Ermənistan xeyir-şər tənliyi ilə üz-üzə -Paşinyan yeni ilədək qalsa, ondan sonra da qalacaq...
Kapitulyasiya etmiş ölkədə müharibə və revanş çağırışları azalmır; rusiyalı analitik: “Ermənistanda hakimiyyət dəyişsə də, dəyişməsə də, Azərbaycan məsələdə nöqtəni qoyub...”
Yenixeber.org: Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə etirazlar davam edir. Lakin getdikcə daha çox narazı adam bu prosesə qoşulmaqdansa, nümayişçilərin sıraları seyrəlir. Dolanışıq hayında olan əhalinin böyük bir kəsimi Paşinyan əleyhinə birləşmiş 17 partiyanın hakimiyyət davasına seyrçi qalmaqdadır.
Görünür, bu səbəbdən müxalifət son günlər kütləvi aksiyalardan daha çox, vətəndaş itaətsizliyi tədbirlərinə - tətillərə, yolları kəsmək kimi aksiyalara üstünlük verir. Bu yandan da havalar kəskin soyuyub. Dünən İrəvana ilk qar yağıb. Deyəsən, iqlim də artıq “sorosçu” baş nazirin tərəfinə keçib. Bunu elə müxalifətçilərin özləri söyləyir. Beləcə, Nikol Paşinyanı devirmək çətinləşir ki, asanlaşmır.
Di gəl, yaranmış acınacaqlı durumda da Ermənistanda müharibə, revanş çağırışları bitmək bilmir. Bunu erməni KİV-lərindəki məqalə və şərhlərdən asanca görmək olar. İşğalçı siyasətdən dolayı yaşanan bunca ağrı-acı, canlı və maddi itkilərdən (hələ cəbhədəki meyitlərinin hamısını yığa bilməyiblər!) sonra da beyinlər zəhərlənir, erməni toplumu Azərbaycana qarşı revanşa, müharibəyə çağırılır. Heyrətamizdir.
*****
“Revanş qaçılmazdır. Bundan sonra hər bir erməni bu düşüncə ilə yaşamalıdır. Türkiyə-Azərbaycan ordusu tərəfindən öldürülən hər bir qəhrəmanımızın intiqamını almalıyıq. Torpaqlarımızı qaytarmalıyıq. Və biz bütün bunları edəcəyik. Tariximizdə dəfələrlə olduğu kimi. Azərbaycanda bunun belə olacağını əla bilirlər. Həqiqət bizimlədir və Putin də əbədi deyil. Tezliklə o, hamının tərk etdiyi diktatorun taleyinə tuş gələcək, bundan sonra ”artsax" məsələsində də çox şey dəyişəcək".
“Yeni Müsavat”ın məlumatlına görə, bu sözlər Razmik Akopcanyan ad-soyadlı bir erməni avantüristin Armenianreport.com-da dünən getmiş yazısındandır.
Görün bunlar hansı xəyallarla yaşayır. Diqqət edildi yəqin ki. Onlar hələ də həyasızcasına Kəlbəcəri, Zəngilanı, Qubadlını, Şuşanı, digər azad etdiyimiz ərazilərimizi özlərininki, “itirilmiş torpaqlar” sayırlar. Kapitulyasiyadan, “dəmir yumruq” yeyəndən sonra da bu yöndə ənənəvi təbliğatlarından qalmırlar. 27 illik işğal zamanı görün nə dərəcədə cəzasızlığa əmin olublar, nə qədər də azğınlaşıb arxayın imişlər ki, keçmiş DQMV ətrafında heç vaxt erməni yaşamamış əraziləri belə, öz halal torpaqları kimi özününküləşdirərməyə, məskunlaşdırmağa başlamışdılar. Dədə-baba yerlərimizin adlarını belə dəyişmişdilər. Onları indi də özlərininki hesab edirlər.
Və hazırda maniakalcasına həmin “torpaq itkisi”nin ağrısını yaşayırlar. Nikol Paşinyanı “torpaq satan” rəhbər kimi damğalayaraq, linç eləmək istəyirlər. Halbuki o, indiki Ermənistan ərazisinin bir qarışını da Azərbaycana verməyib. Heç Azərbaycan da buna iddialı deyil, çünki pis-yaxşı mövcud olan beynəlxalq hüquqa sayğılıdır.
Amma kimı deyirsən. Bu qəbildən məqalələr bir deyil, iki deyil. Aydınca görünür ki, erməni xalqının onu daim fəlakətə sürükləyən millətçi-faşist kəsimi və bu kəsimin aparıcı mediadakı təmsilçiləri bu gün də ayaqdadır, öz ənənəvi amplualarında qalırlar və baş verən fəlakətdən zərrəcə dərs götürməyiblər. Üstəgəl, Azərbaycandan intiqam alınacağına öz bədbəxt millətini inandırmağa çalışırlar. Öz miskin və yazıq kökdə olan xalqının quyunun dibindən çıxması üçün ağıllı təkliflər vermək, çıxış yolu göstərmək əvəzinə...
*****
Acı gerçək həm də ondan ibarətdir ki, Ermənistan özünün xarici sərhədlərini belə özü qorumaq gücündə deyil - bunu əsasən Rusiya hərbçiləri həyata keçirir. Müxalifətçi siyasətçi - “İşıqlı Ermənistan” partiyasının parlamentdəki eyni adlı fraksiyasının rəhbəri Edmon Manukyan isə dünən təklif edib ki, Sünikdə (Zəngəzur) Rusiyanın daha bir hərbi bazası yaradılsın.
“Mən əminəm ki, Ermənistan təkbaşına özünün sərhəd təhlükəsizliyini təmin edə bilməyəcək. Ermənistanın təhlükəsizliyini təmin etmək üçün Sünik bölgəsində yeni bir Rusiya bazasının yaradılması ilə bağlı danışıqlara başlamaq lazımdır”.
Nusavat.com xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan” yazıb.
Siyasətçinin fikrincə, hazırda ən vacib məsələ Sünik bölgəsinin təhlükəsizliyini təmin etməkdir, ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri erməni yaşayış məntəqələrinə yaxınlaşıb. Marukyan habelə Azərbaycan hakimiyyətinin 2021-ci il üçün hərbi büdcəni 2020-ci ildəki rəqəmdən daha yüksək məbləğə - 2.7 milyard dollara çatdırmağı planlaşdırdığına diqqət çəkib və əlavə edib: “Döyüşlər dayandırıldıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Qarabağ məsələsinin həll olunduğunu bildirsə də, Azərbaycan silahlanmağa davam edir”.
*****
Əlbəttə ki, Azərbaycan “çomağı” yerə qoymaq niyyətində deyil. Ən azı, Ermənistanda hansı proseslərin getdiyi ciddiyə alınır. Nə qədər ki, kapitulyasiya edən ölkə Azərbaycan və Türkiyə ilə bu ölkələrin ərazi bütövlüyü və suverenliyinin tanınmasını əks etdirən sülh müqaviləsi imzalamayıb, təbii ki, Bakı ordu quruculuğuna, “dəmir yumruq” amilinə zərrəcə diqqəti azaltmayacaq. Sülh müqaviləsindən sonra da azaltmayacaq. Çünki biz hansı məkrli toplum və ölkə ilə yanaşı, qonşu olduğumuzun yaxşı fərindəyik. Fərqində də olacağıq. Ermənistanda hökumət istər Paşinyan olsun, istərsə də Manukyan.
“Sözsüz ki, Paşinyanı Ermənistanın müharibədəki məğlubiyyəti və təslimçi akta görə məsuliyyət daşıması üçün vəzifəsindən uzaqlaşdırmağa çalışırlar. Ancaq ona qarşı iddialar eyni dərəcədə Ermənistanın keçmiş liderlərinə də ünvanlana bilər. Çünki ümumilikdə müharibəni uduzan Paşinyan yox, bir dövlət olaraq Ermənistan və onun silahlı qüvvələridir”.
İqor Korotçenko
“Yeni Müsavat”ın məlumatına görə, bunu rusiyalı siyasi və hərbi ekspert İqor Korotçenko deyib.
“Hazırda biz hakimiyyət davasının şahidi oluruq. Paşinyan əgər yeni ilə qədər duruş gətirsə, deməli, ondan sonra da qalacaq. Yox, demək ki, bu, onun taleyidir. Amma Nikol Paşinyan Ermənistanın məğlubiyyətinin simvoludur, səbəbi deyil. Bu, erməni hərbçilərinin uğursuzluğu və Ermənistanın işğalçı dövlət kimi iflasının simvoludur. Paşinyan əvəzlənəcək, ya yox, müharibəni artıq Azərbaycan qazanıb və nöqtə qoyulub”, - deyə ekspert qeyd edib.
Odur ki, erməni xalqının indi görməli olduğu tək bir iş qalır: xeyir-şər tənliyini düzgün çözüb doğru yola çıxmaq. Hələ gec deyil...
“Müsavat”