Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ və NATO-nun gedişindən sonra Əfqanıstan - sülh üçün yaradılan şans -ŞƏRH

ABŞ və NATO-nun gedişindən sonra Əfqanıstan - sülh üçün yaradılan şans - ŞƏRH

Dünyanın müxtəlif ölkələrindəki münaqişələr böyük güclərin maraqlarının toqquşmasından yaranır. Ərazisində silahlı qarşıdurma bitməyən ölkələrdən biri də Əfqanıstandır. Bu ölkə 1919-cu il avqustun 19-da Böyük Britaniya imperiyasından ayrılaraq müstəqilliyini elan edib.

Yenixeber.org: Əslində, heç ingilislər də onu öz ərazisinə qata bilməmişdi. Britaniyanın tərkibində olduğu illərdə belə əfqanlar müstəmləkəçiliyə qarşı silahlı döyüşüblər. Hətta bu, sonralar da davam edib. 1979-cu ildə ABŞ-la keçmiş SSRİ arasında ziddiyyət Əfqanıstanda yeni münaqişənin başlanğıcının qoyulmasına səbəb olub. Sovet qoşunları bu ölkədən çıxsa da, SSRİ dağılsa da, təəssüflər olsun ki, münaqişə davam edir.

NATO 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktından sonra Əfqanıstana qoşun yeritdi. Bununla da ölkədə vətəndaş müharibəsinin davam etməsinə “təkan” verildi. NATO qüvvələrinin fəaliyyəti nəticəsində "Taliban" hakimiyyəti devrildi. Əfqanıstan İslam Əmirliyini ("Taliban" belə adlandırmışdı, indi rəsmi adı Əfqanıstan İslam Respublikasıdır) tanıyan Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının həmin il sentyabrın 22-də bu ölkə ilə əlaqələri kəsdi. Yerinə seçkilər yolu ilə yeni qüvvələri gəldi. Ancaq bu təşkilatın hakimiyyətdən getməsi vəziyyətin sabitləşməsinə yardım etmədi. "Taliban" hərəkatı Əfqanıstanı 20 ilə yaxındır rəsmi olaraq idarə etmir. Ancaq qeyri-rəsmi mənbələrin bildirdiyinə görə, ölkə ərazisinin yarısı onların nəzarəti altındadır.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp qoşunları bir sıra dövlətlərdən, o cümlədən Əfqanıstandan çıxaracaqlarını vəd etmişdi. Ağ Evin indiki yiyəsi Cozef Baydenin də ilk addımlarından biri ordunu bu ölkədən çıxarmaq olub. "Report" xəbər verir ki, ABŞ və NATO silahlı qüvvələri mayın 1-dən rəsmi olaraq Əfqanıstandan çıxmağa başlayıb. Pentaqon ABŞ-ın 60 hərbçisinin mayın 1-də Əfqanıstanı tərk etdiyini açıqlayıb. Əfqanıstanda ABŞ-ın 2 500 - 3 000 arasında hərbçisinin olduğu təxmin edilir. ABŞ hərbçiləri ilə yanaşı, NATO-nin 7 000 hərbçisi də mayın 1-dən Əfqanıstanı tərk etməyə başlayıb.

Yeri gəlmişkən, NATO 2011-ci ildən qüvvələrini bu ölkədən çıxarır. ABŞ və NATO-dakı müttəfiqləri 2001-ci il sentyabrın 11-də törədilən terrordan sonra həmin il oktyabrın 7-də Əfqanıstana daxil olub. ABŞ-ın Broun Universitetinin “Müharibənin maliyyəti” layihəsinə əsasən, 20 il ərzində Əfqanıstanda hərbi əməliyyatlar üçün 2 trilyon dollardan artıq maliyyə vəsaiti xərclənib. Bu müddət ərzində ABŞ-ın 2 442 hərbçisi ölüb, 20 666-sı yaralanıb, NATO isə 1 144 hərbçisini itirib.

ABŞ başda olmaqla NATO qoşununun Əfqanıstandan çıxması regionda hansı problemlər yarada bilər? Son zamanlar "Taliban" hərəkatının təmsilçiləri ilə ABŞ və Əfqanıstanın rəsmi nümayəndələri arasında danışıqların getdiyi barədə xəbərlər yayılır. Rusiyanın da bu hərəkat təmsilçiləri ilə təmaslarına dair məlumatlar dərc edilir. Belə çıxır ki, "Taliban" terrorçu təşkilat sayılmır?! Xarici qoşunların ölkəni tərk etməsindən region dövlətləri, o cümlədən Çin də narahatdır. Rəsmi Pekin amerikalı hərbçilərin bu ölkəni tərk etməsini “tələsik” addım adlandıraraq bildirib ki, bu, Əfqanıstanda barış prosesinə problem yaradacaq. Hətta Rusiya da narahatlığını gizlətmir. Aprelin 27-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Əfqanıstanla qonşu Tacikistana səfər edib. O, Rusiya ilə Tacikistan arasında hərbi təlimlərin keçirilməsindən danışıb. Bundan əvvəl RF-nin bu ölkədəki 201-ci bazası və Tacikistan Silahlı Qüvvələrinin 3 500-dən çox hərbçisi “Hərb Maydon”, “Sambuli” və “Momirak” sərhədyanı poliqonlarında birgə təlimlər keçirib. Rusiya prezidenti Vladimir Putin Tacikistanla regional hava hücümündan müdafiə sistemi birliyinin yaradılması ilə bağlı razılaşmanın imzalanmasına dair mayın 16-da tapşırıq verib. Xatırladaq ki, mayın 8-də Vladimir Putin Moskvada tacikistanlı həmkarı Emamoli Rahmonu qəbul edib.

Bu arada ABŞ Əfqanıstandan çıxardığı qoşunu İranla sərhədə, körfəzə yerləşdirə bilər. Bütün hallarda Ağ Ev Əfqanıstandan çıxaracağı və ya çıxardığı qoşunun gələcəyi ilə bağlı rəsmi açıqlama verməyib. Belə ehtimal etmək olar ki, Mərkəzi Asiya dövlətləri regionda vəziyyətin gərginləşə biləcəyindən narahatdır. Qırğız Respublikası ilə Tacikistan sərhədində bu yaxınlarda dinc sakinlərin itkisi ilə nəticələnən hadisə bölgədə vəziyyətin həssas olduğunu deməyə əsas verir. Bu isə Mərkəzi Asiyadan Qərbin sıxışdırılmasına səbəb, yaranacağı ehtimal olunan şərait də Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın maraqlarına uyğun gəlməyə bilər.

Ümumiyyətlə, istər 1979-cu ildə, istərsə də 2001-ci ildə xarici qoşunlar Əfqanıstana girəndə yeni sosial, siyasi, hərbi vəziyyətin yaranmasına səbəb oldu. Sovetlər ordusunu ölkədən çıxarandan sonra da şərait dəyişdi və gərginləşdi. Vətəndaş müharibəsi qızışdı. Ölkə vətəndaşları mühacirət etdi. "Taliban" hakimiyyəti dövründə də oxşar hadisə baş verdi. 2001-ci ildə onların hakimiyyəti devrildikdən sonra da mühacirət, vətəndaş müharibəsi dayanmadı. Bu dəfə rəsmi dövlət orqanlarına qarşı mübarizə edənlərdən biri "Taliban" oldu.

İndi ABŞ və NATO ölkədən çıxır. Hakimiyyətə yenidən "Taliban" gələcək, yaxud bu hərəkatı gətirəcəklər? Onda da əvvəlkilərdən fərqlənməyən hadisələrin baş verəcəyi istisna edilmir. Belə qənaətə gəlmək olar ki, Əfqanıstan xarici qüvvələr müdaxilə edəndə də, onlar ölkədən çıxanda da problem yaradırlar. Qeyri-rəsmi mənbələr "Taliban"ın sıralarında 50 mindən çox təcrübəli döyüşçülərin olduğunu bildirir. ABŞ da Əfqanıstanda yeni müasir tipli ordu yaradıb. ABŞ-ın Mərkəzi Komandanlığının başçısı, general Frenk Makkenzi Əfqanıstan təhlükəsizlik qüvvələrinin ölkəni müstəqil müdafiə edəcəyinə şübhələndiyini deyib. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyams Berns də bu günlərdə elan edilmədən İslam Respublikasında səfərdə olub. Onun Kabul rəsmiləri ilə xarici qoşunlar çıxdıqdan sonra yerli qüvvələrin döyüş qabiliyyətini müzakirə etdiyi ehtimal olunur. Səfərdən əvvəl isə direktor qoşunlar çıxdıqdan sonra İŞİD və “Əl-Qaidə”nin Əfqanıstanda öz təsirini bərpa edəcəyi riskinin olduğunu bildirmişdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iddia edib ki, Əfqanıstanın 11 əyalətində “Əl-Qaidə”nın özəyi fəaliyyət göstərir, ölkə ərazisinin yarısından çoxuna isə "Taliban" nəzarət edir. İŞİD-in isə bu ölkədəki silahlılarının sayının 4 minədək olduğu bildirilir. Bu terrorçu qruplaşmalar Əfqanıstanda silsilə terror aksiyaları törədirlər.

Əfqanıstanla bağlı daha bir məsələyə diqqət çəkmək istərdik. Qeyri-rəsmi mənbələrin yaydığı məlumata görə, NATO qüvvələri girəndən sonra İslam Respublikasında narkotik bitkilərin əkildiyi sahə 20 dəfə artaraq 163 min ha təşkil edib. Bildirilib ki, Əfqanıstan dünyanın tiryək bazarında tələbatın 80 faizindən çoxunu təmin edir. “Report” yayılan xəbərlərə istinadən bildirir ki, bu respublikanın 34 əyalətindən 24-də kütləvi şəkildə narkotika istehsal olunur. Belə bir halda təbii sual yaranır: son 42 ildə xarici qüvvələr Əfqanıstanın inkişafı, əhalisinin rifahı, əmin-amanlıq şəraitində yaşaması baxımından nə verdi? Baş verənlərə əsasən, bu sualın bir cavabı var: Heç nə. Xarici qüvvələr nə gələndən, nə də gedəndən sonra bu ölkənin həyatında dinclik yaranmadı. Deməli, müdaxilə, xarici maraqlar Əfaqnıstanı bu vəziyyətə salıb. Son bir əsrdə bu ölkədə dinclik olmayıb. İngilis gedib, sovet gəlib, sovet gedib, amerikalı gəlib. İndi də yenə amerikalı gedir. Bu ölkənin vətəndaşlarına problemlərini həll etmək üçün 100 ildir fürsət verilmir. ABŞ qoşunlarının çıxması ilə şəraitin yaranacağı ehtimalı da azdır...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam