"Azərbaycan özü necədirsə, demokratiyası da elədir" -"Əgər Almaniya şirdirsə, biz hələ ki, pişiyik"
Yenixeber.org: Erkin Qədirli deyib ki, Azərbaycanda demokratik seçki yoxdur. Adil Əliyev isə cavab verib ki, məhz o, demokratik şəkildə seçilib. Məncə, Erkin bəy də, Adil müəllim də düz desələr də, hər ikisi yarımçıq danışıb.
Bu qənaətlə siyasi şərhçi Nadir Qocabəyli çıxış edib. Nadir bəyə görə "Azərbaycan özü necədirsə, demokratiyası da elədir":
Niyə? Ona görə ki, hər ikisi deməliydi ki, tam demokratik seçki dünyanın heç bir yerində yoxdur və biz də bütün parametrləri ilə özümüzə uyğun seçki keçiririk.
Azərbaycan özü necədirsə, demokratiyası da elədir.
Məsələn, Azərbaycanın Almaniyadakı kimi seçki keçirə bilməsi üçün burada da gərək hər şey oradakı kimi olsun. Uşaq bağçasından tutmuş müəllimlərin maaşına kimi. Gərək bizdə də Mersedes, Audi, Volksvagen, Opel kimi maşınlar istehsal olunsun. Gərək bizim də Nitshşe, Hegel, Marks, Feyerbax, Şopenhauer, Freyd, Haydegger kimi filosoflarımız, Tomas Mann, Herman Hesse, Remark, Günter Qrass kimi yazıçılarımız və s.-miz olsun.
Bununla belə, Almaniyada da seçki tam demokratik deyil. Yəni xalqın ağzı nədir ki, öz ağlı, iradəsi, arzusu ilə səs verə və kimisə deputat seçə. Deputatları orada da varlı burjuaziya, maliyyət oliqarxiyası, onların pulları seçdirir. Orada da siyasi partiyalar həmin dairələrin maliyyəsi ilə fəaliyyət göstərir Yəni onlardan hər hansı birinin sözünü deməyən partiya, şəxs, siyasətçi ağzıyla quş tutsa da, deputat ola bilməz. Xalq deyilən insan kütləsi heç vaxt onların gücü qarşısında duruş gətirə bilməz. Onun yalnız adı və idarə olunan bədəni var. Düşünən beyinlər orada da buradakı kimi bəlli dairələrin iradəsinə tabe etdirilib. Həm də zorla, pulla.
Bizdə hələ ki həmin burjaziya və oliqarxiya bir əldə - görünən hakimiyyətin cəmləşib. Əslində orada da elədir. Ancaq onların daha qədim tarixi, mədəniyyəti, siyasi ənənəsi olduğuna görə, həmin bir əl görünmür və onun hər barmağı eyni məqsədə fərqli hərəkətlə xidmət etmək şousü göstərə bilir. Həm də Almaniyanın bu tamaşanı göstərmək üçün daxili gücü bizimkindən qat-qat çoxdur. Bu güc elmə, texnologiyaya, ixracata əsaslanır. Aydın məsələdir ki, biz Almaniya deyilik. Əgər o şirdirsə, biz hələ ki, pişiyik.
Ancaq bizdə də artıq demokratiya şousunu bir qədər təkmilləşdirməyin vaxtı çatıb. Düşünürəm ki, hakimiyyət daha səviyyəli, daha azad, daha sərbəst bir parlament formalaşdıra, ora daha səviyyəli deputatlar seçilməsinə, onun başına daha sanballı idarəçilər gəlməsinə şərait yarada bilər. Məsələn, spiker dünənə qədər heç kəsin tanımadığı bir müəllimə yox, ictimai-siyasi proseslərdə özünü az-şox təsdiqləyən, xalqa daha müsbət enerji, dünyaya pozitiv mesaj ötürə bilən biri ola bilər....