Eldar Namazovdan "Əli İnsanovu qoruyaq" çağırışı
Həbsdəki sabiq nazirlə bağlı həyəcanlı xəbərlər var; keçmiş səhiyyə bosunun psixi problemlərinin olması ilə bağlı məlumatlar dövriyyəyə buraxılıb, anonim ekspertlər nazirin müayinəyə ehtiyacının olduğunu bildirir; Eldar Namazov cəmiyyəti bu ssenarinin reallaşmasına imkan verməməyə çağırdı
"xeberinfo.com":Həbsdəki sabiq səhiyyə naziri Əli İnsanov psixi xəstəxanaya salına bilər. Həbs olunduğu 9 il ərzində hakimiyyətin ünvanına sərt tənqidlərini dayandırmayan Ə. İnsanov ötən həftə keçirilən məhkəmə prosesində şüşə qəfəsə salınmaqla susdurulmuşdu. Bu günlərdə isə bəzi media orqanlarında Səhiyyə Nazirliyinin anonim ekspertlərinə istinadən Ə. İnsanovun psixi durumunda problemlərin olması ilə bağlı rəylər yayılıb.
Yazılarda ekspertlərin dilindən sabiq səhiyyə nazirinin psixiatr müayinəsindən keçirilməsinə ehtiyac olduğu qeyd olunur: “Görünür, Əli İnsanovun psixi sağlıq durumu ilə bağlı məlumat əldə etməyə ehtiyac yaranıb. Hesab edirəm ki, ekspertlər məhkumun sağlıq durumunu müəyyən etməlidirlər. Onun zahiri görünüşü emosional, danışığı isə ziddiyyətlidir. Onda maniakal aqressiya elementləri mövcuddur. Səhiyyə Nazirliyi komissiya yaradıb Əli İnsanovu müayinə etməlidir”.
Qeyd edək ki, siyasi rəqiblərin psixi xəstə elan edib dəlixanaya saldırılması üsulundan sovet dövründə də istifadə olunub. Azərbaycanda ötən illərdə bu “təcrübə” tətbiq edilməyib. Hakimiyyətin ünvanına sərt tənqidlərini dayandırmayan keçmiş səhiyyə nazirinə qarşı bu şəkildə ekspert rəylərinin dövriyyəyə buraxılması isə sual yaradır: Əli İnsanova qarşı bu üsul tətbiq oluna bilərmi?
Bu məsələ ilə bağlı məlumat verən EL hərəkatının rəhbəri Eldar Namazov sabiq səhiyyə nazirinin həyatına təhlükənin real olduğunu düşünür: “Əli İnsanovun məhkəməsində baş verən hadisələr indi diqqət mərkəzindədir. Həqiqətən də Avropa Məhkəməsinin qərarından sonra hakimiyyətin Avropa Məhkəməsinin qərarını icra etməkdən boyun qaçırması cəmiyyətdə mənfi qarşılanıb. Son hadisələr, məhkəmədə qəfəs qurulması və Əli İnsanovun fikirlərinin cəmiyyətə çatdırılmasına maneçilik yaradılması, etirazlarını bildirmək imkanlarının məhdudlaşdırılması da etirazlara səbəb olub. Eyni zamanda həmin məhkəmə günü hakimiyyətə yaxın bəzi informasiya mənbələrində anonim Səhiyyə Nazirliyi ekspertləri adından açıqlamalar getdi ki, Əli İnsanovda guya hansısa psixi, ruhi xəstəlik elementləri var, təcili olaraq bu məsələ ilə bağlı yoxlanılmalıdır, ekspertizalar keçirilməlidir”.
Vaxtilə bu cür üsullardan faşist Almaniyasının, sovet hakimiyyətinin istifadə etdiyini xatırladan E.Namazovun fikrincə, Ə.İnsanov barəsində belə bir plan quran məmurlar Azərbaycanı bütün dünyada rüsvay etmək istəyirlər: “Bu, çox təhlükəli mesajlardır. Ona görə ki, siyasi opponentlərinə qarşı bu üsullardan, psixiatriya xəstəliyi diaqnozu qoyaraq susdurmaq ənənəsi dünya təcrübəsində çoxdan ifşa olunub. Vaxtilə faşist Almaniyasında bu təcrübədən istifadə edirdilər. Siyasi rəqiblərin bir qismi güllələnirdi, bir qismi isə məhz psixi xəstəlik diaqnozu ilə cəmiyyətdən izolə olunurdu. İddia olunurdu ki, bu adamlar özlərinə nəzarət edə bilmir, nə danışdıqlarını bilmirlər. Bir çox inanclı insanlara, demokratlara qarşı bu üsuldan istifadə olunurdu. Sovetlərin totalitar rejimi dönəmində də dissidentlərə, sovet sistemini tənqid edənlərə qarşı bu üsullardan istifadə etməklə onları cəmiyyətdən təcrid edirdilər. Akademik Saxarovu təqib edəndə ona qarşı ittihamlar məhz bu səpkidə olmuşdu. Bukovskini neçə il qondarma ittihamlarla həbsdə saxladılar. İndi Əli İnsanovun işi ilə bağlı hakimiyyətin Avropa Məhkəməsinin qərarını yerinə yetirmək əvəzinə belə bir addıma getmələri dəhşətlidir. Bu məmurların özlərinin psixiatra ehtiyacları var. Çünki Azərbaycanı bu rüsvayçı yola sürükləmək, faşist Almaniyasının etdiyi əməlləri təkrarlamaq Azərbaycan adına biabırçılıqdır. Azərbaycanı faşist Almaniyası, öz tənqidçilərini ruhi xəstə adı ilə cəzalandıran avtoritar rejimlərlə bir sırada qoymaq istəyirlər”.
E. Namzov ölkə ictimaiyyətini bu məsələ ilə bağlı susmamağa, vətəndaş cəmiyyəti və QHT-ləri bu rüsvayçı addıma qarşı hərəkət etməyə çağırdı: “Belə bir hal baş versə bu, müstəqil Azərbaycanda ilk belə hal olacaq. Siyasi opponentinə qarşı bu üsul tətbiq olunsa, cəmiyyətin bütün təbəqələri, o cümlədən siyasi institutlar, hüquq müdafiəçiləri reaksiya verməlidir. Cəmiyyətin bu addıma təpkisinə ehtiyac var. Yenə də deyirəm ki, bu o qədər ağılsız fikirdir ki, bunu irəli sürən məmurların özlərinin tibbi yoxlamadan keçmələrinə ehtiyac var. Bütün cəmiyyətini, siyasi partiyaları, vətəndaş cəmiyyəti nümayəndələrini bu prosesə seyrçi qalmamağa dəvət edirəm”.