Erməni dövlətçiliyinin “tabutu”na vurulan mismarlar -İrəvanın öz əleyhinə işləyən sülh oyunu
Paşinyan hökumətinin öz xalqını sülhə hazırlaması gecikir; kapitulyant ölkənin manevr limiti bitir; Xocalı canisindən etiraf: “Ermənistanı acarlaşma gözləyir...”
Yenixeber.org: Müharibəni adətən siyasətçilər başlayır, altını isə xalqlar çəkir. Xalqlar, dövlətlər arasında sülhün bərqərar olması da ən çox siyasətçilərin, diplomatların iradəsinə bağlıdır. İstəsələr, onlar öz toplumlarını digərlərinə qarşı nifrətə, ədavətə də kökləyə bilərlər, mehribançılıq və dinc-yanaşı yaşamağa da.
Ermənistan timsalında buna əyani şahidlik eləməkdəyik. Məhz iqtidarlı-müxalifətli erməni siyasətçilərinin öz xalqına illərlə Türkə qarşı düşmənçilik aşılamasının, “dənizdən-dənizə böyük Ermənistan”, “miatsum” nağılları danışması ona gətirdi ki, indi özləri də qarışıq, həmin təbliğatın girovluğundan qurtula bilmirlər. Çünki miflərə bağlılıq əsl gerçəyi görməyə imkan vermir. Erməni xalqının ən böyük problemi də məhz bu miflərdən qurtulub real həyata bağlana bilməməklə əlaqədardır. Bu missiya isə ilk növbədə erməni siyasilərinin üzərinə düşür.
*****
Düzdür, Ermənistan baş naziri Nikol Paşinyan vaxtaşırı sülh anlaşmasının vacibliyindən danışır, Azərbaycanla sülh müqaviləsinin imzalanmasından söz açır, Türkiyə ilə əlaqələrin qurulmasının zəruriliyini dilə gətirir. Lakin bu hələ ki, sözdən uzağa getmir. Ona görə ki, rəsmi İrəvanın sülh haqda təsəvvürü beynəlxalq hüquqla uzlaşmadığı üçün real, ədalətli sülh anlayışı ilə üst-üstə düşmür. Onun siyasi opponentləri isə bu məsələdə daha radikal mövqedədir və iki qonşu xalq arasında düşmənçiliyin bitməsinə imkan vermirlər.
Özünü dünyaya sülhpərvər kimi göstərən, N.Paşinyan srağagün yenə sülhdən danışıb. Azərbaycanla guya sülh müqaviləsi imzalamağa hazır olduğunu söyləyib. Amma “sülh, sülh” deməklə təbii ki, sülh yaranmır, müharibə təhlükəsi aradan qalxmır. Bundan ötrü ən birinci addım, elementar tələb - iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması və bunun təsdiqi kimi öz aralarında nota mübadiləsi eləməsidir.
Əfsus ki, Ermənistan rəhbərliyinin öz xalqını, ictimai rəyi bu yöndə hazırladığını görmürük. Yalnız ikibaşlı ifadələr, ürkək addımlar, köhnə əyyama qayıdış cəhdləri. Halbuki ölkələr arasında tam həcmdə əlaqələrin bərpası məhz onların qeyd-şərtsiz bir-birinin ərazi bütövlüyünün və suverenliyinin tanınmasına bağlıdır...
*****
“Ermənistan yaxın vaxtlarda Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənəd imzalamağa ümid edir”.
Bunu Paşinyan iki gün öncə hökumətin iclasında bildirib.
“Hazırda biz Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsinin tikintisi ilə bağlı konkret işlər görürük. Artıq texniki işlərə başlanılıb. Ümid edirik ki, əldə olunmuş razılaşmalar yaxın gələcəkdə sənəd şəklində öz əksini tapacaq və proses tam inkişaf edəcək”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, hökumət Şimal-Cənub strateji avtomobil yolunun Qarakilsə-Qacaran (Sisian-Kacaran) hissəsinin tikintisinə başlamaq üçün tender elan edəcək: “Əlbəttə, siyasi razılaşmalar olarsa, Şimal-Cənub yolu da Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirə bilər”.
Niyə də olmasın. Ancaq bütün bunların reallaşması, böyük barışığın baş tutması üçün Ermənistan Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddialarından imtina eləməli, həmin iddiaların yer aldığı qanunverici aktların hamısını ləğv eləməlidir. Dəfələrlə yazmışıq, əgər qonşu ölkənin ərazisinə rəsmən iddian varsa, onunla necə heç nə olmayıbmış kimi normal, səmimi əlaqələrdə ola bilərsən?..
*****
Bu arada Ermənistanın ikinci prezidenti, Xocalı canisi Robert Köçəryan da İrəvan-Ankara münasibətlərinin normallaşmasından danışıb. Köçəryan guya özünün də heç vaxt Ermənistan-Türkiyə münasibətlərinin qaydaya düşməsinin əleyhinə olmadığını iddia edib. Ardınca isə deyib: “Ermənistan Türkiyə ilə deyil, Türkiyə-Azərbaycan tandemi ilə danışıqlar aparır. Bu danışıqların gündəliyini Bakı diktə edir və sonra da Türkiyə onları Ermənistana təqdim edir. Bu proses Ermənistan üçün yaxşı heç nə vəd etmir. İkinci bir tərəfdən isə Ermənistan-Türkiyə sərhədinin açılması ilk 5 ildə bizim iqtisadiyyatımız üçün şok effekti verəcək. Erməni məhsulları üçün çoxlu problemlər yaranacaq. Sərhədlərin açılmasından sonra nələrin baş verəcəyi ilə bağlı hələ də ciddi hesablamalarımız yoxdur. Bizə ən azı 3-5 il ərzində öz bazarımızı qorumaq üçün proqram lazımdır, amma o bizdə yoxdur”.
Köçəryan sərhədlərin açılmasından sonra Ermənistanın Türkiyə və Azərbaycan tərəfindən “acarlaşacağını” da söyləyib. Əminliklə bildirib ki, blokadanın aradan qalxmasından ən çox Türkiyə faydalanacaq. O səbəbə iddia edib ki, hazırkı mərhələdə sərhədin açılmasını tələb edən guya İrəvan deyil.
*****
Sual yaranır: məgər Ermənistanın başqa seçimi var? Lukaşenkonun təbirincə desək, indi o kimə lazımdır?
İkincisi, Türkiyə sərmayəsinin aparıcı olduğu Gürcüstanın və onun qardaş ölkə ilə həmsərhəd Acarıstan bölgəsində əhali pismi yaşayır, acarların hansısa narazlığımı var? Əlbəttə yoxdur. Tam əksinə. Çünki inkişaf, rifah ən əvvəl qonşularla iqtisadi inteqrasiyadadır.
Məsələ də ondadır ki, sərhədlərin açılması yaxın və uzaq perspektiv baxımdan hamıdan çox Ermənistana lazımdır, Türkiyə və Azərbaycana yox. Əgər ilkin mərhələdə Ermənistan bazarı nələrsə itirəcəksə belə, bunun da günahı Türkiyədə və Azərbaycanda deyil. Qarabağ klanının, Köçəryan daxil, erməni rəhbərlərinin dünənədək apardıqları işğalçılıq siyasətindədir.
Yenə gec deyil. Ancaq o da var ki, daha bir neçə il sərhədlərin bağlı qalması, təcrid rejimi Ermənistanın böhran keçirən iqtisadiyyatı ilə yanaşı, onun simvolik dövlətçiliyinin də çöküşü ilə bitəcək, sonunu gətirəcək. Proses gedir.
Odur ki, seçim həmişəki kimi hələ də xeyirlə şərini ayırd edə bilməyən erməni tərəfinindir. Ya nə qədər gec deyil, qonşu ölkələrə qarşı sərsəm iddialardan həmişəlik vaz keçib ilk mərhələdə hansısa daxili bazarların itkisi ilə barışmaq, lakin inkişaf yoluna çıxmaq, ya da Ermənistan adlı psevdo-dövlətin “tabutuna” mismarları öz əlinlə vurmaq. Gerisayım çoxdan başlayıb...“Müsavat”