Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyanın başının dəstəsi ilə Fransaya səfər etməsi ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasına uyğun olmadığını göstərdi.
Yenixeber.org: Separatçı Saakyan Fransada müəyyən görüşlər keçirib.
Bu fakt Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən çıxarılması məsələsini gündəmə gətirir. Çünki münaqişənin həlli missiyasını öz üzərinə götürən ölkələrdən biri olan Fransanın Azərbaycan torpaqlarındakı separatçıları sərhəddən buraxması və onun rəsmi şəxs kimi qəbul edilməsinə şərait yaratması beynəlxalq hüquqa ziddir.
Fransa ənənəvi olaraq ermənipərəst siyasət yürüdür. Fransanın prezidenti Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi.
Bununla yanaşı, Fransa şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altında olan şəhərlərimizlə Fransanın şəhərləri arasında “qardaşlaşma” sazişləri imzalayırlar. Fransa hökuməti tərəfindən bunun qarşısının alınması üçün heç bir tədbir görülmür. 10-dan artıq Fransa şəhəri bu kimi qanunsuz və ilk növbədə Fransa qanunlarını pozan sənədə imza atıb. Qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyan da davamlı olaraq Fransaya səfər edir. Bu, Fransanın ədalətsiz mövqeyinin təsdiqidir.
Lakin bu ölkə Azərbaycan vətəndaşlarına qarşı da ikili standartdan çıxış edir. Misal üçün, Azərbaycan vətəndaşları Fransa səfirliyində viza almaq üçün süründürməçilik və bürokratik problemlərlə üzləşirlər, saxta pasport məlumatları ilə Bako Saakyan və digərləri Fransa ərazisinə asanlıqla daxil olurlar. Qanuni əsaslarla Fransaya səfər edən Azərbaycan vətəndaşları Fransanın sərhəd-keçid məntəqələrində əsassız sorğu-suallarla qarşılaşırlar.
Fransa XİN və Fransanın Azərbaycandakı səfirinin “Fransa Dağlıq Qarabağ Respublikası”nı tanımır deyə bəyanatı tamamilə qəbuledilməzdir və məsuliyyətdən qaçmaqdan başqa bir şey deyildir. Fransa açıq və birmənalı şəkildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyini və münaqişənin də bu prinsiplər əsasında həllini dəstəkləməlidir. Fransa açıq-aşkar ikili standartlara əsaslanan siyasət yürüdür. Baxmayaraq ki, Cənubi Osetiya, Abxaziya, Transdnestria və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir.
Fransa Avropa İttifaqı daxilində aparılan müzakirələrdə Aİ-nin Azərbaycan ilə əlaqələrinin inkişafına da maneə yaradır. Yeni Koledoniyada keçirilmiş referendumdan sonra Fransa prezidenti çıxış edərək müstəmləkə ərazisi olan Kaledoniyanın Fransanın tərkibində qalmasına görə fəxr etdiyini bildirdiyi, Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur.
Fransanın qərəzli və qeyri-obyektiv tərəf olduğunu nəzərə alaraq, Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır. ATƏT-in Minsk qrupunun həmsədrlik institutu yaradılan zaman Azərbaycan qəti şəkildə Fransanın həmsədr olmasına etiraz edirdi. O zaman Fransa qərəzsiz və tarazlı siyasət yürüdəcəyinə öhdəlik götürmüşdü.