MÜSTƏQİLLİYİMİZİ İLK TANIYANLARDAN BİRİ –“Gündoğan ölkə”
Yaponiya ilə diplomatik münasibətlərin qurulmasının 28-ci ildönümüdür
Yenixeber.org: Sentyabrın 7-də Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 28-ci ili tamam oldu. Hələ sovet dövründə Azərbaycanla Yaponiya arasında müəyyən əlaqələr və münasibətlər olub. Lakin müstəqilliyimizin bərpası dövrünə qədər ölkələrimiz arasındakı münasibətlər əsasən mədəni əməkdaşlıq və qismən elmi-iqtisadi layihələrlə məhdudlaşırdı.
Bir çox mütəxəssislər Azərbaycan ilə Yaponiya arasında münasibətlərin ən qədim dövrlərini ümumtürk kontekstində götürməyi təklif edirlər. Həqiqətən də qədim türk mənbələrində uzaq Şərqin ecazkar ölkəsi olan Yaponiya haqqında məlumatlar öz əksini tapıb. Məhz uzun tarixə və qarşılıqlı etimada əsaslanan həmin tarixi münasibətlər bu gün də uğurla davam etdirilir.
Sovet dönəminə gəldikdə, XX əsrin 60-cı illərindən başlayaraq Azərbaycan-Yaponiya əlaqələrində ciddi nəticələr əldə edilib, hətta SSRİ-Yaponiya cəmiyyətinin Sumqayıt şəhəri üzrə şöbəsi də fəaliyyət göstərib. Məhz həmin vaxtlar Yaponiyada Azərbaycan haqqında informasiyalara böyük tələbat yaranıb. 1965-ci ildə yapon dilində nəşr olunan “Sovet İttifaqı bu gün” jurnalının bir nömrəsi bütünlüklə Azərbaycan SSR-ə həsr edilib. Bunun başlıca səbəbi yaponların Azərbaycanın karbohidrogen ehtiyatlarına, tarixi və müasir arxitekturası ilə seçilən Bakıya və zənginliyi ilə fərqlənən Azərbaycan mədəniyyətinə olan marağından irəli gəlib.
Bununla yanaşı, Bakıda Yaponiya mütəxəssislərinin iştirakı və yapon texnologiyasının köməyi ilə o dövrlər üçün ultramüasir hesab edilən məişət kondisionerləri zavodu -“Bakkondiosener” tikilərək istifadəyə verildi. Bu zavod ildə 400 min ədəd kondisioner istehsal etmək gücünə malik idi və Yaponiyanın məşhur “Toshiba” şirkətinin lisenziyası əsasında keçmiş SSRİ ərazisində qurulan yeganə müəssisə sayılırdı.
Ölkəmiz müstəqillik qazandıqdan sonra isə Azərbaycanla Yaponiya arasındakı əlaqələrin həm mahiyyət, həm də keyfiyyətcə yeni dövrü başlandı. Yaponiya Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Dünyanın böyük siyasi, iqtisadi gücə malik dövlətlərindən sayılan, dünya güclərinin bir araya gəldiyi G7 qrupuna daxil olan Yaponiyanın 1991-ci il dekabrın 28-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıması haqqında bəyanatla çıxış etməsi gənc Azərbaycan dövlətinin böyük uğuru idi.
1992-ci il sentyabrın 7-də isə Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələr quruldu. Lakin Yaponiyanın yeni müstəqil dövlətlərlə qarşılıqlı əlaqələrinin inkişafı ilkin mərhələdə bir qədər məhdud xarakter daşıyırdı. Rusiya ilə ərazi mübahisələri rəsmi Tokionu gənc müstəqil dövlətlərlə münasibətlərini bir qədər ehtiyatlı şəkildə qurmağa vadar edirdi. Amma proses tədricən nizamlandı, dövlət müstəqilliklərini möhkəmləndirən ölkələr Yaponiya ilə daha sərbəst şəkildə əlaqələr qurmağa, qarşılıqlı maraqları nəzərə almaqla münasibətləri inkişaf etdirməyə başladılar.
Yaponiyanın Beynəlxalq İqtisadi Əməkdaşlıq Fondunun Azərbaycanın çətin günlərində ölkəmizə verdiyi dəstək əlaqələrin formalaşmasında mühüm rol oynadı. Həmçinin, Yaponiya Azərbaycanın irəli sürdüyü Böyük İpək Yolunun bərpası təşəbbüsünə fəal dəstək verib və bu məsələdə Bakı ilə Tokionun maraqları tamamilə üst-üstə düşüb. Xatırladaq ki, yeni “İpək yolu” Yaponiyadan başlayaraq, Çin və Orta Asiyadan, daha sonra isə Xəzər dənizindən və Azərbaycandan keçir.
Azərbaycanla Yaponiya arasında qurulan diplomatik münasibətlər, dövlət rəsmilərinin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər, əldə olunmuş razılaşmalar ölkələrimiz arasında sosial-iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş imkanlar yaradıb. Yaponiya münasibətlərin ilk illərində “Şimal” buxar-qaz elektrik stansiyasının tikintisinə və layihələşdirilməsinə güzəştli şərtlərlə 165 milyon dollar, həmçinin “EP-300”-ün etil-polietilen zavodunda qurulmasına 75 milyon dollar kredit verib. Bütün bunlar müstəqilliyin ilk illərində ağır sosial-iqtisadi böhranla üzləşən və problemlərin aradan qaldırılması, azad bazar iqtisadiyyatı dövrünə keçid məqsədilə islahatlar həyata keçirən Azərbaycan dövləti üçün böyük kömək olub. Yaponiya şirkətləri Azərbaycanda neft-qaz və energetika sənayesində aktiv fəaliyyət göstərib, ölkəmizdə kommunikasiyaların yenidən qurulması və təchizatı, ekologiya, infrastruktur, mütəxəssislərin təlimi və s. sahələrdə yaxından iştirak edib.
Yaponiyanın neft şirkətlərindən ilk olaraq “İtoçi sedzi” şirkəti Azərbaycan şelfində neft çıxarılmasında iştirak edib. Bu şirkət tarixi “Əsrin müqaviləsi”nin iştirakçısı kimi “McDermott” (2,45 faiz) Amerika şirkətinin və qismən “Pennzoil”un (1,47 faiz) hissələrini bütünlüklə almaqla nəhəng dünya neft korporasiyalarının beynəlxalq konsorsiumuna daxil olub. 1996-cı ilin sonlarında “İtoçi” şirkəti daha bir neft müqaviləsinin – “Dan Ulduzu” və “Əşrəfi” yataqlarının kəşfiyyatı və istismarı müqaviləsinin iştirakçısına çevrilib. Bu müqavilədə Yaponiya tərəfin payı 20 faiz təşkil edirdi.
Yaponiyanın “İnpex” şirkətinin Azərbaycanda investisiya layihələrində fəal iştirakı iki ölkə arasında iqtisadi əməkdaşlığın hərtərəfli inkişafında geniş imkanlar açıb. Bu şirkət “Əsrin müqaviləsi” çərçivəsində Azəri-Çıraq-Günəşli layihələrinin işlənib hazırlanmasında, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin tikintisində fəal iştirak edib, yapon mütəxəssislərinin köməyi ilə və bu ölkənin 40 il müddətinə, çox aşağı faizlərlə ayırdığı güzəştli kreditlər sayəsində Qaradağ qaz-kompressor stansiyası inşa olunub. Həmin stansiyanın yaratdığı imkanlardan istifadə edərək ölkəmizdə uzunluğu 87 kilometr olan qaz boru kəməri tikilib.
Azərbaycan-Yaponiya münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə 1998-ci il martın 10-da “Azərbaycan Respublikası və Yaponiya arasında əməkdaşlığın genişlənməsi haqqında” xüsusi saziş imzalanıb. Saziş çərçivəsində qısa müddətdə Yaponiyanın köməyi ilə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və başqa şəhərlərdə bir çox müəssisələr müasirləşdirilib, yeni infrastruktur layihələri həyata keçirilib. Azərbaycan Prezidentinin 1999-cu il fevralın 5-də imzaladığı Sərəncamla Yaponiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyası yaradılıb, ilk dəfə 1999-cu ilin mart ayında Bakıda bu komissiyanın iclası keçirilib. Sonrakı mərhələlərdə komissiyanın ümumilikdə 9 iclası keçirilib. Sonuncu iclas cari ilin fevralında Bakıda təşkil olunub.
Nəhayət, Yaponiya-Azərbaycan münasibətləri tarixinin maraqlı səhifələrindən biri də odur ki, Azərbaycan alimi, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin yapon sənayesindəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat olan "Honda" mükafatı ilə təltif olunub.
(azpolitika)