Zəngəzur dəhlizi açılsın:3 lehinə, 2 əleyhinə, bəs ABŞ?
Tehranda ötən həftə İran, Rusiya və Türkiyə prezidentlərinin görüşündə Ali dini lider Xamneinin verdiyi bəyanat Zəngəzur dəhlizi ilə bağlı mövqeləri toqquşdurdu. Azərbaycan rəsmi səviyyədə olmasa da, Ali dini liderin guya Zəngəzur dəhlizinin İran sərhədinə hansısa təhlükə yaradacağı ilə bağlı iddiaları rədd etdi.
Yenixeber.org: Ermənistanın “7or.am” nəşri Tehranda baş tutan üçlüyün görüşündən sonra Zəngəzur dəhlizi ilə bağlı maraq toqquşmasına diqqət çəkib. “Tehranda Xamnei, Putin və Ərdoğanın iştirakı ilə regionda və dünyada yeni oyun qaydaları və dünya nizamı mövzusu müzakirə edilib. Ermənistan, Gürcüstan, Azərbaycan və Suriya bunu izləyirdi. Kimə nə çatacağına, kimə nə çatmayacağına və bütün bunların kimin hesabına olacağına qərar verilirdi. Ən pis vəziyyətdə olduğumuzu ağrı ilə qeyd etməliyik. Səbəb təkcə 44 günlük müharibəni uduzmağımız deyil, həm də bu müharibənin və məğlubiyyətin məsul şəxsinin və bir nömrəli günahkarının Ermənistanı təmsil etməkdə davam etməsidir. Nikol Paşinyan Ermənistanın maraqlarını yox, Ermənistanı təmsil edir. Nikolun ümidi və hesablaması ondan ibarətdir ki, Ərdoğanı məmnun etsin, bütün ilkin şərtləri yerinə yetirsin, türklər vasitəsilə Azərbaycanı dayandırsın və kreslosunu saxlasın. Əgər İranın ruhani lideri və faktiki rəhbəri Zəngəzur və Ermənistan-İran sərhədi ilə bağlı şəxsi mənafeyinə uyğun və əlverişli bəyanat verməsəydi, o zaman Ermənistanın tamamilə məhv edildiyini qeyd edə bilərdik.
Şuşa Bəyannaməsinə görə, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizini açmağa qərar veriblər və bunu Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi üçün ilkin şərt hesab ediblər. ABŞ və Avropa Rusiya ilə İrana qarşı mübarizə aparmağa çalışdıqları üçün Azərbaycan və Türkiyəyönümlü mövqe nümayiş etdirirlər".
Məhz bu vəziyyətdə dəhlizin açılması üçün Qərbin, o cümlədən ABŞ-ın Ermənistana təzyiqlərinin artması qaçılmaz sayılır. ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə telefon zəngi bu mənada təsadüf hesab olunmur. Telefon söhbəti zamanı Blinken ABŞ-ın Ermənistanla Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu ifadə edib. Dövlət Departamentinin sözçüsü Ned Prays məsələ ilə bağlı bildirib: “ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla danışıb. Blinken ölkə rəhbərləri ilə danışıqları zamanı Azərbaycan və Ermənistanın sülhə nail olması üçün tarixi fürsəti müzakirə edib. Dövlət katibi regional nəqliyyatın və kommunikasiya əlaqələrinin açılmasına yardımçı olmağı təklif edib. Blinken bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Tiflisdə baş tutmuş görüşü nümunə göstərərək, ikitərəfli dialoqun davam etdirilməsini təşviq edib”.
Ekspertlər qeyd edirlər ki, Blinkenin regional nəqliyyatın və kommunikasiya əlaqələrinin açılmasına ABŞ-ın yardımçı olmasını təklif etməsi təsadüf deyil. Bu, həm də Zəngəzur dəhlizinə görə İrəvan və Tehrana xəbərdarlıqdır. Bununla ABŞ bildirir ki, İrana görə regional nəqliyyatın, o cümlədən Zəngəzur dəhlizinin açılmasının əngəllənməsinə qarşıdır. Bu da o deməkdir ki, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ABŞ tərəfindən qəbul edilmir və Ermənistan bunu mütləq nəzərə almalıdır. Əks halda, İrəvan da ABŞ-ın qəzəbinə tuş gələcək. ABŞ-ın mövqeyi nə dərəcədə həlledici ola bilər? Bu mövqe doğurdanmı, erməni nəşrinin iddia etdiyi kimi, İran və Rusiyaya (əslində, Rusiya dəhlizin açılmasını istəyir) qarşı mübarizə aparmağa çalışdıqları üçün Azərbaycan və Türkiyəyönümlü mövqe nümayiş etdirirlər, yoxsa?
Hikmət Babaoğlu: “Dəhlizin açılması heç bir ölkə tərəfindən etirazlarla qarşılanmamalıdır”
YAP-çı deputat Hikmət Babaoğlu bu istiqamətdə Azərbaycan tərəfin uğurlu gedişlər etdiyini qeyd etdi: “Qərbi Zəngəzur dəhlizinin açılması Azərbaycanın irəli sürdüyü prinsipal şərtlərdən biridir. Bu öz hüquqi əsasını 10 noyabr 2020-ci ildə əldə olunan üçtərəfli bəyanatda öz əksini tapıb. Bu vaxta qədər sevindirici haldır ki, keçmiş Minsk Qrupunun həmsədrləri olan Fransa və Rusiya bununla bağlı maraqlarını ifadə ediblər, kommunikasiyaların açılmasından söz açıblar. Eyni zamanda, Azərbaycan ötən müddət ərzində Avropa İttifaqının da bu istiqamətdə dəstəyini qazanmağı bacarıb. Bütövlükdə Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan dördbucağında bu məsələ ilə bağlı heç bir problem yoxdur. Çünki əsas şərtlər, eləcə də, kommunikasiyaların açılması bu dördbucaqda həll olunur. Bu vaxta qədər mövqe ifadə etməmiş ölkələrdən biri Amerika idi ki, o da bu dövlətin bir neçə gün bundan öncə dövlət katibi Entoni Blinken Azərbaycan Prezidentinə zəngi zamanı kommunikasiyaların açılması ilə bağlı ölkəsinin mövqeyinin müsbət, pozitiv olduğunu söylədi. Bunun bəyan edilməsi düşünürəm ki, bir impuls verə bilər. Amma çox təəssüflər olsun ki, bəzi region ölkələri bu dəhlizin açılması ilə bağlı həddindən artıq emosionallıq nümayiş etdirirlər. Bəzi hallarda bu prosesə mane olmağa da bu və ya digər formada cəhdlər göstərirlər. Doğrusu Azərbaycan ictimaiyyətində bəzi qonşu ölkələrin bu cür mövqeyi izahedilən və başadüşülən deyil. Hesab edirəm ki, bu ən çox region ölkələrinin, xüsusən də, bu dəhlizdən ən çox faydalana biləcək 3+3 formatında olan ölkələrin - Türkiyə, Rusiya, İran, Azərbaycan, Gürcüstan, Ermənistan - hər birinə xüsusi dividendlər qazandıra biləcək bu cür çoxşaxəli və təyinatlı dəhlizin açılması heç bir ölkə tərəfindən etirazlarla qarşılanmamalıdır. Biz ümid edirik ki, belə də olacaq. Amma kimin hansı mövqedə olmasından asılı olmayaraq Azərbaycan dəhlizi açacaq. Bu istiqamətdə hazırda ciddi işlər həyata keçirilməkdədir”.
Züriyə Qarayeva: “Bu amil İranın Azərbaycan üçün əhəmiyyətini azaldır”
Siyasi şərhçi Züriyə Qarayeva dəhlizin önəminə daha çox vurğu etdi: “Zəngəzur dəhlizi bölgə dövlətlərinin hər biri üçün xilas yolu funksiyası daşıyır. Müasir dövrdə beynəlxalq gərginliklər fonunda alternativ kommunikasiya vasitələrinin, ticarət dövriyyəsinin artırılması və dövlətlərarası inteqrasiyanın güclənməsi həyati vacib məsələdir. Türkiyə və Azərbaycan dəhliz vasitəsilə Naxçıvana quru yol, türk dövlətləri ilə əlaqə və Çindən başlayaraq İtaliyayadək uzanan orta xəttin işə düşməsində maraqlıdır. Rusiya bugünkü blokada vəziyyətindən çıxmaq, Ermənistana vasitəsiz çıxış yolu əldə etmək məqsədilə dəhlizin açılmasına önəm verir. Ermənistan üçün isə sözügedən dəhliz hava, su qədər əhəmiyyətli olub, siyasi, iqtisadi anlamda yuvarlandığı uçurumdan qurtuluş üçün xilas yoludur. İran isə Zəngəzur dəhlizinin praktiki əhəmiyyətini gördüyü halda bəzi strateji məsələlərlə bağlı maraqlarından ”ödünç" verməməyə çalışır. Əvvəla, dəhlizin açılması Naxçıvana quru yol deməkdir ki, bu amil İranın Azərbaycan üçün əhəmiyyətini azaldır və həm də onu iqtisadi dividenlərdən məhrum buraxır. İkincisi, vaxtı ilə işğalda olmuş Azərbaycan torpaqlarından İran boz zona olaraq istifadə edərək qanunsuz malların keçidini təmin edib. Üçüncüsü, Avropaya inteqrasiya üçün Qarabağdan istifadə İranın blokadadan çıxmasına təkan verirdi. Nəhayət, Tehranı Bakıya qarşı daha da hiddətləndirən məqam Gorus-Qafan yolunun nəzarətə götürülməsi oldu. ABŞ daxil olmaqla kollektiv Qərb İranın bölgədə nüfuzunun azalması, həm də kommunikasiyaların açılması ilə münaqişə ocağının aradan qaldırılmasında, beləcə Moskvanın regiondakı rıçaqlarının zəifləməsində maraqlıdır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”