ayrılması və bu məsələlərdə Fransanın sakit mövqe sərgiləməsi buna bariz nümunə ola bilər. Yeni formatlı sülh görüşündən sonra isə Azərbaycan tərəfindən 8 erməni əsirinin məhz Fransa təyyarəsi vasitəsilə Yerevana çatdırılması rəsmi Bakı tərəfindən Fransanın konstruktiv mövqeyinə cavab kimi və eyni zamanda, Azərbaycanın humanist addımı kimi qiymətləndirilir.

Brüssel görüşündən əvvəl Soçidə Rusiyanın moderatorluğu ilə əldə edilmiş nailiyyətlər prizmasında Fransanın fəallığı isə daxili auditoriyaya hesablanmışdır. Belə ki, qarşıda Fransada prezident seçkiləri gəlir. Bu məqsədlə Makron Fransada olan çoxminlik miqrant əsilli elektoratı öz ətrafında birləşdirmək istəyir. Bu ümumi Fransa əhalisnin 4-5%-ni təşkil etsə də belə yaddan çıxarmaq olmaz ki, Makronun bu seçki marafonunda rəqibləri olduqca güclüdür. Nəzərə almaq lazımdır ki, əsas rəqiblərdən biri olan Valeri Pekres məhz Rusiya tərəfindən yetişdirilmiş bir şəxsdir. Belə olan halda Makronun həm Avropadakı hegomonluq siyasəti, həm də daxili auditoriyaya hesablanmış seçki xarakterli siyasəti birgə aparması olduqca risklidir.

Amid Əliyev - politoloq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam