Siyasi şərhçilərdən təpki; “Biz razılıq verməsək, Minsk Qrupu ”reanimasiyada" qalmağa davam edəcək..."
“Minsk Qrupunun işi hazırda dondurulub. Lakin bu format yenə lazım ola bilər”.
Yenixeber.org: Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.
Osmani bildirib ki, ATƏT Minsk Qrupunu (MQ) dəstəkləyir. Onun sözlərinə görə, təşkilat bəzi tərəflərin MQ-nin işi ilə bağlı fərqli fikirdə olmasından, habelə dəyişmiş geosiyasi şəraitdən, həmsədrlər arasında münasibətlərin dinamikası və birgə işin olmamasından xəbərdardır.
“Minsk Qrupunun işi hazırda dondurulub. Amma istisna etmirəm ki, uyğun şərtlər yaranarsa, bu formatın rolu yenidən artacaq. ATƏT təkcə Minsk Qrupu demək deyil, təşkilatın ermənilərlə azərbaycanlılar arasında sülh prosesini dəstəkləmək üçün istifadə oluna biləcək bir çox başqa alət və mexanizmləri var”, - deyə o vurğulayıb.
Görəsən, cənab Osmani hansı “dondurma”dan dəm vurur? MQ-nin “donu” açılıb da möcüzəmi baş verəcək? 28 illik “vasitəçiliyi” dövründə heç bir nəticə əldə etməyən, faktiki, erməni işğalını legitimləşdirməklə məşğul olan qərəzli bir qurumun “donunu” açmağa nə ehtiyac?
Qeyd edək ki, Osmani İrəvana Bakıdan gedib. Burada olanda isə MQ söhbəti eləməmişdi. Aydındır ki, məlum səbəblərdən Bakı üçün MQ-nin “kitabı” həmişəlik bağlanıb. Bunu ATƏT sədri də bilməmiş deyil. Onu da bilməmiş deyil ki, vasitəçilik könüllülük prinsipinə əsaslanır. Zorən vasitəçilik olmaz. Vasitəçiyə hər iki tərəfin etimadı olmalıdır. Bu da yoxdur. O zaman nədən ATƏT sədri İrəvanda ermənilərin qulağına xoş gələn sözlər deyir? Hansısa mərhələdə MQ-nin dirçəldilməsi gerçəkdənmi mümkündür?
Aydın Mirzəzadə
Deputat Aydın Mirzəzadə söylədi ki, ATƏT Minsk Qrupunun yenidən fəaliyyətə başlamasına, onun Dağlıq Qarabağ adlı tarixə qovuşmuş bir məsələ ilə məşğul olmasına heç bir ehtiyac yoxdur: “Qrup 1992-ci ildə ATƏT tərəfindən yaradılaraq, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən dolayı yaranan problemləri həll etmək üçün fəaliyyətə başlamışdı. Ancaq 30 il ərzində qurum hər hansı bir fəaliyyət göstərmədi. Əksinə, işğal dərinləşdi, Ermənistanın mövqeyi radikallaşdı. Beynəlxalq təşkilatların, o cümlədən Minsk Qrupunun həll edə bilmədiyi məsələni Azərbaycan tək, öz daxili potensialı, rəhbərinin ağıllı siyasəti, hərbçisinin şücaəti ilə həll etdi.
Bu gün artıq Dağlıq Qarabağ problemi yoxdur. Azərbaycan öz ərazisinə nəzarət edir. Qalan məsələləri öz konstitusiyası və suveren hüquqları ilə zamanında həll edəcək. Ermənistan və təcavüzkarı müdafiə edən qüvvələr vaxtaşırı Minsk Qrupunu reanimasiya etməyə, yenidən status məsələsini gündəmə gətirməyə çalışırlar. Ancaq Azərbaycan buna ehtiyacın olmadığını bildirir. Azərbaycan tərəfi Qarabağ bölgəsində yaşayan 20-25 min erməni əhalisinə digər vətəndaşlarına verdiyi hüquq və azadlıqları verməyi, onların problemlərinin dövlətin daim diqqətində olacağını dəfələrlə bəyan edib.
Təəssüf edirik ki, ATƏT-in hazırda fəaliyyətdə olan sədri məsələ ilə bağlı qurumun mövqeyinə uyğun olmayan, heç də bugünkü reallığa uyğun gəlməyən fikirlər bildirir. Bu gün problem Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT rəhbərliyi ilk növbədə, diqqəti ona yönəltməlidirlər. Ermənistan tərəfini konstruktivliyə, Azərbaycanın ərazi bütövlüyünü tanımağa, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırmalıdırlar. Ermənistanla Azərbaycan arasındakı məsələ artıq beynəlxalq təşkilatlar səviyyəsində deyil, iki ölkə arasında həll ediləcək. Azərbaycanın öz hüquqlarını qorumaq üçün kifayət qədər əzmi və potensialı var".
Azər Hüseynov
AĞ Partiya sədrinin müşaviri, siyasi şərhçi Azər Hüseynov bu sözlərin ermənilər üçün təskinlikdən başqa bir şey olmadığını qeyd etdi: “Osmani müəllim nəsə deməlidir də. Elə bir təşkilatın rəhbəridir ki, Qarabağ məsələsində maşının altını vurub. Bizə də onun xidmətləri hazırda lazım deyil. Qarabağ məsələsində oyunçular Azərbaycan, Türkiyə, Rusiyadır. Təsir edən əsas amillər regionda baş verən hadisələr, Türkiyədə keçiriləcək seçkilərdir. Qismən və dolayısı ilə məsələyə təsir edən qlobal güclər Amerika və İngiltərədir. Ermənistanın öz daxilində belə məsələyə münasibət eyni deyil. Amma Ermənistanın xarici işlər naziri çox fəaldır. Rus demiş, "postoyannı" havadadır. Ora gedir, bura gedir. İndi Osmaninin sözləri də suda boğulan üçün bir çöpdür.
Bizim üçün isə prosesləri nəzarətdə saxlamaq lazımdır. Beynəlxalq və regional vəziyyət hər an dəyişə bilər. Biz damara baxıb qan almalıyıq. Bəzən “dovşana qaç, tazıya tut” deməliyik. Beynəlxalq təşkilatları da ümid və qorxu arasında, Ermənistanı isə daim pressinqdə saxlamalıyıq. Son əsir olayına görə zaman gələcək biz, inşallah, nöqtə zərbələri prinsipinə keçəcəyik. Bir əsir, bir aviazərbə. Bir də, görəsən, Mirzoyan Osmaninin familiyasından qorxmadı ki?.. Baxmayın da, adı xatirələr doğurar".
Kənan Novruzov
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov: “ATƏT sədri Buyar Osmani ilə Ermənistanın xarici işlər Ararat Mirzoyanın mətbuat konfransında bu məqam mənim də diqqətimi çəkdi. Mirzoyan Minsk Qrupunun hələ də fəaliyyət göstərdiyini iddia etdi. Osmani isə qurumun "donduğunu" etiraf etdi. Görünür, Ermənistan “Papadan artıq katolik olmaq” istəyir. Osmaninin dedikləri isə fikrimcə, bizi o qədər də narahat etməməlidir. Minsk Qrupunun faktiki olaraq “sinifdə qaldığını” hər kəs, o cümlədən hazırkı sədr də bilir. Amma Osmani, əlbəttə, ən azından öz reputasiyası naminə perspektivlərdən danışmalı idi.
Minsk Qrupunun “donunun açılıb-açılmaması” təkcə ATƏT-in özündən yox, həm də bizdən asılıdır. Biz buna razılıq verməsək, Minsk Qrupu “reanimasiyada” qalmağa davam edəcək. Razı olmağımız üçün isə ATƏT maraqlarımızı nəzərə almalı, nəhayət, obyektiv olmalı, ciddi təkliflər irəli sürməlidir. Fikrimcə, Buyarinin açıqlaması daha çox situativ xarakter daşıyır. ATƏT yenə də səmimi deyil. Bu qurumun, sadəcə, regionla bağlı öz maraqları var. Onlardan biri də Rusiyanın Cənubi Qafqazdakı təsirini azaltmaqdır. Əslində daha bizim də Minsk Qrupuna və onun “dublikatlarına” ehtiyacımız yoxdur. Tarixi təcrübə göstərdi ki, biz öz işimizi özümüz görməyə qadirik. Buna baxmayaraq, sözsüz ki, radikal addım atıb ATƏT-lə əlaqəmizi kəsməyə ehtiyac yoxdur. Müəyyən məqamlarda situativ olaraq bu qurumdan istifadə edə bilərik, xüsusilə də Rusiyanın artan təsirlərinin neytrallaşması üçün".(musavat)
Cavanşir ABBASLI