Putin Azərbaycanı “yeni SSRİ”yə dəvət etdi
Rusiya prezidenti sovet imperiyasının bərpası istiqamətində ikinci dalğanı başlatdı; Bakıya Avrasiya İttifaqına qoşulmaq üçün məktub göndərildi, imperiyanı dağıdanlardan olan Şuşkeviç “SSRİ qayıdır”, dedi
"Xeberinfo.com": Rusiya mayın 29-da Astanada təsis edilmiş Avrasiya İqtisadi İttifaqına qoşulmaq üçün Azərbaycana rəsmi dəvət göndərib. Bu barədə Rusiya və Belarus KİV-i məlumat yayıb.
5min.by portalının və digər informasiya resurslarının yaydığı xəbərə görə, Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 9-da serb jurnalistlərlə görüşündə Avrasiya İqtisadi İttifaqının dünya arenasında yeni “güc mərkəzi”inə çevriləcəyini deyib.
A.Lukaşenkonun sözlərinə görə, Avrasiya İttifaqına bir çox ölkə maraq göstərir. Məsələn, Çin, Vyetnam və Hindistan artıq yeni təsis olunmuş ittifaqla təmasa girməyə hazır olduğunu bildirib.
Ukraynaya gəldikdə isə Belarus liderinin mövqeyinə görə, bu ölkə Avrasiya İttifaqı ilə əməkdaşlıqdan heç yana qaça bilməyəcək.
“Və bu da düzgündür. Çünki yeni güc mərkəzi meydana çıxır. Ola bilsin çoxqütblü dünyanın yaranmasına əlavə töhfə olacaq” - deyə Lukaşenko bildirib.
Xəbərdə xatırladılır ki, gələcəkdə Avrasiya İttifaqına Ermənistan və Qırğızıstan da üzv olmağa hazırlaşır. Həmçinin ittifaqa daxil olmaq üçün Azərbaycana da rəsmi səviyyədə dəvət göndərilib.
Azərbaycanın Avrasiya İttifaqına daxil olması üçün Rusiyadan rəsmi dəvət aldığına dair qeydə epochtimes.ru portalı da yer verir.
Xatırladaq ki, Azərbaycan Avrasiya İttifaqına üzv olmaq niyyətində olmadığını müxtəlif səviyyələrdə bir neçə dəfə bildirib. Sonuncu dəfə bu məsələ Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin Bakıya səfəri zamanı, ötən həftə gündəmə gəldi.
Rusiyalı nazir Azərbaycanın bu ittifaqa daxil ola biləcəyini bildirdi. Dərhal da Azərbaycan rəsmiləri Bakının belə planının olmadığını açıqladılar.
Ancaq məlum olur ki, ittifaqa daxil olmaq üçün Azərbaycana rəsmi dəvət, hər halda, göndərilib. Bu məsələnin Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya iyunun 17-də başlayacaq səfərində və daha sonra Rusiya baş nazirinin müavini Dmitri Roqozinin səfərində əsas müzakirə mövzusu olacağı gözlənilir.
Politoloq Zəfər Quliyev bu məsələni “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, Putinin Avrasiya İttifaqına qoşulmaq üçün Azərbaycana dəvət göndərməsi xəbəri rəsmən təsdiqlənərsə, bundan təəccüblənməyəcək: “Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrovun və baş nazirin müavini Dmitri Roqozinin Azərbaycana səfəri planlaşdırılır. Heç şübhəsiz ki, bu səfərlər təsadüfi deyil və Azərbaycana müəyyən təkliflər, dəvətlər olacaq. Rusiya Azərbaycanı Avrasiya İttifaqinda görmək istəyir. Buna görə də Azərbaycana bununla bağlı dəvətlərin olacağı gözləniləndir”.
Z.Quliyev hesab edir ki, indiki mərhələdə Rusiyanın Azərbaycana belə bir dəvəti şirinikləndirici vədlərlə müşayiət oluna bilər: “Azərbaycanın Avrasiya İttifaqına qoşulması üçün Rusiyanın müəyyən şirnikləndirici vədlər verməsi mümkündür. Ən əsas şirnikləndirici vəd isə Qarabağla bağlı ola bilər. Rusiya Qarabağın Azərbaycana qaytarılmasında maraqlı olmasa da, bu məsələnin həllində imkanları genişdir. Bu baxımdan da Azərbaycanı Qarabağ məsələsi ilə şirnikləndirməyə çalışacaqlar”.
Rəsmi Bakının bu məsələdə hansı mövqe tutmalı olduğuna gəlincə, Z.Quliyev hesab edir ki, Azərbaycan Rusiyanın bu cür vədlərinə inanmamalıdır. Politoloqun fikrincə, Rusiyanın vədlərinə inanaraq Avrasiya İttifaqına qoşulmaq riskli addım olar: “Azərbaycan bu ittifaqa qoşulmaqla iqtisadi cəhətdən heç nə udmur. Bu qurumun hər hansı iqtisadi perspektivi görünmür. Ancaq siyasi riskləri var”.
Politoloq deyir ki, Rusiyanın təklifindən imtina etmək üçün Azərbaycanın kifayət qədər arqumentləri var: “Azərbaycan mövqeyini kifayət qədər əsaslandıra bilər ki, Qarabağ məsələsi tam həll olunmadan Ermənistanla hər hansı birlikdə təmsil oluna bilməz. Eyni zamanda Azərbaycan hakimiyyəti indiyədək Avropa İttifaqına qoşulmaqla bağlı hər hansı fikrinin olmadığını bildirib. Hakimiyyət ölkəni Avrasiya İttifaqına qoşmaq niyyətində olmadığını da açıqlayıb. Bu baxımdan belə riskli dövrdə Azərbaycan hər iki qurumdan bəlli məsafə saxlamalıdır”.
Bəs Rusiya Azərbaycanı öz ittifaqına qoşmaq üçün Bakıya hansı təzyiqləri edə bilər?
Z.Quliyev hesab edir ki, Rusiyanın Azərbaycana təzyiq imkanları çoxdur: “Amma Ukraynaya hərbi müdaxilədən sonra dünyada aqressor dövlət kimi qəbul olunan Rusiyanın imicinə ciddi zərbə dəyib. Bütün dünya bu addımına görə Rusiyanı qınayır, onu başqa bir dövlətin ərazisinə hərbi müdaxilədə ittiham edir. Belə bir məqamda Rusiyanın Azərbaycana hər hansı müdaxiləsi mümkün görünmür. Rusiya Azərbaycana hər hansı müdaxilə ilə imicini daha da korlaya və maraqlarını zərbə altında qoya bilər”.
Amma Z.Quliyev Azərbaycanın Rusiyanın təkliflərindən imtina edəcəyi təqdirdə Kremlin başqa təzyiq vasitələrinə əl ata biləcəyini də istisna etmir: “Rusiya Azərbaycana təzyiq vasitəsi kimi Ermənistandan istifadə edə bilər.
Yaxud Azərbaycanın şimal və cənub bölgələrində yeni seperatizm dalğası başlada bilər. Eyni zamanda Rusiyada yaşayan azərbaycanlıları sıxışdırıb ordan çıxarmaqla Azərbaycana problemlər yaratması da mümkündür. Bundan başqa, Azərbaycana qarşı informasiya savaşı başlada və burdakı ”5-ci kolon"un xidmətindən istifadə edə bilər. Bunların hamısı mümkündür, amma Azərbaycan seçim qarşısında qalarsa, bu təzyiqlərə davam gətirərək riskli addım atıb sözügedən birliyə qoşulmamalıdır".
Qeyd edək ki, Ermənistan faktiki olaraq bu quruma qoşulmaq üçün şifahi razılıq verib. Ermənistan rəhbərliyi bununla bağlı qərarını açıqlamaq üçün iyulun 1-dək vaxt istəyib. Ermənistan prezidenti Serj Sərkisyan deyib ki, bununla bağlı qərar daha tez də verilə bilər.
Rusiyanın postsovet məkanının başqa bir ölkəsini - Ukraynanı Avrasiya və Gömrük ittifaqlarına cəlb etmək istəyi və Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin buna meylli olması bu ölkədə inqilaba və qanlı olaylara səbəb oldu. Nəticədə Yanukoviç devrildi, Rusiya isə Krımı ilhaq etdi. Ukraynada separatizm və qanlı olaylar isə hələ də davam edir.
Bu arada isə 1991-ci ilin dekabrında Rusiya lideri Boris Yeltsin və Ukrayna lideri Leonid Kravçukla birlikdə SSRİ-nin dağılaması haqqında müqaviləni imzalayan Belarusun o zamankı lideri Stanislav Şuşkeviç isə “The Guardian” qəzetinə müsahibəsində MBD məkanında baş verən prosesləri SSRİ qaydalarının bərpa olunması, SSRİ-nin qayıtması kimi qiymətləndirib.