Yenixeber.org: Tehranın ritorikasında çox gözlənilməz dönüş baş verib. “Nə vaxtsa hər hansı bir ölkə tərəfindən Azərbaycana hücum olarsa, İran Azərbaycan Respublikasını dəstəkləyəcək”. Bunu İranın dini liderinin xarici siyasət üzrə baş müşaviri Əli Əkbər Vilayəti noyabrın 20-də İranın “Tasnim” xəbər agentliyi üçün yazdığı məqalədə bildirib.

O qeyd edib ki, İranın gücü “dostlarına qarşı deyil, İran və Azərbaycanın düşmənlərinə, eləcə də digər qonşularının düşmənlərinə qarşı” yönəlib.

Vilayəti bununla da kifayətlənməyərək, qəfil elan edib: “Azərbaycan xalqı bizim gözümüzün işığıdır. Son həftələr kimlərsə cəhalət səbəbindən, kimlərsə isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayır. Bu, İrana qarşı çirkin böhtandır. İran istər Qafqazda, istərsə də başqa yerlərdə qonşuları da daxil olmaqla, heç bir ölkəyə hücum etmək fikrində deyil. Və xüsusən də irq, dil, din, adət-ənənə və tarixi eyni olan insanlar, yəni Azərbaycan Respublikası xalqı bizim gözümüzün işığıdır. İran İslam Respublikası bu gün də regiondakı xalqların xoşbəxtliyindən başqa bir şey istəmir və regionun digər ölkələrinin ərazisinə tamah salmır. Əgər hansısa ölkə Azərbaycana hücum etsə, İran Azərbaycanı dəstəkləyəcək. Hansısa səbəbdən Arazın şimalında yaşayan azərbaycanlılarla aramızda xətt olsa da, biz sərhədləri keçərək hansısa əraziləri işğal etməyə çalışmırıq. Azərbaycan xalqı öz ölkəsini idarə edir və belə yersiz sözlər, ittihamlar əsassızdır. Qoy İran və Azərbaycanın düşmənləri bilsinlər ki, onların bu yöndə səyləri boşa çıxacaq”.

Bütün bunlar nə ilə bağlıdır? Bu gözlənilməz mövqe dəyişikliyi nədir? Gah az qala müharibə vəziyyətinə gətirə biləcək təhdidlər, gah da sevgi etirafları. Doğrudanmı İran elitası özü də başa düşmür ki, bu, kənardan ən azı qəribə görünür və inam yaratmır? Vilayətinin hazırkı bəyanatı konkret olaraq nəyə hesablanıb?

Müstəqil siyasi ekspert Nəsimi Məmmədli bununla bağlı fikirlərini bizimlə bölüşüb:

– Son günlər İranın Azərbaycana qarşı ritorikası aqressiv xarakter daşıyırdı. Deputatlar, hərbçilər, dini liderlər və məmurlar Azərbaycanı hədələyirdilər. Araz çayı yaxınlığında hərbi təlimlər keçirən İran Azərbaycanın Zəngəzur dəhlizi açmasına imkan verməyəcəyini bəyan edirdi. Ümumiyyətlə, İran Azərbaycana qarşı dəfələrlə müxtəlif təzyiq üsullarından istifadə edib. Azərbaycan İranın istəklərini nəzərə alaraq, əsasən onunla ortaq dil tapmağa üstünlük verirdi. İran isə hər an Azərbaycanı cilovlaya biləcəyinə inanırdı.

Lakin Ermənistanla 44 günlük müharibədən sonra rəsmi Bakının yanaşması xeyli dəyişdi.

Birincisi, Azərbaycanın Türkiyə ilə hərbi müttəfiqliyi ən yüksək səviyyəyə çatıb. Ordunun texniki təchizatı, döyüş hazırlığı daha da yüksəlib. Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni geosiyasi proseslər Azərbaycanın Rusiya, ABŞ və Aİ qarşısında mövqelərini xeyli gücləndirib, təhlükəsizlik təminatları da gücləndirilir. Xüsusilə, Türk Dövlətləri Təşkilatının sürətlə formalaşması, əməkdaşlığın dərinləşməsi, Asiyadan Avropaya gedən kommunikasiyaların əhəmiyyəti Azərbaycanın yeni geosiyasi proseslərdə imkanlarını xeyli artırıb.

Azərbaycan prezidentinin türk dövlətlərinin Səmərqənddə keçirilən 9-cu sammitində 40 milyon azərbaycanlının hüquqlarının pozulması ilə bağlı bəyanatı İranda ciddi rezonans doğurub. Azərbaycanlıların yaşadıqları ərazilərdə Azərbaycan bayraqları, İlham Əliyevin şəkilləri, milli şüarlar yazılmış plakatlar geniş yayılmağa başlayıb.

Rəsmi Tehran bu tendensiyanın böyüməsindən ciddi şəkildə narahatdır və bunun qarşısının zorla alınmasının daha böyük təhlükələrə səbəb olacağını bilir. Buna görə də o, Azərbaycana qarşı təhdid ritorikasını yumşaltmaq, əvvəlki əməli siyasəti davam etdirmək istəyir.

Eyni zamanda, İranın Azərbaycana qarşı təhdidləri İran daxilində siyasi və ideoloji böhranın dərinləşməsində ciddi rol oynadı. Bu, cənubda yaşayan 40 milyona yaxın türkün İran rejiminə etirazına səbəb olub. Azərbaycan İsraildə səfirlik açmaqla İrana münasibətinə aydınlıq gətirib və beynəlxalq ictimaiyyətə müvafiq siqnal göndərib.

Əli Əkbər Vilayəti hazırkı məqaləsi ilə əslində fars şovinizmini təbliğ edir, türkləri təhqir edir, tarixi saxtalaşdırır. Məqalə Azərbaycana qarşı irad və təhdidlərlə doludur. Bir-iki cümlə ilə İran-Azərbaycan münasibətlərini əvvəlki səviyyəyə qaytarmaq cəhdləri olsa da, mahiyyət dəyişmir.

İranın indiki geosiyasi şəraitdə itkiləri Azərbaycan-İran münasibətlərindəki gərginlikdən daha çoxdur. Lakin Vilayətinin bu açıqlaması səmimiyyətdən uzaqdır və münasibətlərin yaxşılaşmasına səbəb olmayacaq. Azərbaycanla bağlı xoş sözlərin arxasında İranın pis əməllərini gizlətmək niyyəti dayanır.

Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edəndə, tarixi abidələrimizi dağıdanda, bir milyona yaxın vətəndaşın evini, əşyalarını qarət edəndə, yandıranda, məscidlərdə donuz saxlayanda Vilayəti İranın xarici işlər naziri idi. O zaman o, nəinki buna etiraz etmədi, hətta Ermənistanın blokadadan çıxmasına hər cür dəstək verdi. Türkiyə işğalçılıq siyasətinə görə Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edəndə, Pakistan onunla heç bir əlaqə yaratmayanda Vilayəti İrəvanda İran səfirliyini açıb. İran 44 günlük müharibə zamanı Ermənistana logistik dəstək verməyə davam etdi. Rəsmi Tehran müharibədən sonra Qafanda konsulluq açıb və Ermənistanın təhlükəsizliyini özünün qırmızı xətti adlandırıb. Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarında da İranın izləri görünür. Yəni İran-Azərbaycan münasibətlərindəki gərginlik İranın siyasəti ilə bağlıdır. Bu siyasət dəyişdirilməsə, normal münasibətləri bərpa etmək mümkün olmayacaq.(pressklub)

Rauf Orucov