KİYEVİ İŞĞALDAN QURTARAN “XAİN”... -Və Ukrayna Prezident Ofisində Rusiyaya işləyən “agent”
Yenixeber.org: Sözügedən qəzanın gerçək səbəbləri təbii ki, hələ aydın deyil və hər zaman bu cür işlərdə olduğu kimi, yaxın vaxtlarda aydınlaşacağını gözləmək də sadövhlük olardı.
Ancaq hər necə olsa, istər Ukraynada, istərsə də Qərbdə bir çoxları həm məlum helikopter qəzasının, həm də buna qədər baş vermiş bir çox müəmmalı hadisələrin Ukrayna hakimiyyəti daxilində baş verənlərlə bağlı ciddi narahtçılıqlara yol açdığını bildirirlər.
Məsələ ondadır ki, son günlər sözügedən qəzadan hələ xeyli əvvəl baş vermiş daha bir hadisə, daha doğrusu, qətl barədə bir çox yeni iddialar və nəticələr üzə çıxmaqdadır. Söhbət Ukraynada tanınmış bankir, maliyyəçi və sonradan isə həm də böyük ölçüdə kəşfiyyatçı olduğu məlum olan və müəmmalı şəkildə qətlə yetirilən Denis Kireyevdən gedir.
Onun Ukrayna hakimiyyəti ilə hansı dərəcədə yaxın əlaqələrə malik olduğu Kireyevin müharibə başlayandan sonrakı ilk Ukrayna-Rusiya rəsmi danışıqlarında iştirak etməsi ilə üzə çıxdı. O zaman Ukrayna heyətində Kireyevin yer alması çoxları üçün anlaşılmaz idi. Ancaq sonradan bəlli oldu ki, bu şəxs Ukrayna-Rusiya münasibətlərinin pərdə arxasında yer alan əsas fiqurlardan biri imiş. Onun qətli isə hansısa qaranlıq oyunların nəticəsidir…
Ötən ilin mart ayında qətlə yetirilmiş Kireyev ilk olaraq, xain kimi qələmə verilməyə başladı və bu işdə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyindəki bəzi yüksək rütbəli şəxslər xüsusi canfəşanlıq göstərdi. Cəmiyyətdə çoxları müharibənin ilk aylarındakı çaşqınlıq fonunda Kireyevin vətən xaini olduğu barədə deyilənlərə inandı.
Lakin aprel ayında, yəni qətlindən cəmi bir ay sonra Prezident Volodimir Zelenski 45 yaşlı Denis Kireyevin Ukraynanın müdafiəsindəki xidmətlərinə görə medalla(ölümündən sonra) təltif edilməsinə dair xüsusi əmr imzaladı. Hətta məlum oldu ki, müharibənin ilk günlərində Kiyevin rus ordusundan qorunmasında, xilas edilməsində Kireyevin misilsiz xidmətləri olub.
Bunu Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin, yəni, hərbi kəşfiyyatın rəisi, məşhur general Kirill Budanov özü şəxsən bəyan etdi. Budanov dedi ki, Kireyev müharibədən bir gün əvvəl özünün Rusiyadakı maliyyəçi və bankir dairələrdəki mənbələrindən topladığı bilgilər əsasında Moskvanın nə vaxt və hansı nöqtələrdən hücuma keçəcəyinə dair olduqca qiymətli məlumatları Ukrayna kəşfiyyatına, şəxsən Budanova çatdırıb.
Hətta Budanov əlavə edib: “Kireyev olmasaydı, rusiyalılar Kiyevi tuta bilərdilər”. Budanovun dediyinə görə, məhz onun verdiyi məlumatlar əsasında Ukrayna tərəfi olduqca qiymətli sayılan ilk bir neçə saat ərzində rusların desant hücumlarına hazırlaşa və onların qarşısını ala biliblər. Nəticədə Kiyevin cəmi bir neçə kilometr şimalında yerləşən Antonov aeroportuna Rusiyanın ən elit desant qüvələri düşəndə, artıq Ukrayna tərəfi onları gözləyirdi.
Məhz həmin döyüşlərdə Rusiya ilk ağır zərbələr aldı, desant qüvvələri məhv edildi, aerodrom özü isə rusların yeni desant enişləri və hücumları üçün yararsız vəziyyətə gətirildi.
Beləliklə, Rusiyanın ilk hücum dalğası boğulandan sonra məlum danışıqların ilk raundu başladı və Kireyev şəxsən bu danışıqlarda iştirak etdi. O, bununla da həmçinin, Ukrayna hakimiyyəti və kəşfiyyatı ilə əlaqələrini aşkara çıxarmış oldu. Lakin Ukrayna-Rusiya danışıqlarının martın 3-nə təyin olunmuş ikinci raundu ərəfəsində, görüşə bir neçə saat qalmış Kireyev Ukrayna Milli Təhlükəsizlik Xidməti əks-kəşfiyyat idarəsinin şefi Aleksandr Pokladın birbaşa, yaxud dolayı iştirakı ilə qətlə yetirildi.
Belə ki, Pokladın ofisindən kimsə həmin gecə Kireyevi görüşə çağırıb. Görüşə gələn və oradan da danışıqlara yollanmağa hazırlaşan Kireyevin mühafizəsi yerindəcə tərkisilah edilib, onun özü isə başqa avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb. Cəmi saat yarımdan sonra Kireyevin güllələnmiş cəsədi yol kənarına atılmış vəziyyətdə tapılıb.
Həmin vaxt nə Ukrayna DİN, nə əks-kəşfiyyatı, nə nə də digər güc strukturları onun qətlini şərh etmədilər və Kireyevin xain obrazını yaratdılar.
A.Poklad isə birbaşa Kireyevin xain olduğu üçün cəzalandırıldığını bəyan etdi. Lakin kiminsə məhkəməsiz-filansız qətlə yetirilməsinə qarşı etirazların qarşısında geri çəkilən Poklad sonradan danışıq tonunu dəyişməli oldu…
Əvəzində, Kireyevi qəhrəman adlandıran general Budanov bildirdi ki, onu ya Kiyevin işğalının qarşısını aldığına görə qisas məqəsədilə, ya da onun nələrisə danışa biləcəyindən qorxduqları üçün öldürüblər. Yəni, onu “özgələrə işləyən özümüzünkülər” öldürüb.
Bundan bir neçə ay sonra – iyul ayında Zelenski Ukrayna Milli Təhlükəsizlik Xidmətinin rəisi İvan Bakanovu və onlarla yüksək rütbəli zabiti vəzifədən alaraq, işdən kənarlaşdırdı. Bu adamların Ukraynanın əleyhinə işlədikləri barədə məlumatlar yayılmağa başladı. Ancaq məsələ bundan irəli getmədi.
Bir neçə gün bundan əvvəl isə Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak jurnalistin Kireyevlə bağlı sualına cavab olaraq bidirdi ki, Kireyev xain olmayıb və onun qətli “Ukrayna kəşfiyyatının iki qolu arasındakı anlaşılmazlıq, qeyri-müəyyənlik, koordinasiyanın olmaması nəticəsində baş verib”. Bu da Kireyevin qətli ətrafında müəmmanı daha da artırmış oldu.
Budanova gəlincə, maraqlıdır ki, Kireyevin qətlindən sonra Budanova qarşı 6 dəfə sui-qəsd edilib. Qeyd edək ki, məhz Budanov Rusiyanın Ukrayna Ordusu və kəşfiyyatına təsirini neytrallaşdıran qüvvənin başında duran şəxs sayılır. Budanov Kireyev haqqında onu da deyib ki, onun danışıqlardakı rolu vaxt uzatmaq və Ukraynaya vaxt qazandırmaq idi. Onun qətlində əli olanlar isə Ukraynanın qələbəsini istəməyənlərdir.
Bəs, Ukrayna hakimiyyətində Rusiyaya işləyən qüvvənin başında kim durur? Bir çox müstəqil mənbələr və təhlilçilər bu şəxsin Prezident Ofisinin rəhbəri Andrey Yermak olduğunu iddia edirlər. Hətta ABŞ mənbələri Kireyevin qətli göstərişinin də Yermak tərəfindən verildiyini bildirirlər. Yəni, əks-kəşfiyyata bu əmri məhz Yermak verib.
Eyni zamanda, bu günlərdə Ukrayna hərbi kəşfiyyatı başçısının sabiq müavini Roman Çervinski Yermak və Pokladın Rusiyaya işlədiyini iddia edib: “Mənim Yermakın Rusiya agenti olduğunu düşünmək üçün xeyli əsaslarım var”.
Onu da qeyd edək ki, məşhur araşdırmaçı jurnalist Xristo Qrozevin Yermak və ətrafı ilə bağlı film çəkmək fikrində olduğu bildirilir…
Beləliklə, Kireyev Ukrayna qəhrəmanlarının uyuduğu Boykovo qəbristanlığında qəhrəmanlara yaraşan şəkildə dəfn olunub. Onun xain, yoxsa qəhrəman olduğunu birmənalı söyləmək isə hələ də asan deyil.
Əvəzində, müharibənin qızğın dövrünün davam etdiyi Ukraynada hakimiyyətdaxili mübarizənin əlamətləri getdikcə daha çox özünü biruzə verməyə başlayır. Bu isə olduqca təhlükəli məqamdır.
Bu günlərdə Ukrayna Prezident Ofisinin müşaviri vəzifəsindən istefa verməyə məcbur edilən Aleksey Arestoviç deyib ki, “hakimiyyətdə artıq bizim idarə etmədiyimiz hadisələr baş verir”. Və əlavə edib: “Biz o zaman məğlubedilməzik ki, bir-birimizlə didişmirik. Ancaq didişəndə bizi qısa müddətdə, gözlənilmədən məğlub etmək çox asan olacaq”...“Azpolitika”