Gömrük şefinin bacanaqları da bahalaşma yaradır... -İDDİA
Amma deyəsən, oxucularımız illah ki, Səfər Mehdiyevin sözünə əməl edəcəyi ümidindədirlər və durmadan DGK-da inhisar faktları ilə bağlı redaksiyamızın elektron poçtuna yazırlar. Belə bir müraciətlərin birində adının çəkilməsini istəməyən sahibkarlardan biri yazır:
"Əgər Səfər Mehdiyev gömrükdə inhisar axtarırsa, öz yaxın qohumlarına nəzər salsın. Mən bu dəfə sizlərə DGK sədrinin bacanaqlarının biznesindən məlumat verəcəm. Səfər Mehdiyevin bacanaqları rəsmən inhisarçıdırlar və onların hər biri ayrıca sahəyə nəzarət edirlər.
Onun Gündüz adlı bacanağı “Babək” və “Orxan” şirkətlərinin sahibidir. O, Hindistandan ölkəmizə idxal olunan camış ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib. Gündüz bacanağının hədiyyəsi ilə bundan sonra 100 il işləməsə də, pula ehtiyacı olmaz”.
Mənbəmiz Səfər Mehdiyevin digər bacanağı Azərin isə Azərbaycana gətirilən avtomobil mühərriki yağlarını monopoliyasına aldığını söyləyir: “O, həmçinin, böyük transport şirkətinin sahibidir. Bu şirkət isə Azərbaycana elə adamların yüklərini gətirir ki, həmin adamlar gömrükdə kimə nə qədər rüşvət verəcəklərini əvvəlcədən bilirlər. Bu şirkət gömrükdə haqqını tələb edən heç kimin malını ölkəyə gətirmir. Bir neçə dəfə tanımadığı müştərilərin yüklərini daşıyan şirkət rəhbərliyi gömrükdə onların haqq tələb etməsinin və rüşvət verməkdən imtinasının ardından bu cür müştərilərlə işləməkdən vaz keçiblər”.
Mənbə iddia edir ki, son günlər Səfər Mehdiyevin Gündüz adlı bacanağı gətirdiyi ərzaq məhsullarının qiymətini qaldırdığından bu bahalaşma bazarlarda da hiss olunur.
Qeyd edək ki. mənbə redaksiyamıza əlavə faktlar da təqdim edib. Bu barədə növbəti yazımızda məlumat verəcəyik.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(dia.az)