10 DƏFƏDƏN ARTIQ SUİ-QƏSD EDİLMİŞ GƏNC GENERAL... -“Öz ofisində yaşayır, ehtiyatlı həyat tərzi sürür...”
Yenixeber.org: Hazırda Ukrayna torpaqlarında davam edən müharibə böyük itkilər, dağıntılar, faciələrlə yanaşı, Ukrayna tarixinə parlaq simalar – hərbçilər, siyasətçilər, ictimai xadimlər, diplomatlar, jurnalistlər, iqtisadçılar və s. də bəxş etməkdədir. Onların sırasında Ukrayna Ordusunun komandanı general Valeri Zalujnı və Ukrayna Hərbi Kəşfiyyatının başçısı Kirill Budanovun xüsusi yeri var...
“O, “kabinet nəzəriyyəçisi” deyil, hərbi kəşfiyyatın bütün pillələrini keçmiş, böyük təcrübəsi və nüfuzu olan əsl döyüş zabitidir”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski hələ 2020-ci ilin avqustunda, 34 yaşında Müdafiə Nazirliyi Hərbi Kəşfiyyat Baş İdarəsinin rəisi təyin olunan Kirill Budanov haqqında söyləmişdi. Ukrayna tarixinin ən gənc generallarından olan bu zabit doğrudan da 2014-cü ildən başlayaraq, Donbasdakı qızğın döyüşlərin iştirakçısı olmuş, ağır yaralanmış, bundan sonra isə kəşfiyyatçı kimi fəaliyyətini davam etdirmişdi...
Budanovun təbii olaraq, heç də bütün detalları açıqlanmayan bioqrafiyasında yazılır ki, o, 1986-cı ilin 4 yanvarında Kiyevdə anadan olub və valideynləri də Kiyev əsillidir.
Hərbi təhsilini Odessa Quru Qoşunları İnstitutunda alıb və 2007-ci ildən etibarən Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı bölümündə müxtəlif vəzifələrdə xidmət keçib. 2014-cü ilin yazından Donbasda gedən döyüşlərə qatılıb və ağır yaralanıb. 2018-ci ildən xüsusi vəzifədə(?) çalışıb, 2020-ci ilin əvvəlində Xarici Kəşfiyyat Departamentinin rəis müavini təyin olunub. 2020-ci ilin 5 avqustundan etibarən hazırda daşıdığı vəzifəyə təyinat alıb. 2022-ci ilin iyulunda Budanov Prezident yanında Kəşfiyyat Məsələləri Komitəsinin başçısı vəzifəsinə də təyin edilib. “İgidliyə görə” ordeni başda olmaqla, çoxsaylı orden və medallarla təltif olunub...
O, sadəcə, ən gənc generallardan biri olması ilə deyil, həm də danılmaz xidmətləri ilə populyarlaşıb. Rusiyanın Ukraynada Budanovu V.Zelenskidən sonra az qala bir nömrəli hədəf kimi görməsi də təsadüfi deyil. Məsələn, Kreml rəsmən Krım körpüsünün partladılmasına görə məsuliyyəti Budanovun və onun rəhbərlik etdiyi idarənin üzərinə atır.
Kremlin “gündüz çıraqla axtardığı” bu “cavan oğlan” hələ müharibə başlamazdan çox-çox əvvəl Rusiya xüsusi xidmət orqanlarının hədəfində olub. Məsələn, 2019-cu ildə onun avtomobilinin altına partlayıcı qurğu yerləşdirilmişdi. Lakin bomba vaxtından əvvəl partladığı üçün Budanovu məhv etmək mümkün olmamışdı.
“The Washington Post” isə Budanovla bağlı son məqaləsində Ukrayna kəşfiyyatındakı mənbələrinə istinadla yazır ki, indiyə qədər ona qarşı azı 10 dəfə sui-qəsd cəhdi olub. Həmin yazıda Budanovun həyat tərzi ilə bağlı isə deyilir: “Budanov öz ofisində yaşayır, çox ehtiyatlı həyat tərzi sürür və insanlar arasında nadir hallarda görünür. Onun kabinetində gün boyu klassik musiqi səsi gəlir. Yəqin ki, bu, orada danışılanların dinlənilməməsi üçündür. Otağın küncündə silah, masanın üzərində isə patronlar var...”
Budanovun karyerasının birdən-birə yüksələn xətt üzrə inkişaf etməsi, onun Rusiya xüsusi xidmətinin əsas hədəflərindən birinə çevrilməsi və tezliklə general rütbəsi alması təsadüfi sayılmır. Deyilənə görə, bu proses hələ 2016-cı ilin avqustundan başlayıb. Bununla bağlı məlum olan yeganə detal odur ki, həmin vaxt Krımda Rusiya FTX-sının önəmli fiqurlarından biri olan podpolkovnik rütbəli zabit qətlə yetirilib. O şəxsin adı və hadisə ilə bağlı ətraflı məlumat verilmir. Məlum olan yalnız odur ki, həmin dövrdə Budanov “düşmənin arxa cəbhəsində xidmət göstərən xüsusi əməliyyatçlardan biri” olub və ardınca da təfərrüatı açıqlanmayan əməliyyata görə “İgidliyə görə” medalı ilə təltif olunub. Budanov həmin əməliyyatda iştirakı ilə bağlı verilən suala cavab verərkən bunu nə təsdiq, nə də təkzib edib: “Nəsə oldu... və bundan sonra mənim həyatıma sui-qəsdlər başladı”.
Hazırda Budanov ümumilikdə Rusiyanın Ukrayna kəşfiyyatına təsirlərinin qarşısında duran əsas fiqurlardan biri, bəlkə də birincisi sayılır. Unutmayaq ki, Ukrayna kəşfiyyatı yalnız Budanovun başçılıq etdiyi qurumdan ibarət deyil. Məhz onun sayəsində Ukrayna kəşfiyyat orqanlarında xeyli təmizləmələrə nail olunub. Buna baxmayaraq, məsələn, Kiyevə hücumun detallarını, dəqiq vaxtını, istiqamətini və s. çatdıran, bununla da paytaxtın ələ keçirilməsinin qarşısının alınmasında müstəsna xidməti olduğu bildirilən, şəxsən V.Zelenskinin ölümündən sonra təltif etdiyi bankir Denis Kireyevin məhz Budanovun agenti olduğu məlum oldu.
Onu qətlə yetirənlər isə hələ də Ukrayna kəşfiyyat orqanlarında Rusiyaya xidmət edən şəxslər sayılır. Odur ki, Budanovun “çox ehtiyatlı həyat tərzi sürməsi” heç də təsadüfi deyil...
Budanov həm də müharibədən əvvəl və onun gedişi dövründə söylədiyi fikirlər və verdiyi proqnozlarla tanınıb. O, 2021-ci ilin payızında elan etmişdi ki, Rusiya 2022-ci ilin yanvar-fevral aylarında Ukraynaya qarşı geniş miqyaslı hücuma başlayacaq. Demişdi ki, bu hücum şimalda Belarus başda olmaqla, şərqdən və cənubdan eyni vaxtda həyata keçiriləcək. Rusiya Zaporojye vilayətinin dəniz sahili boyu ərazilərini ələ keçirərək, Krıma quru yolu açmağa çalışacaq. Eyni zamanda, Krımdan Odessaya və Xersona hücum edəcək. Sonradan baş verənlər onun dediklərini təsdiqlədi və göstərdi ki, Budanov gənc olsa da, təsadüfi adam deyil və tutduğu vəzifədə boş yerə oturmayıb. Deməli, nəyisə deyirsə, doğrudan da bildiyi nəsə var...
Müharibənin elə ilk dövrlərində Budanov bildirdi ki, Ukrayna itirilmiş torpaqlarını yalnız hərbi yolla geri qaytaracaq və bunun ilk nəticələrini artıq avqust ayında görəcəyik. Doğrudan da, avqust-sentyabr aylarında Ukrayna Xarkov və Xerson istiqamətlərində uğurli əks-hücum əməliyyatları keçirərək, böyük əraziləri işğaldan azad etdi.
İndi isə Budanov deyir: “Ukrayna 1991-ci il sərhədlərinə qayıdacaq. Biz başqa variantları nəzərdən keçirmirik. İlin sonuna qədər aktiv hərbi əməliyyatlar 0-a qədər enəcək. Biz yaxın gələcəkdə bütün ərazilərimizə nəzarəti bərpa edəcəyik. Putinin başlatdığı müharibə isə Rusiya üçün fəlakətlə bitəcək”.
Əgər deyirsə, yəqin, bildiyi nəsə var... “Azpolitika”