Baydenin Putini “qatil” adlandırmasına sonuncunun “kim mənə nə deyirsə, özüdür” tipli cavabı, canlı debata dəvət etməsi, ardınca havada uçuşan ittihamlar ABŞ-Rusiya münasibətlərində geriyədönüşü olmayan vəziyyət yaratdı. Putin onu nə qədər “qoca” hesab etsə də, 30 ilə yaxın xarici siyasətlə məşğul olan Bayden Rusiya liderinə “qatil” deməyin yaradacağı effekti də bilirdi və bu, Vaşinqtonun yeni sahibinin Moskva ilə döyüşü məqsədli şəkildə açıq elan etməsi deməkdir.
Yenixeber.org: Nəticəyə hesablanan səbəblər:
- “Amerika qayıdır” şüarına söykənən Bayden Administrasiyası üçün Tramp dövründə daxili auditoriyada itməkdə olan xarici düşmən obrazını gücləndirilməsi şərtdir;
- “Amerikanı qaytarmaq” üçün Bayden ölkələrin qarşısına seçim şərti qoyur: ya mən, ya Putin və bununla ABŞ cəbhəsini genişləndirməyi hədəfləyir;
- Və ana hədəf Çinin yer aldığı Şərq cəbhəsidir: Vaşinqtonun təkqütblü dünya sisteminə ən böyük təhdid Pekin olduğu halda, Bayden “Çinlə iqtisadi müharibə yox, rəqabət aparacağıq” deyir və Rusiyaya “müharibə” elan edir; düz məntiqlə ABŞ SSRİ-yə qarşı Çini gücləndirmək gedişini əksinə təkrarlaya bilərdi; lakin, “Kssincer planı”nın fərqli formada tətbiqini seçir;
1. Çinlə həlledici döyüşə qədər şərq cəbhəsində iki gücdən daha zəif olanına – Rusiyaya “müharibə” açır;
2. Çinlə həlledici mübarizədə ABŞ-a Mərkəzi Asiya lazımdır və bunun üçün öncə Rusiya ilə döyüşməlidir;
Baydenin Putin hakimiyyətini dəyişmək istiqamətində hərəkət edəcəyi şübhəsizdir: demokratiyadan daha çox (bu vasitə köhnəlib və Rusiyada işləmir) sanksiyalarla tükəndirmək metodu;
Buna paralel olaraq, üç cəbhə əsas ola bilər: Şərqi Avropa; Cənubi Qafqaz; Mərkəzi Asiya;
Birinci cəbhədə (Şərqi Avropa) mühasirəyə alma strategiyası, sonuncu cəbhədə (Mərkəzi Asiya) əməkdaşlıq platformaları üzərindən hərəkət edəcəyi gözləniləndir.
Əsas cəbhənin Cənubi Qafqazın olacağı ehtimalı daha böyükdür:
Qarabağ müharibəsi ilə yaranan reallıqlar, Bakı-Aşqabad razılaşması, Türk Konseyinin enerji əməkdaşlığı üzərindən etdiyi gedişlər ABŞ-ın Türkiyə vasitəsilə Mərkəzi Asiyaya çıxdığı mənzərəsi ehtimalını önə çıxarırdı. Lakin bölgədə yaradılması planlaşdırılan “altılıq platforması” (Türkiyə, Rusiya, İran, Azərbaycan, Gürcüstan, Ermənistan) bu versiyanı şübhə altına salır.
“Altılıq platforması” Çini ABŞ hegomoniyası qarşısında alternativə çevirəcək, Avrasiyanın siyasi-iqtisadi xəritəsini müəyyənləşdirəcək “bir kəmər bir yol” layihəsində “hab” rolunu oynamağa hesablanıb: layihənin şimal (Rusiya), cənub (İran) və orta (türkdilli ölkələr) dəhlizləri Cənubi Qafqazda “altılıq platforması”nda birləşir; Rusiyanın bu “hab”da yer alması ABŞ-ın Mərkəzi Asiyaya çıxışı (yaxud istədiyi şəkildə çıxışı) və Çinə qarşı hücum strategiyasında əngəldir;
Bu mənzərə fonunda ABŞ-ın Rusiyaya qarşı əsas mübarizə cəbhəsi Cənubi Qafqaz – “altılıq patforması” ola bilər: Gürcüstan və İranda islahatçı qanad Baydenin platformaya qarşı əsas topları olacaq;
Bölgədə mümkün qarşıdurmanın Türkiyə və Azərbaycanı hər iki tərəf üçün həlledici oyunçulara çevirdiyi də ayrı bir həqiqətdir...