Düşmənin aeroport xofu: -Azərbaycanın gizlətmədiyi məqsədi və ermənilərin hiyləsi...
Azərbaycan işğaldan azad etdiyi cənub-qərb sərhədlərini sürətlə möhkəmləndirməkdədir. Bu proses həm siyasi-beynəlxalq müstəvidə, həm də bilavasitə ərazilərdə hərbi iştirakın gücləndirilməsi müstəvisində həyata keçirilir. Ölkəmiz bir tərəfdən tarixi sərhədlərini tam bərpa etmək üçün Ermənistan və onun havadarları ilə siyasi mücadilə aparır, digər tərəfdən isə 44 günlük Vətən müharibəsi nəticəsində azad etdiyi Füzuli, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları ərazisində dövlət sərhədinin möhkəmləndirilməsi işlərini həyata keçirir: sərhəd boyu istehkam-möhkəmləndirmə, hərbi hissələrin tikintisi və sair işlər böyük sürətlə davam edir. Eyni zamanda Azərbaycan azad olunan ərazilərlə əlaqə imkanlarını genişləndirmək üçün 3 rayonda - Füzuli, Zəngilan və Laçında ən müasir tələblərə cavab verən hava limanlarının tikintisinə başlayıb.
Yenixeber.org: Ölkə Prezidentinin bilavasitə nəzarəti altında aparılan tikinti işlərinə böyük işçi qüvvəsi və texnika cəlb olunub. İlk olaraq bu ilin yanvarında Füzulidə yerləşən hava limanının inşasına başlanıb. Prezidentin bir neçə gün əvvəl Laçındakı hava limanının təməlini qoyarkən verdiyi məlumata görə, Füzuli aeroportu bu ilin sonu, yaxud 2022-ci ilin əvvəlinə tam hazır olacaq. “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin yaydığı məlumata görə, 20-25 avqust tarixlərində Füzuli Beynəlxalq hava limanında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilib. Xüsusi hərbi təyyarə sınaq uçuşlarını uğurla həyata keçirərək, Füzuli Hava Limanının eniş-uçuş zolağına enib. Hava limanında sərnişin təyyarələrinin sınaq uçuşlarına isə sentyabrda başlanacaq.
Prezidentin iştirakı ilə Zəngilan və Laçında da aeroportların təməli qoyulub, işlər böyük sürətlə davam etdirilir.
Qeyd edək ki, Ermənistan tərəfi azad olunmuş ərazilərdə inşa edilən hava limanlarını özünə qarşı böyük təhlükə kimi qəbul etməkdədir. Bu ölkənin ictimai-siyasi şəxsləri ilkin mərhələdə hava limanlarının Azərbaycanın bölgədə hərbi iştirakını gücləndirmək məqsədi ilə izah edirdilər. Daha sonra tikiləcək hava limanlarında Türkiyənin timsalında NATO təyyarələrinin yerləşdiriləcəyini iddia etməyə başladılar: məqsəd, əlbəttə, Rusiyanın diqqətini cəlb edərək, Moskvadan hava limanlarının tikintisinə təpki almaq idi. Bu niyyətlərinə nail ola bilmədikdə ermənilər başqa bir yola əl atdılar. Bu dəfə onlar Azərbaycanın yeni hava limanlarında İsrail hərbi hava qüvvələrinin texnikasını yerləşdirməklə, İsrailə İran ərazisinə nəzarət imkanı yaradacağını iddia etdilər. Bu dəfə də məqsəd cənub qonşumuz olan İranı üzərimizə qaldırmaq idi.
Bütün iddialara baxmayaraq, azad olunan ərazilərində hava limanı inşa etmək Azərbaycanın suveren hüququ olduğuna görə nə Moskvadan, nə də Tehrandan erməniləri sevindirəcək təpki alınmadı, alına da bilməzdi.
Aydın məsələdir ki, Ermənistan nə Rusiyanın, nə də İranın dərdini çəkəcək halda, gücdə deyil. Erməniləri narahat edən başlıca məsələ Azərbaycanın azad olunan ərazilərdə sürətlə möhkəmlənməsi, hərbi iştirakını genişləndirməsidir. Azərbaycanın dövlət rəhbərliyi hava limanlarının tikintisində həm də hərbi məqsədlər güddüyünü heç vaxt gizlətməyib. Bu barədə bir neçə gün əvvəl Laçına gedən Prezident İlham Əliyev də danışıb: “Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək”.
Yəni Azərbaycan rəhbərliyi işğalçı qonşunun hər hansı xain hərəkətinin qarşısını almaq üçün bütün zəruri istiqamətlərdə addımların atıldığını heç vaxt gizlətməyib. Bu baxımdan, ermənilərin təşviş içərisində Moskvanı, Tehranı ortaya qatmaq cəhdləri də nəticə verməyəcək.
Vüqar Bayramov: “Aeroportların tikintisi proseslərin geridönməzliyini göstərir”
Millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, Laçında inşa ediləcək Beynəlxalq Hava Limanı, Kəlbəcərdə reallaşan vacib infrastruktur layihələri proseslərin geri dönməziliyini göstərən meyarlardır: “Ermənistandakı bəzi revanişt meyillərə baxmayaraq regionda proseslər artıq yeni və geriyə dönməyən mərhələyə qədəm qoyub. İkincisi, Ermənistan silahlı qüvvələrinin mövqelərimizi yenə də atəşə tutmasına baxmayaraq Azərbaycan bərpa və quruculuq işlərini davam etdirir və bu da ölkəmizin və o cümlədən ordumuzun gücünü göstərən faktorlardan biridir. Digər tərəfdən, Kəlbəcər və Laçın rayonları region üçün mühüm coğrafi mövqeyə malikdir və həyata keçirilən bərpa və yenidən qurma işləri strateji mövqelərimizi daha da möhkəmləndirəcək. Laçın Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olmaqla yanaşı, bütövlükdə çətin relyefdə inşa edilən hava limanı baxımından da fərqlənəcək. Qeyd edək ki, oxşar relyefə malik hava limanları Nepal, Portuqaliya, Bhutan və az sayda ölkələrdə fəaliyyət göstərir”.
Laçında inşa ediləcək hava limanında uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq və 6 təyyarə dayanacağının inşası planlaşdırılır. Aeroport Laçın şəhərindən 30, Kəlbəcər şəhərindən 60, Şuşa şəhərindən isə 70 kilometr uzaqlıqda yerləşəcək. Gözlənilir ki, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə olunacaq.
Millət vəkili deyir ki, Laçın Hava Limanı Şərqi Zəngəzurda fəaliyyət göstərməklə hərbi və strateji əhəmiyyəti ilə yanaşı, eyni zamanda iqtisadi üstünlüklərə də malik olacaq: “Şərqi Zəngəzurun uzun müddət işğal altında qalması onun potensialından istifadə edilməsinə imkan verməyib. Hazırda sözügedən iqtisadi rayonun Azərbaycan iqtisadiyyatında payı cəmi 0.1 faizdir. İşğal dövründə 4 rayonu əhatə edən bu bölgəmiz cəmi illik 97 milyon 838 min manatlıq məhsul edib. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində, respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. Bununla belə, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının ən azı 8 faizini formalaşdırmaq potensialına malikdir. Bu isə illik 5 milyard manatdan artıq yeni dəyərin formalaşması anlamına gəlir.
Digət tərəfdən, aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verməklə turizm potensialının artırılmasına səbəb olacaq. Şərqi Zəngəzur Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı həmin bölgələrimizdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək". V.Bayramovun sözlərinə görə, tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Şərqi Zəngəzur ən qədim insan məskənlərindən biri hesab olunur: “Bu da son dekadalar məşhur olan tarixi turizmin inkişafını stimullaşdırır. Bu baxımdan, həmin rayonlarımıza kifayət qədər çoxlu sayda turistlərin gələcəyi gözlənilir və bu da strateji əhəmiyyət daşıyan Laçın hava limanının rentabelli işləməsinə şərait yaradacaq. Bütövlükdə Şərqi Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensialı var və bu, qeyri-neft sektorunda yeni məhsulların istehsalına imkan verəcək. Şərqi Zəngəzur iqtisadi rayonunun potensialından istifadə etmək üçün, həmçinin sənaye və kənd təsərrüfatı məhsullarının daha böyük bazarlara çıxarılması baxımından da yeni aeroportun inşasına ehtiyac var idi. Füzuli Aeroportu isə regionda ən qısa zamanda inşa edilən Beynəlxalq Hava Limanlarından biridir. Bu ilin əvvəlində inşaatına başlayan hava limanında artıq gələn ay ilk uçuşları həyata keçirmək mümkün olacaq. Hava limanına bu ilin may ayında səfər edəndə işlərin intensivliyini müşahidə etmişdik. Bu ilin may ayında sadəcə torpaq sahələrindən ibarət olan ərazi artıq eniş-uçuş zolağına çevrilib. Cəmi 4 aya yaxın müddətdə hava limanın ilkin infrastrukturunu əsaslı şəkildə formalaşdırmaq mümkün olub. İşğaldan azad olunan ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri yeni iş yerlərinin yaradılması baxımdan da vacib hesab olunur. Artıq Füzuli Beynəlxalq Hava Limanında çalışacaq işçilərin seçimi ilə bağlı vakansiya elan olunub. Hava limanının inşaatında isə 500 Azərbaycan vətəndaşı çalışır. Füzuli, Cəbrayıl və Zəngilana səfər edən zaman digər infrastruktur layihələrinin də intensiv həyata keçirildiyini müşahidə etdik. Həmin layihələrdə çalışanların böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır”.
Ədalət Verdiyev: “Hava limanlarından həm mülki, həm də hərbi məqsədlərlə istifadə oluna bilər”
Hərbi ekspert Ədalət Verdiyevin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycan azad etdiyi ərazilərin həm hərbi təhlükəsizliyinin, həm də iqtisadi inkişafının ən qısa müddətdə təmin edilməsi üçün bütün zəruri işləri sürətlə həyata keçirir: “Həm avtomobil, həm dəmiryolları, həm də hava nəqliyyatı infrastrukturunu təmin etməyə çalışır. Füzuli, Zəngilan və Laçında tikilən hava limanlarından həm mülki, həm də hərbi məqsədlərlə istifadə oluna bilər. Hava yolu ilə daşınma ən sürətli daşınma olmaqla ordunun həyat və fəaliyyətinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Hətta indi Ermənistanla sərhədlərin tanınması baş versə belə, yaxınmüddətli dövrdə biz bu ölkə ilə sərhəddimizdə pilotlu və pilotsuz aviasiya sistemlərini yerləşdirmək məcburiyyətindəyik. Odur ki, bu aeroportlar Azərbaycanın öz ərazisində yerləşməklə, bilavasitə ölkəmizin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Bu aeroportlardan İrana qarşı hər hansı formada istifadə edilməsi nəzərdə tutulmur. Bununla bağlı Ermənistan mətbuatının yazdıqları iki ölkə arasında olan mehriban qonşuluq münasibətlərini pozmaq məqsədi daşıyır. Düşünmürəm ki, onlar bu məqsədlərinə nail ola biləcəklər”.
“Müsavat”