Yenixeber.org: Qarabağdakı separatçı rejimdə “dövlət naziri” təyin edilmiş (bu post Qarabağın qanunsuz separatçı hökumətində baş nazir vəzifəsinə uyğundur) rusiyalı milyarder Ruben Vardanyan bu yaxınlarda Rusiyanın “Kommersant” qəzetinə geniş müsahibə verib.

Vardanyan müsahibəsində hər addımında anti-Azərbaycan bəyanatları verən və hətta bundan sui-istifadə edən sələfi Artak Beqlaryandan fərqli olaraq bu cür bəyanatlarından yayınır. Onun sözlərində hərbi revanşizm niyyətinin nümayişi yoxdur.

Separatçıların yeni lideri əsas diqqəti Qarabağ ermənilərinin sosial-iqtisadi təhlükəsizliyinə yönəldib.

“…Mən fəaliyyət proqramını addım-addım açıqlamaq istəmirəm… bu qərarların tələsik və düşünülməmiş deyil, balanslı olması çox vacibdir. Cəmiyyətdə mövcud olan tarazlığı pozmamaq, buna zərər verməmək çox vacibdir. Əsas vəzifə odur ki, “Artsaxda” (ermənilər Qarabağı belə adlandırırlar – red.) yaşayan insan müdafiə olunduğunu hiss etsin, övladlarına yaxşı təhsil vermək imkanına malik olsun, normal tibbi xidmət alsın, işlə təmin olunsun və öz istəklərini reallaşdırmaq imkanı olsun”, – Vardanyan deyib.

O, Azərbaycanla münasibətlər baxımından da çox ehtiyatlı ifadələr seçib:

“…Mənim təklif etdiyim birlikdə deyil, amma yanaşı yaşamaq düsturu o deməkdir ki, biz çox çətin, mürəkkəb münasibətlərimiz olan insanların qonşuluğunda olduğumuzu başa düşürük və qəbul edirik. Ancaq özümüzdə həm elə güc, həm də iradə tapmalıyıq ki, qonşudan gələn, illər uzunu yığılmış çox ciddi neqativ və təhlükənin hələ də qaldığı bir zamanda, onlarla elə münasibət qurmağı öyrənək ki, bizi yox etməyə çalışmağın deyil, yanaşı yaşamağın daha sərfəli olduğunu başa düşsünlər”.

Onun açıqlamalarında ancaq bir məsələ birmənalı olaraq qeyd edilir – Qarabağ ermənilərinin taleyindən danışarkən onların fikri nəzərə alınmalıdır:

“Mənə elə gəlir ki, mütləq olan ancaq bir məsələ var – “Artsaxın” gələcəyi, bu torpaqda yaşayan insanların gələcəyi onların iştirakı ilə həll və müəyyən edilməlidir. Və bu mənada hazırda gedən istənilən danışıqlar “Artsaxsız” baş tuta bilməz… Ermənistan Respublikasının rəhbərliyinin “Artsax” üçün onların necə yaşayacaqlarına qərar vermək mandatı yoxdur”.

Vardanyan problem tam həll olunana qədər Rusiya sülhməramlılarının Qarabağda qalmasını zəruri hesab edir.

Məlum olduğu kimi, prezident İ.Əliyev “Dağlıq Qarabağın statusu” barədə danışıqların müharibə nəticəsində bağlandığını bildirib. Müsahibə də bununla bağlı suala cavabla bitir.

Vardanyan deyir ki, “status beynəlxalq hüquqa uyğun olaraq tam müəyyən edilməsə belə, Azərbaycan rəhbərliyi və Azərbaycan xalqı status-kvonun qorunub saxlanılmasını (status-kvo ondan ibarətdir ki, “Artsax” Azərbaycan rəhbərliyinin gördüyü formada Azərbaycanın tərkibində olmayacaq) birmənalı şəkildə başa düşülməli və qəbul edilməlidir”.

Bunu necə qəbul etmək olar? “DQR”in yenilənmiş rəhbərliyinin Azərbaycanla müzakirə etməyə razılaşdığı mövzuları irəli sürmək cəhdi? Rəsmi Bakıya hansısa siqnal? Doğrudanmı Vardanyan inanır ki, Azərbaycan rəhbərliyini Dağlıq Qarabağın statusu məsələsini müzakirə etməyə inandırmaq üçün hələ də hansısa imkan var? Bunun hər hansı əsası varmı?

İsrailli publisist Aviqdor Eskin (Qüds) vəziyyətlə bağlı fikirlərini bizimlə bölüşüb:

– Ruben Vardanyanın Qarabağa gəlişi və bu bölgənin “hökumətinin rəhbəri” vəzifəsinə başlaması Moskvanın regionda öz mövqelərini gücləndirmək istəyi kontekstində nəzərdən keçirilməlidir. Kreml burada Əliyev və Paşinyandan asılı olmayan oyunçu kimi çıxış edir.

Bu o demək deyil ki, Rusiya Qarabağın muxtariyyətini İrəvanda düşünüldüyü formada müdafiə etməyə hazırlaşır. Moskva öz mövqelərini gücləndirir, təsirini genişləndirir. Sonrası isə sövdələşmə və kompromis mövzusudur. Kreml Azərbaycan və Türkiyə ilə razılaşmağa doğru gedəcək, eyni zamanda öz təsirini genişləndirmək üçün Qarabağ kartını əlində saxlayacaq.(pressklub)

Rauf Orucov