Səttar Möhbalıyev: -“Azərbaycanın təşəbbüskar mövqeyi və təşkilatçılıq qabiliyyəti Qoşulmama Hərəkatının nüfuzunu artırmaqdadır”
“Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və hörməti durmadan artmaqdadır. Dövlətimizin başçısı cənab İlham Əliyevin irəli sürdüyü qlobal təşəbüslər beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən rəğbətlə qarşılanır. Pandemiya ilə mübarizədə Azərbaycanın təklifləri və bu təkliflərə dünya dövlətlərinin müsbət reaksiyası bunu bir daha təsdiqləyir”
Yenixeber.org: Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, bu gün beynəlxalq arenda Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyəti, ortaya qoyduğu ədalətli mövqe, mahir idarəçilik və təşkilatçılıq qabiliyyəti ölkəmizin gücünü və onun liderinin peşəkar qabiliyyətini göstərir: “Azərbaycan paytaxt Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü yüksək səviyyədə keçirib, Hərəkatın Təmas Qrupu ölkələrinin Zirvə görüşünün təşkilinə nail olub, həmçinin Azərbaycanın qurum adından təklifi əsasında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası baş tutub. Bundan başqa, Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılıb ki, bu gün həmin baza Ümumdünya Səhiyyə Təşkilatının istnad mənbəyidir. Bütün bunlar ölkəmizin təşəbbüskar mövqeyinin və təşkilatçılıq qabiliyyətinin əlamətidir”.
AHİK sədri qeyd edib ki, Azərbaycanın ötən müddət ərzində Qoşulmama Hərəkatında sədrlik fəaliyyətinə nəzər saldıqda aydın görünür ki, qurumun fəaliyyətində xeyli aktivlik müşahidə olunur, sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynayır. Onun sözlərinə görə, əvvəllər qurumda belə fəallıq nəzərə çarpmırdı, baş verən hər hansı mürəkkəb qlobal proseslərə indiki qədər münasibət bildirilmirdi, lakin bu təsisat Azərbaycanın sədrlik dövrünə təsadüf edən hazırkı vaxtda təməl prinsiplərinə sadiq qalmaqla əvvəlkindən fərqli, proseslərə daha çevik və fəal reaksiya verən bir təşkilata çevrilib.
S.Möhbalıyev vurğulayıb ki, Hərəkatın 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bu dəfə də bir sıra vacib və kifayət qədər əhəmiyyətli məqamlara toxundu və bildirdi ki, bütün ölkələr Bandunq prinsiplərinə əməl etsəydilər, dünyada müharibələr və münaqişələr olmazdı: “Bu, bir daha Azərbaycanın sülhsevər mövqeyini, onun Prezidentinin humanist və ədalətli yanaşmasını göstərir. Dövlətimizin başçısı bir daha diqqəti beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərarlarına münasibətdə ikili standartlara çəkdi və bunun da münaqişələrin ədalətli həllinə mənfi təsir göstərdiyini qeyd etdi. Biz ikili standartların nəticələrini keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar zamanı gördük. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ortada olsa da, işğalçıya heç bir təzyiq göstərilmədi, sanksiya tətbiq olunmadı, məsələyə şübhə ilə yanaşıldı. Bu da işğalçının əl-qolunu açırdı, yeni iddialar irəli sürürdü. Ona görə ikili yanaşmalardan əl çəkilməli, bu cür məsələlərdə ədalət nümayiş etdirilməlidir”.
Milli Məclisin deputatı əlavə edib ki, dövlətimizin başçısı çıxışında bir daha açıq şəkildə “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına öz etirazını ifadə etdi: “Bu, Azərbaycanın humanist və dəyişməz mövqeyini, ədalətli yanaşmasını təzahür etdirir. Təbii ki, insan sağlamlığı ilə əlaqədar olduğu üçün bu məsələdə bərabər imkanlar yaradılmalıdır. Bu gün elə ölkələr var ki, onlarda vaksinasiya prosesinin gedişi çox aşağı səviyyədədir. Ona görə də bu tipli neqativ məqamlar mütləq aradan qaldırılmalıdır”.