SƏFƏR MEHDİYEVDƏN DEPUTATLARA AĞIR İTTİHAMLAR... –“Bu fırıldaqçılar nə edirdilər?...”
“Bizim əlimizdə logistika şirkətlərinin, daha doğrusu işbazlar tərəfindən yaradılmış, 100-200, hətta 1000-2000 adamın cəlb olunduğu şəbəkələrin fəaliyyətinə dair danılmaz faktlar vardı. Bu şəbəkələrə daxil olan vətəndaşlar hamısı eyni vaxtda bağlamalar alırdı. Və artıq sabahısı gün həmin mallar piştaxtalara ötürülürdü. Həmin mallar şəxsi ehtiyaclar üçün deyildi”.
Yenixeber.org: Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Haqqın.az-a verdiyi müsahibədə şəxsi istehlak üçün xarici ölkədən poçt üzərindən alış-verişə 300 dollarılıq limitin qoyulması barədə qərarı şərh edərkən bildirib.
Komitə sədri deyib ki, əgər bu prosesi dayandırmasaydılar həmin şəbəkələr qar topası kimi böyüyəcəkdi: “Söhbət qeyri-bərabər və ədalətsiz rəqabətdən gedirdi. Hansısa şirkət ölkəyə mal daşıyırdı, artıq sabahısı gün logistika şirkətləri mütəşəkkil şəbəkənin köməyilə həmin malı gömrükdən keçmədən, rüsumsuz mal kimi gətirirdi. Biz bu qanunsuz fəaliyyəti dayandırdıq. Təsəvvür edin, məhz həmin şəbəkələrin köməyilə Azərbaycana 100 minə qədər mobil telefon daşınıb! Həmin şəbəkələr faktik qaçaqmalçılıqla məşğul olaraq leqal şirkətləri bazardan sıxışdırıb çıxarırdı”.
S.Mehdiyev bildirib ki, məqsəd qeyri-bərabər rəqabət və kölgə iqtisadiyyatı ilə mübarizə idi: “Əminəm ki, həmin şəbəkələrin hər biri on minlərlə vətəndaşa qədər genişlənəcəkdi. Məhz bu səbəbdən biz limiti 300 dolara endirdik və vətəndaşlar üçün bəyannamənin fərdi elektron sistemini yaratdıq. Yəni, siz ildə bir dəfə yox, istəsəniz hər ay şəxsi ehtiyaclarınız üçün elektron sistemi vasitəsilə 300 dollar məbləğində mal sifariş edə bilərsiniz. Məqsəd nə idi? Vətəndaş bəyannaməni şəxsən doldurmalı və gömrük orqanlarına təqdim etməlidir. Biz şəxsi istehlak mallarının sifarişinin və idxalının şəffaf prosesini yaratdıq, ölkəyə gömrük nəzarətindən kənar, qanunsuz mal daxil olması cəhdlərini tamamilə məhdudlaşdırdıq”.
S.Mehdiyev vurğulayıb ki, hazırda mükəmməl işləyən sistem yaradılıb. Vətəndaş öz qadjetindən malı sifariş verir və sifariş onun ünvanına çatdırılır: “İslahatdan əvvəl rüsumsuz idxalla 32 logistika şirkəti məşğul olurdu, bu gün həmin rəqəm 208-dir! Elektron alınmaların həcmi ildə 200 milyona yüksəlib. Əvvəllər elektron bəyannamələr yox idi, odur ki, bizdə hətta onlayn alınmaların statistikası aparılırdı”.
Komitə Sədri Milli Məclisin bəzi deputatlarını belə qeyri-qanuni limit “şəbəkəsi” qurmaqda ittiham edib: “Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı. Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus oldum. Əsl səbəbi anlaya bilmirdim. Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular.
Hər bir vətəndaş özü ilə 800 dollar gətirə və 300 dollar məbləğində poçt alınmaları edə bilər. Manat ekvivalentində bu, təqribən 2 min manatdır. Doğrudanmı vətəndaş hər ay 2 min manatlıq elektron alış-veriş edir? Əlbəttə, yox. Azərbaycanda minimal və orta əmək haqqını nəzərə alaraq ədalətli hədd müəyyənləşdirilib”.