Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması istisna deyil”-"...Türkiyə də Avrasiya İqtisadi İttifaqına meyl edə bilər"

Şahin Cəfərli: “Tamhüquqlu üzvlüklə bağlı rəsmi Bakı hansı qərarı verəcək - bunu indidən söyləmək çox çətindir”

 

Yenixeber.org: İkinci Qarabağ münaqişəsində qalib gələn Azərbaycanın bundan sonra Rusiyanın vasitəçiliyi ilə yaradılan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olacağı haqqında fikirlər səsləndirilir. Xüsusən Rusiya mediasında son günlərin əsas müzakirə mövzusu Azərbaycanın Rusiyanın çətiri altında olan təşkilatlara inteqrasiyasının vacibliyi barədə mülahizələr yürüdülməkdədir. Rusiyalı ekspertlər bildirirlər ki, Qafqazın əsas ölkəsi olan Azərbaycanın Aİİ-yə, Gömrük İttifaqına qoşulması birlik üçün səmərəli ola bilər. Qeyd olunur ki, rəsmi Bakının belə qərar verməsi üçün əngəl yoxdur. Əsas əngəl Qarabağın işğalda olması idi ki, bu da həllini tapıb.

 

Erməni mediasında da sözügedən məsələ müzakirə olunmaqdadır. Erməni analitiklər bunun Ermənistan üçün yaxşı nəticələr verməyəcəyini bildirir və İrəvanın bu məsələyə qarşı çıxmalı olduğunu söyləyirlər. Düşmən ölkədə bir qədər irəli gedənlər də var. Belə ki, bəziləri vurğulayırlar ki, Rusiya Azərbaycanı nəinki Avrasiya İqtisadi İttifaqına dəvət edir, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) da görmək istəyir. Ermənilər hesab edirlər ki, Azərbaycanın KTMT-yə üzvlüyü məsələsi gündəmə gələrsə, İrəvan buna dərhal veto qoymalıdır.

 

Qeyd edək ki, Aİİ 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistanı da İttifaqa daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Təşkilatın fəaliyyətə rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb. Bununla yanaşı mütəxəssislər bildirirlər ki, sözügedən qurum “ölü doğulmuş” bir təşkilatdır.

 

KTMT isə 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan altı postsovet dövləti - Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan müqavilə imzalayıb. Digər üç postsovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzalayıb. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı - Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla - müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəlib. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə KTMT adı altında hərbi ittifaq təşkil olunub. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk edib.

 

Azərbaycanın Rusiyanın hegemonluğu altında olan birliklərə üzvlüyü ehtimalını saytımıza şərh edən politoloq Şahin Cəfərli xatırladıb ki, İkinci Qarabağ müharibəsini bitirən 10 noyabr Üçtərəfli Bəyanatı imzalanan gün haqqında danışdığımız məsələ barədə fikir bildirib:

 

- Qeyd etmişdim ki, yaxın gələcəkdə, böyük ehtimalla, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü gündəmə gələcək. Bildirmişdim ki, hətta ola bilsin ki, ölkəmizin KTMT-yə üzvlüyü də gündəmə gəlsin. Çünki Rusiya Ordusu sülhməramlı adı altında Azərbaycana daxil olduqdan sonra Kremlin bölgədə təsir imkanları daha da artdı. İstər Ermənistan, istərsə də Azərbaycan üzərində Rusiyanın təsir gücü çoxaldı.

 

Məsələn 11 yanvar 2021-ci ildə liderlərin üçtərəfli görüşündə əldə olunan razılaşma Avrasiya İqtisadi İttifaqı ilə bağlı dediyim fikirləri gücləndirdi. Həm 10 noyabr Üçtərəfli Birgə Bəyanatda, həm də 11 yanvardakı razılaşmada bölgədə nəqliyyat əlaqələrinin açılması, kommunikasiyaların bərpası əksini tapıb. Bu günədək Azərbaycanın Avrasiya İqtisadi İttifaqına və KTMT-yə daxil olmasına əsas maneə Ermənistanla Azərbaycan arasındakı Qarabağ konfliktinin mövcudluğu idi. Çünki müharibə vəziyyətində olan iki düşmən ölkənin eyni siyasi, iqtisadi, hərbi məkanda təmsil olunması absurd olardı. Ona görə də münaqişə nə qədər mövcud idi, Azərbaycanın Rusiyanın çətiri altındakı qurumlara qoşulması qeyri-mümkün idi.

 

- Məsələ burasındadır ki, Qarabağ münaqişəsi tam həll olunmayıb...

 

- Əlbəttə, konflikt tam həll olunmasa da, faktiki olaraq hərbi yolla ciddi addımlar atıldı. Son nəticədə isə 10 noyabr Üçtərəfli Bəyanat imzalandı. Regionun nəqliyyat-kommunikasiya sistemi blokdan çıxarıldıqdan sonra Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına ciddi əngəllər qalmayacaq. Bu məsələ artıq Azərbaycan dövlətinin seçiminə qalacaq. Rusiya onsuz da Azərbaycanın sözügedən quruma qoşulmasında maraqlıdır və bunu gizlətmir. Kommunikasiyaların açılması da bunun üçün münbit şərait yaradır. Biz görürük ki, məsələni Rusiya mediası yavaş-yavaş gündəmə gətirir. Mediada ilkin mərhələdə Azərbaycanın Avrasiya İqtisadi İttifaqına müşahidəçi statusu ilə qoşulması müzakirələri gedir. Bu quruma Azərbaycanın tamhüquqlu üzvlüyünü yox, müşahidəçi statusunda qoşulmasını real hesab edirəm. Yəqin ki, yaxın müddətdə dövlətlər arasında məsələ gündəmə gələcək. İstisna etmirəm ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulmağa razılıq verəcək.

 

- Tamhüquqlu üzvlük inandırıcı deyil?

 

- Tamhüquqlu üzvlüklə bağlı rəsmi Bakı hansı qərarı verəcək, bunu indidən söyləmək çox çətindir. Çünki Azərbaycan rəhbərliyinin indiyədək ən çox bəyan etdiyi məqam Azərbaycanın tam müstəqil siyasət aparması ilə bağlıdır. Azərbaycan indiyədək hər hansı inteqrasiya layihəsinə qoşulmayıb. Əsas səbəb də bu olub ki, Avrasiya İqtisadi İttifaqı kimi, Avropa İttifaqı kimi inteqrasiya qurumları ölkələrin suverenliyini bir qədər məhdudlaşdırır. Yəni ki, müəyyən məsələlərdə dövlətlər suverenlik hüquqlarının bir hissəsini qoşulduğu ittifaqa vermiş olurlar. Məsələn, Avropa İttifaqının mərkəzi Brüsseldir, bəzi dövlətlər müəyyən suverenlik hüquqlarını mərkəzə tabe etdirir. Yaxud da, Avropa İttifaqının vahid enerji bazarı mövcuddur ki, üzv dövlətlər ayrı-ayrılıqda bu sahədə müstəqil siyasət apara, müstəqil qərar verə bilməz. Eləcə də, bu quruma üzv ölkələrin xarici siyasət kursunda əlaqələndirmələr mövcuddur. Məsələn, Avropa İttifaqının lider dövlətləri Rusiyaya qarşı sanksiya qərarı verdikdə, qərardan hansısa üzv dövlət narazı qalsa da, sanksiyalarla razılaşmağa məcbur olur. Tutaq ki, Macarıstan Rusiyaya qarşı sanksiya tətbiq edilməsini istəmir, amma verilən qərarla razılaşmağa məcburdur. Yəni, o tip təşkilatlarda üzvlük üçün sadaladığımız tipli suverenlikdən imtina məsələsi var.

 

Təbii ki, Avrasiya İqtisadi İttifaqında da bu cür hallar olacaq. Bunu iqtisadçılar daha yaxşı bilərlər, amma güman ki, Avrasiya İqtisadi İttifaqında da dövlətlər bəzi iqtisadi suverenliklərindən imtina etməli olur. Azərbaycanın bu təşkilata üzv olmasına həvəs göstərməməsi səbəblərindən biri də budur. İndi dəyişən geosiyasi şərtlərdən sonra Azərbaycan hökuməti hansı qərarı verəcək, aydın deyil.

 

- Azərbaycanın KTMT-yə üzvlüyü nə dərəcədə mümkün ola bilər?

 

- Avrasiya İqtisadi İttifaqından fərqli olaraq, Azərbaycanın KTMT-yə üzvlüyə meyl etməyəcəyinə inanıram. Çünki Azərbaycan hərbi sahədə Türkiyə ilə müttəfiqlik yolunu seçib. Azərbaycan Prezidenti açıq şəkildə qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələri bundan sonra Türkiyə modeli əsasında, yəni ki, NATO modelinə uyğun şəkldə modernləşdiriləcək. Faktiki olaraq bu bəyanatdan çıxan nəticə odur ki, Azərbaycan hərbi sahədə “Sovet məktəbindən” uzaqlaşır, Türkiyə hərbi sisteminə, “NATO məktəbinə” doğru irəliləyir. Ona görə də, Azərbaycanın KTMT-yə daxil olmasına inanmıram. Azərbaycanın Rusiyanın, Ermənistanın hərbi müttəfiqinə çevriləcəyi ehtimalını yüksək hesab etmirəm. Lakin yenə də deyirəm, Avrasiya İqtisadi İttifaqına inteqrasiya məsələsi rəsmi Moskva tərəfindən Bakı qarşısında ciddi şəkildə qoyulacaq. Bizim hökumət də müşahidəçi statusu ilə orada təmsilçiliyə güman ki, razılıq verəcək. Tamhüquqlu üzvlük isə ciddi qərardır. Əgər Bakı bu qərarı versə, demək ki, əvvəlki tam müstəqil siyasət qərarından imtina edir.

 

- Sizcə, Avrasiya İqtisadi İttifaqına Azərbaycanın dostu və müttəfiqi Türkiyənin marağı nə qədərdir?

 

- Sirr deyil ki, Rusiya Türkiyənin də bu layihəyə hansısa şəkildə qoşulmasını istəyir. Hesab edirəm ki, Türkiyə Qərblə münasibətlərindən asılı olaraq bu istiqamətdə qərar verəcək. Əgər rəsmi Ankaranın Qərblə münasibətləri pozulma istiqamətində davam edərsə, böhran dərinləşərsə, o zaman Türkiyə də Avrasiya İqtisadi İttifaqına meyl edə bilər. Amma Ankaranın istiqaməti Qərbə doğrudur. Türkiyə Prezidenti də dəfələrlə bəyan edib ki, ölkəsinin strateji məqsədi Avropa İttifaqına tamhüquqlu üzvlükdür. Bu strateji xətti seçən bir dövlətin alternativ quruma üzv olması qeyri-real görünür. Rusiya Türkiyənin Qərbdən qopmasında, Avrasiya İqtisadi İttifaqında iştirakında nə qədər maraqlı olsa da, Ankaranın radikal dönüş edəcəyinə inanmıram. Türkiyə xalqı da bunun əleyhinədir. Ölkədə nə qədər anti-Qərb əhvalı olsa da, keçirilən rəy sorğuları da göstərir ki, cəmiyyət Qərbdən qopmağın tərəfdarı deyil.(ayna)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam