“RUS SÜLHMƏRAMLILARI LAÇIN YOLUNU SÜZGƏCƏ ÇEVİRİB...” –“Qarabağda müşahidə etdiyimiz proseslər anti-terror əməliyyatlarını qaçılmaz edir”
Qarabağ ətrafında Ermənistanın və onun havadarlarının yaratdığı süni gərginlik davam edir. Həmçinin, Rusiya, İran və Fransanın təşviqi səbəbindən Ermənistan sülh danışıqlarından qaçır. Azərbaycan isə müxtəlif üsul və imkanlardan istifadə edərək Xankəndinə daxil olmağa cəhdlər edir. Ümumilikdə isə gərginliyin hərbi qarşıdurmaya çevrilmə ehtimalı yüksək olaraq qalır.
Yenixeber.org: Bu mövzunu analitik Oqtay Qasımovla müzakirə edib:
- Oqtay bəy, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət Qarabağdakı rus sülhməramlıların nəzarətində olan ərazilərimizə daxil olaraq ekoloji vəziyyəti araşdırmağa başlayıb. Bu, Azərbaycanda kifayət qədər əlamətdar hadisə kimi qəbul olunur. Sizcə, bu prosesin perspektivi necə görünür?
- Əlbəttə, dekabrın 3-də baş verən olay diqqətçəkən hadisədir. Məncə, burada iki məqama xüsusi diqqət edilməlidir. Birincisi, Azərbaycan nümayiş etdirdi ki, hansısa şirkətlərin rus sülhməramlıların nəzarəti altında olan ərazilərdə belə qanunsuz fəaliyyətinə imkan vermək niyyətində deyil.
İkincisi, Azərbaycan müəyyən zaman kəsiyində rus hərbçilərinin nəzarətində olan ərazilərin öz suverenliyi altına qaytarılması məsələsində qərarlıdır. Məncə, son baş verənləri belə qiymətləndirmək daha doğru olardı.
Yeri gəlmişkən, yayda da eyni proses yumşaq formada gedirdi. Məsələn, Sərsəng Su Anbarına Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri ezam olunmuşdu. Mütəxəssislərimiz tərəfindən su anbarına baxış keçirilmiş, texniki məsələlər öyrənilmişdi. Eyni proses indi Ağdərə rayonu ərazisindəki qızıl yataqları ilə bağlı gedir.
Son hadisə ilə həm də Rusiya hərbçilərinə mesaj verildi ki, bura Azərbaycan əraziləridir, onlar burada müvəqqəti -üçtərəfli bəyanata əsasən konkret müddət ərzində qalacaq. Nəhayət, Azərbaycan Qarabağ üzərində özünün suverenliyini qəti şəkildə bərpa etməkdə maraqlıdır və bu prosesi heç bir qüvvə dayandıra bilməz.
- Hər gün rus sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərdən Azərbaycan ordusunun mövqeləri atəşə tutulur. Demək olar ki, vəziyyət hər gün daha da kəskinləşir. Bu gərginliyin görünməyən səbəbləri nədir?
- Bir səbəb Ermənistanın zamanı uzatmağa hesablanan siyasətidir.
İkincisi, regionda marağı olan qüvvələr- Rusiya, Fransa, İran dövlətlər qrupu var ki, onların da xüsusi aktivliyi müşahidə edilir. Eləcə də regiondan kənarda olan və Ermənistanı silahlandıran Hindistanın müəyyən qədər mənfi rolu var. BMT-dəki dinləmələr zamanı Hindistanın mövqeyini gördük. 12-13 sentyabr qarşıdurmasından sonra Hindistan Ermənistana 260 milyon dollar dəyərində silah satmaq qərarı verdi. Bir sözlə, bu dövlətlərin hər birinin təsiri və konkret marağı var. Bu maraqların nədən ibarət olması haqqında artıq cəmiyyətimizin bilgisi baxımından qapalı bir şey qalmayıb.
Rusiya regionda idarə olunan gərginliyin davam etməsinə və bununla özünün mövcudluğunun davamını təmin etməyə çalışır. Aydındır ki, indi ABŞ başda olmaqla kollektiv Qərb Rusiya ilə rəqabətdədir və Moskvanı Güney Qafqazdan sıxışdırıb çıxarmaq üçün mübarizə aparır. Rusiyanın regiondan çıxarılmasının ən optimal yolu Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanmasıdır. Əgər, bu proses həyata keçirilərsə, Rusiyanın həm Ermənistanın Gümrü şəhərindəki hərbi bazasına, həm də Azərbaycnanın Qarabağın dağlıq hissəsindəki sülhməramlı adı ilə yerləşdirdiyi hərbi kontingentə ehtiyac qalmayacaq. Rusiya isə bunu qətiyyən arzulamır.
Fransa isə son 30 ildə birmənalı anti-Azərbaycan mövqeyi tutub, son bir ayda Azərbaycana qarşı həm Senat, həm də Milli Assambleya tərəfindən qətnamə qəbul edilib. Üstəlik, həmin qətnamələrdə Azərbaycana qarşı sanksiya çağırışı var. Fransa Azərbaycanı təcavüzkar kimi təqdim etməyə çalışır. Bu dövlətlərin təşviqi və təsiri ilə prosesləri pozmağa yönəlik cəhdlər aydın görünür. Ermənistanın sülhyaratma prosesində sistemsiz davranışları da bununla bağlıdır.
- Azərbaycan dövlət qurumlarının nümayəndələri Qarabağdakı məlum ərazilərimizdə ekoloji durumu araşdırmağa başlayandan bir gün sonra -dekabrın 4-də sülhməramlıların nəzarəti ilə Kəlbəcərə gedən Azərbaycan avtomobil kolonu ermənilər tərəfindən hücuma məruz qalıb. Bunu təşkil olunan cavab kimi qiymətləndirmək lazımdır, yoxsa təsadüfi insident kimi?
- Belə bir hal Rusiyanın maraqlarına cavab verir. Ruslar göstərmək istəyirlər ki, sülhməramlılar olmasa, Qarabağ bölgəsindəki iki toplum - azərbaycanlılar və ermənilər yola getməyəcək, burada daim gərginlik olacaq. Odur ki, bu səbəbdən rus hərbçiləri uzun müddət regionda qalmalıdır. Diqqət etsək görərik ki, Rusiya tərəfindən verilən təkliflər də məhz bu istiqamətdədir. Putinin İrəvanda və ondan əvvəl Soçidə verdiyi bəyanatlarda sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, humanitar məsələlərin həlli irəli çəkilir və bunlar həll olunandan sonra sülh müqaviləsinin imzalanması gəlir.
Azərbaycan isə təklif edir ki, öncə tərəflər arasında sülh müqaviləsi imzalansın. Çünki bu, siyasi prosesdir. Bakının sülh müqaviləsi ilə bağlı bilindiyi kimi, beş baza prinsipi ortadadır və Ermənistan bunu qəbul etdiyini bildirib. Azərbaycanın məlum təklifinə qarşı nə ABŞ, nə də Avropadan hər hansı əks fikir səsləndirilmir, əksinə, bu mövqe müdafiə olunur. Eyni zamanda, sülh müqaviləsi ilə yanaşı sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası təklif edilir.
Yeri gəlmişkən, qeyd edim ki, Qarabağda gərginlik son üç ayda artıb. Bu, nə zaman oldu? Azərbaycan Prezidenti Basqal kəndində verdiyi açıqlamada incə bir məqama toxunmuşdu. Söhbət Laçın yoluna alternativ yolun çəkilişi zamanı baş verən epizodla bağlı məsələdən gedir. Rus sülhməramlıların nəzarət etdiyi həmin ərazidə yaşayan ermənilər Azərbaycan inşaatçıları ilə normal münasibət qurmuş, hətta müəyyən məsələlərdə azərbaycanlı inşaatçılara yardım etmişdilər. Rus sülhməramlılar isə ümumiyyətlə ilk dövrlər istisna olmaqla, sonrakı 6-7 ay müddətində həmin ərazidə görünməmişdi. Nəticədə iki toplum arasında normal münasibət yaranmışdı. Əslində, bu mesaj o demək idi ki, kənar təsirlər olmasa Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətinə inteqrasiya oluna, bu dövlətin pasportunu alaraq vətəndaş kimi yaşamaq istəyərlər. Çünki belə niyyətlərlə bağlı mesajlar olmuş, üstəlik təmaslar da qurulmuşdu. Məhz bu proses Rusiyanın maraqlarına zidd olduğu üçün təxribatlar başlandı və Laçın yolu vasitəsilə Xankəndinə silah, sursat, bəzən ağır texnika daşındı. Məhz rus sülhməramlılarının istəyi ilə faktiki olaraq Laçın yolu süzgəcə çevrilib. Rus hərbçiləri kənardan gələn və Azərbaycana qarşı düşmən münasibətdə olan bir xeyli adamı Bakıya xəbər vermədən Qarabağa buraxıb. Eləcə də oktyabrın sonunda Xankəndində keçirilən mitinqə Ermənistan əhalisinin avtobuslarla daşınmasına göz yumublar. Göz yumduqları hadisələrdən biri də 14 İran vətəndaşının Xankəndinə gəlməsidir. Bu da onu deməyə əsas verir ki, rus sülhməramlıların fəaliyyəti konkret olaraq fəliyyətsizlikdir, üzərinə düşən missiyanı yerinə yetirməməkdir.
- Rus sülhməramlıların qanunsuz davranışı Azərbaycanın hərəkətə keçməsi üçün əsaslar verirmi?
- Əlbəttə. Əvvəla, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli sazişin iki müddəası indiyə qədər yerinə yetirilmir. Bunun məsuliyyəti həm də Rusiyanın üzərinə düşür. Dördüncü maddəyə görə, rus sülhməramlıları erməni silahlı birləşmələrinin ərazidən çıxarılması ilə paralel olaraq yerləşir. Amma bu sazişin bağlanmasının üzərindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq qeyd edilən müddəa yerinə yetirilməyib. Qarabağda Ermənistan ordusunun qalıqları qalmaqdadır. Ermənistan tərəfi, o cümlədən Rusiya Müdafiə Nazirliyi oradakı silahlıları guya qondarma “Qarabağ müdafiə ordusu” kimi təqdim etməyə çalışır. Bunun özü də hüquq pozuntusu, cinayətə dəstək verməkdir. Nəzərə alınmalıdır ki, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda iki ordudan -Azərbaycan və Ermənistan ordularından bəhs edilir. Sənəddə hansısa üçüncü silahlı qrup və ya birləşmələrdən söhbət getmir. Deməli, hansısa üçüncü silahlı birləşmə 10 noyabr sazişinin şərtlərinə görə, qeyri-qanuni dəstə, terrorçu qrup kimi qəbul oluna bilər. Bu halda əgər hansısa üçüncü silahlı birləşmə ortaya çıxırsa, ona qarşı anti-terror əməliyyatı keçirilə bilər. Konkret ərazilərdə avqust ayında olduğu kimi, nöqtə atışları ilə erməni ordusunun qalıqlarının ləğv edilməsi üçün müəyyən addımlar atılacağını düşünürəm. Ermənistan ordusunun qalıqlarını çıxarmaq üçün təzyiq ediləcək, əgər onlar bu çağırışları, siyasi yolu və diplomatik təzyiqləri qəbul etməyəcəklərsə, onda bir yol qalacaq - güc tətbiqi.
- Yəni, hərbi qarşıdurmanı proqnoz edirsiniz…
- Bu, iri miqyaslı hərbi qarşıdurma deyil. Azərbaycan dövləti rus sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərimizdə əməliyyat keçirəcəksə, bu, anti-terror əməliyyatı olacaq. Təbii ki, silahlar işə düşəcəksə, qarşıdurma da olacaq. İndi müşahidə etdiyimiz proseslər dediyimiz anti-terror əməliyyatlarını qaçılmaz hala gətirir.
İkinci məsələ isə Ermənistan-Azərbaycan sərhədində, yəni Laçın yolunun Ermənistanla sərhəd hissəsində Azərbaycan sərhəd keçid məntəqəsinin qurulmasıdır. Yeri gəlmişkən, bu, rus sülhməramlıları ilə toqquşma sayıla bilməz. Sülhməramlıların Laçın yolu üzrə məsuliyyəti aydındır. Onlar bu yol üzərində hərəkətin təmin edilməsi, nəqliyyat vasitələrinin hərəkətinə nəzarəti həyata keçirməlidir. Sərhəd keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olan hər bir şəxs və yüklər isə Azərbaycan sərhədçisi tərəfindən yoxlanılmalıdır. Bunun başqa variantı yoxdur. Oradan təkcə iranlılar keçmir ki... Biz bilirik ki, oraya Fransada prezident seçkilərində namizədliyini irəli sürən siyasətçi gəldi, eləcə də ermənilərə “baş çəkən” Fransa Milli Assambleyasının deputatlarının, həmçinin Rusiya Dövlət Dumasının üzvlərinin Qarabağa səfərlərini müşahidə etdik.
Yəqin ki, hələ bilmədiyimiz xeyli məsələlər də var. Ruben Vardanyanın özünün Qarabağa buraxılması isə ayrıca mövzudur. Ortada Azərbaycan tərəfinə məlumat verilmədən Vardanyanın Qarabağa buraxılması faktı və onun üzərindən hansısa layihələrin həyata keçirilməsi cəhdi var. Bunların hamısı Azərbaycanı tədbirlər görməyə vadar edir. Odur ki, anti-terror əməliyyatları istisna olunmur. İndiki halda Ermənistan ağlını başına yığmalı, Azərbaycan tərəfindən edilən çağırışları düzgün qiymətləndirməlidir. “Azpolitika”