Azər Rəşidoğlu: “Tehran son davranışları ilə Bakını təxribata çəkmək istəyir”
Yenixeber.org: İki aydan çoxdur ki, soyuqluq müşahidə edilən İran-Azərbaycan münasibətləri son günlər bir qədər də gərgin xarakter alıb. Belə ki, avqust ayının əvvəllərində İrana məxsus yük avtomobillərinin Qarabağdakı erməni terrorçu-separatçılarına yüklər daşıdığı faktı üzə çıxdı. Bundan sonra İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, Rəsmi Bakının notası diplomata təqdim edildi.
Bir müddətdən sonra humanitar yardım adı altında yenidən separatçılara yükün daşınması görüntüləri yayıldı. Rəsmi Bakı tərəfindən yenidən Tehrana nota verildi, eyni zamanda, İranla Ermənistan arasındakı Qafan-Gorus yolunun Azərbaycanın ərazisinə düşən hissəsində postlarımız quruldu. Hazırda İrandan Ermənistana gedən yük avtomobillərindən “torpaqbasdı” haqqı deyilən gömrük haqqı alınır.
Görünür, Azərbaycanın bu addımları İranda müəyyən narazılığa səbəb oldu ki, istər Rəsmi Tehrandan, istərsə də qeyri-rəsmi şəxslər tərəfindən ölkəmiz əleyhinə bəyanatlar səsləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “Anadolu” Agentliyinə verdiyi müsahibədə İran TIR-larının separatçılara yük daşıması ilə bağlı məsələyə toxunarkən ölkəmizin qanunlarının və beynəlxalq hüququn tələb etdiyi formada addım atıldığını deməsi vəziyyəti bir qədər də gərginləşdirdi. İran XİN rəsmisinin Azərbaycan haqqında xoş olmayan açıqlaması, İranda və Azərbaycandakı bəzi iranpərəstlərin qarayaxma kampaniyası geniş vüsət alıb.
Baş verənlərlə bağlı suallarımızı tanınmış siyasi icmalçı Azər Rəşidoğlu cavablandırıb:
- İran-Azərbaycan münasibətləri son dərəcə gərginləşib. Hətta bəzi Rusiya saytları iki ölkə arasında savaşın başlayacağını iddia edir. Nə baş verir?
- İran-Azərbaycan münasibətləri həmişə gərginliklə müşayiət edilib. Bunun da səbəbləri var - Cənubi Azərbaycan amili, Bakının İsrail və Qərblə isti münasibəti, Xəzər dənizində Qərb şirkətlərinin çalışması, İkinci Qarabağ savaşından sonra Ankaranın Bakıda artan nüfuzu İranı narahat edir. Əslində, Tehranın Azərbaycanda həmişə təsir dairəsi olub. Bu, yalnız dindar kəsimdən ibarət olmayıb. Tehran çoxvektorlu siyasət apara bilir və öz təsir agentlərini şifrələyə bilir. Azərbaycanda İrana xidmət edən şəxslərin kim olduğunu bilmək asan deyil. Fokuslar dindarlara yönəlib. Lakin Tehrana “sədaqət andı” içənlərin arasında ateistlər də az deyil. Onlar siyasi, mədəni müstəvilərdə təmsil olunurlar.
Xatırlayırsınızsa, SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun “yenidənqurma illəri”ndə Naxçıvanda, cənub bölgəsində, Bakı kəndlərində İran İslam Respublikasının qurucusu Xomeyninin şəkillərinin paylanılması adi hal idi. Lakin Azərbaycanda alovlanan Milli Azadlıq Hərəkatı və türkçü Əbülfəz Elçibəyin bu hərəkata rəhbərlik etməsi Tehranın planlarını pozdu. Azərbaycan tarixi və ədəbiyyatında “Cənub həsrəti”nin əsas mövzulardan olması da Arazın o tayında yaşayan soydaşlarımız tərəfindən xoş qarşılanırdı. Bakıda sığınacaq almış təbrizli bir soydaşımız deyirdi ki, o tərəfdə edama aparılan bir hərəkatçı kəndir boynunda olan zaman da ümid edirdi ki, “Elçibəy məni xilas edəcək”. Elçibəyin vəfatı ideoloji boşluq yaratdı və sonrakı illərdə romantik yanaşma tədricən daha praqmatik maraqlarla əvəzləndi və Birinci Qarabağ savaşındakı məğlubiyyət millətçiliyi və liberalizmi dini ideologiyalarla əvəzləməyə başladı.
Tehranın Qarabağ savaşındakı qərəzli mövqeyi, İran ruhanilərinin Azərbaycan haqqında təhqiramiz bəyanatları elə bumeranq olaraq geri qayıtdı. İranın şərti olaraq Amuli kimi (söhbət bu fərddən getmir, yanaşmadan gedir) ruhanilərinin sərsəm açıqlamaları qıcıq doğurdu və dini kəsim şiəliyə fars şovinizminin təbliğat vasitəsi kimi baxmağa başladı. İranın şiə ruhaniləri Azərbaycanda şiəliyin qəbirqazanı oldular və ən böyük zərbə də elə şiələrə dəydi. Ümumiyyətlə, İran ruhanilərinin yarıtmaz yanaşması Azərbaycanda yad ideologiyaların yayılmasına şərait yaradıb. Artıq Azərbaycanda sələfi, xəvaric, təkfirçi qruplaşmaların sayı durmadan artır. Daha çox şiələrin yaşadığı Azərbaycanda radikal-təkfirçi dini cərəyanların yayılmasının başlıca günahı əba geyinmiş, əslində din ilə əlaqəsi olmayanların üzərindədir. Bu gün kimlərəsə belə söhbətlər mənasız gələ bilər. Lakin yaxın zamanda ölkədə fəallaşan təkfirçilərin siyasi proseslərə də təsirini görəcəyimizi düşünürəm.
- İran dini müstəvidə Azərbaycana təsir edə bilərmi və hansı səbəbə Azərbaycanın şiə icmaları (Şeyxül İslam Allahşükür Paşazadə istisna olmaqla) İranın Ali dini liderinin şəxsi nümayəndəsi Amulinin bəyanatlarına etinasız yanaşdı?
- Bu suala cavab vermək üçün İranın Ali dini lideri Xameneyinin şiə icması üçün hansı önəmə malik olduğunu anlamaq lazımdır. Xameneyi ölkənin birinci şəxsi və ən əsası qeyri-məhdud hakimiyyəti özündə ehtiva edən Vilayəti-Fəqihdir. Məhz Vilayəti-Fəqih olması özlərini Azərbaycan şiələrinin liderləri hesab edənlərin əl-qolunu bağlayır. Vilayəti-Fəqih nəzəriyyəsi Xomeyni tərəfindən irəli sürülüb. Məqsəd İslam hökuməti qurmaq ixtiyarına sahib olmaq hüququnu əldə etmək olub. Bu nəzəriyyəyə qədər Cəfəri məzhəbində İslam hökuməti qurmaq hüququ Hz. Məhəmmədə və 12 İmama aid idi. Şiələr hesab edirlər ki, indiyə qədər əsl İslam hökuməti iki dəfə qurulub. Bunlardan birincisi Hz. Məhəmmədin Mədinədə qurduğu hökumətdir. İkincisi isə Hz. Əlinin xəlifəliyi dövrüdür. Növbəti İslam hökumətini isə şiələrin qeybə çəkildiyini dedikləri 12-ci imam qura bilər. Lakin Xomeyni Vilayəti-Fəqih nəzəriyyəsini irəli sürərərk 12-ci imamın zühuruna qədər təqlid edilən (mərceyi-təqlid) müctəhidlərdən birinin İslam hökuməti qura biləcəyini bəyan etdi və ilk Vilayəti-Fəqih də özü də oldu. Onun ölümündən sonra bu status Xameneyiyə keçdi. Bir türkün bu statusda olması, təbii ki, ərəb millətçilərini qəzəbləndirir və İranı qıcıqlandıranlar da elə bu amildən istifadə edərək, Tehran-Bakı münasibətlərini gərginləşdirməyə, məzhəb savaşı salmağa çalışırlar.
Yeri gəlmişkən, Vilayəti-Fəqih fəqihlər məclisi tərəfindən seçilir. Vilayəti-Fəqih hakimi mütləqdir. O, siyasi, iqtisadi, hərbi, hətta şəxsi məsələlərə müdaxilə edə biləcək hüquqa malikdir. İran rejimi Vilayəti-Fəqih üsul-idarəsinin diktaturadan fərqli olduğunu iddia edir. Əsas arqument Vilayəti-Fəqihin İslam hökmləri əsasında ədalətə söykənməsidir. Vilayəti-Fəqih məsumiyyət baxımından Hz. Məhəmməd və 12 imamla eyni dərəcədə tutulmasa da, idarəçilikdə eyni hüquqa malikdir. Vilayəti-Fəqih müqəddəsata aid şəxsiyyətdir və təkcə İranın deyil, dünyadakı bütün şiələrinin rəhbəridir. Azərbaycanın şiə liderləri istəsələr belə, Vilayəti-Fəqih olan Xameneyi və onun nümayəndəsinə qarşı çıxmağa ehtiyat edirlər. İranda rejim bütün təzadlarına baxmayaraq hələ də güclüdür. Əgər İranda rejim devrilərsə, milli və dini zəmində başlayacaq savaş bölgəni, o cümlədən, Azərbaycanı öz ağuşuna ala bilər. Lakin İranda hazırda mühafizəkar qüvvələr kifayət qədər güclüdür və istənilən etirazları yatıra bilirlər. Sosial narazılıqlar isə atmaqdadır. Bu isə o anlama gəlir ki, dəyişikliklər labüddür.
İran elitasında ciddi parçalanma var və odur ki, ölkənin inkişafı ilə bağlı müxtəlif fikirlər də mövcuddur. Lakin Cənubi Azərbaycanın müstəqilliyi ideyasına dünya gücləri dəstək vermir. Bu ideyanın reallaşması prinsip etibarilə Turanın yaranması anlamına gəlir. Bunun nə demək olduğunu isə dünyanın taleyini həll edən güc mərkəzləri gözəl dərk edir. Odur ki, ehtimal etmək olar ki, İran-Azərbaycan münasibətləri gərgin, lakin dəyişkən olaraq qalacaq. Onu da vurğulamalıyam ki, İranla Azərbaycan arasında yaranan gərginliyə ölkə daxilindəki münasibət artıq fərqli çalar alır. Əvvəllər heç kəs risk edib, İranı bu qədər açıq müdafiə etməzdi. İctimai rəy buna imkan verməzdi. Artıq İranı müdafiə edənlər çoxalıb və bəzən müdafiəçilər aqressiv davranırlar, sanki savaşa hazırlaşırlar. Bir sözlə, baş verənlər Cəlil Məmmədquluzadənin “Anamın kitabı”nda yazılanları xatırladır. Mirzə Cəlil göstərirdi ki, Mirzə Məhəmməd ilə Səməd Vahid bir-birinə qulaq asmayanda Zəhra bəyim ana (yəni, Vətən) ölür. Anamızın ölməsini istəmiriksə, çıxış yolunu tapmalıyıq. Çıxış yolunu isə Rəsulzadə “Əsrimizin Səyavuşu”nda göstərirdi. Əmin bəyin bu əsəri möhtəşəm ideoloji əsərdir. İran-Turan ideoloji savaşı Azərbaycanı dövlətçilikdən məhrum edib.
Bu gün də eyni proseslər baş verir. Əsərdə belə bir ifadə var: “...Əvət, ey vətəndaşlar! Və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: Bir kərə yüksələn bayraq bir daha enməz!” Düşünürəm ki, dahi öndər bu məsələ ilə bağlı sözünü deyib. İbrət götürməliyik.
- İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra İran tərəfindən təhdid xarakterli bəyanatlar niyə daha da çoxaldı?
- Bəli, bu, belədir. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Tehran Bakı ilə münasibətlərində daha qəzəbli və qərəzli mövqe sərgiləyir. Bunun da səbəbləri var. İşğaldan azad edilən bəzi rayonlarımız İranla sərhəddir. İran istəmir ki, o ərazilərdə NATO üzvü olan Türkiyə və ya başqa bir Tehrana düşmən olan ölkə yerləşsin. Digər tərəfdən, İran həmin ərazilər vasitəsilə narkotik ticarətinə nəzarət edirdi. Artıq bu nəzarət Tehran rejiminin əlindən çıxıb. Bu isə milyonlarla dolların itirilməsi anlamına gəlir. Burada bir məqama da diqqət çəkmək istərdim. Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın parlaq qələbəsi Tehran da daxil, bütün İranda yaşayan 30-40 milyonluq soydaşımıza mübarizə ruhu verir. Prezident Əliyevin bu mövzuda verdiyi sərt bəyanatlar əslində paradiqma dəyişikliyidir. Tehran Elçibəy strategiyasına qayıdışdan ehtiyat edir. Ən əsas amil isə son dərəcə sadədir. İran güclü, müstəqil, torpaqlarını cəmi 44 gün ərzində hərbi və siyasi yol ilə azad etmiş bir Azərbaycanla qonşu olmaq istəmir. Tehran Cənubi Azərbaycan türklərində millətçiliyin artacağını anlayır. İran dərk edir ki, Türkiyənin Orta Asiyaya, Xəzər dənizinə çıxış imkanı yaranır. Belə gedişat İranın bölgədəki gücünü darmadağın edir. İran rəsmilərinin Azərbaycanı təhdid etməsi, dövlət başçımızı təhqir etməsi, mətbu orqanlarda azərbaycanlıları və Prezident Əliyevi aşağıladan yazıların və karikaturaların dərcinin isə bir adı var – tərbiyəsizlik. Bununla İran Azərbaycanı təxribata çəkmək istəyir. Bakı bunu anlamalı və addımlarında soyuqqanlı olmaqla fəaliyyət göstərməlidir.
- Mərhum Əbülfəz Elçibəydən fərqli olaraq Prezident İlham Əliyev heç vaxt İrana qarşı sərt ritorika nümayiş etdirməyib. İran mediasını belə qəzəbləndirən nədir?
- Dövlət başçımız işğaldan azad edilən ərazilərə səfər edərkən fərqli simada özünü təqdim etdi. Qalib ordunun Ali Baş Komandanı dünya azərbaycanlılarının lideri statusunu qazanmaq istəyir. Odur ki, onun Araz çayına adi bir baxışı Tehranda təşviş yaradır. Nəzərə alın ki, Türkiyə Prezidenti Ərdoğanın Araz çayı barədə söylədiyi 1 bəndlik şeir İranda az qala zəlzələ effekti yaratmışdı. İran ehtiyat edir ki, günlərin bir günü İlham Əliyev Təbriz barədə xoş sözlər söyləyər. İran siyasəti belə məsələlərə həssas yanaşır. İnanmıram ki, İranın hansısa bir məlumatı olsun ki, ondan narahat olsun. Azərbaycan zamanında İranı NATO-dan qoruyan ölkədir. Tehran gələcək proseslərdən qorxur və belə addımları ilə özünü daha da dalana dirəyir.
- İran Gorus-Qafan yolu ilə ermənilərə yanacaq daşıyır. Bakı bu məsələyə ən yüksək səviyyədə etirazını bildirdi. Münasibətlərin gərginləşməsində bu amilin də izi varmı?
- İran Gorus-Qafan yoluna nəzarəti itirmək üzrədir və bunu həzm edə bilmir. İran öncədən yanlış siyasət sərgilədi. Ermənistan Cənubi Qafqazda mühüm oyunçu ola bilməzdi və Tehran bunu hesablaya bilmədi. Gorus-Qafan yolu Tehranın üzünə bağlandıqdan sonra, bölgəyə ayaq basmaq üçün İran tamamilə Azərbaycandan asılı vəziyyətə düşə bilər. Digər tərəfdən, Tehran belə düşünür ki, “Zəngəzur dəhlizi” ilə bağlı Bakının niyyəti reallaşarsa, İran Naxçıvan, həmçinin Türkiyə və Orta Asiya ölkələri arasında yük və sərnişin tranzitindən əldə olunan gəlirləri itirəcək. Bakının təkid etdiyi “Zəngəzur dəhlizi planı” İranın Qara dənizə və Qərbə çıxış planlarına zərbə olacaq. Tehranın bütün tranzit layihələri Bakının iradəsinə bağlı olacaq. Bütün bunlar İranı qəzəbləndirir. İranın Azərbaycanda etnik və məzhəb qarşıdurması qurmaq cəhdləri də nəticə vermir. Düşünürəm ki, Azərbaycan ağıllı siyasi gedişlərlə vəziyyəti öz xeyrinə dəyişə bilər. Geosiyasi müstəvidə gözəl şans yaranıb və bundan bəhrələnmək lazımdır.(AYNA)