“SÜLHMƏRAMLIBAŞI”NIN NÖVBƏTİ İKİÜZLÜLÜYÜ... -Volkov bizə bir, ermənilərə başqa bir şey deyir?
Yenixeber.org: Bunu Qarabağdakı qiondarma qurumun “parlament rəsmiləri” erməni mətbuatına açıqlamalarında bildiriblər.
Onlar qeyd ediblər ki, dekabrın 6-da rus hərbi kontingentinin komandanı Andrey Volkovla görüşüblər və həmin görüşdə onun bir gün öncə Azərbaycan jurnalistlərinə Laçın yolunda Azərbaycanla birgə gömrük postu qoyulacağına dair fikirlərinə aydınlıq gətirməsini istəyiblər. Onların sözlərinə görə, Volkov Azərbaycanla heç bir birgə post-filan qoyulmayacağını bildirib.
“Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, giriş postunda mini gömrük postu quraşdıraq. Bizim bu günə qədər yoxlanış üçün texniki vasitələrimiz yox idi. Orada hansısa yüklərin altından nə isə keçirə bilərlər”.
Xatırladaq ki, bunu da həmin Andrey Volkov ermənilərlə görüşdən cəmi bir gün öncə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə görüş zamanı demişdi.
İndi belə çıxır ki, həmin bu “sülhməramlıbaşı” general Laçın dəhlizinə alternativ yeni yolda Azərbaycanla birgə post qoyulmasına dair bizə bir şey, ermənilərə isə başqa bir şey deyir.
Əlbəttə, siyasətdən az-çox anlayışı olanlar yaxşı bilirlər ki, Laçın yolunda Azərbaycan tərəfinin post qurması Volkov səviyyəsində həll olunan məsələ deyil və buna müqavimət göstərmək də nə Volkovun, nə də onun “qardaşlaşdığı” Vardanyanın başı üçün olan məsələ deyil.
Ancaq hər halda, Volkov gah bizə, gah da ermənilərə “qulağa xoş” açıqlamalar verməklə, öz aləmində ya bizi, ya da onları “yola verir”. Ya da hər ikimizi.
Bu, Rusiyanın əsrlər boyu regionunumuzda yürütdüyü ikiüzlü siyasətin sözügedən rus generalının timsalında “mini təzahürü”dür. Ancaq inanırıq ki, bu “hoqqalr”ın ömrünə az qalıb və əvvəlcə Qarabağdakı qondarma separatçı qurumun tör-töküntüləri, ardınca da rus “sülhməramlısı” tezliklə layiq olduqları yerə göndəriləcəklər... “Azpolitika”