ALMANİYA QAÇIR, ABŞ QOVUR –Şolts Ukraynaya hər vəclə yardım etmək istəmir
Qərbin Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinə qarşı vahid mövqeyini əldə etmək asan olmadı. Bu gün də Almaniya, Fransa, Macarıstan ABŞ-ın liderlik etdiyi anti-Putin koalisiyasında tam iştirak etmirlər.
Yenixeber.org: Rusiyaya qarşı sanksiya qərarlarında tez-tez konsensus problemi ortaya çıxır və bu zaman Almaniya daha fəallığı ilə seçilir. Əlbəttə, Avropa Birliyi ölkələri arasında Rusiyadan ən böyük neft və qaz alan ölkə Almaniyadır. Uzun illər ərzində bu əməkdaşlıq yüksələn xəttlə inkişaf edib və Rusiyadan bu ölkəyə uzanan iki qaz kəməri - "Şmal axını - 1", "Şimal axını -2" çəkilib. İkinci kəmər ötən ilin sonlarında tamamlansa da, Ukraynadakı müharibə səbəbindən onun fəaliyyəti dondurulub. Almaniyada ehtiyatlar üçün qaz anbarları tikilməyib, bu da hökumətin manevr imkanlarını daraldır.
Olaf Şolts hökuməti bu və ya digər səbəblərdən anti-Putin koalisiyasında vahid qərarlardan mümkün qədər qaçmağa çalışıb, nəticədə ötən iki ay ərzində belə maraqlı, ziddiyətli xronologiya ortaya çıxıb:
- Fevralın sonunda Almaniya hərbi sənayesi Şoltsa mövcud silahların siyahısını göndərib. Amma kansler Şolts Ukraynaya bu siyahını təqdim etməkdən imtina edir. Şolts bəyan edir ki, Almaniyanın Ukraynaya verəcək silahı qalmayıb;
- Almaniya hərbi sənayesi isə siyasi qüvvələrdən birinin köməyi ilə sözügedən siyahını gizli yollarla Ukraynanın Almaniyadaki səfirinə göndərir. Səfir Şoltsa müraciət edir, kansler isə silahların işlək olmamasını iddia edir;
- Almaniya hərbi sənayesi bunu təkzib edir və məlumatı mətbuata verir;
- Şolts bu dəfə bəyan edir ki, Ukrayna Silahlı Qüvvələrinə bu silahların istifadəsi üçün təlimləri keçə bilməyəcəklər;
- Almaniyanın hərbi mütəxəssisləri qeyd edirlər ki, ukraynalılara təlimlər üçün 2-3 həftə lazımdır;
- Kansler bəyan edir ki, bu silahlar NATO-ya lazımdır və silahların Ukraynaya verilməsi üçün NATO-nun razılığı lazımdır;
- NATO bunu dərhal təkzib edir;
- Şolts bu dəfə deyir ki, heç bir NATO və Avropa İttifaqı ölkəsi Ukraynaya ağır silahlar göndərmir;
- ABŞ, Böyük Britaniya və başqa ölkələr göndərilən silahların siyahısını açıqlayaraq bunu təkzib edirlər;
- Təzyiqlərin nəticəsində Olaf Şolts Ukraynaya silahların göndərilməsi üçün 2 milyard avro ayırdığını bəyan edir. Bundestaqın deputatları araşdırma aparırlar, məlum olur ki, əslində kansler 2 yox, 1 milyard avro ayırıb. Bu pullar isə 2-3 aydan sonra olacaq və Şolts istənilən ağır silaha veto qoya biləcək;
- ABŞ Şoltsa qarşı təzyiqlərə başlayır;
- Almaniya kansleri bəyan edir ki, 1 milyard avro artıq istifadə üçün hazırdır, Ukrayna tərəfi silahları seçə bilər. Ukraynanın səfiri isə bildirir ki, Şolts siyahıdan ağır silahları çıxardıb;
- ABŞ təzyiqi davam etdirir, Şolts bəzi ağır silahları siyahıya qaytarır..."Azpolitika"